Riqa Texniki Universitetinin nümayəndə heyəti Bakı Dövlət Universitetində olmuşdur
Aprelin
24-də Riqa Texniki Universitetinin rektoru, professor Leonid Ribiskisin
başçılıq etdiyi nümayəndə heyəti
Bakı Dövlət Universitetində (BDU) olmuşdur.
Bakı
Dövlət Universiteti mətbuat və informasiya şöbəsindən
AzərTAc-a bildirmişlər ki, BDU-nun elm və innovasiyalar
üzrə prorektoru, professor Aydın Kazımzadə, tədrisin
təşkili və təlim texnologiyaları üzrə
prorektoru, professor İradə Əliyeva, beynəlxalq əlaqələr
və əməkdaşlıq üzrə prorektoru, dosent Şəlalə
Məmmədova və sosial məsələlər,
tələbələrlə iş və ictimaiyyətlə əlaqələr
üzrə prorektoru, professor Sani Hacıyevin iştirak etdikləri
görüşdə müvafiq əməkdaşlıq
müqaviləsinə uyğun olaraq həyata
keçirilmiş tədbirlər barədə fikir mübadiləsi
aparılmışdır.
Həmçinin
əməkdaşlığın daha da səmərəli
olması üçün tələbə mübadiləsinin,
eləcə də birgə layihə və proqramlarda
iştirak etməyin vacibliyi vurğulanmışdır.
Qeyd
edək ki, Riqa Texniki Universitetində Fransa, Almaniya, İtaliya,
İspaniya, Hindistan, Çin, ABŞ, Rusiya, Türkiyə və
digər ölkələrdən tələbələr də
oxuyurlar. Universitetin əsas tədqiqat istiqamətlərinə
mühəndislik elmi, informasiya texnologiyaları, üzvi kimya,
memarlıq və mühəndislik iqtisadiyyatı daxildir.
Qonaqlar
BDU-nun tədris şəraiti ilə də tanış
olmuşlar.
Azərbaycan.-2013.- 25 aprel.- S.4.