Ali qonağın şərəfinə
Latviya Prezidenti Andris Berzinşin Azərbaycana
rəsmi səfəri
Latviya
Prezidenti Andris BERZİNŞ çıxış edərək
dedi:
-
Çox hörmətli cənab Prezident, zati-aliləri!
Xanımlar
və cənablar!
Latviya ilə
olduqca sıx dostluq əlaqələri olan Azərbaycanda qonaq
olmağım məni həqiqətən də çox
sevindirir. Latviya nümayəndə heyətinə möhtəşəm
ölkənizdə göstərdiyiniz istiqanlılıq və
qonaqpərvərliyə görə dərin təşəkkürümü
bildirirəm.
Qarşıdakı
ilin ilk aylarında Latviya-Azərbaycan diplomatik münasibətlərinin
qurulmasının 20 illiyini qeyd edəcəyik. Arxaya
dönüb baxsaq bu illər ərzində yalnız prezidentlər
səviyyəsində deyil, eləcə də müxtəlif
sahələrin nümayəndələri və sahibkarlar
arasında səmərəli görüşlərin
keçirildiyinin məmnunluqla şahidi olarıq. Bu cür
görüşlərin keçirilməsi Latviya tərəfinin
Azərbaycan ilə əməkdaşlığı yüksək
qiymətləndirməsinə bariz sübutdur. Ümidvar
olduğumu bildirirəm ki, Latviya nümayəndə heyətinin
tərkibinə daxil olan xarici işlər, nəqliyyat, səhiyyə,
kənd təsərrüfatı nazirləri, eləcə də
digər nazirliklərin nümayəndələri öz azərbaycanlı
həmkarları ilə danışıqlarda institusional
bazanın təkmilləşdirilməsi və gələcəkdə
konkret layihələrin həyata keçirilməsinə nail
olacaqlar. Biz, eyni zamanda, sahibkarlarımızın fəaliyyətlərinin
intensivləşməsinə böyük ümidlə
baxırıq.
Bu
yaxınlardakı böhranı, həmçinin dünya
iqtisadi məkanında şəraitin dəyişməsini nəzərə
alaraq sahibkarlıq fəaliyyətinin və investisiya
mühitinin yaxşılaşdırılması, eləcə
də ixrac bazarının şaxələndirilməsi
Latviyanın qarşısında duran prioritet məsələdir.
Səfər zamanı məni geniş tərkibdə sahibkarlar
heyətinin müşayiət etməsi və Latviya-Azərbaycan
biznes forumunun keçirilməsi bunu bir daha təsdiq edir. Əminəm
ki, şəxsi görüşlər, konkret təkliflər və
yeni ideyaların doğulması ikitərəfli
investisiyaların cəlb olunmasına və iqtisadi əməkdaşlıq
sahəsinin genişlənməsinə imkan yaradır. Hər
iki ölkənin coğrafi mövqeyi nəqliyyat, logistika sahəsində,
xüsusilə aviasiya münasibətlərindəki inkişaf
artıq ciddi əməkdaşlığın olduğunu
göstərir. Fürsətdən istifadə edərək
diqqətinizi artıq yaxın zamanda ticarət dəhlizinin də
yaradılacağına çəkmək istərdim. Bundan
başqa, informasiya texnologiyaları, kənd təsərrüfatı,
ərzaq məhsullarının istehsalı və digər sahələrdə
hər iki ölkə üçün faydalı olacaq ikitərəfli
layihələrin yaradılacağına ümid edirəm.
Cənab
Prezident, Azərbaycan regional sabitliyin təmin olunmasında əhəmiyyətli
rol oynayır. Latviya Avropa İttifaqının və NATO-nun
üzvü kimi Azərbaycanın bu təşkilatlarla əməkdaşlığını
yüksək qiymətləndirir. Bizim ümumi tarixi təcrübəmiz,
Latviyanın islahatlar yolu, Azərbaycanın geosiyasi təcrübəsi
əlaqələrimizin daha geniş formatda inkişafına
şərait yaradır. Lakin uğurlu ikitərəfli əməkdaşlığın
təməlində nəinki siyasi dialoq və iqtisadi mənfəət
durur, eyni zamanda, xalqlarımızın bir-birinə rəğbəti
və marağı xüsusi yer tutur. Ona görə də ali
məktəblər arasındakı əməkdaşlıq, tələbə
mübadiləsi proqramlarının inkişaf göstəriciləri
olduqca fərəhləndiricidir. Bütün bunlar təhsilin
səviyyəsinin artmasına, mədəniyyətlərarası
anlaşmanın inkişafına gətirir ki, bu da öz
növbəsində əməkdaşlıq layihələrinin
gələcəkdə də həyata keçirilməsinə
zəmin yaradır.
Mən,
eyni zamanda, yenidən bərpa olunmuş Bakı Latış Cəmiyyətini
salamlamaqdan qürur duyuram. Cəmiyyətə dinamik inkişaf arzu edərdim. İstərdim
ki, bu cəmiyyət XX yüzilliyin əvvəlində yüzdən
çox fəal latışın bir araya gəlməsi
tarixindən ilham alsın. Eləcə də Latviyada iki mindən
çox azərbaycanlı yaşayır ki, onların xalq təsərrüfatı
və mədəniyyət sahəsindəki əməyi
ölkəmizdə yüksək qiymətləndirilir. Azərbaycanlılar
da Latviyanı özünə yaşayış məskəni
seçən digər insanlar kimi dövlət və
insanların həyatı üçün vahid məsələləri
müzakirə etdiyimiz milli azlıqlar üzrə
şuranı layiqincə təmsil edirlər.
Çıxışımın sonunda sizin hamınızı, Latviyanın paytaxtının Avropanın mədəniyyət paytaxtı titulu qazanacağı 2014-cü ildə Riqaya dəvət edirəm. Bütün ilboyu əyləncəli mədəni tədbirlər keçiriləcəkdir. Ən əsası xarici qonaqlarımızın qayğısına qalacağıq. Çox sağ olun.
AzərTAc
Azərbaycan.-2013.- 26 aprel.- S.2.