Görkəmli oftalmoloq, nüfuzlu ictimai xadim

 

Zərifə Əliyeva-90

 

Dünya müharibələri, müxtəlif etnik qarşıdurmalar, separatizm, terrorizm, repressiyalar, həm də tərəqqi, kosmos və yüksək texnologiyalar əsri kimi tarixə düşən XX yüzillikdə Azərbaycan xalqı ən böyük arzusuna çatdı - milli müstəqilliyini əldə etdi. Bu dövrdə xalqımız dünya tarixinə qüdrətli şəxsiyyətlər də bəxş etdi.

Milli dövlətçilik tariximizə adı qızıl hərflərlə yazılan böyük şəxsiyyətlərdən biri də Azərbaycanın görkəmli alim-professoru, dövlət xadimi Əziz Əliyevdir. Bu işıqlı insan təkcə öz ömür yolu ilə deyil, ocağında dünyaya göz açan övladlarının hər birinin öz vətəninə ləyaqətli xidmətləri ilə nəsillərin yaddaşına əbədi həkk olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Şərur mahalının Şahtaxtlı kəndində, bu görkəmli şəxsiyyətin ocağında 1923-cü il aprelin 28-də dünyaya gələn Zərifə xanım Əliyeva zamanının ən qüdrətli ictimai xadimlərindən, görkəmli alimlərindən birinə çevrildi. Zərifə xanımın dünyaya gəlişi təkcə tarixə Möminə xatun, Zahidə, Mehrican, Qonçəbayim kimi qüdrətli xanımlar bəxş edən Naxçıvan torpağını deyil, bütövlükdə Azərbaycanı şərəfləndirmişdir.

Sənətin, poeziyanın, milli-mənəvi dəyərlərin qorunduğu, elmin və ictimai-siyasi baxışların formalaşdığı bir ailədə dünyaya göz açan Zərifə xanım genetik kodlardan, ata-babalarından aldığı müqəddəslikdən və türk dünyasının qüdrətli xatunlarının duyğularından qidalanırdı.

Klassik və müasir poeziyanı, Şərq və dünya fəlsəfəsini, milli musiqini gözəl bilsə də, Zərifə xanım Əliyeva atası Əziz Əliyevin yolu ilə gedərək 1942-ci ildə Azərbaycan Dövlət Tİbb Universitetinə daxil oldu. Universiteti müvəffəqiyyətlə bitirdikdən sonra o, Moskvada oftalmologiya üzrə Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitunun ixtisaslaşma kursunu keçdi. Elmi tədqiqatlara sonsuz marağı Zərifə xanımı Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirdi, o, orada həkim-ordinator kimi işə başladı. Həmin institutda onun elmi tədqiqatlara marağı bir qədər də yüksəldi. 1950-ci ildə aspiranturaya daxil oldu, aspiranturanı bitirdikdən sonra respublika Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda elmi işçi kimi fəaliyyətə başladı. 1960-cı ildə "Traxoma xəstəliyinin sintomisin və onun başqa terapiya metodları ilə əlaqəli müalicəsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi.

Bu illər keçmiş SSRİ-nin başqa cənub bölgələrində olduğu kimi, Azərbaycanda da gözün konyuktivitini və pərdəsini zədələyən, ağır nəticələrə, hətta korluğa gətirib çıxaran traxoma infeksion xəstəliyi geniş yayılmışdı. O dövr elə bir zaman idi ki, bütün İttifaqda bu xəstəliklə bağlı mübarizə üsulları mövcud deyildi. Odur ki, bu problem təkcə Azərbaycan təbabəti üçün yox, SSRİ səhiyyəsi üçün də çox ciddi problem sayılırdı.

Azərbaycan xalqının sağlamlığı uğrunda mübarizəyə atılan, əslində, qaranlıqla işığın mübarizəsinə qalxan göz həkimi Zərifə xanım Əliyeva çalışdığı elm ocağındakı fəaliyyəti ilə kifayətlənmir, Azərbaycanın ən çox traxoma xəstəliyi yayılan rayonlarına səfər edirdi. O, praktik oftalmoloq-həkimlərə mühazirələr oxuyur, xəstələri yaşadıqları ərazilərin xəstəxana və ambulatoriyalarında qəbul edir, onların müayinə və müalicəsi ilə məşğul olurdu.

Traxoma ilə bağlı problemlər həll olunduqdan, bu sahədə tədqiqatlarını yekunlaşdırdıqdan və namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Zərifə xanım oftalmologiyanın başqa problemlərinin elmi araşdırılması ilə sistemli şəkildə məşğul olmağa başlayır. Görkəmli alim vərəm, şəkər və qlaukoma xəstəlikləri nəticəsində gözün zədələnmə xüsusiyyətlərinin öyrənilməsinə həsr  olunan əsərləri ilə təbabətin bu ağır sahəsinə yeniliklər gətirir və 1967-ci ildə atasının adını daşıyan Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dossent vəzifəsinə dəvət olunur.

Son dərəcə təvazökar olan bu böyük alim elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, praktiki tibbi fəaliyyətlə də məşğul olaraq xəstələri təkcə göz institutunda deyil, digər xəstəxanalarda da qəbul edir, onlara məsləhətlər verir, əksər hallarda  əməliyyatlar aparırdı.

