BÖYÜK SEVGİNİN ADI
Zərifə Əliyeva
-90
Zərifə xanım Əziz qızı Əliyeva... Bu ləyaqətli xanımın şəxsiyyətinin gücü məhz insanların qayğı və iztirablarına, niyyət və arzularına fədakarçasına vicdanlı xidmətindədir!..
Azərbaycan tarixinin XX əsr mərhələsini öyrənənlərin, bu mərhələyə münasibət bildirənlərin yazılarında da onun müsbət obrazı, böyük Əliyevlər nəslini xarakterizə edən əsas simalardan biri kimi qabarıq təqdim olunur. Bu da təsadüfi deyil. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xanımı olaraq ömür yolu keçməsi elə o deməkdir ki, Zərifə xanımın da bizim siyasi tariximizdə müstəsna xidmətləri var.
Dünyanın gəldi-gedərliyi haqqında çox deyilib. Nə qədər çox deyilsə də, düşünürəm ki, bu qənaətin özü də mübahisəlidir. Çünki nəsillərin yaddaşına adı yazılmış olanlar əbədi dünyanın əbədi sakinləridir. Əgər bu qənaəti həqiqət kimi qəbul etsək, onda dünyanın gəldi-gedərliyi haqqında deyilənlərə də bir qədər yumşaq desək, təbəssümlü bir sükutla cavab vermiş olarıq. Əlbəttə, tarix yolu ilə və bu yolu keçən nəsillərin yaddaşı ilə müqayisədə ömür yolu o qədər qısadır ki, göz qırpdınmı, bitdi getdi. İz qoymadın, nəsillərə söz qoymadın, demək, bu dünyanı heç yaşamadın.
İnsan mənəvi ucalıq yolu ilə yaşayırsa, onun cismani ömrü Tanrıya qovuşmaqla bitir. Zərifə Əliyeva özündən sonra mənalı həyatını yaşadan əməlləri və insanların yaddaşında yaşayan parlaq xatirəsi ilə, həm də elə bizim müasirimizdir. Bizimlə birlikdə yeni dünyanı quranlardandır. Onu tanıyanlar yəqin ki, elə belə də deyərlər: özündən sonra bu dünyada izi, sözü və müqəddəs bir mələk kimi nurlu xatirəsi həmişə örnək olacaq parlaq obrazı qaldı.
Tarixdə iz qoymuş şəxsiyyətlərin ölməzliyi, yaşarılığı dünyanın mənəvi harmoniyasını yaradır. Və bu harmoniyanı qoruyan da elə parlaq zəkaların ruhudur, xatirəsidir. Demək, yaşarı insanların cismani ömrü vəfa etməyəndə cismi köçür, ruhu qalır bu dünyada; əməllərində, qurduqlarında, yaratdıqlarında yaşayır və əbədiyyətə qovuşur.
Hind
xalqının dünyanın dahiləri cərgəsində
yer alan görkəmli nümayəndəsi İndira Qandi vəfat
edəndə böyük rus şairi Andrey Voznesenski
yazmışdı: "Qandi tarixə qovuşdu". Zərifə
xanım Əliyevanın tarixə qovuşmuş taleyi
yalnız bir insanın qisməti deyil. Həm də elə onun
mənsub olduğu xalqın tarixinin bir parçasıdır.
Bu mənada, Qandi ilə bağlı deyilən qənaət zəkalar,
şəxsiyyətlər haqqında düşüncələrə
müsbət emosiya, enerji verən bir qaynaqdır. Mükəmməl
və layiqli qənaətdir. Başqa şəkildə belə
də demək olardı: tarixə qovuşmaq, dünyanın gərdişinə,
bəşəriyyətin varlığına şahid kəsilmək,
əbədiyyət qazanmaq... Nəsillərin yaddaşında əbədi
yaşayacaq Zərifə xanım da məhz bu şərəfə
nail oldu və tariximizin şəxsiyyətləri
sırasında öz yerini aldı; əbədi və layiqli
yerini.
Biz
onu tarix yazan salnaməçi kimi yox, tarixi yaradan böyük
zəka sahibinin mənəvi dayağı, ona həmişə
ilham mənbəyi olmuş, böyük sevginin ünvanı
kimi tanıyırıq.
Bu sevgi, bu ünvan həmişə Heydər Əliyevin - tarixdə böyük yol açmaq üçün şərəfli bir missiya daşıyıcısı olan liderin həyatının mənasına çevrildi. Belə bir fikir mövcuddur ki, hər bir dahi kişinin arxasında böyük bir qadın dayanır. Zərifə xanım məhz o böyük qadın idi. Təbii ki, o, layiqli həyat yoldaşı və ana, həkim və alim, birinci xanım və ictimai xadim kimi uca Tanrıdan öz taleyini yaşamaq haqqı almışdı. Bu yaşam, bu həyat məhz Heydər Əliyevin həyatı ilə qovuşduğu üçün daha zəngin oldu.
