ABŞ Dövlət
Departamentinin illik hesabatı Azərbaycan reallığını əks
etdirmir
Bu gün Azərbaycanla
Amerika Birləşmiş
Ştatları arasında
ikitərəfli əlaqələr
dinamik inkişaf edir və iki
ölkə arasındakı
münasibətlər strateji
tərəfdaşlıq səviyyəsindədir. Ölkəmiz
beynəlxalq terrorizmə
qarşı mübarizədə
ABŞ-a hərtərəfli
dəstək verir. Bu gün Azərbaycan
Avropanın enerji təhlükəsizliyinin təminatında
müstəsna rol oynayır. Ancaq buna baxmayaraq
ABŞ Dövlət Departamentinin
son hesabatında yenə
də Azərbaycana qarşı qərəz, qeyri-obyektivlik öz əksini tapıb.
Ancaq nədənsə,
Azərbaycanın sürətli
iqtisadi inkişafı,
Avratlantik məkana inteqrasiyası beynəlxalq
münasibətlərin, əməkdaşlıq
səviyyəsinin yüksələn
xətlə inkişafı,
eləcə də qoşulduğu beynəlxalq
konvensiyaların tələblərinin
icrası bu qurumun hər hansı bir hesabatında öz əksini tapmır. Həmişə olduğu kimi, ölkəmizə qarşı
ikili standartlar prinsipinin tətbiqi son hesabatda da açıq-aydın
görünür. Çünki hazırlanan hesabatda önə çəkilən
məsələlər müxalifət
mətbuatında yayılan
dezinformasiyalar, antiazərbaycançı
şəbəkənin əli
ilə ötürülən
məlumatlardır. Ona görə
də hər hesabatında eyni taktika ilə Azərbaycana qarşı qərəz nümayiş
etdirən dövlət
departamentinin yayacağı
illik məlumatda ölkəmizlə bağlı
hansı məqamlara toxunulacağı əvvəlcədən
proqnozlaşdırılır. Əgər tarixə nəzər yetirib bu cür hesabatlara
diqqət yetirsək, görərik ki, 5 il öncə
açıqlanmış hesabatla
son hesabat arasında o
qədər də fərq yoxdur. Sadəcə,
bəzi cümlələrdə
olan dəyişikliklər,
yerdəyişmələr fərqlənir.
Birmənalı şəkildə demək olar ki, dövlət departamentinin təqdim etdiyi həmin hesabat Azərbaycana qarşı bir təzyiq vasitəsidir.
Bu, yalnız Azərbaycanın
dünyada gündən-günə
artmaqda olan nüfuzuna kölgə salmaq, ölkəmiz haqqında dünyada mənfi fikir formalaşdırmaq məqsədi
güdür. Hesabatlarda daim
subyektivliyə yol verilir. Buna səbəb
isə odur ki, onu hazırlayan
şəxslər ölkəmizə
səfər etmədən
məlumat toplayırlar.
Dəqiqləşdirilməmiş informasiyaların, məlumatların hesabatlarda
hansı formada özünə yer alması da maraq doğurur. ABŞ Dövlət Departamenti bir neçə ölkə istisna olmaqla, həmişə Azərbaycandakı
demokratik dəyişiklikləri
aşağılamaq məqsədi
güdür. Məhz bu
səbəbdən də
qurum hesabatları istədiyi şəkildə
təqdim edir.
Son 10 il ərzində Azərbaycanda görülən
işlər, insan haqlarının qorunması
sahəsində atılan
addımlar, qəbul edilən qanunlar, bu sahədəki milli fəaliyyət proqramları, beynəlxalq
səviyyədə qəbul
edilmiş konvensiyaların
Azərbaycanda ratifikasiyası,
milli qanunvericiliyimizin bu konvensiyalara uyğunlaşdırılması böyük bir fəaliyyətdir. Təəssüf ki, dövlət departamenti bütün bunlara göz yumur.
Hesabatda
insan alveri ilə bağlı məqamlar da var. Bu qurum çox gözəl bilir ki, Azərbaycan 2010-cu ildə Avropa Konvensiyasına qoşulub və ölkədə insan alverinin qarşısının alınması
ilə əlaqədar
olaraq Milli Koordinator İnstitutu təsis edilib. Dəfələrlə
Milli Məclisdə bu problemin həlli
ilə bağlı Cinayət Məcəlləsində
mühüm əlavə
və dəyişikliklər
edilib. Hökumət insan alveri ilə
məşğul olan insanların cəzalandırılmasının
daha da ciddiləşdirilməsini
istəyir. Atılan bu addımları görməməzliyə vuran
dövlət departamenti
Azərbaycanı tranzit
ölkələr sırasında
göstərir. Bu, birmənalı
şəkildə yalnışlıq
və qeyri-obyektivlikdir.
Hesabatda
həmçinin ölkəmizdə
dini azadlıqla bağlı vəziyyətə
də toxunulub və tamamilə qərəzli məlumatlar
öz əksini tapıb. Bu gün dünyanın əksər
ölkələrinə bəllidir
ki, tolerant ölkə
sayılan Azərbaycanda
dini azadlığın
boğulmasından söhbət
belə gedə bilməz. Azərbaycanda bütün dini konfessiyalar sərbəst fəaliyyət göstərirlər
və ölkəmizdə
heç bir dini ayrı-seçkilik yoxdur. Azərbaycanda sinaqoq, məscid, kilsə mövcuddur. Xristian və digər dinlərin müxtəlif cərəyanları
var, həmin cərəyanlar radikallığı
təbliğ edir və müxtəlif formalarda dini dəyərlərə qarşı
çıxır. Bu cür
dini cərəyanlar Avropada, ABŞ-da qadağan edilib. Bütövlükdə bu
cərəyanlara qarşı
dünyanın istənilən
yerində mübarizə
aparılır. Amma Azərbaycanda dini azadlıq tam təmin olunub. Ölkəmizin
tolerant olduğunu hamı
etiraf edir.
Bütün bunlara rəğmən
demək olar ki, bu gün
Azərbaycan kifayət
qədər sürətlə
inkişaf edir, iqtisadiyyat çiçəklənir,
insanların rifahı
yaxşılaşır. Azərbaycan
insan haqlarının qorunması ilə bağlı öz üzərinə götürdüyü
öhdəlikləri ardıcıl
surətdə yerinə
yetirir. Hər hansı dövlətin Azərbaycandakı reallıqları
və gerçəklikləri
təhrif edərək
hesabat hazırlamasına
haqq qazandırmaq isə mümkün deyil.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2013.- 25 aprel.- S.10.