Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əmək nazirlərinin II konfransı keçirilir

 

Aprelin 25-də Bakıda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlərinin II konfransı işə başlamışdır.

AzərTAc xəbər verir ki, dünyanın 50-dən çox islam ölkəsinin əmək nazirlərinin iştirak etdikləri konfransın məqsədi İƏT ölkələri arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üçün möhkəm zəminin yaradılması və bu sahədə mütərəqqi ideya və innovasiyaların mübadiləsidir.

Açılışda "Qurani-Kərim"dən ayələr oxunmuşdur.

İƏT-in əmək nazirlərinin I konfransına sədrlik etmiş Səudiyyə Ərəbistanı Krallığının əmək nazirinin müavini Moffarej Əl Hoqubani bildirmişdir ki, əmək nazirlərinin birinci konfransından sonra islam ölkələrində əmək bazarlarının inkişafı, işsizliyin aradan qaldırılması, təminatı, özəl və dövlət sektorları arasında münasibətlərin yaradılması istiqamətində mühüm işlər görülmüşdür. Sağlam və təhlükəsizlik əmək mühitinin yaradılması əsas mübarizə üsuluna, sosialiqtisadi inkişaf başlıca amilə çevrilməlidir. Kənd yerlərində insan kapitalından səmərəli istifadə edilməlidir.

Moffarej Əl Hoqubani konfransın Bakıda keçirilməsini yüksək qiymətləndirmişdir.

İkinci konfransın sədri, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirmişdir ki, islam həmrəyliyi şəraitində bir çox sahələrdə olduğu kimi, əmək və məşğulluq sahəsində də əməkdaşlığın gücləndirilməsi ölkələrimizdə dayanıqlı sosial-iqtisadi inkişafa mane olan problemlərin həllində əhəmiyyətli rol oynaya bilər. Bunun üçün ən başlıcası, qarşılıqlı etimad mühitisiyasi iradə mövcuddur. Bu mənada 2011-ci ilin İstanbul görüşündə müzakirə olunan əməkdaşlıq perspektivlərinin daha güclü əsaslar üzərində davam etdirilməsi və konkret əməkdaşlıq sahələrinin müəyyən edilməsi baxımından Bakıda növbəti iclasın və konfransın keçirilməsi mühüm rol oynayır.

F.Ələkbərov vurğulamışdır ki, xüsusən son illərdə qlobal iqtisadi böhranın islam ölkələri iqtisadiyyatına, o cümlədən onların əmək və məşğulluq mühitinə mənfi təsirlər göstərdiyi bir şəraitdə bu təsirlərin aradan qaldırılması məqsədilə vahid əməkdaşlıq şəbəkəsinin qurulması düzgün və məqsədyönlü bir addımdır. Bu əməkdaşlıq şəbəkəsi təşkilata üzv dövlətlərdə işsizliyin azaldılması, işçi qüvvəsinin məhsuldarlıq səviyyəsinin yüksəldilməsi, əməyin mühafizəsinin gücləndirilməsi yolu ilə əmək bazarının təkmilləşdirilməsi üçün qabaqcıl və ya uğursuz təcrübələrin diqqətlə təhlil edilməsinə və sosial-iqtisadi sabitliyə yönələn konkret istiqamətlərdə birgə səylərin göstərilməsinə şərait yaradacaqdır.

F.Ələkbərov diqqətə çatdırmışdır ki, İslam Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik siyasi kursunun mühüm tərkib hissəsi olmuşdur. Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq siyasəti ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının daim yekdil və birmənalı mövqe nümayiş etdirməsi bu təşkilatın dünyada ədalətin bərqərar olunması yönündə davamlı səylər göstərdiyini təsdiq edir.

Nazir bildirmişdir ki, milli iqtisadiyyatın son doqquz ildə 3 dəfədən çox artdığı Azərbaycanda çoxşaxəli və ahəngdar, eyni zamanda, regional inkişaf siyasəti qeyri-neft sektorunun dinamik şəkildə artaraq ümumi daxili məhsulda 52,7 faizə çatmasına səbəb olmuşdur. Ölkədə dayanıqlı iqtisadi inkişaf təbii olaraq əhalinin məşğulluq imkanlarının genişlənməsinə şərait yaratmışdır. Qeyd olunan dövrdə 1 milyon 200 mindən çox yeni yerinin yaradılması, fəal məşğulluq tədbirləri əmək bazarında stabil vəziyyətin yaranması və işsizliyin 5,2 faizədək azalması ilə nəticələnmişdir. Sosial firavanlığa yol açan bu proseslər nəticəsində ölkədə yoxsulluq 6 faizədək azalmışdır.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu bildirmişdir ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının digər üzvləri ilə birlikdə neft və təhsil sahələrində, müxtəlif tədris və təlim proqramlarında fəal iştirak edir. Bunun nəticəsində Azərbaycan inkişaf agentliklərinin reytinqlərində çox yüksək səviyyələrə çıxmışdır.

E.İhsanoğlu vurğulamışdır ki, təşkilatın istəyi İƏT-ə üzv ölkələr arasında əməkdaşlığı daha da gücləndirmək və dünyada müşahidə olunan iqtisadi-maliyyə böhranını üzv ölkələrdə hiss olunmayacaq səviyyəyə çatdırmaqdır. İslam ölkələrində sosial sahənin yaxşılaşdırılmasına istiqamətlənmiş tədbirlərin analoqu yoxdur.

E.İhsanoğlu diqqətə çatdırmışdır ki, İƏT üzv ölkələrin əsas istiqamətlərindən biri əmək məhsuldarlığının artırılması, yeni yerlərinin açılması üçün münbit şəraitin yaradılması və sosial-iqtisadi inkişafın daha da gücləndirilməsidir.

İƏT-in baş katibi qeyd etmişdir ki, İƏT-ə üzv ölkələrin əmək nazirlərinin üçüncü konfransı 2015-ci ildə İndoneziyada keçiriləcəkdir. Əlimizdən gələni edəcəyik ki, Bakıda qəbul edilən qərarları və qətnamələri yüksək səviyyədə icra edək.

Daha sonra konfrans iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.

Sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

Qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.

İşçi sessiyalarla davam etdirilən konfransda islam ölkələrində əmək bazarının inkişaf etdirilməsi, işçi qüvvəsinin rəqabət qabiliyyətinin yüksəldilməsi və beynəlxalq standartlara çatdırılması, işsizliyin səviyyəsinin azaldılması və s. məsələlər müzakirə edilmişdir.

İki gün davam edəcək konfransın yekunu olaraq əmək nazirləri tərəfindən "Bakı Çərçivə Sənədi", eyni zamanda, qətnamə və Bakı Bəyannaməsinin qəbul olunması nəzərdə tutulur. Bu sənədlər İƏT-ə üzv ölkələrin əmək nazirlikləri arasında əməkdaşlıq prioritetlərini müəyyən etməklə, eyni zamanda, bu əməkdaşlıq üzrə vahid əlaqələndirmə şəbəkəsinin yaradılmasını və bu əlaqələndirmə vəzifəsinin yaxın iki ildə Azərbaycan tərəfindən yerinə yetirilməsini nəzərdə tutur.

 

 

Azərbaycan.-2013.- 26 aprel.- S.9.