Həqiqətə çevrilən arzular

 

Dünyamiqyaslı siyasi xadim, qüdrətli şəxsiyyət və böyük insan - Heydər Əliyev  haqqında fikirlərimi bölüşməzdən əvvəl Azərbaycanın xalq yazıçısı Anarın ulu öndər haqqında dəyərli sözlərini xatırlatmaq istərdim: "Şəxsiyyətlərin miqyasları bir tərəfdən onun öz zamanında gördüyü işlərin, yaratdıqlarının, etdiklərinin, dediklərinin, həyata keçirdiklərinin əhəmiyyəti, əhatəsi, təsir dairəsi ilə ölçülürsə, digər tərəfdən bu fəaliyyətin tarixdə əks-sədası ilə, uzun illər, öz zamanında hadisələrin gedişatını yönəltməsi ilə müəyyənləşir. Hər iki meyarla Heydər Əliyev - tarixi şəxsiyyətdir".

Şərəfli və mənalı ömür yolunu xalqının yüksək rifahına və intibahına həsr etmiş, müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarını yaratmış, müstəqilliyimizi qoruyub möhkəmləndirməklə dünya siyasətinə adını əbədi həkk etdirmiş dahi rəhbərin tarixi xidmətlərini bir yazıya sığışdırmaq, sadəcə, mümkün deyil. Biz Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bu gününü, gələcəyini, dövlətçiliyin əsaslarını öyrənirik.

Heydər Əliyev Azərbaycanda klassik dövlətçilik ənənələrini, milli müstəqillik və azadlıq məfkurəsini abstraksiyadansimvolik anlayış səviyyəsindən gerçək ideoloji dəyərə çevirməyə nail olmuşdur. Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş mütərəqqi ənənələrin təkmil ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində reallaşdırılması da ulu öndərin adı ilə bağlıdır. Heydər Əliyev dühasının qüdrəti sayəsində Azərbaycanın demokratik quruculuqmilli inkişaf yolu xalqın mənəvi dəyərləri nəzərə alınmaqla həyata keçirilmişdir. Ümummilli liderin hakimiyyətdə olduğu dövrün ikinci mərhələsində müstəqil Azərbaycan dövlətinin varlığına son qoymaq cəhdlərinin qarşısını özünəməxsus müdriklik və əzmkarlıqla alması bir daha sübut etdi ki, yalnız qüdrətli şəxsiyyətlər, parlaq liderlər xalqı öz arxasınca aparmaqla tarixin ən ağır məqamlarını və gedişini düzgün qiymətləndirərək əsl xilaskara çevrilə bilərlər.

Mövcud olduğu 70 il ərzində xalqları bir ideologiya altında saxlamış, onların milli şüuruna dərin yaralar vurmuş sərt sovet sisteminin yeni dünya düzəni fonunda çökməsi üzücü və ağır mərhələlərlə müşayiət olunsa da, digər postsovet dövlətlərindən fərqli olaraq, Azərbaycan Heydər Əliyev dühası, siyasi ustalığı sayəsində bu tarixi dönəmdən daha sürətlə keçərək yeni, müstəqil inkişaf yoluna qədəm qoymuşdur.

Məhz ulu öndərin rəhbərliyi sayəsində Azərbaycanda səngimək bilməyən daxili siyasi çəkişmələr zamanı yaranmış hakimiyyət böhranı qısa müddətdə tam aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən bir çox qanunsuz silahlı qüvvələr, qruplar, dövlət çevrilişinə cəhd göstərən cinayətkar ünsürlər qətiyyətlə zərərsizləşdirildi. Bundan sonra Azərbaycan hüquqi dövlət quruculuğu epoxasına qədəm qoydu. Heydər Əliyevin gərgin səyi sayəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insan hüquq və azadlıqları, qanunun aliliyi prinsiplərinin təmin edilməsi istiqamətində çox mühüm səmərəli tədbirlər həyata keçirildi.

Ümummilli lider ədalətli idarəçilik sistemi yaratmadan cəmiyyətin dövlətə etimad və inamının reallaşmasını qeyri-mümkün hesab edirdi. Gərgin, fədakar əməyi ilə siyasi burulğanlardan qalib çıxan, bənzərsiz müdrikliyi ilə dünyanın siyasi arenasında ən ali zirvələri fəth etməyi bacaran Heydər Əliyevin əvəzsiz rəhbər imicini səciyyələndirən ən xarakterik xüsusiyyəti, bu nəhəng şəxsiyyət tərəfindən yürüdülən siyasətin yüksək humanizm və insanpərvərlik prinsiplərinə əsaslanması olmuşdur. Ulu öndərin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi, eləcə də ilk dəfə olaraq çoxpartiyalı sistem əsasında parlament seçkilərinin keçirilməsi Heydər Əliyevin adı ilə bağlıdır.

Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Corc Buş Heydər Əliyev haqqında deyirdi: "O, Cənubi Qafqazda uzun illər ərzində ən əsas şəxsiyyət olmuşdur. Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır.  Məhz onun rəhbərliyi altında ABŞ və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülhsabitliyin saxlanılmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyükhəcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın XXI əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır".

