Nurlu insan

 

Zərifə Əliyeva-90

 

Bu il Azərbaycan xalqı iki böyük övladının - ümummilli lider Heydər Əliyevlə onun sədaqətli ömür-gün yoldaşı, görkəmli alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileylərini qeyd edir.

Artıq neçə illərdir ki, tanınmış oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva bizim aramızda yoxdur. Lakin bu nurlu insanın işıqlı xatirəsi ürəklərdə yaşayır. Bəlkə də bu, bir təsadüfdür ki, o, baharda doğulmuş, baharda da dünyasını dəyişmişdi. Xalqımız hər il aprelin 28-də Zərifə xanımın doğum gününü, 15-də isə vəfatının ildönümünü dərin ehtiramla qeyd edir. Ömrünü humanist ideallara həsr etmiş alimin əziz xatirəsi onu tanıyanlar tərəfindən həmişə minnətdarlıq hissi ilə yad edilir.

Zərifə Əliyeva nəcib insan, qayğıkeş həkim idi. Az yaşadı, ancaq qısa zamanı əhatə edən həyatı boyu səmərəli, faydalı işlər gördü. O, qayğıkeş, mehriban ana, vəfalı, sədaqətli ömür yoldaşı, səmimi dost, saf insan idi.

Zərifə xanım akademik Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Bu ailənin təməli xeyirxahlıq, nəciblik kimi xüsusiyyətlər və milli dəyərlər üzərində qurulmuşdu. Əziz Əliyev və Leyla xanım Abbasova Azərbaycanın çox qədim torpağı olan İrəvan mahalında dünyaya göz açmışdılar. Ermənilərin azərbaycanlılara qarşı o zamankı soyqırımı siyasəti nəticəsində Əziz Əliyevin ailəsi təqiblərə məruz qalmışdı. Bu səbəbdən də o, Sankt-Peterburqda təhsilini yarımçıq qoyub ailəsini Naxçıvanın Şahtaxtı kəndinə köçürür. Zərifə xanım da Şahtaxtıda anadan olur.

İnsan şəxsiyyətinin formalaşması onun əhatə olunduğu mühitdən asılıdır. Zərifə xanım da çox nəcib ailədə, söz, sənət adamlarının əhatəsində böyüyürdü. Ötən əsrin görkəmli elm, mədəniyyət xadimləri Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun və digər şəxsiyyətlərin Əliyevlər ailəsi ilə dostluğu və mənəvi yaxınlığı Əziz müəllimin uşaqlarının tərbiyəsinə, dünyagörüşünə müsbət təsir göstərirdi. Bu ailənin övladları ilk növbədə, halal yaşamalı, mükəmməl təhsilə yiyələnməli, cəmiyyətdə hörmət qazanmalı idilər. Belə bir mühitdə tərbiyə alan Zərifə xanım bütün həyatı boyu öz təbiətində yüksək mənəvi keyfiyyətləri birləşdirərək dərin intellekti, geniş dünyagörüşü ilə seçilirdi. O, təmkinli, səbirli, dözümlü və zəhmətsevər idi. Tibb elminə yüksək, zəngin erudisiyaya malik novator alim kimi daxil olmuş, böyük məktəb yaratmışdı. Yüksək intellektual səviyyəsi, sərrast düşüncəsi, səmimi, xoş münasibəti onu hamıya sevdirirdi. Azərbaycan qadınlarının bütün gözəl cəhətlərini özündə cəmləşdirmiş Zərifə xanım bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş edirdi. Belə düşünürdü ki, həkim müalicəsinin uğurlu olması üçün ilk növbədə, insanları sevməli, onların ağrısını hiss etməlidir. Özü məhz belə həkim idi. Əslində, o, başqa peşə sahibi olsaydı belə, yenə insanlara sevgisi ilə fərqlənəcəkdi.

Zərifə xanımın təbabətə gəldiyi illərdə Azərbaycanda traxoma xəstəliyi geniş yayılmışdı. Xüsusən, bölgələrdə bu xəstəlikdən əziyyət çəkənlər daha çox idi. O, həmkarları ilə birlikdə ayrı-ayrı rayonları gəzərək xəstələri müayinə və müalicə edir, ehtiyacı olan insanlara nur bəxş edirdi. İstedadlı alimin qarşısına qoyduğu ali məqsəd insanların faciəsinə səbəb olan traxoma xəstəliyinin kökünün kəsilməsi idi. Onun bu sahədə yorulmaq bilmədən apardığı elmi axtarışlar, əldə etdiyi dəyərli nəticələr namizədlik işində öz əksini tapmışdı. 1959-cu ildə "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomesinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görüldü.

Zərifə Əliyeva ciddi elmi tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları, müalicə işləri ilə yanaşı, pedaqoji fəaliyyətini də uğurla davam etdirirdi. Gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli tibb işçilərinin hazırlanmasında, peşəkar elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdi. O, 1967-ci ildə müsabiqə yolu ilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə seçilmişdi. Zərifə xanım dosentlikdən professor, kafedra müdiri vəzifələrinə, akademik zirvəsinə qədər yüksəlmişdi. Azərbaycanda oftalmologiya sahəsində ilk akademik olmuşdur. Onun səyi və təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılmışdır. O, ictimai işlərə də vaxt tapır, bu sahədə də yorulmadan fəaliyyət göstərirdi. Zərifə xanım uzun illər Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan "Bilik" Cəmiyyətinin və Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuşdur.

