Azərbaycan Prezidenti İlham Əliyev İslam
Əməkdaşlıq Təşkilatı əmək nazirlərinin Bakıda
keçirilən konfransının iştirakçılarını
qəbul etmişdir
Aprelin
25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
İslam Əməkdaşlıq Təşkilatı əmək
nazirlərinin Bakıda keçirilən konfransının
iştirakçılarını qəbul etmişdir.
Qonaqları
salamlayan dövlət başçısı İlham ƏLİYEV
dedi:
-
Hörmətli qonaqlar, nümayəndə heyətlərinin rəhbərləri!
Mən
sizin hamınızı Azərbaycanda səmimiyyətlə
salamlayıram. Xoş gəlmisiniz.
İslam Əməkdaşlıq Təşkilatının
konfransında iştirak etmək üçün Azərbaycana
gəlmiş bütün qonaqları salamlayıram. Çox
şadam ki, İslam Əməkdaşlıq Təşkilatının
əmək nazirlərinin konfransı Bakıda keçirilir. Əminəm
ki, konfransın çox yaxşı nəticələri
olacaqdır. Onu da qeyd etmək istəyirəm ki, son bir
neçə il ərzində bu, İslam Əməkdaşlıq
Təşkilatının nazirlər səviyyəsində
Bakıda keçirilmiş beşinci konfransıdır. Bundan əvvəl
xarici işlər, təhsil, mədəniyyət, turizm nazirlərinin
konfransları da Azərbaycanda keçirilmişdir. Bu,
özlüyündə bir göstəricidir və onu göstərir
ki, Azərbaycan nəinki İslam Əməkdaşlıq Təşkilatının
fəal üzvüdür, eyni zamanda, təşkilatın xətti
ilə Azərbaycanda çox mötəbər tədbirlər
keçirilir. Onu da qeyd etmək istəyirəm ki, 2009-cu ildə
Bakı şəhəri "İslam mədəniyyətinin
paytaxtı" elan edilmişdir. Bu, çox böyük
hörmətin əlaməti idi. Bu şərəfli adı
Bakı şəhəri uğurla daşıyır.
Müzakirə
olunan məsələlər hər bir ölkə, o cümlədən
Azərbaycan üçün çox böyük əhəmiyyət
daşıyır. Bilirəm ki, mövzulardan biri işsizliyin
aradan qaldırılmasıdır, yoxsulluğun
azaldılmasıdır. Bu məsələlər bir-biri ilə
sıx bağlıdır. Deyə bilərəm ki, Azərbaycanda
son illər ərzində bu məsələlərin həllində
böyük işlər görülmüşdür. Son on il
ərzində bizim ən böyük uğurlarımızdan
biri də ondan ibarətdir ki, yoxsulluğun səviyyəsi 50
faizdən 6 faizə, işsizliyin səviyyəsi isə 5,2
faizə düşmüşdür.
Bu,
onu göstərir ki, son illər ərzində Azərbaycanda
yaşanan tərəqqi və inkişaf insanların rifah
halının yaxşılaşmasına bilavasitə öz
müsbət təsirini göstərmişdir. Azərbaycanda
sosial sahədə infrastruktur məsələlərinin həllində
böyük layihələr icra edilir. Bu layihələrin
icrası əlbəttə ki, müsbət nəticələrə
gətirib çıxarır və gələcək
planlarımız da çox aydındır,
açıqdır. Əminəm ki, Azərbaycan gələcəkdə
inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir.
Buna nail olmaq üçün bütün imkanlar vardır.
Qeyd
etdiyim kimi, biz İslam Əməkdaşlıq Təşkilatının
fəal üzvüyük. Hesab edirəm ki, İslam Əməkdaşlıq
Təşkilatının Bakıda Əmək Mərkəzinin
yaradılması da məqsədəmüvafiq ola bilər. Son
illər ərzində Azərbaycanda işsizliyin aradan
qaldırılması istiqamətində aparılan islahatlar və
qazanılan təcrübə hesab edirəm ki, maraqlı ola
bilər. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının
Bakıda bir qurumunun yaradılması bizim birliyimizi daha da
möhkəmləndirə bilər.
