Azərbaycan və
Latviya prezidentlərinin mətbuat konfransı
Latviya Prezidenti Andris Berzinşin Azərbaycana
rəsmi səfəri
Prezident Andris Berzinşin bəyanatı
- Sağ
olun, cənab Prezident!
Ölkənizə
səfər etmək üçün
yaratdığınız fürsətə görə minnətdaram.
Latviya Azərbaycanı
Cənubi Qafqazda çox mühüm və etibarlı tərəfdaş
hesab edir. Əslində verdiyiniz olduqca geniş təsvirə
görə təşəkkür edirəm. Biz ölkələrimiz
arasında diplomatik münasibətləri qurduqdan sonra gələcək
irəliləyiş üçün yaxşı əsaslar
yarandı. Fikrimcə, biz öz siyasi və iqtisadi münasibətlərimizdə
mühüm bir potensial səviyyəsinə
çatmışıq və bu inkişaf sürətlə
gedir.
Mən
Latviya adından demək istərdim ki, biz enerji məsələsinin
müzakirəsindən başqa, digər sahələri də
qeyd etdik, təhsil sahəsinə toxunduq. Çünki burada
bizim, həmçinin təhsil sahəsinin nümayəndələri
vardır və təhsil sahəsində əməkdaşlıq
imkanlarını geniş şəkildə müzakirə edə
bilərik. Latviyada 97 azərbaycanlı tələbə təhsil
alır. Bu da, həmçinin bizim digər sahələrdə,
o cümlədən iqtisadi sahədə münasibətlərimizin
gücləndirilməsi üçün yaxşı zəmin
yaradır. Bizim, həmçinin burada səhiyyə nazirimiz də
vardır. Bu da əslində Latviya üçün olduqca
mühüm bir sahədir. Bu, məhz insanların
sağlamlığı, səhhəti ilə bağlı olan
sahədir. Biz bu sahədə, həmçinin humanitar
yardım göstərmək sahəsində çox fəalıq.
Bu baxımdan hesab edirəm ki, aramızda mübadilələr
aparıla bilər. Həmçinin biz digər sahələrdə
təcrübə mübadiləsini - tutaq ki, Avropa
İttifaqı və Avropa təsisatları ilə iş sahəsində
əldə etdiyimiz təcrübə ilə, sosial müdafiə
sahəsindəki əldə etdiyimiz imkanlarla böyük məmnunluqla
əslində mübadilə edə bilərik. Həmçinin
pensiya sisteminin təkmilləşdirilməsinə və onun
inkişafına dair fikir mübadiləsi apara bilərik.
Digər
sahələrə gəldikdə, zənnimcə, sərhədlərə
nəzarət, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə,
insan alverinə qarşı mübarizə sahələrində
də yaxşı təcrübə mübadiləsi baş
tuta bilər.
Mən nəqliyyat
sahəsinə toxunaraq aydın şəkildə qeyd etmək
istərdim ki, Latviyada aviasiyanın inkişafı öz növbəsində
bizim bu sahədəki qarşılıqlı
apardığımız əməliyyatlara töhfə verə
bilər. Bildiyiniz kimi, digər ticarət marşrutları
vardır, biri "Zubr" adlanır. Bu, əslində
konteyner daşıyan qatardır ki, bizim Baltik dənizi
regionundan Qara dəniz regionuna çıxışı təmin
edir. Bu da, zənnimcə, ən maraqlı fürsətlərdən
biri ola bilər. Hesab edirəm ki, bu, Latviyanın
potensialının açılmasında, onun daha cəlbedici
olmasında irəliyə doğru atılmış bir
addımdır.
2014-cü
ildə Latviyanın paytaxtı Riqa Avropa mədəniyyəti
şəhəri olacaqdır. Mən hesab edirəm ki, bu da mədəniyyət sahəsində
əməkdaşlıq üçün müstəsna əhəmiyyət
kəsb edir. Mənim fikrimcə, mədəniyyət sahəsi
bizim üçün yaxşı potensial imkanlar
açır. Zənnimcə, biz bütün dünyada
özümüzü daha güclü şəkildə təmsil
edə, mövqelərimizi gücləndirə bilərik.
Beləliklə,
əlaqələrimizi inkişaf etdirmək üçün
biz istərdik ki, cənab Prezidenti yenidən Latviyaya səfərə
dəvət edək, bununla da aparacağımız
ikigünlük işin nəticələrini daha da gücləndirək.
Fikrimizcə, bu yolla biz bütün səviyyələrdə əlaqələrimizi
daha da genişləndirə bilərik.
