Nur çeşməsi

 

Mir Cəlal-105

 

Biz nəslin xoşbəxtliyidir ki, universitetdə oxuduğumuz illərdə çox görkəmli şəxsiyyətlərdən dərs aldıq, insanlıq məziyyətləri öyrəndik. Bu sırada adlarını həmişə qürur və iftixarla çəkdiyimiz Mir Cəlal, Nəsir İmanquliyev, Əzizə Cəfərzadə, Qulu Xəlilov, Bəxtiyar VahabzadəE yaddaşımıza əbədi həkk oldular. Haqq dünyasına qovuşmuş bu unudulmaz şəxsiyyətlərdən aldığımız bilik və tövsiyələr bu gün də həyat yolumuza işıq salır. Həqiqətən də sənətin və insanlığın zirvəsində dayananlar heç vaxt unudulmurlar. Əsərlərini həmişə sevə-sevə oxuduğumuz, mühazirələrini, söhbətlərini tez-tez xatırladığımız, həyatımız boyu məsləhətlərinə əməl etməyə çalışdığımız yazıçı Mir Cəlal Paşayev kimiE

 

Nadir istedad sahibləri, klassik sənətkarlar öz yaradıcı təfəkkürləri ilə əsrlərin qovğalarından sıyrılaraq həmişə gələcəyə üz tutublar. Belə şəxsiyyətlər həqiqətən xoşbəxtdirlər. Çünki onların yaratdıqları həmişə yaşamaqda davam edir. Ədəbiyyatımızın əbədi ömür sahibləri çoxdur. Füzulidən üzü bəri neçə şairin, nasirin, bəstəkarın, rəssamın, memarın adını çəkmək olar. Bu sahə müxtəlifliyində nəsrimizin yeri ayrıca bir mövzudur. Ədəbiyyat tariximizdə hekayə, povest və romanları ilə layiqli yer tutanlardan biri də unudulmaz yazıçı və pedaqoq-alim Mir Cəlal Paşayevdir. O, XX əsr Azərbaycan ədəbiyyatının bünövrəsini qoyanlardan sayılır. Mir Cəlal ədəbi aləmdə atdığı ilk addımlarından sənətin şöhrət zirvəsinə qədər keçdiyi çətin və şərəfli ömrünün 50 ili ərzində zəngin ədəbi irs yaratmışdır. Filologiya elmləri doktoru, professor Qulu Xəlilov nasirin yaradıcılığını əhatəli təhlilə çəkərək yazırdı: "Ədibin əsərlərində klassik ədəbiyyatımızın mütərəqqi ənənələri ilə yanaşı, xalq yaradıcılığının bir sıra işıqlı ünsürləri birləşir, qaynayıb-qovuşur və yeni keyfiyyət kəsb edir. Bu cəhətlərin səmərəli inkişafı həyat həqiqətinə sadiqlik Mir Cəlala müasir insanın psixologiyasının, mənəvi aləminin, onun fikir və duyğularının bədii inikasına geniş imkanlar verir".

Mir Cəlal Paşayevin bioqrafiyasından götürdüyümüz rəqəmlərin məna tutumuna diqqət yetirək. O, 1908-ci il  aprelin 26-da Cənubi Azərbaycanda - Təbrizin yaxınlığındakı Əndəbil kəndində anadan olmuşdur. Taleyin qəfil rüzgarları hələ uşaq ikən əlindən çox şeyini almışdı. Demək olar ki, çox erkən yaşlarından doğulduğu ana torpağı, valideynlərini itirmişdi. Buna baxmayaraq, həyatın ağrı-acılarına mərdliklə sinə gərməyi bacarmışdır. Şimali Azərbaycanda ilk yaşadığı şəhər qədim Gəncə, ilk əmək fəaliyyətinə başladığı rayon Gədəbəy, ömrünün son mənzilinədək geniş ədəbi və elmi fəaliyyət göstərdiyi ünvan Bakı olmuşdur.

Mir Cəlalı yaxından tanıyanlar həmişə bir fikri çox vurğulayırlar ki, o, hər şeydən əvvəl, son dərəcə işıqlı şəxsiyyət idi. Hansı məziyyətlərindən danışmaq istəsən, insanın qəlbinə xoş hisslər, emosiyalar daxil olur. Mənəviyyatındakı saflıq, təmizlik, halallıq, toxluq həyatda, elmdə, yaradıcılıqda, pedaqoji fəaliyyətdə və insanlara münasibətdə həmişə Mir Cəlal müəllimin ən etibarlı yol yoldaşı idi.