Zərifə xanım qatı dindar deyildi. Ancaq
xalqının dini etiqadına, əqidəsinə dərin
inam, hörmət və sədaqət ruhunda tərbiyə
almış, islam dəyərlərinin və əxlaqının
ən gözəl xüsusiyyətlərini özündə
birləşdirmişdi. Böyüdüyü ailədə
Allaha və öz ölkəsinə sevgi öyrənmişdi
və ona görə də özünü ölkəsinin bir
parçası hesab edirdi. Qəlbi xeyirxahlıq
duyğuları ilə çırpınır, bu
duyğuları əmələ, yaşarı həqiqətlərə
çevirmək uğrunda mübarizə aparırdı.
Görənlər,
yaxından tanıyanlar onunla ünsiyyət qurmaq xoşbəxtliyinə
nail olanlar bu gün də böyük səmimiyyətlə
etiraf edirlər: onun yanına ümidsiz gəlmiş hər kəs
çöhrəsindəki səmimiyyətdən və nurdan
bir təskinlik, inam və rahatlıq tapırdı. Çünki Zərifə xanımın ruhundakı
xeyirxahlıq və mərhəmət ulu Tanrının
özünə məxsus olan ən ali keyfiyyətlərdir.
Axı Tanrı özü bütün insanları xeyirxah və
mərhəmətli yaradır. Lakin şeytani hisslər
çoxlarını bu keyfiyyətlərdən məhrum edir. Ancaq böyük varlığında Azərbaycan
analarına xas, Azərbaycan qadınlarına məxsus hünər
və dəyanət, mənəvi zənginlik daşıyan Zərifə
xanım inandığı həqiqət uğrunda inam və
inadla mübarizə aparırdı. Və bu mübarizəni həyatının
mənası bilirdi. Onun xarakterindəki sosial motivlər,
xeyirxahlıq, canıyananlıq, mərhəmət
gücü olduğundan o, həkim olmaq, daim insanlara yardım
göstərmək qərarına gəlir və məqsədinə
çatır. Zaman keçdikcə zövq aldığı və
sevdiyi bu nemətdə ən üstün mövqeyə, ən
kamil zirvəyə qalxdı.
Hər
bir insanın mənəvi ucalığa yolu müasirlərinə
münasibətdən keçir. İnsanı uca tutan,
insanın varlığındakı ali duyğuları qiymətləndirənlər
də insanların ümidinə və inamına çevrilir.
Zərifə xanım da insanlara yüksək dəyər
verirdi. Onun üçün hər bir insanın fikrinin və
mövqeyinin öz dəyəri vardı. Bu, heç
şübhəsiz, sadə həkim mövqeyi deyildi.
İnsanların, xəstələrin ona inanması, etibar etməsi
və ümid bəsləməsi onun göstərdiyi insani
münasibətdən irəli gəlirdi. Özü bu barədə
"Yüksək əqidə"
kitabında yazır: "Müalicə və
diaqnostikanın texniki təminatı nə qədər möhkəmləşsə
də, həmişə olduğu kimi, insan
sağlamlığı keşiyində duran canlı həkim əsas
yer tutur". Zərifə xanımın nə qədər
haqlı olduğu zaman-zaman üzə çıxdı və
bu gün də etiraf olunur ki, xəstənin səhhətinə,
ilk növbədə, həkimin şəxsiyyəti xoş təsir
göstərməlidir. Fransua Rable bunu özünəməxsus
şəkildə belə ifadə edirdi: "Həkimin ilk vəzifəsi
xəstədə nikbinlik hissi yaratmaq, onda
sağalacağına ümid hissini gücləndirməkdir".
Bu nəcib insanın həyat yolunu öyrənməklə, cəmiyyət üçün əbədi örnək ola biləcək alimin və ananın zəngin aləminə daxil olarıq, onun kimliyini daha yaxından dərk edərik. Mübarizə üçün həmişə meydan var. İnsan düşünürsə, yaşayırsa, problemlər, çətinliklər də var. Bəlkə Zərifə xanımın qarşılaşdığı çətinliklər və problemlər bizim düşündüyümüzdən də qat-qat artıq olub. Ancaq Zərifə xanım bu çətinlikləri dəf etməyi bacardı, həm də bunu heç kimin bacarmadığı bir səviyyədə bacardı. Çünki onun sahib olduğu üstün keyfiyyətlərdən biri də ünsiyyət mədəniyyəti idi. İnsan sözündən yaranmış ünsiyyət anlamı, əslində, insaniliyin, insana məhəbbətin mənəvi-əxlaqi ifadəsidir. Zərifə Əliyeva milli ünsiyyət mədəniyyətimizin etalonu və əxlaqi zirvəsində durdu. O, insan qəlbinə təbii bir incəlik və həssaslıqla daxil olmağı bacardı. Bir həkim kimi onun xəstəyə münasibət prinsipi belə idi, əks təqdirdə, Zərifə xanım bu sətirləri yazmışdı: "Xəstəyə düzgün münasibət həkim sənətinin mahiyyətlərindəndir... Həkimin gündəlik zəhməti onu əhatə edən insanlara, birinci növbədə, xəstələrlə davranış formasını bilməyi tələb edir". Təbabət tarixi Şərq təfəkküründə zəngin ənənələr, həkim-xəstə münasibətləri ilə bağlı elmi-fəlsəfi sərvətlər yaşadır. Loğman obrazı Şərqin mənəvi mühitində yaranıb. Və yaşarı bir obrazdır. Sanki böyük həkimlərin, zəka sahibi olan təbiblərin taleyindən keçir, zaman-zaman böyük həkimlərin əməllərində özünü təsdiqləyir. Loğmanlığın birinci şərti, bəlkə də səbir və təmkinlə bağlıdır. Bəli, həkim çox səbirli olmalıdır. O, xəstənin daxili aləminə nüfuz etməyi və "Şəhrizadın uzun-uzadı nağılı"nı dinləməyi bacarmalıdır.
