Ulu öndər Bakı şəhərinin telefon rabitəsinin inkişafını təmin etdi

 

Azərbaycanın çağdaş tarixi dahi siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev bəşəriyyətin yetişdirdiyi böyük tarixi şəxsiyyətlərdəndir.

Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün mərhələlərində Azərbaycan xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə qurub - yaratmaq amalı ilə yaşamışdır. Özünün zəngin və mənalı həyatı boyu daim xalqını, doğma vətənini düşünmüş, onu üzləşdiyi çətinliklərdən xilas etmək üçün böyük fədakarlıqlar göstərmişdir. Azərbaycan tarixinin 1969-cu ildən başlanan mərhələsində - istər keçmiş İttifaq dövründə, istərsə də müstəqillik illərində qazandığı bütün nailiyyətlərin əldə olunmasında məhz dahi şəxsiyyət Heydər Əliyev fenomeni, qüdrəti və dühası, uzaqgörənliklə həyata keçirdiyi müdrik siyasi kurs dayanıb. Azərbaycan dövlətçiliyinin təməlini ulu öndər hələ o vaxtlar respublikaya rəhbərlik etdiyi zaman yaratmışdır. O, Azərbaycanı sovet dövründə geridə qalmış respublikadan inkişaf etmiş sənaye ölkəsinə çevirdi. 1969-1982-ci illərdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan keçmiş SSRİ-nin tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik olan respublikaya çevrilmiş, ölkəmizin gələcək müstəqilliyi üçün möhkəm təməl yaranmışdır. 1969-1982-ci illərdə Azərbaycanda güclü iqtisadiyyatın təməlinin qoyulmasının nəticəsidir ki, indiki müstəqil Azərbaycan qısa bir müddət ərzində yüksək iqtisadi inkişafa nail olmuşdur. Ulu öndər Heydər Əliyevin 1993-2003-cü illərdə gördüyü möhtəşəm işlər onun ölkəmizə rəhbərliyinin birinci dövründəki xidmətlərinin davamı kimi səciyyələndirilir. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü tariximizə quruculuq salnaməsinin ən parlaq səhifəsi kimi daxil olub.

Azərbaycan Prezidenti İlham Əliyevin 21 yanvar 2013-cü il tarixli "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" sərəncamında qeyd olunur: "Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətimizin tarixində müstəsna yeri vardır. Azərbaycan məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir".

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışı ərəfəsində ölkəmiz qısa bir müddət ərzində əldə etdiyi müstəqilliyini yenidən itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdır. Belə bir ağır vəziyyətdə xalqının səsinə həmişə səs verən ulu öndər vətəni Azərbaycanın taleyinə biganə qalmayaraq Naxçıvandan Bakıya gəldi. Öz həyatını böyük təhlükə altına atmaqla ölkədə vətəndaş müharibəsinin qarşısını almağa nail oldu. Respublikamızda tüğyan edən özbaşınalığın, xaosun, anarxiyanın qarşısı alındı, qanunsuz silahlı dəstələr tərk-silah edildi. Ölkədə sabitlik bərqərar oldu, Azərbaycan parçalanıb məhv olmaq təhlükəsindən xilas olundu. Bu, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" - deyib, meydana atılan böyük ürəkli, cəsarətli Vətən oğlunun öz milləti, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Bu, Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq tarixi idi. Azərbaycanı daim müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyətin öz məqsədlərini uğurla həyata keçirdiyi dövrün unudulmaz səhifələridir.

Ümummilli lider Heydər Əliyevin adı və şərəfli həyatı öz Vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə xidmətin əsl nümunəsi kimi əbədi yaşayaraq, Azərbaycanın indiki və gələcək nəsillərinə daim örnək olacaqdır. O, öz şərəfli və möhtəşəm fəaliyyətilə müasir, müstəqil Azərbaycan dövlətini yaradaraq, onun idarəçilik mexanizmini formalaşdırdı. Bu gün qürur hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycan dövləti ulu öndərin şah əsəridir, onun öz xalqı qarşısında əvəzsiz tarixi xidmətidir. Heydər Əliyev dəfələrlə bəyan etmişdir: "Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm, Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək ".

Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin və siyasi iradəsinin məntiqi nəticəsi olaraq 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin, o cümlədən də rabitə sahəsinin sürətli inkişafına güclü təkan verdi. Onun uzaqgörənliklə həyata keçirdiyi uğurlu neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını mənimsəyən, yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında və Qafqaz regionunda çox mühüm rol oynayan bir dövlətə, dünyanın böyük neft-qaz mərkəzlərindən birinə çevrilmişdir. 1999-cu ildə ATƏT-in İstanbul zirvə toplantısında Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşasına dair bağlanmış saziş Azərbaycanın indiki iqtisadi inkişafı baxımından müstəsna əhəmiyyətə malik olmuşdur.

Heydər Əliyevin dövlət quruculuğundakı müstəsna xidmətlərindən biri də demokratik və hüquqi islahatların ardıcıl olaraq həyata keçirilməsidir. O, hər şeydən öncə, insan hüquq və azadlıqlarının təminatı məsələlərinə xüsusi diqqət yetirmişdir. Ulu öndərin rəhbərliyi ilə hazırlanan, dünyada mövcud olan ən mütərəqqi hüquqi normaları özündə əks etdirən müstəqil Azərbaycanın ilk Konstitusiyasının 1995-ci ilin 12 noyabrında ümumxalq referendumu ilə qəbul olunması respublikamızın inkişaf prioritetlərini müəyyənləşdirmiş, iqtisadi, siyasi və iqtisadi islahatların bazisinə çevrilmişdir. Əsas Qanunda xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, dövlətin demokratik, hüquqi və dünyəviliyi, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunmasının təməl prinsipləri təsbit olunmuş, insan hüquq və azadlıqlarının təmini dövlətin ali məqsədi kimi önə çəkilmişdir. Yeni Konstitusiyanın qəbulundan sonra müstəqil Azərbaycanda çoxpartiyalı sistem, siyasi plüralizm, söz azadlığı bərqərar olmuş, dövlətin idarəçilik sistemi tamamilə yenidən qurulmuş, məhkəmə-hüquq islahatları uğurla davam etdirilmişdir. Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə ölüm cəzasının, mətbuat üzərindən senzuranın ləğvi, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması və digər işlər demokratik inkişaf yolunda qazanılmış ən mühüm nailiyyətlərdəndir. Azərbaycanın ilk milli Konstitusiyasında mənəvi sərvətlərimizə, dinimizə, tarixi irsimizə qayğı dövlət səviyyəsinə qaldırıldı, əlifba islahatı həyata keçirildi. Başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya və dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni milli ideologiyanın əsası qoyuldu. Heydər Əliyev erası dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş milyonlarla azərbaycanlını milli məfkurə əsasında birləşdirib onların tarixi vətənlərinə və dövlətə bağlanmasını Azərbaycan diasporunun yaradılmasını və möhkəmləndirilməsini təmin etdi.