Vaxtilə - İkinci Dünya müharibəsi dövründə universitetdə Mir Cəlal müəllimdən dərs almış xalq şairi Bəxtiyar Vahabzadə "Mənim müəllimim" adlı məqaləsində yazıb: "Mir Cəlal yaradıcılığının ən üstün cəhətlərindən biri də onun təmiz, şaqraq və büllur dili idi. Onun dili xalq danışıq tərzinə uyğun, son dərəcə canlı, təbii ifadələrlə zəngin və bədii dildir. Buna görə də istər elmi, istərsə də bədii əsərlərə, ilk növbədə, dilin təmizliyi, qüsursuzluğu, ən ümdəsi isə xəlqiliyi baxımından yanaşır, bu vacib şərtləri hamıdan tələb edirdi".

Həyat həqiqətinə sadiqlik ədibin həqiqi vətəndaşlıq amalına çevrilmişdi. Tənqidçilər yazıçının yaradıcılıq keyfiyyətlərini hansı istiqamətdən təhlilə çəkməklərindən asılı olmayaraq həmişə bir fikirdə köklənirdilər: Mir Cəlal gözəl hekayələr ustadı idi. Onun hekayələrində həyatın hər iki qütbü həmişə özünü göstərirdi. Müəllifin "Ərik ağacı", "Şapalaq", "Xarici naxoşluq", "Plovdan sonra", "İclas qurusu", "Əmzik", "Yamanlığa yaxşılıq", "Ad günü", "Dərsini yaz", "Təzə toyun nəzakət qaydaları" adlı hekayələrində toxunulan məsələlər bu gün üçün də aktualdır. Onun sadə və şirin təhkiyəsi nağıllarımızdan gələn xalq danışıq dilindən bəhrələndiyini göstərirdi. Bu səbəbdən də Mir Cəlalın hekayələri həmişə maraqla qarşılanıb. Yarım əsr bundan əvvəl yazılmış "Anket Anketov" adlı hekayəsində müəllifin incə bir üsulla, yumorla, lakin kəskinliklə ifşaya çəkdiyi bir məsələ bu günün oxucusu üçün də maraqlıdır. Hamamlar trestinə rəis təyin olunan Anketov işə götürdüyü adamlardan min cür "spravka"lar tələb edir. Az qala qəbir evində də yoxlama aparmaq istəyir ki, görsün işçinin babası pinəçi olub, yoxsa varlı-karlı?! Mir Cəlalın hekayələrində avamlıq, cahillik, nadanlıq, yaramazlıq müntəzəm tənqid edilib.

Mirzə Cəlili "Yeni realist ədəbi məktəbin banisi", Əbdürrəhim bəy Haqverdiyevi isə "Yeriyən Azərbaycan" adlandıran Mir Cəlal özü canlı ədəbiyyat idi. Professor Qara Namazova məxsus fikirdir ki, Mir Cəlal müəllim sadə hekayələrdə sadə adamların dili ilə gizli mətləblərə toxunurdu. Onda Mirzə Cəlilə xas olan "adi əhvalatlarda böyük həqiqətləri" açmaq məharəti var idi.

Mir Cəlal Azərbaycan ədəbiyyatının klassiklərindən olan Səməd Vurğun və tənqidçi Mehdi Hüseynlə yaxından dostluq edib. Bu barədə ədəbiyyatşünas-alim Firudin Hüseynov öz xatirələrində belə yazıb: "Mir Cəlal müəllim mənəvi cəhətdən saf və təmiz bir insan idi. Tamah hissindən uzaq, az-çoxa qane olan, gözü-könlü tox, təmiz bir ziyalı idi. Özü də həmişə deyərdi ki, Səməd Vurğun məni bir dost kimi sevərdi, tərifdən sonra zarafat eləyərdi: "Mir Cəlal, sənin bir böyük eyibin var, sən "silişkom paryadoçnı adamsan". Ədibi bir alim, ədəbiyyatşünas kimi başqalarından fərqləndirən mühüm cəhət təkcə elmi təfəkkürü deyil, həm də zəngin mənəviyyatı və sadəliyi idi".

Gözəl və nəcib duyğuların, düşüncələrin sahibi olan yazıçı öz əsərlərində insanı mənəvi cəhətdən saflaşdıran, zənginləşdirən problemlərlə bağlı elə mövzulara müraciət edib ki, onun yaradıcılığında tarixin, dövrün, quruluşun bütün rəngləri öz əks-sədasını tapırdı.

