Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Rumıniyanın xarici işlər naziri Titus Korlateanın  başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Əməkdaşlığımızın daha da genişləndirilməsi üçün möhkəm hüquqi bazanın mövcud olduğunu qeyd edən Prezident İlham Əliyev ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında imzalanmış sənədin önəmini xüsusi vurğuladı. Ölkələrimiz və xalqlarımız arasında münasibətlərin əsl dostluq və strateji tərəfdaşlıq münasibətləri olduğunu deyən dövlət başçısı bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev Rumıniyanın xarici işlər naziri Titus Korlateanın Azərbaycana bu səfərinin ikitərəfli və regional əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə etdi.   

Titus Korlatea Rumıniya Prezidenti Trayan Baseskunun və Baş nazir Viktor Pontanın salamlarını dövlət başçısına çatdırdı. O, ölkəsinin Azərbaycan ilə ikitərəfli əməkdaşlığı bütün sahələrdə daha da genişləndirməkdə maraqlı olduğunu dedi.

Görüşdə ölkələrimiz arasında əlaqələrin iqtisadi, enerji, Avropa İttifaqı çərçivəsində əməkdaşlıq və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlət başçısı Prezident Trayan Baseskunun və Baş nazir Viktor Pontanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rumıniyanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 26 aprel.- S. 2.