Həmişə
düşünmüşəm: dahinin dahidən
böyüklüyü səbirlə ölçülür. Hətta
bu barədə "on iki elmin başı səbirdir"
adlı məşhur bir Şərq rəvayəti də var. Zərifə xanım həkim olaraq antik yunan filosofu
Platonun "Həkimlərin etdikləri ən böyük xəta
ruhu düşünmədən, yalnız bədəni
müalicə etməyə təşəbbüs göstərmələridir"
fikrinə əsaslanırdı. Bu, artıq onu göstərir
ki, o, sadəcə, həkim deyil, həkim-filosofdur. Şərqdə
belə həkimlərə loğman deyirdilər. Zərifə
xanım XX əsrdə qədim Şərq
loğmanlarının ənənələrini yaşadan həkim
və filosof idi. Onun mənəvi mühitində
loğmanlığın bütün cəhətləri
özünü göstərir, əməlində təsdiq
olunurdu.
Dünyanın sonuncu müqəddəs kitabı "Quran"ın "Əl-əhzab" surəsində ruh "Allah əmanəti" adlanır. İnsanı bütün varlıqlardan qüdrətli edən onun ruhudur. İnsanın bədəni ruhu yaşatmaq üçün bir qəfəsdir. Həkim insanı ona görə müalicə edir ki, ruha xətər toxunmasın. Zərifə xanım ruhu duymağı bacaran bir ruh adamı idi. O, heç vaxt Allah əmanətinə biganə yanaşmadı.
Elmin
dərinliklərinə doğru yol uzandıqca zəkanın
işığı daha gur olur. Elmli həkim xəstəliyi
daha aydın və daha əhatəli dərk edir. Akademik Zərifə
Əliyevanın sanballı tədqiqatları, praktiki həkim
kimi gördüyü işlər təkcə Azərbaycanın
yox, XX əsrin ən böyük dövləti olmuş
SSRİ-nin elmi-tibbi nailiyyətləri idi. Onun fəaliyyət
fəzası İşıq və Zülmət arasında
idi. O, cərrah bıçağı ilə insanın
gözündən işığa yol açırdı.
Ömür boyu bu alim xanım işığın
mövqeyində dayandı. Həkim cərrah
bıçağı ilə zülmətlərin
bağrını yardı...
Həkimin
elmi və şəxsiyyəti bir-birini tamamlayan cəhətlərdir.
İnsanlıq, insanlıq naminə
çalışmalar, insana hümanist münasibət Zərifə
xanımın həyat meyarı idi. Onun həyat
sevgisi - ailəsinə, xalqına, ölkəsinə və
peşəsinə olan sevgidə təzahür etdiyindən, bəşəri
bir dəyər alırdı və onu ilahiləşdirirdi.
Çünki o, Tanrının ona bəxş etdiyi
ömür payını insanlığa xidmət
üçün ayrılmış vaxt kimi dəyərləndirirdi...
Düşünürəm ki, həyatda təsadüfi heç nə yoxdur. Baş verən hadisələr Tanrının nəzarətindədir. Demək, Heydər Əlirza oğlunun tale yolu Zərifə xanım Əziz qızının ömür yolu ilə təsadüfi birləşməyib. Böyük imperiya hələ inkişaf dövründə olanda bu insanların - Azərbaycan xalqının tarixini yazacaq insanların birliyi, sevgi vəhdəti gələcəyimizə açılan yolun ilk əlamətləri, xilaskarlığın başlanğıcı imiş. Məşhur filmdə bütün ömrünü xalqına həsr etmiş Heydər Əliyev olub-keçənləri xatirəsində canlandıraraq deyirdi: "Əgər nəzərə alsaq ki, bizim sevgimiz böyük sınaqlardan keçdi, demək..." həyatı yaşamaq və həm də mənalı yaşamaq, dəyərli yaşamaq insanın iradəsindən, mənəvi gücündən çox asılıdır.
Görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində böyümüş, bu ailənin tapındığı ən yüksək dəyərləri özünə ehtiva etmiş Zərifə xanım gəlin kimi Əliyevlər ailəsinin qapısından içəri qədəm basanda artıq çox dəyərli bir xəzinə sahibi idi. Bu xəzinənin ən qiymətli daş-qaşı onun əxlaqı, intellekti, ailəsinə sədaqəti, milli-mentaliteti, həyat yoldaşına sonsuz məhəbbəti, dəyanəti, qüruru və ölkəsinə, xalqına sonsuz sevgisi idi. Ağıllı bir gənc kimi böyümüşdü. Ən başlıcası, sevgisi yolunda cəfalara dözmüşdü. Sonuncu ana qədər inamını qorumuşdu. Gənc Heydərin və gənc Zərifənin sevgisi zamanın qəddarlığına qalib gəlmişdi. Dəyanət və güc, mənəvi ucalıq, mübarizlik keyfiyyətləri sonrakı ömürləri boyu bu insanların varlığında yaşadı, onları tərk etmədi.
Ailədə qadın kimdir? Dərin müşahidə, insanlara zəkalı münasibət bu suala cavabı onun mənəvi mühitində kifayət qədər əhatəliliyi, hərtərəfliliyi ilə hazırlamışdı. Zərifə xanım Azərbaycan ailəsində qadının rolunu və yerini çox gözəl bilirdi. Ailə adət-ənənəsində nə qədər mühafizəkar olsa da, bu adət-ənənələrin nümunə ola biləcək sivil tərəflərini qəbul edirdi.
İnamlı bir həqiqət var; qadının gücü zərifliyində, kişinin gücü müdrikliyindədir. Zərifə xanım həm zərif, həm də mərd qadın idi. O, dünyanın ən güclü şəxsiyyətlərindən olan Heydər Əliyevin xanımı idi. Bu ailə qeyd olunduğu kimi, böyük sevgi əsasında təməl tapmışdı. Etiraf edək ki, Heydər Əliyev kimi sərt bir adamın məhəbbətini qazanmaq çox çətin məsələ, hər qadına nəsib olmayan tükənməz səadət idi. Bu sevgidən müqəddəs bir ailə yarandı. Həmin ailə millətə örnək və şərəf oldu. Kimsəyə sirr deyil ki, gəncliklərindəki sevgi sınaqları həyatlarını qurmaq üçün elə bir özül oldu ki, onlar sonralar da həyatın ən dəhşətli sınaqlarına, bəlkə də böyük məhrumiyyətlərə də sinə gərə bildilər. Heydər Əliyev ömrünün sonlarında Zərifə xanımı necə sevdiyindən böyük məhəbbətlə, onun vaxtsız dünyadan getməsindən sonsuz bir kədərlə, yana-yana danışırdı. Bəli, Heydər Əliyevi məğlub etmək, onu yenmək üçün ən qəddar planlara əl atılırdı. Ancaq o, bütün bunların hamısına müqavimət göstərə bilirdi. Çünki onun böyük mənəvi dayağı, özü qədər mətin və güclü xanımı vardı. Taleyin qədəri elə Zərifə xanımın özünü də yaşayacağı bütün məqamlara hazırlamışdı. Azərbaycanın dövlət başçısının həyat yoldaşı və ölkənin birinci xanımı olarkən dövlətin və siyasi xadimin ölkəsinə və onun vətəndaşlarına necə xidmət etməsini artıq yaxşı bilirdi. O, Əziz Əliyev kimi tanınmış dövlət adamının, siyasi xadimin qızı idi və böyüdüyü ailədə bütün bunları yaşamış və görmüşdü. Atasının simasında xalqın qayğısına qalmaq, əlsiz-ayaqsızlara həyan olmaq, dayaq durmaq kimi insani keyfiyyətlər qazanmışdı. Lakin indi daha böyük və məsuliyyətli bir missiya daşıyırdı. Ölkənin, həm də imperiya boyunduruğunda olan bir ölkənin birinci xanımı, göründüyü kimi, sovet dövlətinin çox tanınmış və tanındığı üçün də daim diqqət mərkəzində olan siyasi liderlərindən birinin xanımı olmaq şərəfini daşımaq asan məsələ deyildi. Yaşadığı bu illərdə onun dini etiqadı, Tanrı sevgisi, milli mənliyi və mentaliteti çox sınaqlarla üzləşdi. Bütün bunlara baxmayaraq, Zərifə Əliyeva Azərbaycan qadını, əsl azərbaycanlı ana olaraq qaldı. Həyat yoldaşının qalxdığı zirvələr onun insanlara səmimiyyətini, xalqına, ölkəsinə məhəbbətini zərrə qədər də dəyişmədi.