Bütövlükdə
deyə bilərəm ki, Azərbaycan islam həmrəyliyinin
inkişafı üçün öz rolunu oynayır. Azərbaycan
2011-ci ildə böyük səs çoxluğu ilə
dünyanın ən ali qurumu olan BMT Təhlükəsizlik
Şurasına üzv seçilmişdir. 155 ölkə bizim namizədliyimizi
dəstəkləmişdir və islam ölkələrinin dəstəyi
xüsusi məna daşıyır. Çünki biz tam əmin
idik ki, biz bu dəstəyi qardaş ölkələrdən
alacağıq və aldıq. Hazırda ikinci ildir nəinki
özümüzü, hesab edirik ki, bütün müsəlman
aləmini də BMT Təhlükəsizlik Şurasında təmsil
edirik. Digər müxtəlif addımlar
atılmışdır. Hesab edirəm ki, bu addımların
islam aləminin birləşməsinə böyük töhfəsi
olmuşdur. Biz bundan sonra da bu dəstəyi göstərəcəyik.
Eyni
zamanda, bizim haqq işimizi dəstəkləyən
bütün müsəlman ölkələrinə öz minnətdarlığımı
bildirmək istəyirəm. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli
işində müsəlman ölkələrinin mütləq
əksəriyyəti bizim yanımızdadır, bizi fəal dəstəkləyir,
haqq-ədaləti dəstəkləyir. Hələ ki erməni
işğalından əziyyət
çəkən soydaşlarımız kifayət qədər
çoxdur. Ermənistan Azərbaycana qarşı etnik təmizləmə
siyasəti aparmışdır. Azərbaycanlılar öz
tarixi dədə-baba torpaqlarından didərgin
salınmışdır. Bizim bütün tarixi abidələrimiz,
dini abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən
dağıdılmışdır. Bu vəhşiliyi təsdiqləyən
kifayət qədər faktlar, sənədlər, videosənədlər,
fotoşəkillər vardır. Ermənilər azərbaycanlılara
qarşı soyqırımı törətmişlər.
1992-ci ilin fevral ayında Xocalı soyqırımı törədilmişdir
və 613 nəfər, - onlardan 100-dən çoxu qadın,
63-ü
uşaqdır, - erməni soyqırımının qurbanı
olmuşdur. Bu, misli görünməmiş vəhşilik idi,
bu, erməni faşizminin təzahürü idi.
Beynəlxalq
hüquq bizim mövqeyimizi dəstəkləyir. BMT Təhlükəsizlik
Şurası erməni silahlı birləşmələrinin
işğal edilmiş torpaqlardan qeyd-şərtsiz
çıxarılmasına dair dörd qətnamə qəbul
etmişdir. Ancaq əfsuslar olsun ki, bu qətnamələr icra
edilmir. İslam Əməkdaşlıq Təşkilatı,
Avropa Parlamenti, Avropa Şurası, digər təşkilatlar Azərbaycanın
ərazi bütövlüyünün bərpası ilə
bağlı qərarlar, qətnamələr
qəbul etmişlər. Ancaq hələ ki bu məsələ
öz həllini tapmır. Torpaqlarımızın 20 faizi
işğal altındadır və bir milyondan artıq azərbaycanlı
bu işğaldan bu gün də əziyyət çəkir.
Mən
bütün qardaş ölkələrə bizə göstərilən
dəstəyə görə bir daha öz minnətdarlığımı
bildirmək istəyirəm. Əziz qonaqlar, konfransın
işinə uğurlar arzulayıram. Xahiş edirəm ki, mənim
salamlarımı təmsil etdiyiniz ölkələrin dövlət
və hökumət başçılarına
çatdırasınız.
