Əməkdaşlıq haqqında saziş imzalanmışdır

 

Latviya Prezidenti Andrişin Berzinş Azərbaycana rəsmi səfəri

 

Latviyanın kənd təsərrüfatı naziri xanım Laymdota Straujuman Azərbaycana səfəri çərçivəsində Kənd Təsərrüfatı Nazirliyində olmuşdur. AzərTAc xəbər verir ki, nazir İsmət Abasov ilə görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin perspektivləri müzakirə edilmişdir.

İsmət Abasov qonağa ölkəmizdəki sosial-iqtisadi vəziyyət, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində aqrar sahədə əldə olunmuş nailiyyətlər və bu sahəyə göstərilən dövlət  qayğısı barədə ətraflı məlumat vermişdir.

Bildirmişdir ki, ötən ilin nəticələrinə görə, Azərbaycanda kənd təsərrüfatı istehsalında 6,2 faiz artım olmuşdur. Eyni zamanda, kənd təsərrüfatında yaxın bir neçə il ərzində iki dəfəlik artıma nail olmaq üçün yetərincə imkan və potensial mövcuddur. Bu da ölkəmizin özünü kənd təsərrüfatı məhsulları ilə təmin etməsinə şərait yaradacaqdır. Xanım Laymdota Straujuman ölkəmizi Cənubi Qafqazda prioritet dövlət adlandıraraq əlavə etmişdir ki, Latviya kənd təsərrüfatı sahəsində Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır. İmzalanacaq saziş iki ölkə arasında ticarət əməliyyatlarının artırılmasına töhfəsini verəcəkdir.

Sonda Azərbaycanın və Latviyanın Kənd Təsərrüfatı nazirlikləri arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır. Sənədi İsmət Abasov və Laymdota Straujuma imzalamışlar.

 

 

Azərbaycan.-2013.- 26 aprel.- S.9.