Azərbaycanda əhalinin 92 faizi hökumətinə inanır

 

Azərbaycanda əhalinin 92 faizi hökumətinə inanır.

Bu barədə 2012-ci ilin sonuna Azərbaycan üzrə "Avropa Qonşuluğu Barometri" çərçivəsində keçirilən sorğuda bildirilir. Sorğu Avropa Qonşuluq Siyasəti ölkələrində ictimai rəyin öyrənilməsi üzrə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən layihə çərçivəsində 2012-ci ilin noyabr-dekabr aylarında 1000 respondent arasında keçirilmişdir.

"Avropa Qonşuluğu Barometri" (ictimai rəyin və media-monitorinqin tədqiqatı) Aİ tərəfindən maliyyələşdirilən regional informasiya proqramının bir hissəsidir və qonşuluq siyasətinin, Aİ əməkdaşlıq tədbirləri və proqramlarının məlumatlandırma və qəbuletmə səviyyəsinin qiymətləndirilməsinə istiqamətlənmişdir. Bu barədə Avropa Qonşuluğu İnformasiya Mərkəzinin yaydığı məlumatda bildirilir.

Sorğuda iştirak edən azərbaycanlılar öz həyatlarından məmnundurlar (bu, region ölkələrindən daha çoxdur) - rəyi soruşulanların 65 faizi öz həyatlarından razıdırlar. Həyatdan məmnunluq səviyyəsi gənclər və təhsil alan respondentlər arasında daha yüksəkdir.

Rəyi soruşulanların böyük əksəriyyəti öz hökumətinə (92 faiz) və parlamentə (68 faiz) inanır.

Həmçinin rəyi soruşulanlar ölkələrinin inkişaf istiqamətindən razıdırlar: 48 faiz hesab edir ki, Azərbaycan düzgün istiqamətdə hərəkət edir və yalnız 17 faiz bununla razılaşmır. İqtisadi əhval-ruhiyyə indeksi də yüksəkdir: rəyi soruşulanların 69 faizi iqtisadi vəziyyətin yaxşı olduğunu hesab edir. 60 faiz isə ölkədə gedən demokratik proseslərin nəticələrindən razıdır.

Respondentlərin 53 faizi hesab edir ki, Azərbaycan və Aİ arasında yaxşı əlaqələr formalaşmışdır. Bu nisbət orta hesabla Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin (AQTA) Şərq regionu üzrə (müvafiq olaraq 45 faiz və 29 faiz) nisbətən daha yaxşı göstəricidir.

Rəyi soruşulan respondentlərin yalnız 37 faizi Avropa İttifaqının öz ölkələri üçün strateji tərəfdaş olduğunu hesab edir, 51 faizi isə əmindir ki, tərəflər arasında səmərəli əməkdaşlıq üçün kifayət qədər ümumi dəyərlər vardır.

"Avropa Qonşuluğu Barometri"nin statistik məlumat və nəticələrinin nəşri 2012-ci il ərzində ölkələr üzrə Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsinin gedişi haqqında hesabatlar paketinin elanına uyğunlaşdırılmışdır. 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 27 aprel.- S.1.