Heydər Əliyev - 90: Əməkçi
hüquqlarının müdafiəçisi
"Azərbaycan"
qəzetinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birgə keçirdiyi "dəyirmi
masa"
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik
yubileyinə az qalır. Artıq xeyli müddətdir ki,
ölkənin hər yerində ulu öndərin yubileyinə həsr
olunmuş tədbirlər keçirilir.
"Azərbaycan"
qəzeti Prezident İlham Əliyevin sərəncamından irəli
gələrək ulu öndərin 90 illik yubileyi ilə əlaqədar
müxtəlif mövzuları əhatə edən "dəyirmi
masa"lar keçirir. Növbəti "dəyirmi masa"
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə
birgə təşkil olundu. "Heydər Əliyev və Azərbaycan
həmkarlar ittifaqları" mövzusunda keçirilən
"dəyirmi masa"da AHİK-in və sahə həmkarlar
ittifaqları respublika komitələrinin nümayəndələri
iştirak edirdilər.
Tədbiri
giriş sözü ilə açan "Azərbaycan" qəzetinin
baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV dedi:
-
Xalqların, dövlətlərin üzləşdikləri fəlakətlərin
aradan qaldırılmasında şəxsiyyətlərin qətiyyəti,
prinsipiallığı, tutduqları mövqe və
xarizması böyük əhəmiyyətə malikdir.
1991-1993-cü illərdə ölkəmizin
düşdüyü xaotik proseslər təsdiq edirdi ki,
yalnız qətiyyətli, iradəli siyasi lider
başımızın üstünü almış
bütün təhlükələri aradan qaldıra bilər.
1993-cü
ildə ölkə ictimaiyyətinin ümüd bəslədiyi,
inandığı bu lider Heydər Əliyev idi. Bu mənada,
dövlət idarəçiliyindəki kobud səhvlərin məntiqi
nəticəsi olaraq ağır sosial-iqtisadi gərginliyin pik həddinə
çatdığı, ölkənin vətəndaş
müharibəsi təhlükəsi ilə üz-üzə
qaldığı, Azərbaycanın dağılmaq və
parçalanmaq təhlükəsi ilə üzləşdiyi
vaxtda xalqımızın böyük oğlu Heydər Əliyevə
üz tutması təsadüfi deyildi. Hər kəs
yaxşı anlayırdı ki, ölkədəki hərc-mərcliyi,
itaətsizliyi, anarxiyanı, Gəncədə
başlanmış qardaş qırğınını
yalnız bu böyük insan aradan qaldıra bilər. Bunun
üçün Naxçıvana - ulu öndərin
ünvanına yüzlərlə məktub, teleqram göndərilirdi.
Bu müraciətlər təkcə maddi-mənəvi
iztirablara məruz qalan bir xalqın, sadəcə, vəziyyətdən
çıxış yolu deyildi. Bu, həm də Azərbaycan
dövlətçiliyinin yaşaması, hələ kövrək
olan müstəqilliyimizin qorunması üçün qəbul
edilən tarixi bir ümumxalq qərarı idi!
Həmin ağır günlərdə
Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin
tələb və istəyi ilə hakimiyyətə qayıdan
ulu öndər Heydər Əliyev müstəqil dövlətçiliyimizi,
suverenliyimizi bütün təhlükələrdən, təhdidlərdən
xilas etdi. 1993-cü ilin iyunundan dövlətimizin idarəçilik
sükanının arxasına keçən ümummilli lider
xilaskarlıq missiyasını müdrikliklə, yenilməz
iradə, qətiyyət və böyük uzaqgörənliklə
yerinə yetirməyə başladı. Heydər Əliyevin
qayıdışı ilə hakimiyyətsizliyə son qoyuldu,
separatçı qüvvələr zərərsizləşdirildi,
vətəndaş müharibəsi təhlükəsinin
qarşısı alındı. Azərbaycanın dövlətçiliyinə,
müstəqilliyinə və ərazi bütövlüyünə
qəsdlər hazırlayan cinayətkar ünsürlər cəmiyyətdən
təcrid edildi, nizami silahlı qüvvələr
yaradıldı, dövlətin və xalqın maraqlarına
cavab verən iqtisadi sistem quruldu. Vətəndaşların
sosial müdafiəsinin gücləndirilməsi dövlət
siyasətinin prioritet istiqamətlərindən biri elan edildi.
Demokratik islahatlar kursunun həyata keçirilməsinə
başlanıldı, ölkəmizdə tarixən mövcud
olmuş tolerantlıq mühiti daha da möhkəmləndirildi.
Beləlikə, ulu öndər Heydər Əliyevin sayəsində
Azərbaycanın dövlət müstəqilliyi faktiki şəkildə
təmin edildi. Heydər Əliyev ölkəni gözləyən
bütün təhlükələri dəf etməklə Azərbaycanın
müstəqilliyinin möhkəm təməlini qoydu,
xalqımızın azadlıq intibahının banisi oldu!
Ümummilli
lideri Heydər Əliyevin doğum günü hər il
respublikamızın bütün guşələrində
böyük coşqu ilə qeyd edilir. Ulu öndərin xatirəsi
ehtiramla yad olunur, onun dövlətçilik irsinin təbliğinə
və öyrənilməsinə həsr olunmuş müxtəlif
tədbirlər, müsabiqələr, o cümlədən
idman yarışları təşkil olunur. 2013-cü il isə
bu baxımdan xüsusilə əlamətdardır.
