Şəxsiyyəti zaman seçir
Azərbaycan
İnşaat və Memarlıq Universitetində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi
keçirilib
Azərbaycan İnşaat və Memarlıq Universitetində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı qadınlar şurası ilə birgə tədbir keçirilib. Universitetin rektoru, professor, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin bütünlüklə dövlətçiliyimizin qurulmasına, möhkəmləndirilməsi və inkişafına, həmçinin xalqımızın rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini vurğulayıb. O, eyni zamanda bildirib ki, XX və XXI əsrlərin ən böyük tarixi şəxsiyyətlərindən, görkəmli dövlət və siyasi xadimlərindən olan ümummilli lider Heydər Əliyevin adı yaddaşlarda əbədilik qazanıb. Ulu öndər dahi şəxsiyyət idi, onu zaman seçmişdi. Ümummilli liderin xalqımızın taleyində mühüm rol oynayan siyasi kursu ölkəmizin bütün sahələrinin inkişafında bu gün də mühüm əhəmiyyət daşıyır.
Müasir Azərbaycanın memarı və qurucusu kimi yaddaşlara və tariximizin şərəfli səhifələrinə adını əbədi həkk etdirən ümummilli liderin xilaskarlıq missiyası barədə söylənilən fikirlər yalnız xalqımıza aid deyil. Beynəlxalq birliyin təmsilçilərinin də dilindən eşidilən bu kimi dəyərli fikirlər bir daha təsdiqləyir ki, ulu öndər bəşəri şəxsiyyətlərdəndir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Azərbaycan İnşaat və Memarlıq Universiteti ilk təşkilatına yeni üzvlər qəbul edilib. Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə fəaliyyətə başlamış siyasi qurumda təmsil olunmağın şərəfi və məsuliyyəti barədə yeni üzvlərə öz tövsiyələrini verib.
Tədbirdə
ulu öndərin həyat və fəaliyyətinə həsr
edilən, "Onu zaman seçib" poeması əsasında
çəkilmiş sənədli film nümayiş etdirilib,
xalq şairi Zəlimxan Yaqubun "Qurtuluş"
poemasından parçalar bədii qiraət ustası Şahinə
Könülün ifasında səsləndirilib.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.-2013.- 25 aprel.- S.8.