Qeyri-ənənəvi neft-qaz mənbələrinin qlobal enerji bazarına təsiri artır

 

"BP-nin qlobal enerji perspektivlərinə baxışı-2030" adlı sənədə əsasən, qeyri-ənənəvi neft və qaz mənbələrindən alınan hasilatda güclü artım 2030-cu ilə qədər qlobal enerji bazarlarına ciddi təsir göstərəcək. Bu, qlobal ticarət axınlarını yenidən balanslaşdıracaq.

Bu barədə şirkətin aparıcı iqtisadçısı Lev Fraynkman Azərbaycan jurnalistləri üçün həmin sənədin təqdimat mərasimi keçirilərkən dedi. O, sözügedən sənədin xülasəsini açıqladı və ayrı-ayrı enerji növləri üzərində dayanaraq onlara növbəti iki onillikdə tələbatın necə olacağı barədə danışdı.

Qeyd edək ki, L.Fraynkman BP-nin Moskva ofisində çalışır, makroiqtisadiyyatın, MDB ölkələrinin, o cümlədən Rusiyanın enerji sektorundakı proseslərin, eləcə də Avropanın qaz bazarındakı istiqamətlərin monitorinqi və təhlili ilə məşğul olur. BP şirkətinə gəlməzdən əvvəl 18 il Dünya Bankının Vaşinqtondakı ofisində işləyib. Ondan əvvəl isə  Moskvada Keçid İqtisadiyyatı İnstitutunda çalışıb. Onun elmlər namizədi, alimlik dərəcəsi var.    

BP Azərbaycan şirkətində keçirdiyi təqdimat mərasimində iqtisadçı alim birinci növbədə ikin enerji sahələrinə toxunaraq qeyd etdi ki, sənəddə 2030-cu ilə qədər ildə orta hesabla 1,6 faiz artan qlobal enerji tələbatı əks olunub. Artımın bu müddət ərzində orta səviyyədə olacağı və 2020-ci ilə qədər çoxalaraq ildə orta hesabla 2, sonra 2030-cu ilə qədər ildə 1,3 faiz təşkil edəcəyi gözlənilir. Bu artımın 93 faizi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) üzvü olmayan ölkələrin iqtisadiyyatına aid olacaq. Bunun da yarısından çoxu Çin və Hindistanın payına düşəcək. 2030-cu ilə qədər İƏİT-nin üzvü olmayan ölkələrin iqtisadiyyatında enerjidən istifadənin 2011-ci ilə nisbətən yüksək olacağı, yəni 61 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Belə ki, İƏİT-nin üzvü olan ölkələrdə enerjidən istifadədə 6 faiz artım müşahidə ediləcək. Bu rəqəm adambaşına düşən göstərici üzrə aşağı düşmüş olacaq.

İstifadə olunan yanacaq materiallarının növləri çoxalsa da, mədən yanacaqlarının işlədilməsi üstünlük təşkil edəcək. Neft, qaz və kömürün hər birinin 2030-cu ilə qədər bazardakı payının 26-28 faiz civarında olacağı proqnozlaşdırılır. Qeyri-mədən yanacaqlarının (nüvə, su enerjisi və bərpa olunan enerji mənbələri) hər birinin isə təxminən 6-7 faiz paya malik olacağı gözlənilir.

L.Fraynkman, ilk növbədə, qlobal enerji bazarında neftə olacaq tələbatdan danışdı. Qeyd etdi ki, neft 2030-cu ilə qədər əsas yanacaqlar sırasında ən zəif artan yanacaq növü olacaq. Ona olan tələbatın orta hesabla ildə 0,8 faiz artımı gözlənilir. Bununla belə, 2011-ci ilə nisbətən 2030-cu ildə neft və digər maye yanacaqlara tələbat daha yüksək olmaqla, gündə 16 milyon barelə çatacaq. Tələbatdakı bütün xalis artım İƏİT-nin üzvü olmayan ölkələrin payına düşəcək.

2030-cu ilə qədər neft və digər maye yanacaqların (o cümlədən bioyanacaq) təchizatında artım əsasən Amerika kontinentinin və Yaxın Şərqin payına düşəcək. Artımın yarısından çoxu qeyri-OPEK mənbələrindən irəli gələcək. ABŞ-dakı şist nefti, Kanadadakı neftli qum, Braziliyadakı dərinsulu yataqlar və bioyanacaqlar üzrə hasilatda artım baş verməklə hər hansı digər sahələrdəki hasilat azalmalarını kompensasiya edəcək göstəricidən də artıq səviyyəyə qalxacaq. Yeni şist nefti ehtiyatlarının hasilatında artım 2013-cü ildə ABŞ-ın Səudiyyə Ərəbistanını keçərək dünyanın ən böyük neft hasilatçısına çevrilməsi ilə nəticələnəcək. ABŞ-dakı neft idxalının 2011 və 2030-cu illər arasında 70 faiz azalacağı gözlənilir.

Tədbirdə təbii qazın ən sürətlə artan mədən yanacağı olacağı və ona tələbatın ildə orta hesabla 2 faiz artacağı bildirildi. Mayeləşdirilmiş təbii qaz hasilatının qaz istehlakına nisbətən iki dəfədən də çox sürətlə artacağı güman edilir. Bu artımın ildə orta hesabla 4,3 faiz olacağı və 2030-cu ilə qədər qaz təchizatındakı artımın 27 faizini təşkil edəcəyi gözlənilir.

Şist qazının təchizatının qaza tələbatdakı artımın 37 faizini ödəyəcəyi və 2030-cu ilə qədər dünyadakı qaz hasilatının 16 faizini, ABŞ-dakı qaz hasilatının 53 faizini təşkil edəcəyi düşünülür.

Neftdən sonra kömürün əsas yanacaqlar sırasında ən zəif sürətlə artan növ olacağı gözlənilir və kömürə tələbatın 2030-cu ilə qədər ildə orta hesabla 1,2 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Bu müddət ərzində 2020-ci ildən sonra artım zəifləyərək 0,5 faiz təşkil edəcək.

BP-nin sözügedən sənədi hazırlayan mütəxəssisləri bu fikirdədirlər ki, Fukuşimadakı qəzadan sonra durğunluğa baxmayaraq, nüvə enerjisinin hasilat gücü 2030-cu ilə qədər təxminən ildə 2,6 faiz civarında artacaq. Çin, Hindistan və Rusiya birlikdə dünyada nüvə enerjisindəki artımda 88 faiz paya malik olacaqlar. Həmin vaxta qədər su elektrik enerjisində artım 2 faiz  təşkil edəcək.

Bərpa olunan enerji mənbələri isə ən sürətlə artan enerji kateqoriyasına çevrilməkdə davam edəcək. Havaya atılan karbon tullantılarının 2011-ci ildən 2030-cu ilə qədər 26 faiz artacağı gözlənilir.

Sözügedən yanacaq növlərinin hər birindən ətraflı bəhs edən məruzəçi  jurnalistləri maraqlandıran çoxsaylı sualları da cavablandırdı.

 

 

Flora SADIQLI

 

Azərbaycan.-2013.- 26 aprel.- S.12.