Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları Heydər Əliyev
Fondunda olmuşlar
Azərbaycan Respublikası Xüsusi Dövlət
Mühafizə Xidmətinin (XDMX) əməkdaşları
aprelin 26-da Heydər Əliyev Fondunda olmuşlar.
AzərTAc
xəbər verir ki, ulu öndər Heydər Əliyevin anadan
olmasının 90 illiyi ilə bağlı ziyarətə gələn
Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarına
Fondun fəaliyyəti haqqında ətraflı məlumat
verilmişdir.
Bildirilmişdir ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir. Müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək edir.
XDMX-nin əməkdaşları Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetirmişlər. Onlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə maraqla tamaşa etmişlər.
Sonra
Fondun qonaqları Heydər Əliyevin şərəfli
ömür yolundan bəhs edən "Böyük
ömrün anları" sənədli filminə
baxmışlar. XDMX-nin əməkdaşları Fonddan zəngin
təəssüratla ayrılmışlar.
Azərbaycan.-2013.- 27 aprel.- S.2.