Əli ƏHMƏDOV: Prezident seçkilərində
İlham Əliyevin namizədliyinin irəli sürülməsi
yalnız YAP-ın deyil, ümumilikdə Azərbaycan
xalqının mütləq əksəriyyətinin təşəbbüsü
və istəyidir
"Qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi yalnız Yeni Azərbaycan Partiyasının (YAP) deyil, ümumilikdə Azərbaycan xalqının mütləq əksəriyyətinin təşəbbüsü və istəyidir".
AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə YAP sədrinin müavini-icra katibi Əli Əhmədov söyləmişdir.
Ə.Əhmədov demişdir: "Ölkə vətəndaşları Prezident İlham Əliyevin növbəti dəfə namizədliyini birmənalı şəkildə dəstəkləyirlər. Düşünürəm ki, belə bir dəstək 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük quruculuq, inkişaf siyasəti ilə əlaqədardır. Bu illər ərzində Azərbaycan böyük bir inkişaf yolu keçmiş, modernləşmiş və müasirləşmişdir. Azərbaycanın dövlət olaraq gücünün və qüdrətinin artması insanların rifahının yüksəlməsində də özünü göstərir. Bütün bu uğurları hər bir vətəndaş öz həyatında görür və yüksək dəyərləndirir".
YAP sədrinin
müavininin sözlərinə görə, insanlar rifah
hallarının yüksəlməsini Prezident İlham Əliyevin
həyata keçirdiyi siyasətlə bilavasitə əlaqələndirirlər.
Dövlət başçısının həyata
keçirdiyi siyasət nəticəsində Bakı şəhəri
ilə yanaşı digər bölgələrimiz də
tamamilə simasını dəyişir, insanların
yaşaması üçün daha layiqli şərait
yaradılır. İnsanlar üçün digər
mühüm amil sabitlik, dinclik, əmin-amanlıqdır. Bunlar
olmasaydı, insanın rifahının yüksəlməsi sahəsində
atılan addımlar və nəticələr böyük dəyər
kəsb etməzdi. Azərbaycanda insanın həyatının
keyfiyyətinin vacib bir göstəricisi ondan ibarətdir ki, hər
bir vətəndaş, ailə dinclik, əmin-amanlıq,
rahatlıq şəraitində yaşayır, insanların təhlükəsizliyi
təmin olunur. Bunları ümumiləşdirərək deyə
bilərik ki, hər bir Azərbaycan vətəndaşı
aydın şəkildə dərk edir ki, bu yüksək nemətlərin
bundan sonra da davam etməsi Prezident İlham Əliyevin fəaliyyəti
ilə bağlıdır. Ona görə də insanlar hesab
edirlər ki, Prezident İlham Əliyevin növbəti beş
ildə Azərbaycana rəhbərlik etməsi inkişaf, tərəqqi
və yüksəliş prosesinin qarşıdakı illərdə
də davam etməsinə zəmanət verir. Bu isə o deməkdir
ki, qarşıdan gələn seçkilərdə
Prezidentimizin namizədliyinin irəli sürülməsi Azərbaycan
vətəndaşlarının bu gün və gələcəklə
bağlı olan istək və arzuları ilə
üst-üstə düşür.
Azərbaycan.-2013.- 26 aprel.- S.11.