Məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlər davam etdirilir

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə genişmiqyaslı islahatlar davam etdirilərək bu sahədə infrastrukturun müasirləşdirilməsi, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan yeni məhkəmə binalarının inşası üzrə tədbirlər görülür.

Ədliyyə Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində vahid konsepsiya əsasında və dünyada analoqu olmayan nadir proqram təminatı vasitəsilə 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanmış, 4 yeni inşa olunmuş məhkəmə binası, o cümlədən dövlət  başçısının iştirakı ilə Bakı şəhəri Yasamal, eləcə də Oğuz rayon məhkəmələrinin, habelə Gəncə şəhərinin Nizami və Gədəbəy rayon məhkəmələrinin yeni binaları artıq istifadəyə verilmiş, hazırda Şəki və Bakı şəhərinin Sabunçu rayon məhkəmə komplekslərinin intensiv tikintisi aparılır.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, davam edən tədbirlər çərçivəsində Quba Rayon Məhkəməsi üçün yeni inzibati binanın inşasına başlanılmış və aprelin 24-də təməlqoyma mərasimi keçirilmişdir.

Tədbirdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, ədliyyə nazirinin müavini Azər Cəfərov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, bölgənin hakimləri, ədliyyə, prokurorluq, digər hüquq-mühafizə orqanlarının işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.

Mərasimdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilmiş, önünə gül dəstəsi qoyulmuş, əziz xatirəsi dərin ehtiramla yad olunmuşdur.

Ümumi sahəsi 3.300 kvadratmetr olan üç mərtəbədən ibarət yeni məhkəmə binası müasir milli memarlıq üslubunda layihələndirilmişdir. Bina ictimai və inzibati zonalara bölünməklə müasir texnologiya və avadanlıqla təchiz olunacaq, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən "Femida" sistemi və digər zəruri infrastruktur quraşdırılacaqdır. Tətbiq olunan İKT-lər ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsinə, məhkəmə proseslərinin keyfiyyətinin yüksəldilməsinə, o cümlədən sübutların və müxtəlif sənədlərin nümayiş etdirilməsinə, audio-video yazılışların aparılmasına, habelə proses iştirakçılarının məhkəməyə gəlmədən dindirilməsinə imkan yaradacaqdır.

Tədbir iştirakçıları Quba Rayon Məhkəməsinin və digər yeni məhkəmə binalarının layihələrini əks etdirən stendlərlə tanış olmuşlar. Məhkəmənin təməli qoyulmuşdur.

Mərasimdə çıxış edən ədliyyə naziri F.Məmmədov dövlət başçısının tapşırıqlarına uyğun olaraq ədalət mühakiməsinin səmərəliyinin artırılması üzrə görülən genişmiqyaslı işlərdən danışaraq son 2-3 ildə regionlarda 20-dək yeni məhkəmənin yaradıldığını, hakimlərin sayının 2 dəfə artırıldığını, onların seçim prosesinin şəffaflığına görə Avropada örnək kimi dəyərləndirildiyini vurğulamış, Dünya Bankı ilə birgə həyata keçirilən layihənin real müsbət nəticələrini, xüsusilə bank tərəfindən həmin layihənin dünyada ən uğurlu layihələrdən hesab olunmaqla "Azərbaycan Respublikası vətəndaşlarına yüksək səviyyəli xidmətlərin göstərilməsi məqsədilə müasir infrastrukturun yaradılması" nominasiyasında qalib gəldiyini qeyd etmişdir.

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Quba Rayon Məhkəməsinin müasir binasının təməlinin qoyulmasının əlamətdar hadisə olduğu vurğulanmış, bildirilmişdir ki, onun inşası məhkəmə sistemində aparılan islahatlara əlavə töhfə verəcək, ədalət mühakiməsinə çatımlılığı daha da asanlaşdırmaqla vətəndaşların hüquqlarının etibarlı təmin olunmasına xidmət edəcəkdir.

Mərasimdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı və hakimlər regionların hərtərəfli inkişafına, xüsusilə ədalət mühakiməsinin səmərəliliyinə və məhkəmə sisteminin inkişafına verdiyi müstəsna əhəmiyyətə və xüsusi qayğıya görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər.

Səfər çərçivəsində bölgənin hakimləri və ədliyyə işçiləri ilə geniş müşavirə keçirilmişdir.

İclasda ədliyyə naziri və Ali Məhkəmənin sədri çıxışlar etmiş, fəaliyyətin təkmilləşdirilməsi üzrə tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

Qeyd edilmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər davamlı sosial-iqtisadi tərəqqiyə nail olunmuş, dövlət başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ilə ölkəmiz üçün perspektiv inkişaf hədəflərinin müəyyən edilməsi, Açıq Hökumətin təşviqi, yeni şəffaf və innovativ xidmətlərin yaradılması, 2013-cü ilin ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunması məhkəmələr və ədliyyə orqanları qarşısında mühüm vəzifələr qoymuşdur.

Həmçinin bildirilmişdir ki, ötən ay dövlət başçısının iştirakı ilə keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda regionların hərtərəfli dinamik tərəqqisi, sosial proqramların, infrastruktur layihələrin uğurla icrası və s. nailiyyətlərin qeyd olunması ilə yanaşı, ölkə rəhbəri tərəfindən vətəndaş-məmur münasibətləri, dövlət məmurları tərəfindən etik davranış qaydalarına riayət olunması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı ciddi göstərişlər verilmişdir.

Bununla bağlı dövlət başçısının tələblərinə, cəmiyyətdə etik davranış qaydalarına hakimlər və ədliyyə işçiləri tərəfindən dönmədən riayət olunmasının vacibliyi vurğulanmış, məhkəmələrdə aparılmış monitorinqlərin nəticələri müzakirə edilmiş, ədalət mühakiməsinin səmərəliyinin artırılması üzrə əlavə tədbirlərin görülməsi, vətəndaşların müraciətlərinə daha həssas və qayğı ilə yanaşılması, əmək və icra intizamının möhkəmləndirilməsi, süründürməçilik, vəzifədən sui-istifadə və korrupsiya hüquqpozmalarına yol verilməməsi, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi, habelə əhaliyə göstərilən elektron xidmətlərin genişləndirilməsi və digər aidiyyəti tapşırıq və tövsiyələr verilmişdir.

Eyni zamanda bölgənin məhkəmələrinə və ədliyyə orqanlarına baş çəkilmiş, onların fəaliyyəti, iş şəraiti və problemləri ilə maraqlanılmış, müvafiq göstərişlər verilmişdir.

 

 

Azərbaycan.-2013.- 25 aprel.- S.10.