Kliniki və nəzəri oftalmologiyanın bir sıra aktual məsələlərinə həsr olunan yeni və uğurlu tədqiqatların əsasını qoyan Zərifə xanım Əliyeva Azərbaycanda kimya sənayesinin genişlənməsi və inkişafı ilə bağlı görmə orqanına kimyəvi maddələrin təsiretmə mexanizminin praktiki olaraq aşkar edilməsi kimi ciddi işlərin də təməlini qoyur. 1968-ci ildən Zərifə xanım peşə oftalmologiyası məsələləri ilə məşğul olmağa başlayır. Peşə xəstəlikləri probeminin həllinə nail olan alim yod, rezin və neft-kimya sənayesi müəssisələrində işləyənlərdə zərərli peşə faktorlarının görmə üzvü və köməkçi aparatın funksiyasına və biokimyasına, mikro və ultramikro strukturuna təsirinə dair çoxistiqamətli məsələləri araşdırır, yeni klinika və laboratoriyalar yaradır. Ayrı-ayrı sənaye müəssisələrinin tibb məntəqələrində və sexlərində, xüsusən də, Bakı, Sumqayıt şəhərlərinin yod, şin zavodlarının sexlərində praktiki tədqiqat işlərini həyata keçirir. Bu genişmiqyaslı klinik müşahidələrin və eksperimental tədqiqatların yekunu olaraq onun bu gün də əhəmiyyətini itirməyən əsərləri və monoqrafiyaları yaranır. 1976-cı ildə Q.Helmhols adına Moskva Göz Xəstəlikləri İnstitutunda "Azərbaycanın kimya sənayesinin bəzi müəssisələrinin işçilərində gömə üzvünün vəziyyəti" mövzusunda doktorluq dissertasiyası müdafiə edən Zərifə xanım Əliyeva 1977-ci ildə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitunun göz xəstəlikləri kafedrasının professoru seçilir. Beş il sonra isə kafedranın müdiri kimi fəaliyyətini davam etdirir. O, görkəmli alimləri və gənc oftalmoloqları cəlb etməklə oftalmologiya sahəsində öz elmi məktəbini formalaşdırır. Bakı Məişət Kondisionerləri Zavodunda gözün peşə patologiyasının unikal laboratoriyasının təməlini qoyan Zərifə xanım burada klinik və funksional-diaqnostika şöbələri ilə yanaşı, dünyada yeganə olan istehsalatda cərrahiyyə şöbəsini yaradır.

Gözün fiziologiyasında baş verən dəyişiklikləri diqqətlə izləyən, problemlərini aradan qaldırmağa çalışan Zərifə xanımın təklifi ilə 1979-cu ildə AMEA-nın A.Qarayev adına Fiziologiya İnstitutunda görmə üzvünün patologiyası problemi laboratoriyası yaradılır. Zərifə xanımın burada apardığı genişmiqyaslı tədqiqatlar nəticəsində "Göz yaşının axmasının fiziologiyası", "Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri", "Gözün hidrodinamik sisteminin anatomik-fizioloji təbiəti" kimi bir sıra fundamental məqalə və monoqrafiyaları işıq üzü görür. "Şin istehsalında gözün peşə patologiyası", "Xroniki yod intoksikasiyası zamanı oftalmologiya", "Yod sənayesində peşə xəstəliklərinin profilaktikası" kimi kitab və monoqrafiyaları Azərbaycandan kənarda da yüksək qiymətləndirilir. Bu səbəbdən də 1981-ci ildə Zərifə xanım Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülür. Oftalmologiya tarixində ilk qadın alim kimi bu mükafata layiq görülən Zərifə xanım sonrakı fəaliyyətini yaşlı adamlarda görmə qabiliyyətinin zəifləməsinə səbəb olan katarakt xəstəliyinin cərrahi üsulla müalicəsinin təkmilləşdirilməsinə həsr edir.

Bütün həyatını, elmi və pedaqoji fəaliyyətini oftalmologiyanın çoxşaxəli problemlərinə həsr edən görkəmli alimin gənc həkimlərin və oftalmoloq alimlərin yetişməsində də xüsusi xidmətləri var idi. Adı ilə məktəb yaradan Zərifə xanım Əliyeva 1983-cü ildə SSRİ Tibb Elmlər Akademiyasının həqiqi üzvü seçilir. Əmək veteranı medalına, Qırmızı Əmək Bayrağı ordeninə və Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülür.