İqtisadiyyat
sahəsində əlaqələrimiz çox geniş vüsət
alıb. Hesab edirəm ki, dünyada təhlükəsizlik və
ölkələrimizin təhlükəsizliyi
üçün gördüyümüz işlər çox
vacibdir. Hesab edirəm ki, bu baxımdan bizim bir çox potensial
imkanlarımız vardır. Biz birgə işləyərək
yaxşı səylərlə böyük nəticələr
əldə edə bilərik. Mən öz tərəfimdən
Azərbaycan tərəfindən iştirak edən
bütün şəxslərə, həmçinin xüsusi
olaraq, cənab Prezident, Sizə minnətdarlığımı
bildirirəm. Biz bilirik ki, nümayəndə heyətimiz səfərini
artıq sabah başa çatdıracaqdır. Biz istərdik
ki, səfərimizi konkret fikirlərlə və ideyalarla
başa çatdıraq, ölkəmizə qayıdaq.
Çünki bilirik ki, bəzi məsələlər kifayət
dərəcədə, yəni istədiyimiz sürətlə
inkişaf etməsə də, hesab edirik ki, biz bunu öz
aramızda, cənab Prezident əlaqələndirəcəyik.
Çox
sağ olun!
* * *
Sonra
dövlət başçıları jurnalistlərin
suallarını cavablandırdılar.
* * *
- İvo
Yurkans (Latviya Müstəqil Televiziyası): Mənim sualım
Azərbaycan Prezidentinədir. Latviya üçün qaz təchizatı
yollarının şaxələndirilməsi olduqca vacibdir. Biz
çox arzu edirik ki, "Nabucco" layihəsi həyata
keçirilsin. Sizin fikrinizcə, Rusiya bu layihəyə gəldikdə
nə dərəcədə güclü rəqib kimi
çıxış edəcəkdir? Biz bilirik, sizin nəhəng
həcmdə qaz ehtiyatlarınız vardır və əslində,
Avropa İttifaqı üçün də çox
böyük qaz təchizatı lazımdır. Rusiyanın bu
baxımdan mövqeyini necə hesab edirsiniz?
Prezident
İlham ƏLİYEV: İlk növbədə hesab edirəm
ki, bu günə qədər Azərbaycan tərəfindən
görülmüş işlər deməyə əsas verir
ki, Azərbaycan "Cənub qaz
dəhlizi"nin həyata keçirilməsində də
böyük uğurlara nail olacaqdır. Dediyiniz kimi, bizim
çox böyük qaz ehtiyatlarımız vardır və təsdiq
edilmiş qaz resurslarımız hazırda 2,6 trilyon kubmetr həcmindədir.
Ancaq çox güman ki, bu rəqəm artacaqdır.
Çünki yeni kəşf edilmiş yataqlardan daha da
çox qaz ehtiyatları gözlənilir. Beləliklə, uzun
illər, onilliklər bundan sonra Azərbaycan qaz ixrac edən
çox önəmli ölkəyə çevrilməlidir. Əlbəttə,
buna nail olmaq üçün müxtəlif, yəni
çoxşaxəli qaz kəmərləri lazımdır.
Hazırda Azərbaycan öz qazını müxtəlif
istiqamətlər üzrə dünya bazarlarına
çıxarır. Azərbaycan öz qazını Ermənistan
istisna olmaqla, bütün başqa qonşularımıza nəql
edir. Əlbəttə, gələcəkdə Avropa
bazarına çıxmaq
üçün yeni imkanlar yaradılmalıdır. Azərbaycan
tərəfindən həyata keçirilən layihələr,
hesab edirəm ki, uğurla nəticələnəcəkdir.
Onların arasında son müddət ərzində ən
yaddaqalan TANAP layihəsidir.
TANAP layihəsini
Azərbaycan təşəbbüs kimi irəli
sürmüşdür. TANAP layihəsinin həyata
keçirilməsi nəticəsində Azərbaycan qazı
Avropa sərhədlərinə qədər
çatdırılmalıdır və ondan sonra Avropanın
qaz şəbəkəsinə daxil olacaqdır.
Bizim
bütün təşəbbüslərimiz Avropa
İttifaqı tərəfindən dəstəklənir.
İki il bundan əvvəl bu salonda Avropa Komissiyasının sədri
cənab Barrozu ilə biz strateji əməkdaşlıq
haqqında memorandum imzaladıq. Bu memorandum enerji məsələlərinə
aid idi və ondan sonra fəal iş başlamışdır.
