İçərişəhərlə tanışlıq

 

Latviya Prezidenti Andrişin Berzinş Azərbaycana rəsmi səfəri

 

Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Latviya Respublikasının Prezidenti Andris Berzinş aprelin 25-də İçərişəhərlə tanış olmuşdur.

İçərişəhərdə gəzinti Qız qalası ilə tanışlıqdan başlamışdır. Ali qonağa Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Hazırda Qız qalasında muzey konservasiyası işləri aparılır.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da Latviya Prezidentində böyük maraq doğurmuşdur.

Sonra A.Berzinş "Qız qalası" qalereyasında latviyalı həvəskar fotoqraflar Sintija Zivartenin, Silvija Danelsonenin, Ervins Palmbahsın və Normunds Daudiğsin ölkəmizin səfalı guşələrində çəkdikləri maraqlı kadrlardan ibarət fotolara, həmçinin azərbaycanlı rəssamların yağlı boya ilə işlənmiş abstrakt rəsm əsərlərinə maraqla tamaşa etmişdir.

İçərişəhərlə tanışlıq Azərbaycanın geniş tarixi, iqtisadi və mədəni əlaqələrindən xəbər verən, ölkə əhəmiyyətli abidə - Buxara karvansarası ilə davam etdirilmişdir.

Elektromobillə gəzinti zamanı A.Berzinşə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

Kiçik Qala küçəsi ilə gəzinti zamanı Latviya Prezidenti isti təndir çörəyinə qonaq edilmişdir.

Gəzinti zamanı A.Berzinş orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə də tanış olmuşdur. Məlumat verilmişdir ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bugünədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Kiçik Karvansara ilə tanışlıq zamanı xatirə kitabına ürək sözlərini yazan ali qonağa hədiyyə təqdim edilmişdir.

İçərişəhərlə tanışlıq Latviya Prezidentində xoş təəssürat yaratmışdır.

 

 

Azərbaycan.-2013.- 26 aprel.- S.9.