Ömrünün sonunadək müxtəlif mövzularda kiçik və lakonik hekayələr yazan Mir Cəlal Azərbaycan ədəbiyyatında roman janrının inkişafında da özünəməxsus xidmətlər göstərib. "Dirilən adam", "Bir gəncin manifesti", "Yolumuz hayanadır", "Açıq kitab", "Yaşıdlarım", "Təzə səhər" adlı romanlarında hekayələrinə məxsus bir məziyyətlər öz əksini tapıb. Yazıçının tədqiqatçıları bu fikirdədirlər ki, o öz romanlarında tarixi hadisələri realist boyalar, tipik obrazlar və canlı həyati lövhələr vasitəsilə verməyə çalışıb. Mir Cəlalın romanlarında xalqımızın ötən əsrdəki mübarizələrlə dolu həyatının bütöv mənzərəsi var.

Mir Cəlal filologiya elmləri doktoru, professor idi. O, görkəmli ədəbiyyatşünas-alim kimi də fəaliyyət göstərmişdir. Klassik Azərbaycan ədəbiyyatının mükəmməl və bacarıqlı tədqiqatçılarından biri idi. Bədii əsərlərində olduğu kimi, elmi əsərlərində də Mir Cəlal aydın məqsədli, milli təfəkkürlü tədqiqatçı kimi diqqət çəkirdi. Mir Cəlal həqiqətən ədib kimi də, alim kimi də həyatın enişli-yoxuşlu yollarını büdrəmədən məqsəd aydınlığı ilə keçməyi bacarıb. Bu aydınlıqdan da çox talelərə işıq düşüb.

Ədəbiyyatşünas Pənah Xəlilova məxsus fikirdir: "Alim Mir Cəlal Paşayevin elmi əsərlərinin dili, üslubu öz qələm yoldaşlarının heç birinin dilinə, üslubuna oxşamır. Onun əsərlərində nə publisistika var, nə də qəliblənmiş elmi terminli tədqiqat dili. O, elmi əsərlərini yazıçı Mir Cəlalın qələmindəki yığcamlıq və şirinliklə, amma dərin və axıcı elmi mühakimə tutumu olan dillə yazardı. Bu yazı indi də təkraredilməz örnəkdir".

1948-ci ildə Azərbaycan Dövlət Universitetinin professoru seçilən Mir Cəlal 1961-ci ildən ömrünün sonuna kimi bu ali məktəbin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında çalışmışdır. Biz nəslin çoxuna dərs demiş Mir Cəlal hər kəsin ürəyində möhtəşəm müəllim abidəsi yaratmışdı. Bəlkə də bizim universitet həyatında onun qədər qayğıkeş, yumşaq təbiətli müəllimimiz olmamışdı. Kitablarının ilk nüsxəsini payladığı oxucular elə öz tələbələri olardı. Ömründə bir dəfə də jurnalı yoxlamazdı. Amma hər kəsin nə işlə məşğul olduğunu dəqiq bilərdi. Hamının maddi vəziyyəti ilə maraqlanardı. Qəlbi insanlara qarşı məhəbbət və mərhəmətlə dolu idi. Tələbəyə heç vaxt "kafi" yazmazdı. Çünki o, təqaüddən düşə bilərdi. Deyim ki, "əla" almaq da zor idi. Zarafatı çox sevərdi. Yumorlu atmacaları indiyə kimi ürəklərə xoş ovqat yayan lətifəyə çevrilirdi.  Bəzən dərsin şirin yerində başı söhbətə qarışmış tələbələrə deyərdi: "Bağışlayın, biz sizə mane olmuruq ki?"

Mir Cəlal müəllim bizə dərs deyəndə yaşı 70-ə yaxın idi. Amma yaşıdlarından çox ahıl görünürdü. Həyatın ağrı-acıları onun varlığına hopmuşdu. Amma çöhrəsində qəribə bir mülayimlik vardı. Adamı hey özünə çəkirdi. Bu ünsiyyətdə sanki öz doğmanla üzləşirdin. Hamıya əziz və mehriban idi. Mühazirə vaxtı isə "Ədəbiyyatşünaslığın əsasları" kitabını az qala sətirbəsətir əzbər deyərdi. Hər kəsi müəyyən rənglərlə, geyimlərlə əlaqələndirib çağırırdı. O dövrdən bir qənirədən artıq vaxt ötməsinə baxmayaraq, indi də hərdən qulaqlarıma Mir Cəlal müəllimin "qırmızı köynəkli qız" ifadəsi səslənməkdədir. Biliyimizdən, xasiyyətimizdən, dolanışığımızdan, bir sözlə, bütün tələbələrin məişət qayğılarından xəbər tutmağı vacib bilərdi. Yadımdadır, tələbə yoldaşlarımızdan birinin vəziyyəti çox ağır idi. Mir Cəlal müəllim sinif nümayəndəsi ilə pünhan söhbət edərək o tələbə qıza özünün də xəbəri olmadan maddi kömək göstərmişdir. Son dərəcə həssaslığı həmişə onun köməyinə çatırdı. Bu səbəbdən də tələbələrin hər birini üzündən, gözündən, hərəkətlərindən, səsindən tanıyırdı.