Böyük öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində ölkə rabitəsinin də inkişafına xüsusi diqqət və qayğı göstərmiş, rabitə və informasiya - kommunikasiya texnologiyaları kompleksinin müasir tələblər səviyyəsinə çatdırılması üçün genişmiqyaslı tədbirlər, islahatlar həyata keçirmişdir. Heydər Əliyevin istər Azərbaycana rəhbərliyinin, istər birinci, istərsə də, ikinci dövründə həyatımızın bütün sahələrində olduğu kimi, rabitə sahəsində də intibah və tərəqqi başlamışdır. "Müstəqil dövlətin müstəqil rabitəsi olmalıdır" - deyən ümummilli liderimizin gərgin əməyi, uzaqgörən siyasəti nəticəsində bu gün ölkəmiz dünya rabitə sistemində özünə xüsusi yer tutmuşdur. Heydər Əliyev bu mühüm və vacib sahənin respublikamız üçün əhəmiyyətini vurğulayaraq demişdir: "Telekommunikasiya, rabitə, əlaqə böyük əhəmiyyətə malik olan bir sektordur. Bu sektorda bizim nailiyyətlərimiz Azərbaycanın iqtisadi əlaqələrini, insani əlaqələrini, bütün dünya ölkələri ilə əlaqələrini və bütün Azərbaycan Respublikasının həyata keçirəcəyi siyasəti dünya miqyasında bildirməsi üçün çox əhəmiyyətlidir". Uzaqgörən milli lider qeyd edirdi ki, müasir informasiya - kommunikasiya texnologiyaları sisteminə malik olmayan hər hansı bir dövlətin iqtisadi inkişafından söhbət gedə bilməz. O vurğulayırdı ki, o dövlətlər yüksək inkişafa nail olurlar ki, onlar İnformasiya Kommunikasiya Texnologiyalarından geniş istifadə edirlər. Bu səbəbdəndir ki, ulu öndərimiz Heydər Əliyev Azərbaycanın rabitə sisteminin dünya rabitəsinə sürətli inteqrasiyasını, uyğunlaşdırılmasını təmin etmək məqsədi ilə 2003-cü ildə imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya - kommunikasiya (İKT) üzrə (2003 - 2012-ci illər) Milli Strategiya" respublikanın rabitə sistemində çox böyük intibaha səbəb oldu. Uzaqgörənliklə hazırlanmış bu mühüm sənədin ölkəmizdə tətbiqi sahəsində 10 ilə yaxın müddətdə müasir informasiya texnologiyalarının prioritet istiqamətləri müəyyənləşdirilmiş, qloballaşma dövrünün reallıqları nəzərə alınmaqla çevik idarəetməni təmin edərək "Elektron hökümət"in yaradılması əsas məsələlərdən biri kimi önə çəkilmişdir. Bunun nəticəsidir ki, hazırda Azərbaycan  qlobal informasiya cəmiyyətinin qurulmasında ən öndə gedən ölkələrdən birinə çevrilmişdir.

Bakı telefon rabitə sisteminin zəngin inkişaf tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlı olub, 1969-1982 və 1993-cü ildən indiyə kimi dövrü əhatə etməklə iki mərhələdən ibarətdir.

Ulu öndər 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda, Bakının telefon rabitəsi keçmiş SSRİ-nin digər böyük şəhərləri ilə müqayisədə çox geri qalırdı. Bakı keçmiş İttifaqın beşinci böyük şəhəri olsa da, şəhərin telefon şəbəkəsi dövrünə görə köhnə texnologiyalar əsasında qurularaq, təsnifatına görə kiçik tutumlu və telefon nömrələnmə sistemi o dövrlərdə rayon mərkəzlərində olduğu kimi beş rəqəmli idi. Hər yüz nəfərə düşən telefon sayına görə on beş İttifaq respublikaları paytaxt şəhərləri arasında Bakı on dördüncü yeri tuturdu. Belə bir vəziyyət, əlbəttə, Heydər Əliyev kimi müdrik rəhbəri narahat edirdi. Respublikanın ictimai, siyasi və iqtisadi inkişafında telefon rabitəsinin əhəmiyyətini yüksək qiymətləndirən ulu öndər respublikada, eləcə də Bakıda bu sahədə mövcud olan acınacaqlı vəziyyəti aradan qaldırmaq üçün 1970-ci il iyun ayının 24-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Bürosunda "Respublikada rabitə vasitələrinin vəziyyəti və gələcək inkişafı üzrə tədbirlər haqqında" məsələni müzakirəyə çıxardı və büroda bu məsələ haqqında xüsusi qərar qəbul edildi. Bundan sonra respublikanın hər yerində, o cümlədən Bakı şəhərində rabitə qurğularının və avtomatik telefon stansiyaların tikintisi üçün münbit zəmin yarandı. Dahi rəhbərin bu sahəyə göstərdiyi xüsusi diqqət nəticəsində cəmi bir il ərzində Bakının telefon şəbəkəsini orta tutumlu şəbəkə səviyyəsinə yüksəltmək üçün şəbəkədə altı rəqəmli nömrələnmə sisteminə keçildi, yeni-yeni telefon stansiyalarının tətbiqinə imkan yarandı.