Zərifə xanım Əliyeva ən
müxtəlif dövlət tədbirlərində oldu, ən
müxtəlif insanlarla qarşılaşdı, ən müxtəlif
şəraitlərlə üzləşdi, amma özünə,
mənliyinə, şəxsiyyətinə, qüruruna, prinsiplərinə
sadiq qaldı. Ömrünün son anına qədər üzərinə
düşən məsuliyyəti şərəflə
daşıdı və təkcə Heydər Əliyev
üçün, təkcə övladları
üçün yox, bütün Azərbaycan və azərbaycanlılar
üçün ilahi bir qadın simvoluna çevrildi. Zərifə xanımın qadınlığı
şərəfləndirən keyfiyyətlərindən biri də
millətinin gələcəyini uşaqlarının əxlaqında,
tərbiyəsində və təhsilində görən bir
ana olmasıdır. İstər İlham üçün, istər
Sevil üçün Heydər Əliyev qədər Zərifə
Əliyeva da ilk və müstəsna nümunə olub.
Onlar dünyanın ilk sevgisini də, ilk insanını da, ilk
həqiqəti və xeyirxahlığı da, ilk mərhəməti
və qayğıkeşliyi də bəlkə öncə Zərifə
Əliyevadan öyrəniblər. J.Pixter nahaqdan demir ki, "bizə yaxşı analar
verin, biz ən yaxşı adamlar olaq".
İllər keçəndən sonra Azərbaycan
xalqının taleyində böyük Əliyevlərin zəngin
mənəvi irsini, siyasi təcrübəsini, böyük, ali keyfiyyətlərini yaşadan cavan Əliyevlərin
simasında biz bu həqiqətləri görürük və
böyük qətiyyətlə təsdiq edirik. Bu varislik qırılmaz oldu. Çünki Zərifə
xanım öz dövrünün və ziyalı mühitinin ən
qiymətli milli və mənəvi dəyərlərinə
sahib çıxmışdı və onları öz
övladlarına təlqin edə bilmişdi: əxlaqlı
olmaq, ziyalılıq, yuksək biliyə yiyələnmək,
xeyirxahlıq, mərhəmət və ən əsası,
öz Vətənini, ölkəsini sevmək... Məhz burda ailəsinə, ölkəsinə və
xalqına olan sevgisində bu görkəmli Azərbaycan
qadınının xarakterinin və xarizmasının
gücü özünü parlaq şəkildə
nümayiş etdirdi. O, öz əməyi, ağlı
iradəsinə, əməlləri və
xeyirxahlığı ilə özünə əbədi heykəl
ucaldırdı. Bu keyfiyyətləri ilə o,
böyük Heydər Əliyevin əzəmətinin görünən
tərəflərinə daha gur işıq saldı. Bəlkə də Zərifə xanımın mənəvi
hazırlığının mükəmməlliyi, həm də
onun həkimliyi ilə bağlı idi. Çünki
bir həkim ömrü bir insan ömründən
çox-çox böyükdür. Hələ
antik yunan ədəbiyyatının dahi sənətkarı
Homer deyirdi ki, "məharətlə müalicə aparan bir həkim
ömrü bir çox insan ömrünə dəyər".
Zərifə xanım belə bir həkim idi, bəlkə
ona görə də ona əbədi şöhrət qismət
oldu.
O,
dünyanın ən böyük dövlətinin rəhbərlərindən
birinin xanımı idi. O, hələ 1969-cu ildə Azərbaycanın
birinci xanımı şərəfinə nail olmuşdu, tarix
sübut etdi ki, o bu şərəfə tamamilə layiq bir
xanım idi. Fəqət, Zərifə xanım
təkcə onu görə bilmədi ki, o, bir Prezidentin
xanımı və bir Prezidentin də anasıdır. Əgər ruhlar haqqında deyilənlər həqiqətdirsə,
demək, o bu həqiqətləri də görür və
duyur. Böyütdüyü oğul cəmiyyətin
arzuladığı şəxsiyyət oldu. Xalqa yaxın olmaq, insanları duymaq, cəmiyyətin
nəbzini tutmaq, bu mənəvi ahəngin içində
yaşamaq... bütün bunlar böyük özül üzərində
ucalan İlham Əliyevi xarakterizə edən keyfiyyətlərdir.
Və bu mənada, tam səmimiyyətlə demək
olar ki, Zərifə xanımın xalq və millət
üçün ən böyük xidməti və dahiyanə
əsəri Azərbaycan Prezidenti cənab İlham Əliyevdir.
O, Heydər Əliyevin əzəmətli əlinin
sığalı, Zərifə xanımın şirin
laylaları ilə böyüyüb. Hələ
ana-ata ocağında ikən dövlətçilik dərsləri
keçib. Elə buradaca qeyd etmək yerinə
düşər ki, hakimiyyətdə siyasi varislik missiyası
İlham Əliyevin öhdəsinə düşəndə o,
daha çox çətinliklərlə
qarşılaşdı. Amma artıq
böyük örnək var idi. Dünyanın
təsdiq elədiyi, tanıdığı, Azərbaycanın
xilaskarı olan Heydər Əliyev örnəyi.
