Regional inkişaf proqramlarının uğurlu icrası əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına gətirib çıxarıb

 

Prezident İlham Əliyevin bölgələrə səfərləri bunu bir daha təsdiq etdi

 

Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasət tam mahiyyəti ilə vətəndaş amilinin mənafeyinin təmin olunmasına, insanların rifah halının yüksəlməsinə xidmət edir. Ölkəyə rəhbərlik etdiyi 10 ilə yaxın müddətdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərdi, onun ictimai rəydə alternativsiz rəhbər kimi qəbul edilməsini şərtləndirdi.

Ölkəmizdə 2003-cü ilin oktyabrından başlanan yeni inkişaf mərhələsində iqtisadi sahədə keçid dövrünün başa çatdırılması üçün qətiyyətli, çevik addımlar atılmış, zəruri islahatlar həyata keçirilmişdir. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin dövlətçilik irsinə sadiq olduğunu ötən müddətdə tam təsdiqlədi. Dövlət başçısı İlham Əliyev Azərbaycanın mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini ilk gündən dəqiq müəyyənləşdirdi. Azərbaycan Prezidenti müasir dünyada iqtisadi inkişaf potensialının hər bir dövlətin gücünü müəyyən edən başlıca amil kimi çıxış etdiyini haqlı olaraq ilk gündən önə çəkdi. Xüsusi qeyd etdi ki, ölkənin və xalqın bütün problemlərinin, - sosial çətinliklərin aradan qaldırılmasından tutmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinədək, - hər bir maneənin dəf edilməsinin ən başlıca yolu məhz iqtisadi tərəqqidən keçir. Təsadüfi deyildir ki, dövlət başçısı İlham Əliyevin ötən fəaliyyəti dövründə əsas ağırlıq mərkəzi bu sahənin üzərinə salındı.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında digər vacib məqam insan amili ilə şərtlənmiş, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin tikintisi, yeni yolların çəkilişi və əsaslı bərpası istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Bu da öz növbəsində insan amilinin yüksəlişinə, bölgələrdə mədəni-intellektual potensialın güclənməsinə, mənəvi-əxlaqi dəyərlərin daha möhkəm əsasda intişar tapmasına zəmin yaratmışdır. "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" - deyən dövlət başçısı İlham Əliyev bölgələrdə yaşayan vətəndaşların sosial-infrastruktur baxımından paytaxtla bərabər səviyyədə layiqli həyat tərzinin təmin olunmasına, regional inkişafdakı fərqin doğurduğu mənəvi-psixoloji fəsadların aradan qaldırılmasına çalışmışdır.

Dövlət proqramlarının icra vəziyyətini daim diqqət mərkəzində saxlayan Azərbaycan Prezidenti mütəmadi olaraq regionlara səfərlər edərək görülən işlərlə əyani tanış olmuş, mövcud problemlərin həlli üçün yerli icra orqanlarının rəhbərlərinə müvafiq tapşırıqlar vermiş, məmurlar qarşısında vəzifə məsuliyyətini, vətəndaşlara həssas münasibət məsələsini aktuallaşdırmışdır. Bu səfərlər dövlət başçısına vətəndaşların həyat tərzi, düşüncələri, arzu və istəkləri ilə maraqlanmaq, eyni zamanda, regionların inkişafı istiqamətində həyata keçirilən tədbirlərlə yaxından tanış olmaq imkanı yaradır. Prezident İlham Əliyev bu günlərdə Mingəçevir şəhərinə səfəri zamanı bildirib: "Müstəqilliymizin ilk illəri hamımızın yaxşı yadındadır. O vaxt əslində, Azərbaycanın müstəqil ölkə kimi yaşaması sual altında idi. Əvvəlki rəhbərlik ölkəni uçurum kənarında qoymuşdu. 1993-cü ildən bugünə qədər Azərbaycan inkişaf yolu ilə gedir, uğurla və sürətlə gedir. Bu günulu öndərin siyasi xətti davam etdirilir. Hər bir yerdə, hər bir bölgədə və hər bir istiqaməti üzrə onun qoyduğu yol bu gün inkişaf yoludur".

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının davamı kimi ötən dörd il yarımda ayrı-ayrı bölgələrin inkişafı ilə bağlı 13 əlavə sərəncam imzalanmışdır. Həmin sərəncamlar əsasında bəzi şəhər və rayonların inkişafı üçün əlavə tədbirlər planı müəyyən edilmiş, dövlət büdcəsindən zəruri maliyyə vəsaiti ayrılmışdır.

Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın başlıca məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır. Sahibkarlığın inkişafı da ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir.