Bakı şəhərində telefon şəbəkəsinin problemlərinin həllini daim diqqət mərkəzində saxlayan ulu öndərin  göstərişi ilə Mərkəzi Komitə və Nazirlər Soveti 1974-cü il avqust ayının 30-da "Bakı şəhərində telefon rabitəsinin vəziyyəti və onu sürətlə inkişaf etdirmək tədbirləri haqqında" 304 saylı tarixi qərar qəbul etdi. Bu tarixi qərarla ümumi tutumu yüz altmış dörd min dörd yüz nömrəli, o dövr üçün müasir olan onlarla avtomatik telefon stansiyaların tikilməsi Bakıda telefon rabitəsinin böyük sürətlə inkişaf mərhələsinin başlanğıcı oldu. Şəhər telefon şəbəkəsini genişləndirmək və etibarlı rabitə sistemi yaratmaq üçün əvvəlcə dövrün tələblərinə uyğun infrastruktur yaradılmalı idi. Belə ki, tikiləcək bütün ATS binaları üçün torpaq sahəsi ayrılması, binaların və ATS-lərin layihələndirilməsi, həmin layihələrin SSRİ Plan Komitəsində təsdiq olunması, Moskvadan telefon stansiyaları avadanlıqlarının ayrılması və s. tələb olunurdu. Respublikamızda, o cümlədən Bakı şəhərində belə irimiqyaslı layihələrin həyata keçirilməsi məhz Heydər Əliyevin SSRİ məkanında böyük nüfuzu sayəsində mümkün olurdu. Bu layihə üzrə bina tikinti xərcləri şəhər sovetinin vəsaiti hesabına, yeraltı telefon kommunikasiyalarının tikintisi, torpağın qazılması və daşınma işlərinin əksəriyyəti şəhər və rayon ictimaiyyətinin qüvvəsi ilə təmənnasız aparılırdı. Orta hesabla ay ərzində 20-30 kilometr xəndək qazılır, telefon kanalizasiya qurğuları tikilirdi. Bakı Şəhər İcraiyyə Komitəsinin rəhbərliyi ilə bütün idarə və müəssisələr səfərbər edilmiş, Rabitə Nazirliyində, Bakı Telefon Rabitəsi Şəbəkəsində, şəhər partiya və icraiyyə komitələrində qərargahlar yaradılmışdı. İşin gedişi isə ayda 1-2 dəfə Mərkəzi Komitənin aparıcı şöbələrində və Bakı Şəhər Partiya Komitəsində müzakirə olunaraq, hər rayon üzrə verilən tapşırıqların yerinə yetirilməsi haqqında ciddi göstərişlər verilirdi.

Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ötən əsrin 70-ci illərində tikilmiş xüsusi binalar və yeraltı telefon-kanalizasiya xətləri infrastrukturu bazası üzərində Bakı telefon və digər rabitə şəbəkələri indi də genişlənir və müasirləşir.