Mir Cəlal müəllim həqiqətən çox sadə və genişürəkli bir insan idi. Xatırlanacaq bu əhvalat onun böyüklüyünü şərtləndirən bir nümunədir. Mənə bir kurs işi vermişdilər: "Mir Cəlalın yaradıcılığında imperializmin tənqidi". Kömək üçün ona müraciət edəndə çox təəccübləndi. Eynəyini gözlərindən çəkərək dedi: "Sən jurnalistikada oxuyursan. Mir Cəlaldan niyə kurs işi yazırsan?" Öz əli ilə mövzuda belə düzəliş etdi: "Mirzə Cəlilin felyetonlarında imperializmin tənqidi". Üstəlik, məsləhət verdi, planın da tutulmasında kömək etdi. Mir Cəlal belə ürəyin və əqidənin sahibi idi.

1998-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Mir Cəlalın anadan olmasının 90 illiyi dövlət səviyyəsində qeyd edildi. Bu münasibətlə onun həmkarlarının, tələbələrinin, doğmalarının qələmə aldıqları yazılardan ibarət bir xatirələr kitabı çapdan çıxdı. Yazıçının qızı Ədibə xanımın bizə bağışladığı həmin kitabı vərəqlədikcə müxtəlif xatirələrdən Mir Cəlal müəllimin işıqlı obrazı boylanır. Unudulmaz alimin vaxtilə professor Firudin Hüseynovla birgə yazdığı "Azərbaycan ədəbiyyatı tarixi" kitabı 2000-ci ildə İstanbulda çap edilmişdir. Türkiyəli oxucular bu kitab vasitəsilə Azərbaycan ədəbiyyatının tarixini mükəmməl öyrənmək imkanı qazanıblar. Çox fərəhli məqamdır ki, UNESCO-nun xətti ilə görkəmli Azərbaycan yazıçısının 100 illik yubileyi geniş miqyasda qeyd edildi. Bu münasibətlə məmləkətin hər bölgəsində Mir Cəlalla bağlı müxtəlif yubiley tədbirləri keçirildi. Vaxtilə yaşayıb işlədiyi Gəncədə, Gədəbəydə, Bakıda yazıçının yaradıcılığını əks etdirən muzeylər açıldı, guşələr yaradıldı.

Məhəbbəti qəlblərdə yaşayan unudulmaz yazıçı və pedaqoq Mir Cəlal Paşayev apreldə dünyaya gəlmişdi. Bir payız günündə - sentyabrın 28-də dünyaya və canından artıq sevdiyi doğmalarına "əlvida" dedi. Vaxtilə ürəklərdə yandırdığı çıraq yenə də eyni şövqlə alovlanmaqdadır. Həqiqətən də el məhəbbəti qazanan insanlar heç vaxt unudulmurlar. Vaxtilə bu gözəl və müdrik insandan çox yaxşılıq, qeyri-adi himayədarlıq görmüş xalq şairi Nəriman Həsənzadə öz müəllimi haqqında ehtiramla danışır: "Mir Cəlal müəllim həqiqətən peyğəmbər təbiətli insan idi. Xeyirxahlıq onun qanında, canında idi".

Mir Cəlal bir nur çeşməsi idi. Bu çeşmədən pay götürənlər çox olub. Sevinirik ki, biz öz sevimli müəllimimizdən bir ömür manifestinin cizgilərini dərindən öyrənə bilmişik. Xalq şairi Süleyman Rüstəmin Mir Cəlalın 50 illik yubileyinə yazdığı şeirdə belə bir misrası var: "Sadə ürəklərdə yandırıb çıraq, qazandın ellərin məhəbbətini". El məhəbbəti qazananlar isə əbədi ömür sahibi olurlar.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.-2013.- 26 aprel.- S.12.