* * *
Səudiyyə
Ərəbistanının əmək nazirinin müavini
Mofarrej əl-HOQUBANİ Azərbaycanda yüksək
inkişafın şahidi olduğunu deyərək ölkəmizdə
gördüklərinin digər dövlətlər
üçün nümunə olduğunu diqqətə
çatdırdı. O, İslam Əməkdaşlıq Təşkilatı
əmək nazirlərinin Bakıda keçirilən
konfransının əməkdaşlıq baxımından
vacib olduğunu deyərək bu tədbirin yüksək səviyyədə
təşkilinə və göstərilən qonaqpərvərliyə
görə nazirlər adından Prezident İlham Əliyevə
təşəkkür edərək dedi:
-
Hörmətli cənab Prezident, İslam Əməkdaşlıq
Təşkilatının əmək nazirlərinin II iclasında
iştirak edən həmkarlarım adından Sizə və Azərbaycan
tərəfinə bu konfransın yüksək səviyyədə
təşkilinə görə minnətdarlığımızı
bildirirəm. Bu gözəl ölkənizdə bizi qəbul
etdiyinizə və mehriban qonaqpərvərliyə görə
Sizə dərin təşəkkürümüzü
bildiririk.
Azərbaycan,
əlbəttə ki, Asiyanın və Qafqazın mirvarisidir və
Sizin ölkənizdə bütün sahələrdə əldə
olunmuş nailiyyətlər digər ölkələr
üçün nümunədir. Əlbəttə ki, əldə
olunmuş bütün bu nailiyyətlərdə Sizin,
zati-alinizin böyük rolu, böyük əməyi
vardır. Biz Azərbaycanda olduğumuz müddətdə
özümüzü ölkəmizdəki kimi hiss edirik.
Eyni
zamanda, mən Azərbaycan xalqına da dərin təşəkkürümü
bildirmək istəyirəm. Azərbaycan xalqı çox
tolerant bir xalqdır, tolerantlığın nümunəsidir.
Biz burada özümüzü dostlarımız, qardaşlarımız
arasındakı kimi hiss edirik. Bir daha bu gözəl təşkilatçılığa
görə Sizə dərin təşəkkürümüzü
və minnətdarlığımızı bildiririk. Eyni
zamanda, bir daha Səudiyyə Ərəbistanı
Krallığı və bütün islam ölkələri
adından bildirmək istəyirəm ki, biz Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı Azərbaycana dəstəyimizi
heç zaman əsirgəməyəcəyik, həmişə
Azərbaycanı dəstəkləyəcəyik.
Eyni
zamanda, mən Səudiyyə rəsmiləri adından, Səudiyyə
Kralı adından da Sizə salamları çatdırmaqdan
şərəf duyuram. Çox sağ olun.
* * *
Sonra
Türkiyənin əmək və sosial müdafiə naziri
Faruk ÇELİK çıxış etdi. O, bu konfransın
əməkdaşlıq əlaqələrini daha da genişləndirəcəyini
dedi. Bildirdi ki, konfransın müzakirə etdiyi işsizlik və
yoxsulluğun aradan qaldırılması mövzuları
hazırda dünyanı narahat edən məsələlər
sırasındadır. Azərbaycanda isə bu sahədə həyata
keçirilən uğurlu tədbirlər məmnunluq
doğurur. Faruk Çelik ölkəmizdə gedən
inkişafın onda böyük təəssürat
yaratdığını diqqətə çatdıraraq
bildirdi:
- Əvvəlcə
hörmətli Prezidentimiz Abdullah Gülün və Baş
nazirimiz Rəcəb Tayyib Ərdoğanın salamlarını
çatdırmağı özümə borc bilirəm.
İslam Əməkdaşlıq Təşkilatının əmək
nazirləri olaraq ikinci dəfə Bakıda bir araya gəlmişik.
Bu gözəl ev sahibliyi üçün bütün
yoldaşlar adından çox təşəkkür edirəm.