O dövrdə digər sahələrdə olduğu kimi, rabitə sahəsində çalışan rəhbər kadrların və mütəxəssislərin əsasən azərbaycanlı olması üçün müdrik rəhbər uzaqgörən siyasət yeridirdi. Hələ Azərbaycanda siyasi hakimiyyətinin ilk mərhələsində Heydər Əliyevin Azərbaycanın parlaq və müstəqil gələcəyinə hesablanmış addımlarından biri də azərbaycanlı gəncləri keçmiş Sovetlər Birliyinin nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi. Ulu öndər 1970-1980-ci illərdə SSRİ-nin 50-dən artıq şəhərinin 170-dən çox ali məktəbində ölkəmizin elm, təhsil və mədəniyyətinin səksəndən artıq sahəsini əhatə edən 250-dən çox ixtisas, o cümlədən telefon rabitəsi üzrə azərbaycanlı gənclərin ali təhsil almasını həyata keçirib. Azərbaycan Dövlət Politexnik İnstitutuna tələbə qəbulu zamanı Rabitə Nazirliyinin təklifləri nəzərə alınırdı. Beləliklə, 1980-ci ilə qədər rabitə sahəsində kifayət qədər milli kadr ehtiyatı yaranmışdı. Məhz bu kadrlar sayəsində sonralar müstəqilliyimiz dövründə ölkəmizin və Bakı rabitə şəbəkələrinin normal işi və müasir texnologiyalar əsasında yenidən qurulması həyata keçirilir.

Müstəqilliyimiz dövründə ulu öndər özünün bütün xarici səfərlərində həmin ölkələrin aparıcı şirkətlərini Azərbaycan iqtisadiyyatına, o cümlədən rabitə sektoruna sərmayə qoymağa təşviq edirdi. Heydər Əliyevin 1994-cü ildə Londona rəsmi səfəri çərçivəsində bir sıra sənədlərlə yanaşı, Azərbaycanla Böyük Britaniyanın "Ci-Pi-Ti" telekommunikasiya şirkəti arasında əməkdaşlıq haqqında saziş də imzalanmışdır. Bu saziş nəticəsində "AzEvroTel" Birgə Müəssisəsi yaradıldı və 92 saylı ATS-in bazasında 92/97 indeksli elektron avtomat telefon stansiyası qurularaq paytaxt sakinlərinin istifadəsinə verildi.

Müdrik rəhbər 1997-ci ildə "AzEvroTel" BM-in təntənəli açılış mərasimində yeni ATS-in əhəmiyyətini yüksək qiymətləndirərək rabitənin mühüm sahə olduğunu bir daha qeyd edərək demişdir:

- "Bu, çox mühüm sahədir, çünki müasir dünyada, xüsusən, hər bir müstəqil dövlətin dünya şirkətlərini, firmalarını əməkdaşlığa cəlb etməsi və bu işlərin səmərəli aparılması üçün rabitə çox böyük rol oynayır. Rabitənin də müasir səviyyədə olması, günün tələblərinə cavab verməsi, bütün işlərin gedişində sürətləndirici rol oynaması indi artıq reallıqdır".

Heydər Əliyev 1994-cü ilin fevral ayında qardaş Türkiyə Respublikasına səfərində Türkiyə telekommunikasiya şirkətlərinin işi ilə şəxsən maraqlanmış, ölkənin ən böyük telekommunikasiya avadanlıqları istehsal edən "NETAŞ" şirkətində olmuş və Türkiyə telekommunikasiya şirkətləri ilə Azərbaycan arasında iş birliyi qurmasını tövsiyə etmişdir. Nəticədə Türkiyənin "NETAŞ" və "TELETAŞ" şirkətləri ilə geniş əməkdaşlıq nəticəsində Bakının telefon şəbəkəsinin elektronlaşmasında əsaslı işlər görüldü. 1993 -2003-cü illər Bakı və Bakı ətrafı qəsəbələrdə 450 min nömrə rəqəmli elektron telefon stansiyaları tikilərək istifadəyə verildi. Bakının bütün  kənd və qəsəbələri telefonlaşdırıldı. 2002-ci ildə telefon növbəliyi ləğv edildi.

Unudulmaz rəhbər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Bakıda bir sıra rabitə obyektləri tikilmişdir. Qobustan qəsəbəsində 3072 nömrə tutumlu, Binəqədi rayonunun Ordubadi küçəsində 1500, Əmircan qəsəbəsində 1472, Badamdar qəsəbəsində 1800, Ramanı qəsəbəsində 1800 nömrəlik yeni ATS-lər, Sahil-Qobustan qəsəbələrində CDMA-nın yeni baza stansiyası istifadəyə verilmiş, ATS-491 və ATS-446 arasında 32 km 144 lifli optik kabel çəkilmiş, Xətai Telefon Qovşağında abunəçilərə elektron növbəlik sistemi ilə xidmət göstərilməsi təşkil olunmuşdur.

