Ali qonağın şərəfinə
Latviya Prezidenti
Andris Berzinşin Azərbaycana rəsmi səfəri
Xəbər verdiyimiz kimi, aprelin 24-də Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin adından Latviya Respublikasının Prezidenti
Andris Berzinşin şərəfinə rəsmi
ziyafət verilmişdir.
Azərbaycan
Prezidenti İlham ƏLİYEV ziyafətdə
çıxış edərək dedi:
-
Hörmətli cənab Prezident!
Hörmətli
qonaqlar, xanımlar və cənablar!
İlk
növbədə, cənab Prezident, Sizi və rəhbərlik
etdiyiniz nümayəndə heyətini Azərbaycanda bir daha
salamlayır və "Xoş gəlmisiniz!" deyirəm.
Bu, Sizin ölkəmizə ilk rəsmi səfərinizdir. Mən isə Latviyada iki dəfə səfərdə olmuşam. Məmnuniyyətlə xatırlayıram ki, son səkkiz ildə ölkə başçıları səviyyəsində beş səfər olmuşdur. Bu faktın özü bizim ikitərəfli əlaqələrə münasibətlərimizin göstəricisidir. Əminəm ki, qarşılıqlı səfərlər Latviya və Azərbaycan arasında istər ikitərəfli və çoxtərəfli müstəvidə, istərsə də Avropa strukturları çərçivəsində əməkdaşlığımızın daha da inkişafına və genişlənməsinə təkan verəcəkdir.
Azərbaycan və Latviya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. İqtisadi əlaqələrimiz sürətlə inkişaf etsə də, hələlik ölkələrimizin potensialına tam cavab vermir. Ticarət dövriyyəsi son beş ildə üç dəfəyə yaxın artmışdır. Bir neçə il ərzində iki ölkənin şirkətlərinin və iş adamlarının iştirakı ilə altı biznes forum keçirilmişdir. 2006-cı ildə Azərbaycan ilə Latviya arasında hökumətlərarası komissiya yaradılmışdır. Düşünürəm ki, əməkdaşlığımızın daha da yüksək səviyyəyə qaldırılması üçün səylərimizi bundan sonra da davam etdirməliyik.
İnanıram ki, səfəriniz zamanı ikitərəfli münasibətlər ətrafında Sizinlə apardığımız səmərəli danışıqlar, əldə olunan razılaşmalar və keçirilən biznes forum əlaqələrimizin daha da genişlənməsinə öz töhfəsini verəcəkdir.
Azərbaycan ilə Latviya arasında əlaqələrin tarixi kökləri vardır. XX əsrin əvvəllərində Bakıda Latış Cəmiyyəti fəaliyyət göstərirdi. Cəmiyyətin yüzə yaxın tanınmış üzvü var idi. Latviyanın məşhur yazıçıları Ernest Birznieks-Upitis, Pavils Rozitis, Yanis Vainovskis, Auqusts Bertse, rəssam və yazıçı Yanis Yaunsudrabinş, diplomat Antons Balodis, Bakı Opera Teatrının dirijoru, dahi latış bəstəkarı Yazeps Medinş, memar Ervins Paumbats və başqaları bu cəmiyyətdə təmsil olunurdular. 2013-cü ilin mart ayında Bakıda cəmiyyətin fəaliyyətinin yenidən bərpa edilməsini həmin ənənənin davamı kimi yüksək qiymətləndiririk.
Azərbaycan Latviya ilə beynəlxalq və regional təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir. Azərbaycanın xarici siyasətində Avropa İttifaqı və Avratlantik strukturlarla münasibətlər mühüm yer tutur. Avropa İttifaqının və NATO-nun üzvü olan Latviya Azərbaycanın bu təşkilatlarla əməkdaşlığına önəm verən ölkələrdən biridir. "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində qarşılıqlı fəaliyyətimiz də faydalıdır. Enerji sahəsində əməkdaşlıq Avropa İttifaqı ilə münasibətlərimizin əsas istiqamətlərindən biridir. Azərbaycan bu istiqamətdə etibarlı tərəfdaş olduğunu nümayiş etdirmişdir. Regionun əsas iqtisadi mərkəzinə çevrilmiş Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması üçün bundan sonra da öz töhfəsini verməyə hazırdır.
Azərbaycan regionda təhlükəsizliyin, sabitliyin, inkişafın və əməkdaşlığın tərəfdarıdır. Lakin regionun ən ağrılı problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilmiş və bütün insan hüquqları kobudcasına pozulmaqla bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Dünya birliyi və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişəsinin beynəlxalq normalara uyğun ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, ATƏT, Avropa Parlamenti, Avropa Şurası, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.
Hörmətli
cənab Prezident, Sizi Bakıda qəbul etməyimdən məmnun
olduğumu bir daha ifadə edir, Sizə
cansağlığı, ölkənizə və
xalqınıza daim rifah arzulayıram.
Azərbaycan.-2013.- 26 aprel.- S.2.