Azərbaycan-Latviya Hökumətlərarası
Komissiyanın iclası keçirilmişdir
Aprelin 24-də Nəqliyyat Nazirliyində Azərbaycan ilə Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın beşinci iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, Hökumətlərarası Komissiyanın həmsədri, nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan hökumətinin Latviya ilə münasibətlərə çox mühüm əhəmiyyət verdiyini və iki ölkə arasında münasibətlərin daha sürətlə inkişaf etməsində maraqlı olduğunu söyləmişdir.
Bildirilmişdir ki, son 5 ildə Azərbaycanda respublika və yerli əhəmiyyətli avtomobil yollarının, eləcə də digər nəqliyyatın infrastruktur obyektlərinin yenidən qurulmasına 11,6 milyard ABŞ dolları həcmində investisiya yatırılmışdır. Ötən il bu sahəyə 3,3 milyard dollar vəsait yönəldilmişdir ki, bu da ümumi investisiyaların 16,8 faizini təşkil edir.
Latviyalı həmsədr, bu ölkənin nəqliyyat naziri Anrijs Matiss öz növbəsində Komissiyanın işinin iki ölkə arasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsində böyük rol oynayacağını vurğulamışdır.
Latviyanın Azərbaycan ilə ikitərəfli ticarət dövriyyəsini artırmaqda maraqlı olduğunu deyən Anrijs Matiss bildirmişdir ki, hazırda ticarət dövriyyəsi 24,5 milyon avro təşkil edir ki, bunun da 20,8 milyonu Latviyadan Azərbaycana, 3,7 milyonu isə Azərbaycandan Latviyaya göndərilən malların payına düşür. Azərbaycandan Latviyaya ixrac olunan malların 90 faizini mineral məhsullar və qida məhsulları təşkil edir. Latviyadan Azərbaycana göndərilən məhsulların 90 faizini isə heyvandarlıq və kimya məhsulları təşkil edir.
İclasda
iqtisadiyyat, tranzit və nəqliyyat, təhsil, kommunikasiya və
informasiya texnologiyaları, səhiyyə, bank sektoru sahələri
üzrə müzakirələr aparılmışdır.
Azərbaycan.-2013.- 25 aprel.- S.3.