Ona görə, bazar Avropa bazarıdır, resurslar Azərbaycandan
gələcəkdir. Tranzit ölkələri ilə uğurlu
əməkdaşlıq aparılır və bu əməkdaşlığın
çox gözəl tarixçəsi də vardır. Biz öz qonşularımızla -
Gürcüstan və Türkiyə ilə artıq
böyük neft-qaz layihələrinin həyata keçirilməsində
yaxşı uğurlara nail olmuşuq. Ona görə, mən
heç bir maneə görmürəm. Nəzərə alsaq
ki, Avropa məkanı qaz təchizatının şaxələndirilməsində
maraqlıdır, hesab edirəm burada heç bir əngəl
ola bilməz. O ki qaldı rəqabət məsələlərinə,
biz heç kimlə rəqabət aparmaq fikrində deyilik və
sadəcə olaraq öz təbii resurslarımızı bizim
üçün məqbul sayılan bazarlara nəql etməyə çalışırıq. Bu məsələlərdə
Avropa İttifaqı tərəfindən qəbul edilmiş
prinsiplər əsas rol oynamalıdır. Bu da sərbəst və
ədalətli rəqabət prinsipləridir və bazar
iqtisadiyyatı prinsipləridir. Avropa bazarı liberal
bazardır, qanunlarla tənzimlənən bir bazardır, bizim
üçün çox böyük və cəlbedici
bazardır. Burada həm Avropanın, həm Azərbaycanın
maraqları üst-üstə düşür və məhz buna görə biz öz
münasibətlərimizi enerji sahəsində strateji tərəfdaşlıq
kimi qiymətləndiririk. Yəni burada təchizatçı
ölkə Azərbaycan, tranzit ölkələri
Gürcüstan və Türkiyə, istehlakçı ölkələr
Avropa İttifaqına üzv olan ölkələrdir. Bu
ölkələr arasında enerji təchizatı və enerji
təhlükəsizliyi ilə bağlı heç bir fikir
ayrılığı yoxdur. Sadəcə olaraq, müəyyən
dövrdə bəzi ləngimələr olmuşdur. Bu
boşluğu doldurmaq üçün Azərbaycan, bir daha demək
istəyirəm ki, Trans-Anadolu (TANAP) layihəsini irəli sürmüşdür. Əminəm
ki, bu layihənin icrasında da biz həmişə olduğu
kimi, böyük uğurlar qazanacağıq.
- Albina
Atlıxanova (Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc):
Sualım Latviya Prezidentinədir. Bu gün Bakıda hər iki
ölkənin iş adamlarının iştirakı ilə Azərbaycan-Latviya
biznes forumu keçiriləcəkdir. Cənab Prezident, bilmək
istərdik, Siz forumun nəticələrindən nə gözləyirsiniz
və ümumiyyətlə, bu forum əməkdaşlığımızın
genişləndirilməsi işinə nə kimi töhfələr
verə bilər? Çox sağ olun.
Prezident
Andris BERZİNŞ: Hesab edirəm ki, biznes foruma Latviya tərəfindən
böyük maraq vardır. Biznes forumda Latviyanın
işgüzar dairələrinin, iqtisadiyyatının çox
müxtəlif sahələrini təmsil edən 80-dən
artıq iş adamı iştirak edəcəkdir. Bu, o deməkdir
ki, onlar həm ümumi yığıncaqda, həm özəl
görüşlərdə azərbaycanlı həmkarları
ilə görüşəcəklər.
Biz Azərbaycan
Prezidenti ilə bu haqda danışdıq və əslində
qeyd etdik ki, bu, iqtisadi əməkdaşlıq
üçün vacib bir əsasdır. Biz elə bir səviyyəyə
gəlib çatmışıq ki, məhz yerli işgüzar
dairələr öz qarşılarına qoyduqları məqsədlərə
artıq nail olublar. Yəni artıq bizim müəssisələr
Baltik dənizi regionunda öz mövqelərini tutublar. Bu, o deməkdir
ki, biz nəzərimizi növbəti bazarlara yetirmişik. Ona
görə bizim bir neçə istiqamətimiz vardır. Bu 22
il ərzində bizim mübadilə olunacaq təcrübəmiz
vardır. Bu təcrübə həmin müəssisələrin
təcrübəsidir. Fikrimcə, bu yaxşı bir məqam
olardı ki, biz əslində öz biznes mübadilələrimizi
iki ölkə arasında daha da artıraq.
O ki
qaldı digər məsələlərə, məhz nəqletmə
sahəsinə, Latviya hər hansı bir tranzit sahəsində,
xüsusən də aviasiya ilə yüklərin daşınması
sahəsində maraqlıdır. Hesab edirəm ki, ölkələrimiz
arasında bu sahədə əməkdaşlıq çox
yaxşı dərəcədə inkişaf edə bilər.
Bizim, həmçinin hava nəqliyyatı sahəsində və
onun əlaqələndirilməsində çox yaxşı
imkanlarımız vardır. Bu sahədə də göstəriləcək
səyləri əlaqələndirə bilərik. Enerji layihələrinə
gəldikdə, biz artıq elə bir səviyyədəyik ki,
alternativ təchizat mənbələri haqqında
danışa bilərik. Biz burada arzularımızı və
fikirlərimizi bölüşürük. Təbii ki, bu, həm
Latviyanın, həm Baltik dənizi regionunun
marağındadır. Bir sözlə, informasiya mübadiləsi
faydalıdır. Biz elə bir nəticəyə gəlmişik
ki, bu sahədə müsbət inkişaf olacaqdır.
Biz, həmçinin real layihələr haqqında da danışa bilərik. Məsələn, biz Latviyanın kənd təsərrüfatı sahəsində əldə etdiyi təcrübə üzrə də işləyə bilərik. Çox sağ olun.
AzərTAc
Azərbaycan.-2013.- 25 aprel.- S.2.