Yubileylə əlaqədar yeni telefon çəkilişi tarifinə 50 faiz güzəşt tətbiq etmək, eləcə də güzəştli şəxslərə telefon aparatı hədiyyə vermək üçün mart ayının 11-dən may ayının 31-ə kimi kampaniya keçirilir. Kampaniya müddətində Bakı şəhər ərazisində daşınan IP telefon nömrələri endirimlə 20 manat tariflə çəkilir. Artıq mart ayının 11-dən bu günə kimi kifayət qədər istifadəçi güzəştli tariflərlə telefon çəkdirmişdir. Kampaniya çərçivəsində Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə və aztəminatlı ailələrə telefon aparatı hədiyyə edilir.

Heydər Əliyevin bu siyasi kursu bu gün onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən informasiya - kommunikasiya texnologiylarının respublikamızda geniş tətbiqi bu kursda prioritet təşkil edir. Bu haqda danışarkən ölkə Prezidenti İlham Əliyev demişdir: "Mən növbəti illərdə prioritet arasında, ilk növbədə, informasiya-kommunikasiya texnologiyalarını görürəm. Çünki ümumiyyətlə, dünyanın inkişafı bu istiqamətdə gedir. Ona görə də bu sahəyə xüsusi diqqət göstərilməlidir. İKT-nin dinamik inkişafını təmin etmək məqsədilə ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illər Bakının sosial iqtisadi inkişafı haqqında" dövlət proqramında Bakının bütün qəsəbələrində telefon stansiyalarının ən müasir texnologiyalar əsasında yenidən qurulması nəzərə alınıb. 2013-cü ilin 3-cü rübünün sonuna kimi bu proqramdakı bütün obyektlərin tikintisi müfəvəqiyyətlə başa çatacaqdır. Ölkəmizin hər bir qəsəbə və kəndlərində də əhalinin sürətli internetdən istifadəsi məqsədi ilə  Azərbaycanın hər bir evə kimi 20100 Mbit/s sürətli internet layihəsinin maliyyələşdirilməsinin Dövlət Neft Fondunun hesabına maliyyələşdirilməsi haqqında hörmətli Prezident tərəfindən göstəriş verilmişdir. Ölkə Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində paytaxtın İKT  texnologiyaları şəbəkəsi müasir dünya standartları səviyyəsində sürətlə inkişaf edir. Hazırda Bakı şəhərində əlavə olaraq tikilmiş yeni evlərə və yaşayış massivlərinə  telefon və İKT xidmətlərinin göstərilməsi üçün mütəmadi işlər görülür.  Beləliklə, şəhərin  telefon abunəçilərinin sayı 820 min nəfəri ötüb, internet xidmətində isə idarə müəssisələrə, biznes strukturlarına, Beynəlxalq neft konsesiuma daxil olan xarici şirkətlərə, bank, təhsil müəssisələrinə, səhiyyə müəssisələrinə və s. ofisə kimi optika ilə tələb olunan sürətli internet xidməti göstərilir. Əlavə olaraq mis fiziki kabellərlə 250 mindən çox abunəçiyə "ON-line" rejimində sürətli internet xidməti göstərilir. Hal-hazırda Bakı şəhər əhalisinin yetmiş beş faizindən çoxu sürətli internetdən istifadə edir.

Paytaxt rabitəçiləri həmişə olduğu kimi, ulu öndər Heydər Əliyev ideyalarına sadiqdir və bundan sonra da dahi şəxsiyyətin seçdiyi inkişaf yolu ilə inamla irəliləyəcəklər.

 

 

Beytulla HÜSEYNOV,

"Bakı Telefon Rabitəsi" İstehsalat

Birliyinin baş direktoru

 

Azərbaycan.-2013.- 27 aprel.- S.3.