Müdriklər "Böyük şəxsiyyətlərin arxasında böyük qadınlar dayanır" - demişlər. Bu mənada Zərifə xanım bütün həyatını dövlətçilik tariximizin yaradılmasına, yenidən yazılmasına, mənəvi dəyərlərimizin qorunmasına və inkişafına həsr edən müasir Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əlirza oğlu Əliyevin ömür-gün yoldaşı və ən yaxın silahdaşı olmuşdu. Zərifə xanım Əliyeva ulu öndərə  iki dəfə övlad sevinci bəxş etmiş, dövlətçilik fəaliyyətində mənəvi dəstəyinə çevrilmişdi. Həkim, alim, qadın və ana ömrü sürməklə yanaşı, ictimai xadim kimi Azərbaycanın inkişafında və respublikamızda gedən quruculuq işlərində yaxından iştirak etmişdi. Sənət və mədəniyyət adamlarının dostu, himayədarı olmuşdu. Böyük tədbirlərdə, elmi konfrans və simpoziumlarda çıxışları ilə əski gələnəklərdən gələn türk xatununun obrazını yaratmışdı. Lakin o zamankı rejimin və dövrün xüsusiyyətləri baxımından onun parlaq fəaliyyəti insanlara yetərincə çatdırılmamışdı.

Akademik Zərifə Əliyeva Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibinin xanımı olmaqla bərabər, respublikamızın görkəmli qadınlarından idi. Onun təşəbbüsü ilə təməli qoyulan elm, tədris ocaqları, muzeylər, kitabxanalar, ən ucqar dağ kəndlərinə çəkilən yollar, sənətin, mədəniyyətin hamisi olan bu qadının vətən sevgisini bu gün də yaşatmaqdadır.

"Vestnik oftalmoloqii" jurnalının, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyətinin Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ə.Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının və Baş Cərrahlar Elmi Şurasının üzvü olan Zərifə xanım çoxşaxəli ictimai fəaliyyəti ilə yanaşı, Azərbaycan qadını idi. O, bir ailənin xanımı idi. Eyni zamanda, bugünün və sabahın dövlət başçısının xanımı və anası idi. Tanrının Zərifə xanıma ən böyük lütfü də elə bu idi.  Zərifə xanım bütün duyğuları və sevgiləri ilə əsl Şərq, türk və Azərbaycan qadını idi. O, qəlbinin səsini zərif barmaqların hərarətində royalın dilləri ilə səsləndirirdi. Bu zərif barmaqlar övlad böyüdür, nəvələrinə sığal çəkir, ən ağır cərrahiyyə əməliyyatları ilə onu işıq Allahına, xeyirxahlıq Mələyinə çevirir, həyat yoldaşı və sirdaşının arxasınca su ataraq onu yaxın və uzaq səfərlərə yola salırdı. Bu, onun və mənsub olduğu millətin tale yazısı idi. Bu, o yazı idi ki, 1985-ci ildə fəaliyyətini Moskvada davam etdirən Mərkəzi Komitənin Siyasi  Bürosunun üzvü olan ömür-gün yoldaşına ayrılıq nidası oxuyacaqdı. Şərqin qapısında - Nuhun çıxdığı torpaqda dünyaya gələn Zərifə xanım qəlbinin odu, hərarəti və sonsuz məhəbbəti ilə Şimal səmasında dərgahda dolanacaqdı.

1990-ci ilin dəhşətlərini görməsə də, ömür-gün yoldaşının imperiyaya nifrətini ruhu ilə hiss etdi. Özü qəribliyin köynəyində sıxılsa da, doğmalarını Vətənə yola saldı... Əbədi istiqlal şərbətini yenidən dadmaq üçün...

1993-cü ildə isə hər şey dəyişdi. Heydər Əlirza oğlu Əliyev Zərifə xanımın ruhunun işığında, xalqın arzusu ilə, xilaskar bir missiya ilə yenidən Azərbaycana qayıtdı.

Zərifə xanım 1923-cü ilin ilıq bir yaz səhərində - aprelin 28-də Şərur mahalında dünyaya gəldi və 15 aprel 1985-ci ildə Moskvada, Naxçıvandan çox-çox uzaqlarda ona ayrılıq nəğməsi oxundu. 1994-cü ildə isə onun nəşi Moskvadan Azərbaycana gətirilərək vətən torpağında dəfn olundu.

Nəcib və xeyirxah insan, həkim, alim, ictimai xadim kimi Zərifə xanım həmvətənlərinin cismani və ruhani aləmdə qəlb sirdaşına, dərd ortağına dönmüşdü. Həyata keçirdiyi işlər, elmə və mədəniyyətə bəxş etdiyi töhfələr onu Azərbaycanın görkəmli xanımlarının, türkün qüdrətli xatunlarının sırasına yazmışdı. Adına yollar, bağlar salınmışdı. Bulaqlar çəkilmişdi, məktəblər, səhiyyə ocaqları qurulmuşdu. Nəsillərə örnək olan "Əsl məhəbbət haqqında ballada" yaranmışdı. Zərifə xanım Əliyevanın adı ölkəmizin hər yerində əbədiləşsə də, ən böyük heykəli və müqəddəs abidəni isə o özü ucaltdı. Onun adı insan sevgisi, xalq məhəbbəti idi. İndi bu sevginin və məhəbbətin işığında Zərifə xanımın varlığı qədər sevdiyi oğlu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın  fəaliyyətləri ilə xalqımız inamla  üzü sabahlara doğru gedir.

 

 

Məlahət İBRAHİMQIZI,

siyasi elmlər üzrə fəlsəfə doktoru,

Milli Məclisin deputatı

 

Azərbaycan.-2013.- 25 aprel.- S.9.