Heydər Əliyev kimi məşhur atanın
övladı olmaq da çox çətindir. O, insanlara qarşı həssaslıq,
cəmiyyət qarşısında məsuliyyət, yüksək
davranış mədəniyyəti, sadəlik və intellekt tələb
edir. Xoşbəxtlikdən bütün bu
xüsusiyyətlər İlham Əliyevin genində və
qanında var idi. O, Zərifə xanımın
qayğısı, Heydər Əliyevin nüfuzu altında
yüksək Avropa təhsili alır və Şərq
kişisi kimi böyüyürdü. Bu gün
"Azərbaycanı iqtisadi böhran dalğalarından məharətlə
adladaraq zamandan zamana aparan İlham Əliyev qloballaşan
dünyanın müasir lider etalonudur" (Çingiz Aytmatov).
Görkəmli dühalar cismani ömürlərini
yaşayıb dünyalarını dəyişir. Ancaq onların rəyləri düstur kimi, həqiqətin
təsdiqi kimi yaşayır.
Zərifə xanım Əliyeva birinci növbədə
ana idi. Və ana olaraq analıq duyğuları ilə onun
yaşadığı həyəcanları təsəvvür
etmək elə də çətin deyil. Amma
bir fərqi var; hər bir həyəcan və duyğu fərdidir.
Və hər bir insanın özünə
xasdır. Danışmaq üçün əsas odur ki,
bütün anaları fərqləndirən keyfiyyətlər
olduğu kimi, uyğun keyfiyyətlər də az
deyil. Bu ümumi keyfiyyətlərdən
çıxış etsək, deməliyik; bəlkə də
Zərifə xanımın ən xoş və unudulmaz, ən
fərəhli günü oğlunun ailə qurduğu toy
günüdür. Həmin gün iki nəcib ailə -
Heydər Əliyev və Zərifə xanımın ailəsi
ilə Arif Paşayev və Aidə xanım
İmanquliyevanın ailəsi qohum oldu: görkəmli
yazıçı Mir Cəlalın nəvəsi Mehriban
xanım Heydər Əliyevin gəlini, İlham Əliyevin həyat
yoldaşı oldu.
Bu gün
UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri
missiyasını böyük şərəflə
daşıyan Mehriban xanım düşdüyü
ocağın, qohum olduğu ailənin Azərbaycan tarixindəki
rolunu gözəl bilən, şərəfini uca tutan,
daşıdığı soyadın şərəf və ləyaqətini
əzmlə qoruyan bir xanımdır. Həm
görkəmli həkim, həm sevimli həyat yoldaşı, həm
də ana kimi Zərifə xanımın canlı obrazı
Mehriban xanımın da taleyində mühüm rol oynayıb.
O, Zərifə Əliyevanın ailə məktəbini
keçdi, Heydər Əliyevin canlı dövlətçilik
və idarəçilik təcrübələrini mənimsədi.
Birinci xanımlıq missiyası da əslində,
müəyyən varisliklə bağlıdır. Həm Zərifə Əliyevaya, həm də Mehriban
Əliyevaya Azərbaycanın birinci xanımı olmaq şərəfi
nəsib oldu.
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və
ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyeva Azərbaycan tarixində məşhur
olan xanımların - Tomirisin, Nüşabənin, Məhşibanu
Şəmiranın, Şirinin, Mömünə Xatunun, Zahirə
Xatunun, Mehrican Xatunun, Şahsarayın, Sara Xatunun, Tuti Bikə və
başqalarının tarixi-qəhrəmanlıq və idarəçilik
ənənələrini əzmlə davam etdirir. O, Prezident
İlham Əliyevin sevimli və sədaqətli həyat
yoldaşı, etibarlı silahdaşı olmaqla bərabər,
üç gözəl övlad - iki qız və bir oğul
anasıdır. İndi ailədə bir ana nəvazişi
ilə nəvə Heydər böyüyür.
Mehriban Əliyeva Heydər Əliyev Fondunun rəhbəri
olaraq genişmiqyaslı, tarixi əhəmiyyətli işlər
görür.
İlk növbədə, dünyanın
böyük siyasətçisi, Heydər Əliyevin irsi həm
Azərbaycanda, həm də dünya miqyasında təbliğ
olunur. Bu zəngin irsin nəzəri-tarixi
mahiyyəti dünya üçün açılır.
Böyük diqqət və qayğı ilə
Heydər Əliyevin nəzəri irsi Azərbaycanın mənəvi
sərvətləri sırasında mükəmməl və nəfis
şəkildə nəşr olunur, cildlərə
çevrilir. Gələcəyi quran gənclər
üçün dərslik kimi daha dərindən öyrənilir.