Azərbaycanın əməkdar elm xadimi Zərifə xanım Əliyeva bir həkim kimi xəstələrinə can yandırır, onlara doğmaları kimi münasibət bəsləyirdi. Onun üçün vəzifəsindən, həyatdakı mövqeyindən asılı olmayaraq bütün insanlar bərabər idi. Xəstələrinə, ümumiyyətlə, ehtiyacı olan hər kəsə yardım əli uzadır və həmişə də çalışırdı ki, bunu başqaları hiss etməsin. O, hər gün işə gələndə rayonlardan gəlib xəstəxanada yatan xəstələrinə yemək, geyim gətirirdi ki, onlar ailədən uzaq düşdüklərinə görə narahat olmasınlar. Eyni zamanda, hər bir xəstəsi ilə mehriban rəftar edir, onlarda sağalacaqlarına ümid yaradırdı. Həmişə deyirdi ki, xəstənin həkimə inamı uğurlu müalicəyə bərabərdir. Onun adının yanında "nur, işıq" sözləri daha çox işlənir. Bu da təbii ki, Zərifə xanımın peşəsi və işıqlı təbiəti ilə bağlıdır.

Onun həyatının məqsədi xeyirxahlıq idi. Elə həmkarlarına bu insandan yadigar qalan da peşəsinə sədaqət, xəstələrə həssas münasibət və onları həyata qaytarmaq istəyidir.

Son dərəcə ləyaqətli, insanpərvər, xeyirxah olan Zərifə xanım ailə səadətinin qoruyucusu, fədakar ana idi. O, Heydər Əliyev kimi dünya şöhrətli siyasətçinin xanımı olmaqla artıq böyük bir məsuliyyət daşıyırdı. Yaxşı bilirdi ki, onun ailəsi diqqət mərkəzində olduğundan həmişə hamıya nümunə olmalıdır. Zərifə xanım həyatını xalqına həsr etmiş bir insanı tükənməz sevgi və qayğı ilə əhatə edərək ona əsl dost, yaxın silahdaş və mənəvi dayaq oldu. Eyni zamanda, ailədə elə bir mühit yaradırdı ki, ömrünü Vətənə, xalqına xidmətə həsr edən ulu öndər evindən, uşaqlarından həmişə arxayın olub dövlət işi ilə məşğul olsun. Onlar birlikdə Vətənə, soy-köklərinə layiq övladlar böyüdürdülər. Zərifə xanım övladlarının düzgün tərbiyəsi üçün hər cür fədakarlığa hazır idi. Həmişə kamilliyə can atan bu insan uşaqlarının tərbiyəsində də şəxsi hisslərini deyil, cəmiyyətin mənafeyini üstün tuturdu. Bu gün Azərbaycanın fəxri, möhtərəm Prezident İlham Əliyevin siyasətdə qazandığı uğurlar, gündən-günə dünyada artan nüfuzu bir ana kimi Zərifə xanımın ruhunu sevindirir. Azərbaycan tarixinin iki böyük şəxsiyyətinin - ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı, möhtərəm Prezident İlham Əliyevin anası olmaq səadətini də tale Zərifə xanıma qismət etmişdir.

Bu gün onun müqəddəs ailə çırağını övladları, nəvələri yandırırlar. Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Zərifə xanımın ənənələrini davam etdirərək Azərbaycanda birinci xanım institutunun daha da möhkəmləndirilməsi üçün çalışır. Yüksək dəyərləri öz şəxsiyyətində birləşdirmiş Mehriban xanım milli-mənəvi sərvətlərimizin qoruyucusudur. O, Azərbaycanda təhsilin, səhiyyənin, mədəniyyətin inkişafı üçün əlindən gələni edir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ictimai fəaliyyəti də göz qabağındadır. Azərbaycan gənclərinin lideri kimi onun vətənpərvərliyi, ölkəmizin dünyada tanınması üçün gördüyü işlər hər birimizdə qürur hissi doğurur. Bu da genetik yaddaşın bir göstəricisidir.

...Həyatda bəzən qazanılan uğurlar insanlarda təkəbbür, özündən razılıq və başqalarına laqeydlik hissləri yaradır. Lakin bu, yalnız güclü mənəviyyata malik insanları dəyişə bilmir. Zərifə xanımın ailəsi şöhrətin zirvəsinə çatdıqca o, daha da sadələşirdi. Onun üçün ad-sandan, şan-şöhrətdən əvvəl mənəvi zənginlik, səmimiyyət və milli dəyərlər əsas idi. Zərifə xanım xalqın yaddaşında belə də qaldı.

 

 

Hicran HÜSEYNOVA,

Ailə, Qadın və Uşaq Problemləri üzrə

 Dövlət Komitəsinin sədri, siyasi elmlər

Doktoru

 

Azərbaycan.-2013.- 25 aprel.- S.9.