Dövlət başçısının praqmatizmə və real əməli siyasətə söykənən siyasətinin əsas qayəsində məhz insan amili dayanmış, cənab İlham Əliyev xalq qarşısında verdiyi bütün vədlərə sadiq qalmaqla hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu təsdiqləmişdir. "Hər bir məmur xalqının xidmətçisi olmalıdır" - deyə hakimiyyəti xalqa layiqli xidmət məramı kimi dəyərləndirən dövlət başçısı eyni zamanda Nazirlər Kabinetinin müntəzəm olaraq xalq qarşısında hesabat verməsini, görülən işlər barədə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasını demokratik idarəetmənin zəruri tələbi kimi önə çəkmişdir.

Həyata keçirilən iqtisadi siyasətin əsasən sosialyönümlü mahiyyət daşıması bir sıra reallıqlarla şərtlənmiş, cəmiyyətin sosial sifarişini əks etdirmişdir. Aztəminatlı vətəndaşların sosial müdafiəsi, istehsalçı və istehlakçının maraqlarının uzlaşdırılması, bir sözlə, sosial-liberalizm xətti cənab İlham Əliyevin prezidentlik dövrünü səciyyələndirən prioritet istiqamətlərdən biri kimi diqqəti çəkir. Azərbaycanda yeni mülkiyyət formalarının yaranması, sahibkarlığın sürətli inkişafı, qiymətlərin tənzimlənməsi əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarını inkar etmir. 2009-cu il martın 18-də keçirilmiş ümumxalq referendumu ilə Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə edilmiş bir sıra mütərəqqi əlavələr də Azərbaycanda hər bir vətəndaşın normal yaşayış səviyyəsinin, sosial rifah halının yüksəldilməsi, firavan yaşayışının təmini yönümündə həyata keçirilən tədbirlərin mahiyyətindən irəli gəlmişdir. Həmin maddəyə edilmiş dəyişikliyə görə insan və vətəndaş hüquq azadlıqları ilə yanaşı, "Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi" dövlətin ali məqsədləri sırasına daxil edilmişdir. Bu əlavənin Konstitusiyada əksini tapması respublikanın maliyyə imkanlarının əhəmiyyətli dərəcədə artması, hökumətin iqtisadi siyasət strategiyasında sosialyönümlü məsələlərin prioritetə çevrilməsi ilə şərtlənmişdir.  Azərbaycan dövləti insan hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiəsi ilə öz vəzifəsini qətiyyən məhdudlaşdırmayıb, hər kəsin layiqli həyat səviyyəsinin təmin olunmasını da ciddi öhdəlik kimi üzərinə götürmüşdür.

Ölkəmizin sosialyönümlü iqtisadi siyasətinin ən parlaq göstəricilərindən biri də ötən 10 ildə 1 milyon 100 mindən çox yeni yerinin açılması, ciddi sosial bəla kimi özünü göstərən işsizlik probleminin əhəmiyyətli dərəcədə aradan qalxması, habelə yoxsulluq həddinin 44 faizdən 6 faizə enməsidir. Gənc ailələrin mənzillə təmini üçün ipoteka sisteminin yaradılması, eləcə də dövlət büdcəsindən maliyyələşən strukturlarda məvaciblərin mütəmadi olaraq qaldırılması bu istiqamətdə görülən mühüm tədbirlər sırasındadır.

2003-cü ildən ölkədə məqsədyönlü surətdə həyata keçirilən sosial infrastruktur layihələrinin əsasında da məhz insan amili, vətəndaşa layiqli xidmət məramı dayanmışdır. 3 min metr hündürlükdə yerləşən Xınalıq kəndinə yolun, sovet dövründən mavi yanacaq üzü görməyən Lerik və Yardımlıya qaz kəmərinin çəkilməsi buna sübutdur. Eləcə də Naxçıvanın davamlı olaraq elektrik enerjisiqazla təmin olunması, Bakıya Oğuz-Qəbələ zonasından su kəmərinin çəkilməsi, paytaxtda yeni körpülərin, yol ötürücülərinin, piyada keçidlərinin istifadəyə verilməsi, respublika əhəmiyyətli yollarda əsaslı yenidənqurma işlərinin aparılması, rayonlarda yeni təhsil, səhiyyə, mədəniyyət, Olimpiya-idman komplekslərinin tikintisi, çadır düşərgələrinin ləğvi, məcburi köçkünlər üçün yeni şəhərciklərin salınması və digər tədbirlər dövlət başçısı İlham Əliyevin iqtisadi siyasətinin dinamizmini, səmərəliliyini bir daha sübuta yetirir.

Ulu öndərin qurub-yaratdığı, müstəqilliyini möhkəmləndirdiyi müasir  Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Cənab İlham Əliyev çıxışlarında hər zaman bildirir ki, ölkənin yüksəlişi heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır. Azərbaycanın bugünkü dinamik iqtisadi inkişafı isə deməyə əsas verir ki, respublikamız yaxın gələcəkdə bütün sahələrdə dünyanın qabaqcıl ölkələrindən birinə çevriləcəkdir.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.-2013.- 27 aprel.- S.1.