Ümumiyyətlə, Azərbaycanın mənəvi
sərvətlərinin yaşarlığının təmin
olunmasında Mehriban xanımın əvəzsiz xidmətləri
var. Onun ardıcıl və inamlı fəaliyyəti sayəsində,
təşəbbüsü və təşkilatçılığı
ilə Azərbaycanda maarifçilik və təhsilin
inkişafı layihələri həyata keçirilir. Modern texniki bazaya malik yeni və gözəl məktəblər
tikilir. Azərbaycan xalqının ən dəyərli və
milli-mədəni sərvəti olan Muğam sənəti
dünyaya yayılır, Beynəlxalq Muğam müsabiqələri
keçirilir, Azərbaycan muğamları kompakt disklərdə
dünyaya yayılır və UNESCO-nun qiymətli mədəni
irsi fonduna daxil olur.
Zərifə Əliyevanın mənəvi irsini, təbiətinin
zəngin aləmini əxz etmiş Mehriban xanım Əliyeva
dünyada öz xeyirxah missiyasının tanınmış,
görkəmli lideridir. O, yüksək dövlətçilik hissinə, ciddi
tarixçilik duyğusuna malik intellektual şəxsiyyətdir.
Gördüyü işlərin misli və
miqyası bilinməyən bu iradəli xanım özündə
zəriflik və sərtliyi ülvi bir gözəlliklə
birləşdirən qadın etalonudur. O, keçmişə
güvənir, bu günü yaradır və gələcəyin
adamı kimi fəaliyyət göstərir. O özü bu barədə
belə yazır: "Həyatda hər bir kəsin yerini və
taleyini tarix müəyyən edir. Odur ki, nə
böyük, nə də kiçik rollar olmur. Öz həyat
kitabını yazmağa ancaq sənin şəxsi, dərk
edilmiş məsuliyyətin imkan verir... Kimsənsə
elə də olmalısan - bax budur bizim həyatımız.
Ona görə də özgələrin
rollarını və obrazlarını gərək öz
üzərinə götürməyəsən. Çünki sənin də dünyada yerin yeganə
və bənzərsizdir".
İndi Azərbaycanda ardıcıl olaraq mədəni-kütləvi
tədbirlər həyata keçirilir. Böyük təqdimatlar
olur. Ayrı-ayrı tədbirlərdə
biz Mehriban xanım Əliyevanın çox dəyərli
çıxışlarının şahidiyik. Onun dəyərli fikirlərini, cəmiyyət, insan,
həyat haqqında ümumiləşdirilmiş mülahizələrini
dinləyirik. Mehriban xanımın bu fəlsəfi
mülahizələri böyük sufi
Mövlanə Cəlaləddin Ruminin məşhur "Ya
olduğun kimi görün, ya da göründüyün kimi
ol!" kəlamı ilə üst-üstə
düşür. Görünür, təfəkkür
etibarilə tarixiliyə istinad edən birinci xanım xəyal
və idrakın vəhdətini şəxsiyyətin mənəvi
qüdrətinin əsası kimi qəbul edir.
A.Lamartinin
belə bir fikri var: "Bütün əhəmiyyətli
işlərin başında qadınlar dayanır".
Böyük
romantik filosof-şair Hüseyn Cavid isə: "Qadın
gülürsə, şu işsiz mühitimiz güləcək,
sürüklənən bəşəriyyət qadınla
yüksələcək", - deyirdi.
Mehriban Əliyeva qloballaşan dünyanın lider
xanımı, xoşməramlı səfiridir. Qloballaşma heç də
bütün nəticələri müsbət olan bir proses
deyil. Qloballaşma mədəniyyətlərin və
mənəviyyatın inteqrasiyasını tələb edir.
Bu istiqamətdə müəyyən
dağıdıcılıq imkanlarına da malikdir. Bunu beynəlxalq səviyyəli həqiqətləri
böyük şərqşünas alim, professor Aidə
İmanquliyevanın yubileyinə həsr edilmiş Beynəlxalq
İbn Ərəbi simpoziumundakı məruzələrindən
də eşitdim.
Mehriban
xanım Əliyeva "Heydər Əliyev Fondunun
gördüyü işlərin dünyəvi əhəmiyyəti
bir də bundadır ki, o, Azərbaycan mədəniyyətinin
milli müəyyənliyini qoruyur, bizim milli kimliyimizi itməyə
qoymur, öz mədəni-tarixi işləri ilə milli
özünüdərkə, milli-mənəvi
varlığımızın dürüstlüyünə
xidmət edir", - deməklə qarşıda duran məqsəd
və məramı açıqlayır.
Qəlbində
böyük bir Azərbaycan idealı yaşadan, dahi Heydər Əliyevin
formalaşdırdığı, Prezident İlham Əliyevin
dövlət quruculuğuna uğurla tətbiq etdiyi azərbaycançılıq
fəlsəfəsi, istiqlal məfkurəsi Mehriban
xanımın milli mədəniyyət və maarifçilik
strategiyasının əsasını təşkil edir. Bununla bərabər, Mehriban Əliyeva qloballaşan
dünyaya türk dünyası prizmasından nəzər
salır. O, tarixi min illərlə ölçülən
qədim türk mədəniyyətinin, türk ruhu və mənəviyyatının
böyük hamisidir. Mehriban xanım bizim zəngin
tariximiz, qədim adət-ənənələrimiz, etnogenimiz,
musiqi mədəniyyətimiz, təhsilimiz haqqında ana
dilimizdə dərin məzmunlu, məntiqli,
başlıcası isə səlis üslubda parlaq nitqlər
söyləyir, günü-gündən xalqımızın və
sivil dünyanın nüfuzunu qazanır. Onun daha bir mənalı
fikrini misal gətirmək istəyirəm: "Mən öhdəmə
götürdüyüm hər bir işə çox
böyük məsuliyyətlə yanaşıram. Hər zaman öz fəaliyyətimdə
çalışıram ki, bir neçə amala əsaslanım.
