Latviya Prezidenti Andris Berzinş Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında olmuşdur

 

Azərbaycana rəsmi səfəri çərçivəsində Latviya Respublikasının Prezidenti Andris Berzinş aprelin 25-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təşkil edilən Latviya rəssamlarının əl işlərindən ibarət "Müasir  Latviya İncəsənəti" sərgisinin açılışında iştirak etmiş və diaspor nümayəndələri ilə görüşmüşdür.

Latviya Prezidenti Azərbaycan ilə Latviya arasında bütün sahələrdə,  o cümlədən mədəniyyət və incəsənət sahəsində inkişafda olan əlaqələri yüksək dəyərləndirmişdir.

Sonra akademiyanın rektoru, xalq rəssamı, akademik Ömər Eldarov rəhbərlik etdiyi təhsil ocağında sərgilənən Latviya rəssamlarının əl işləri haqqında məlumat vermişdir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də sərginin əhəmiyyətindən danışmış və burada sərgilənən əsərlərin Latviya müasir incəsənətinin ən gözəl nümunələri olduğunu söyləmişdir.

Görüşdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə Latviya İncəsənət Akademiyası arasında mədəni əməkdaşlığa dair saziş imzalanmışdır.

Latviya Prezidenti Andris Berzinşə Azərbaycanda fəaliyyət göstərən Latış cəmiyyətinin bir nömrəli vəsiqəsi təqdim edilmişdir.

Latviya rəssamlarının əl işlərindən ibarət "Müasir  Latviya İncəsənəti" sərgisi ilə yaxından tanış olan ali qonağa burada nümayiş etdirilən əsərlərlə bağlı ətraflı məlumat verilmişdir.

Bildirilmişdir ki, sərgidə yer alan  əsərlər Latviya incəsənətinin inkişafını özündə əks etdirməklə yanaşı, həm də müasirliyi ilə diqqəti cəlb edir. Sərgilənən  əl işləri əsasən şüşə, tekstil və keramikadan ibarətdir.

Latviya Prezidentinə məlumat verilmişdir ki, sərgilənən toxuma, tikiş, ipək üzərində çap, hörmə işi, taxta qurğular və digər sənət nümunələrinin hər birində rəssamların dünyaya baxışı və fərdi yaradıcılıq xüsusiyyətləri əksini tapmışdır.

Sərgidə latviyalı rəssamların 80-ə yaxın əl işi nümayiş etdirilmişdir.

Qonaqlar Azərbaycan Dövlət  Rəssamlıq Akademiyasının tələbələrinin rəsm əsərləri ilə də tanış olmuşlar.

 

 

Azərbaycan.-2013.- 26 aprel.- S.9.