Fransa Respublikasının keçmiş prezidenti Jak Şirak isə fikirini belə ifadə etmişdir: "Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır".

Gürcüstanın eks-prezidenti Eduard Şevardnadzenin Heydər Əliyev haqqında söylədiyi qürurverici fikri də xatırladırıq: "Mən hər zaman Heydər Əliyevlə məsləhətləşir və onun tövsiyələri ilə fəaliyyət göstərirdim. Lakin Heydər Əliyevin vəfatından sonra belə məsləhətləri heç kimdən ala bilmədim və sonda şahidi olduğunuz hadisələr baş verdi".

Xalqına və torpağına bütün varlığı ilə bağlı olan Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə Azərbaycan böyük inkişaf yolu keçmiş, müstəqil  dövlətçiliyimizin təməli qoyulmuşdur. 1988-1993-cü illərdə Heydər Əliyev dühasından kənarda qalan Azərbaycan dəhşətli itkilərlə üzləşdi. Tarixin belə bir mürəkkəb məqamında xalq öz xilaskarını səslədi, onu tələb etdi və hakimiyyətə gətirdi. Heydər Əliyev iradəsi və xalqın inamından yaranan güc bütün maneələri uğurla dəf etdi. Xalq da öz xilaskarına sevgi və sayğı ilə yanaşaraq onun bütün çağırışlarına böyük coşqu ilə cavab verdi. Bu, Heydər Əliyev qətiyyətinin təntənəsi idi.

Azərbaycan tədricən sabitlik dövrünə qədəm basdı, dövlətçilik üçün xarakterik olan ictimai-siyasisosial-iqtisadi münasibətlər sferasında Heydər Əliyev kursu təşəkkül tapmağa başladı. Dövlət quruculuğu prosesinə inamla başlayan Heydər Əliyev, ilk növbədə, dağılmış iqtisadiyyatı tənzimlədi, inflyasiya kimi təhlükəli sindromun qarşısına sədd çəkdi, bazar iqtisadiyyatının dinamik inkişafı üçün münbit şərait yaradan qanunlar yaratdı. Özəlləşdirmə ilə bağlı Dövlət Proqramı qəbul edildi, ən mühüm işə nizami ordu quruculuğu prosesinə başlanıldı. Ölkədə demokratiyanın dünyada tanınmış prinsipləri təsbit olundu, azad mətbuatın demokratik prinsiplərlə inkişafına hüquqi zəmin yaradıldı, senzura ləğv edildi.

Təkcə iqtisadi baxımdan deyil, həm də siyasi baxımdan, xüsusilə də mənfur məqsədli xarici qüvvələrin neytrallaşdırılması nöqteyi-nəzərindən tarixə "Əsrin müqaviləsi" adı ilə daxil olmuş neft Sazişinin imzalanması bu gün də müstəsna əhəmiyyət kəsb edir. Ölkənin monolit infrastrukturunu formalaşdırmaq və iqtisadi inkişafına nail olmaq üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin əldə olunması Heydər Əliyev dühasının parlaq təzahürü idi. O zaman uzaqgörənliklə atılan bu addım sayəsində  indi Azərbaycan bölgənin lider dövlətinə çevrilmişdir.

Azərbaycanın Avropa Şurasına üzv qəbul olunması, NATO ilə əməkdaşlıq, İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin çəkilişi  s. nəhəng layihələrin reallaşması da məhz bu silsilədəndir.

Zaman keçdikcə Heydər Əliyev siyasi kursunun dəyəri daha da artır. Heydər Əliyevin irsi bu günlə və gələcəklə ölçülmür. Müstəqil Azərbaycan  dövləti durduqca bu irs mövcud olacaqdır. Biz azərbaycançılıq fəlsəfəsini dərindən qavramaq üçün, ilk növbədə, Heydər Əliyevin böyüklüyünü  dərindən anlamalı, bu dahi şəxsiyyətin əsərlərini mütaliə edib öyrənməli, onun çıxış və nitqlərindəki məna çalarlarının dərinliklərini dərk etməli, deyimlərini, aforizm və iqtibaslarını həyat prinsiplərinə çevirməliyik.

Deyirlər, dahilərin ölüm tarixi olmur. Bu kəlamın gerçəkliyi Heydər Əliyev şəxsiyyətində öz təsdiqini tapmışdır. O, ömrünün ən mənalı hissəsini xalqına bağışlamaqla əbədiyyətə qovuşmuş, ümummilli lider zirvəsinə yüksəlmişdir.

Dahi rəhbər bütün mötəbər kürsülərdən dünyaya "Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır", "Azərbaycan dünyaya bir günəş kimi doğacaq", - deyirdi. Bu kəlamlar artıq həqiqətə çevrilib.

 

 

Mürsəl ƏLİYEV,

Bakı şəhər Ekologiya və Təbii Sərvətlər

 Departamentinin direktoru, texnika

elmləri doktoru, professor

 

Azərbaycan.-2013.- 25 aprel.- S.8.