Mühüm
məsələ odur ki, təbii, iş həyatı
özündə bütün dünyanı maraqlandıran məsələləri
ehtiva etməkdədir. Hər hansı bir ölkənin
işsizlik və iş həyatının digər sahələri
kimi məsələlərə biganə qalmasından söhbət
belə gedə bilməz. Eyni zamanda, meydana gələcək mənfi
hallar bütün dünya dövlətlərini də
maraqlandırır. Bu mənada "G-20" ölkələrinin
nəzdində əmək nazirləri olaraq bir araya gəlirik.
İslam ölkələri olaraq, - Sizin də ifadə etdiyiniz
kimi, - qardaş ölkələr olaraq əmək və digər
nazirlərin bir araya gəlməsi baxımından bu gözəl
toplantı formalaşdırılmışdır. Təbii ki,
bu konfransın və onun nəticələrinin, Bakıda qəbul
ediləcək qərarların yolumuzu daha da
aydınladacağına inanıram.
Sözlərimi
bitirmədən əvvəl bunu da demək istəyirəm ki,
cənab Prezident, mən Bakıya çox tez-tez gəlirəm.
Altı ay əvvəl də burada idim. Bakıdakı, eləcə
də Azərbaycandakı müsbət dəyişikliyin,
inkişafın həqiqətən çox yaxından
şahidiyəm. Bu inkişafı yaxından görmək
imkanımız vardır və bundan böyük məmnunluq
duyduğumuzu ifadə etmək istəyirəm. Digər nazir
yoldaşlarımızın Bakıya tez-tez gəldiklərini
bilmirəm, amma mən bu dəyişikliyi çox qısa
müddətdə hərtərəfli və dinamik şəkildə
gördüyümü bildirmək istəyirəm. Bunu, təbii
ki, Sizin uğurlu rəhbərliyinizin nəticəsi olaraq
gördüyümüzü ifadə etməliyik.
Təbii
ki, hər ölkənin, hər islam ölkəsinin problemləri
vardır. Bu problemlərimizdə kədərlərimizi
bir-birimizin kədəri, sevinclərimizi də bir-birimizin
sevinci olaraq görürük və bu anlayışla fəaliyyət
göstəririk. Sizi üzən şeylərin bizi də
üzdüyünü, sizi sevindirən bütün məsələlərin
bizi də sevindirdiyini və kədərlərinizi
bölüşməyə hazır olduğumuzu bildirmək
istəyirəm. Bu yüksək qəbulunuza görə bir
daha Sizə çox təşəkkür edir, hörmətimi
bildirirəm.
* * *
Ölkəmizə
səfərindən məmnun olduğunu deyən Küveyt Dövlətinin
əmək və sosial məsələlər naziri Zikra əl-RƏŞİDİ
Azərbaycanda gedən inkişafın onda da böyük təəssürat
yaratdığını dedi. Nazir bildirdi ki, son illərdə
Azərbaycan yüksək templərlə inkişaf edir və
təbii ki, bu da dost Küveyt Dövləti tərəfindən
məmnunluqla qarşılanır. Zikra əl-Rəşidi son
illərdə ölkəmizin beynəlxalq miqyasda əldə
etdiyi uğurlara görə Prezident İlham Əliyevi təbrik
edərək dedi:
-
Möhtərəm cənab Prezident, bizi qəbul etdiyinizə
görə Sizə minnətdarlığımızı
bildiririk. Əlbəttə ki, biz, şəxsən mən Azərbaycana
səfər etməyimdən çox məmnunam. Azərbaycandakı
gözəllik və ölkənizin inkişafı, yüksək
qonaqpərvərlik bizi valeh etdi. Azərbaycanda bütün sahələrdə
əldə olunmuş inkişafdan çox məmnun olduq. Bu,
bizi çox sevindirir.
Əlbəttə
ki, Küveyt Dövlətinin Əmiri başda olmaqla biz də
Azərbaycanda keçirilən tədbirdə iştiraka
çox böyük əhəmiyyət veririk və ona
görə də bu gün bu tədbirdə yüksək səviyyədə
iştirak edirik. Eyni zamanda, Küveyt Dövləti olaraq bir
daha qeyd etmək istərdim ki, biz Azərbaycanı
bütün sahələrdə həmişə dəstəkləmişik
və dəstəkləyəcəyik.