Bunlar - vətənpərvərlik, insanpərvərlik
və mərhəmətlikdir".
Mərhəmətlik
qadın qəlbinin ucalığını göstərən ən
ali hissdir. Yəqin elə
buna görədir ki, Mehriban xanım təkcə Azərbaycan
uşaqlarına yox, dünyanın bütün körpələrinə
öz mərhəmətli qəlbindən sevgi payı verir.
Onun fəaliyyətində Prezident İlham Əliyevə
sədaqət, ulu öndər Heydər Əliyevə ehtiram
ifadə olunur. Buna əminlik üçün
aşağıdakı sətirləri oxumaq kifayətdir:
"Heydər Əlirza oğlu aydın ifadə olunan xarizmaya
malik idi. Onun enerjisi ətrafda hər şeyi dəyişməyə
qadir idi, onun gəlişi ilə hər şey dəyişirdi.
Onun fantastik yaddaşı, intellekti, hədsiz məlumatlılığı
bəzən müşkül görünən problemləri həll
etməyə imkan verirdi".
Bu gün Azərbaycan dövlətçiliyinin milli
inkişaf strategiyasının əsasında Heydər Əliyevin
ideyaları dayanır. Bu ideyalarda həm də Zərifə Əliyevanın həyata
keçməmiş arzularının ülvi ifadəsi var. Bu ideyaları Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və onun
xanımı Mehriban Əliyeva əzmlə, inamla həyata
keçirirlər.
...Hər
dəfə Azərbaycanın müstəqillik tarixinin şərəf
simvolu olan Heydər Əliyevin həyat və fəaliyyətindən
bəhs edən sənədli filmə baxanda bir məqam qəlbimin
ən kövrək hisslərini oyadır və bu böyük
dahinin müqəddəs sevgisi heyrətə salır məni.
Onun öz böyük sevgisinə, "cismində
canı" yana-yana əbədiyyətə yola
saldığı, əbədi sevgisi ilə
ayrılığa için-için ağladığı səhnəni
deyirəm.
Tər
güllər, çiçəklər içində qərq
olmuş və sanki əbədi sevgisinin heç zaman yaşarmayan gözlərindəki
yaşı görməmək üçün gözlərini
yumub Zərifə xanım. İlahi, bu əbədi
cismani itki ilə barışmaq istəməyən qəlbi
necə sakitləşdirəsən?
Heç zaman heç bir qüvvənin
qarşısında əyilməyən cəsarət və mərdlik
mücəssiməsi olan bu böyük insan həmin gün, bəlkə
də həyatında ilk dəfə idi ki, taleyin acı qismətinə
dözməyib göz yaşı tökürdü. "Cismindəki can
ayrılıb" əbədiyyətə, son mənzilə
gedirsə, ona özgə nə qalır ki...
Amma həyatın əbədiyyət dastanı burda
bitmirdi.
Tanrının əzəli bir missiya üçün
hazırladığı böyük şəxsiyyət uzun və
gərgin mübarizəyə bir az sonra
başlayacaqdır. Yox, Zərifə xanım onu
bu mübarizədə tək qoymamışdı. Zərifə xanım ona dayaq, arxa olacaq iki övlad
böyütmüşdü və bilirdi ki, onlar ata şərəfini
uca tutan layiqli şəxsiyyət kimi böyüyüblər.
...Düz
17 il sonra əbədi sevginin həsrəti
bitdi və onlar əbədiyyətdə yenə qovuşdular. Bu gün Azərbaycanın və azərbaycanlıların
and yerinə çevrilən müqəddəs bir guşədə
- Fəxri xiyabanda Əbədiyyət dastanının iki qəhrəmanının
məzarı üzərindəki qranit abidələr
sözsüz və danışıqsız sanki hər
şeyi başa düşür. Onlarla,
yüzlərlə, bəzən minlərlə insanın əlində
gül bu ünvanın səcdəsinə gəlir və sanki
mənalı həyat yaşamağa heç olmasa
azaçıq da olsa, onlara oxşamağa xeyir-dua alırlar.
...Nəsil-nəsil
insanların yaddaşında bir ad yaşayacaq: böyük
sevginin, əbədi sevginin adı, ünvanı...
Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı,
yazıçı-dramaturq
Azərbaycan.-2013.- 26 aprel.- S.10.