Dövlət İdarəçilik Akademiyasında «Sabitlikdən sosial rifaha» kitabının təqdimatı olmuşdur

 

Aprelin 26-da Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri, professor Hadi Rəcəblinin "Sabitlikdən sosial rifaha" kitabının təqdimatı olmuşdur.

Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr edən və öz fəaliyyətində həmişə xalqa arxalanan ümummilli lider Heydər Əliyevə həsr olunmuş elmi-publisistik məqalələr toplusundan ibarət olan bu kitabda ulu öndərin həm sovet dönəmində, həm də ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycana rəhbərlik etdiyi müddətdəki fəaliyyətindən, əsasən də sosial sahədə həyata keçirdiyi islahatlardan geniş söhbət açılır. Kitabda həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı proqramların nəticələrindən, sosial müdafiə sistemində qazanılmış uğurlardan ətraflı bəhs olunmuşdur. Müəllif Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xeyirxahlıq missiyası barədə məlumatları da oxucuların diqqətinə çatdırır.

Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxış edərək ümummilli liderin 90 illik yubileyi ərəfəsində belə bir kitabın ərsəyə gətirilməsini yüksək qiymətləndirmişdir. Rektor qeyd etmişdir ki, akademiyanın məzunu olantaleyini bu təhsil ocağı ilə bağlayan professor Hadi Rəcəblinin yeni çapdan çıxan kitabı ulu öndər Heydər Əliyevin yubileyinə layiqli töhfə olmaqla yanaşı, həm də ölkəmizdə sosial siyasət sahəsində çalışan mütəxəssislər, bu sahənin tədqiqi ilə məşğul olan elm adamları üçün qiymətli vəsaitdir.

Milli Məclisin deputatı, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, professor Musa Quluzadə, parlamentin deputatları Musa Quliyev, Hüseynbala Mirələmov, Eldar İbrahimov və başqaları çıxış edərək ulu öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışmış, kitab haqqında fikirlərini bildirmişlər.

Sonda Hadi Rəcəbli kitabın Heydər Əliyev şəxsiyyətinə böyük məhəbbət və onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə inam və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xeyirxahlıq missiyasının doğurduğu rəğbət hissindən yazıldığını demişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 27 aprel.- S.2.