O ki
qaldı Azərbaycana, əlbəttə ki, Azərbaycan
doğrudan da bir çox beynəlxalq təşkilatların fəal
üzvüdür və islam ölkələrinin üzləşdiyi
problemlərin həllində çox böyük rola malikdir.
Cənab
Prezident, mən ölkənizdə əldə olunmuş
nailiyyətlərə görə bir daha Sizi təbrik edirəm.
Bu, Sizin sayənizdə əldə olunmuşdur. Çox
sağ olun cənab Prezident.
* * *
Fələstinin
əmək naziri Əhməd MƏCDALANİ
çıxışında Bakıda keçirilən
konfransın mövzuların aktuallığı baxımından
diqqəti cəlb etdiyini bildirdi. Qeyd etdi ki, bu tədbir islam
ölkələrində işsizliyin aradan
qaldırılmasında və bu sahədə səylərin
birləşdirilməsində mühüm rol oynayacaqdır. Əhməd
Məcdalani ölkəmizdə iqtisadi inkişaf
baxımından qazanılan uğurların Prezident İlham Əliyevin
yürütdüyü məqsədyönlü siyasət nəticəsində
əldə olunduğunu vurğuladı. Fələstinə
verdiyi dəstəyə görə Azərbaycan xalqına təşəkkür
edən nazir dedi:
-
Möhtərəm cənab Prezident, bizi qəbul etdiyinizə
görə Sizə çox böyük minnətdarlığımızı
bildiririk. İlk növbədə qardaşınız, Fələstin
Prezidenti Mahmud Abbasın salamlarını Sizə
çatdırmaqdan şərəf
duyuram və Fələstinin Baş nazirinin də
salamlarını Sizə çatdırıram. Onların minnətdarlığını
Sizə çatdırmaq istəyirəm ki, Azərbaycan hər
zaman Fələstin xalqının yanında olmuşdur və
hər zaman Fələstin xalqını dəstəkləyir.
Əlbəttə ki, keçən ilin noyabr ayında BMT Təhlükəsizlik
Şurasında keçirilmiş səsvermədə bizə
göstərdiyiniz dəstəyə görə Sizə öz
minnətdarlığımızı bildiririk.
İyun
ayında donor ölkələrin konfransı da Azərbaycanda
keçiriləcəkdir. Bu da çox mühüm bir
konfransdır. Bu konfransın təşkilinə görə Azərbaycan
tərəfinə öncədən minnətdarlığımızı
bildirmək istəyirik. Yaxın günlərdə Azərbaycan
Respublikasının xarici işlər naziri Fələstində
səfərdə olmuşdur. Bu səfər zamanı iki
ölkə arasında siyasi məsləhətləşmələr
aparılmışdır. İki ölkə arasında
qardaşlıq və dostluq münasibətlərinin
inkişaf perspektivləri müzakirə olunmuşdur. Fürsətdən
istifadə edərək mən ölkənizdə həm
iqtisadi, həm ictimai sahələrdə əldə olunmuş
bütün nailiyyətlərə, uğurlara görə Sizi
təbrik etmək istəyirəm. Bunlar hamısı Sizin sayənizdə
əldə olunmuş nailiyyətlərdir.
Hazırda
keçirilən islam ölkələrinin əmək nazirlərinin
II iclası böyük əhəmiyyət kəsb edir. İslam
ölkələrində işsizliyin aradan
qaldırılması, eyni zamanda, bir çox digər problemlərin
həllində böyük əhəmiyyət kəsb edir. Biz
hesab edirik ki, bəzi ölkələr tərəfindən həyata
keçirilən ikili standartlar hər zaman
qınanmalıdır. Eyni zamanda, bu baxımdan mən qeyd etmək
istəyirəm ki, Azərbaycan da bir çox hallarda ikili
standartlarla üzləşir və Azərbaycanın da
torpaqları işğala məruz qalıbdır. Biz bu
problemin də tezliklə həll olunmasını arzu edirik. Bir
daha Sizə təşəkkürümü bildirirəm.
