Yeni Azərbaycan Partiyası yarandığı dövrdən bugünədək iştirak etdiyi bütün seçkilərdə möhtəşəm qələbələrə imza atmış və böyük seçki təcrübəsi qazanmışdır

 

Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov aprelin 25-də partiyanın Səbail rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, Əli Əhmədov tədbiri açaraq demişdir ki, artıq bir sıra rayon təşkilatında belə görüşlər keçirilmişdir. Bu görüşlərin məqsədi ölkəmizdə keçiriləcək prezident seçkilərinə hazırlıqla əlaqədardır.

YAP-ın ölkəmizin ictimai-siyasi həyatında xüsusi rol oynadığını vurğulayan Ə.Əhmədov bildirmişdir ki, partiya yarandığı dövrdən indiyədək iştirak etdiyi bütün seçkilərdə möhtəşəm qələbələrə imza atmış və böyük seçki təcrübəsi qazanmışdır. Bu təcrübə 2013-cü ilin prezident seçkilərində də uğur qazanmağımıza ciddi əsaslar yaradır.

Bildirilmişdir ki, son 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən irimiqyaslı islahatlar, inkişaf strategiyasının uğurlu nəticələri seçkilərin nəticələrini şərtləndirən əsas amillərdən biridir. Azərbaycan indi təkcə regionda deyil, dünyada söz sahibinə çevrilmişdir. Bakıda mötəbər beynəlxalq tədbirlərin keçirilməsi buna əyani sübutdur. Təbii ki, bu inkişaf siyasətinin əsasında Heydər Əliyev ideyaları dayanır. Xalqımız ümummilli liderin ideyalarına əsaslanan inkişaf siyasətinin bundan sonra da ölkəmizə uğurlar gətirəcəyinə inanır. Bu mənada növbəti seçkilərdə partiyamızın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi və qələbəsi xalqımızın arzu və istəklərinin ifadəsidir.

Oktyabr ayında keçiriləcək prezident seçkiləri kampaniyasının yüksək səviyyədə təşkil olunması üçün YAP-ın üzərinə ciddi vəzifələr düşdüyünü vurğulayan Ə.Əhmədov ilk partiya təşkilatları sədrlərinə seçkilərə hazırlıqla əlaqədar tövsiyələrini vermişdir.

YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova və başqaları çıxış edərək məsələ ilə bağlı rəy və təkliflərini bildirmişlər.

Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov iştirak etmişdir.

 

 

Azərbaycan.-2013.- 26 aprel.- S.11.