* * *
Sonda
konfransın işinə bir daha uğurlar arzulayan Prezident
İlham ƏLİYEV dedi:
-
Çox sağ olun. İlk növbədə, Azərbaycan
haqqında, Azərbaycanda gedən işlər haqqında
dediyiniz xoş sözlərə görə sizə minnətdaram.
Əminəm ki, Bakı ilə yaxından tanış olmaq
üçün sizin imkanınız olacaqdır. Eyni zamanda,
onu da qeyd etməliyəm ki, sizin
çıxışlarınızda səslənən fikirlər
bizim təşkilatımızı daha da sıx birləşdirəcəkdir.
Çünki təşkilatımızın təməlində
islam aləminin birləşməsi, sıx əməkdaşlıq
dayanır.
Əlbəttə
ki, qarşılıqlı siyasi dəstək ön planda
olmalıdır. Azərbaycan əlindən gələni əsirgəmir
ki, bütün müsəlman ölkələri arasında əməkdaşlıq
ən yüksək səviyyədə qurulsun. Ölkəmiz
bu işə öz tərəfindən töhfəsini verməyə
davam edəcəkdir. Eyni zamanda, aramızda olan birliyi möhkəmləndirmək
üçün iqtisadi əlaqələr də daha fəal
olmalıdır. Bu məsələlərin həllində
müvafiq qurumlar, nazirliklər, müştərək birgə
komissiyalar öz rolunu oynayır. Əlbəttə, nazirlər
səviyyəsində yaradılan təmaslar, əməkdaşlıq,
iş birliyi bizim gücümüzü artıracaqdır.
İqtisadi
əməkdaşlığa gəldikdə, burada investisiya
layihələrinin həyata keçirilməsi nəzərdə
tutula bilər. Təcrübə mübadiləsi, ticarət
dövriyyəsinin artırılması da hesab edirəm ki,
birliyimizi daha da möhkəmləndirəcəkdir. Biz bu
birliyi müxtəlif amillərlə möhkəmləndirməliyik.
Qeyd
etdiyim kimi, siyasi dəstək ön planda olmalıdır. Biz
beynəlxalq təşkilatlarda bir-birimizin mövqeyini daim dəstəkləməliyik.
İkili standartlara qarşı birgə mövqeyimizi ortaya
qoymalıyıq. Biz iqtisadi əməkdaşlığı dərinləşdirməklə
ölkələrimizdə mövcud olan problemləri -
işsizliyi, yoxsulluğu daha asanlıqla həll edə bilərik.
Yəni, qarşılıqlı dəstək bu deməkdir, həm
siyasi, həm iqtisadi dəstək. Eyni zamanda, hesab edirəm ki,
hər birimiz üçün çox ağrılı problem
bəzi ölkələrdə artan islamofobiya meyilləridir,
islama qarşı mənfi münasibətin
formalaşdırılmasıdır. Tam əminliklə deyə
bilərəm ki, bu münasibət qəsdən
formalaşdırılır. İslam ölkələrini mənfi
şəkildə təqdim etmək üçün
böyük kampaniyalar aparılır. Biz də öz tərəfimizdən,
ilk növbədə, bu kampaniyaya tutarlı
cavabımızı verməliyik.
Son
illər ərzində İslam Əməkdaşlıq Təşkilatı
dünya miqyasında çox böyük nüfuza malik olan təşkilata
çevrilmişdir. Müsəlman ölkələrində təhsil,
səhiyyə, sosial məsələlər daha da sürətlə
həll edilməlidir. Burada iqtisadi əməkdaşlıq
ön plandadır. Çünki bu əməkdaşlıq
hesabına ölkələrimiz daha da böyük uğurlara
nail ola bilərlər.
Bir
daha sizi ürəkdən salamlayıram və sizə ən
xoş arzularımı çatdırıram.
* * *
Sonda
xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2013.- 26 aprel.- S.1.