Çünki bu il Heydər Əliyevin 90 illik yubileyidir.
Prezident İlham Əliyev bu barədə müvafiq sərəncam
imzalayıb.
"Azərbaycan"
qəzetinin mütəmadi olaraq keçirdiyi "dəyirmi
masa"larda dövlətçiliyimiz üçün aktual
olan, ictimaiyyət tərəfindən maraqla qarşılanan
mövzular, məsələlər müzakirə edilir. Bu ilin
fevral ayından etibarən Prezidentin sərəncamına
uyğun olaraq, qəzetimiz Heydər Əliyevin 90 illiyinə həsr
olunmuş "dəyirmi masa"lar keçirir. Növbəti
"dəyirmi masa"nın AHİK-lə birgə
keçirilməsi təsadüfi deyil.
Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasından
sonra cəmiyyətin digər sahələri kimi, həmkarlar
ittifaqlarının da fəaliyyətinin yeni dövrün tələblərinə
uyğunlaşdırılması lazım idi. Lakin yeni
dövrün çağırışlarına uyğun fəaliyyət
göstərmək həmkarlar ittifaqları üçün
o qədər də asan deyildi. Ulu öndər Heydər Əliyevin
1993-cü ildə xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışından sonra həmkarlar
ittifaqlarının cəmiyyətdəki rolu yeni dövrün
tələblərinə uyğun formalaşmağa və
artmağa başladı. Həmin ağır günlərdə
respublikamızı dərin siyasi və sosial-iqtisadi
böhrandan çıxarmaq kimi çox çətin bir
işlə məşğul olmasına baxmayaraq, ümummilli
lider Heydər Əliyev həmkarlar ittifaqı təşkilatlarına
da qayğısını əsirgəmədi. Onu müxtəlif
siyasi qüvvələrin hücumlarından qorudu. Tarixi ənənələrə
malik bu təşkilatın öz missiyasını yerinə
yetirməsi üçün hərtərəfli şərait
yaratdı.
Ümumiyyətlə,
həmkarlar ittifaqları hər zaman ümummilli liderin
qayğısını öz üzərində hiss edib.
Bütün bunlar Konfederasiyanın güclənməsinə,
cəmiyyətdə nüfuzunun artmasına xidmət edib. Azərbaycan
həmkarlar ittifaqları ümummilli lider Heydər Əliyevin
diqqət və qayğısını yüksək qiymətləndirib.
Ölkəmizdə ilk dəfə olaraq məhz həmkarlar
ittifaqları özünün I və II qurultaylarında
ümummilli liderin prezidentliyinə namizədliyini irəli
sürmüşdü.
Ötən
20 ildə Azərbaycan həmkarlar ittifaqları böyük
inkişaf yolu keçib. "Dəyirmi masa"da
çıxış edənlər bu məsələlərlə
bağlı təmsil etdikləri sahələr üzrə ətraflı
danışacaqlar. Əvvəlcə çıxış
üçün söz AHİK-in sədr müavini Aqil
Dadaşova verilir.
Aqil DADAŞOV:
- Bu
gün bu "dəyirmi masa" ətrafına toplaşan həmkarlar
ittifaqlarının məsul əməkdaşları cəmiyyətin
müxtəlif sahələrində çalışan
insanların sosial-iqtisadi mənafelərini müdafiə edən
təşkilatların təmsilçiləridirlər.
İndi hər biriniz həmin sahənin timsalında
ümummilli lider Heydər Əliyevin xidmətlərindən
konkret faktlarla söhbət açacaqsınız. Biz bir daha
ümummilli liderin çoxşaxəli fəaliyyətinin, hər
rəhbərə qismət olmayan daxili enerjisinin, fenomen təfəkkürünün
müqabilində bir Azərbaycan vətəndaşı kimi fəxarət
hissi keçirəcəyik. Mənə şəxsən bu
böyük insanla iki dəfə söhbət etmək səadəti
qismət olub. Bir "Bakı" qəzetində müxbir,
bir də AHİK sədrinin müavini işlədiyim
zamanlarda. Bu məqamlar çox qısa vaxtı, dəqiqələri
əhatə etsə də, məndə bir ömürlük təəssürat
yaradıb. Həm bir insan, həm də rəhbər kimi nə
qədər sadə, nə qədər müdrik olduğunu
görmüşəm. Məhz bu sadəliyinə,
müdrikliyinə, Vətəninə məhəbbətinə
görədir ki, xalq ən ağır, ən
çıxılmaz vəziyyətə düşdüyü
günlərdə Heydər Əliyevə üz tutdu, onu
köməyə çağırdı. Xalqın təkidi ilə
ikinci dəfə hakimiyyətə qayıdışından
sonra artıq uçuruma yuvarlanmaq ərəfəsində olan
Azərbaycan varlığını qoruyub saxlaya bildi. Ermənistanın
işğalı dayandırıldı. İctimai-siyasi,
iqtisadi tənəzzülün qarşısı
alındı. Böyük qonşu dövlətlərin təzyiqlərinə
baxmayaraq, tarixə "Əsrin müqaviləsi" adı
altında düşmüş neft müqaviləsi
bağlandı.
Burada
əyləşənlərin əksəriyyəti canlı
şahiddir ki, keçmiş iqtidar həmkarlar
ittifaqlarını sovet cəmiyyətinin qalığı kimi
təqdim edərək onun məhvinə
çalışırdı. Ümummilli liderin gəlişi
ilə haqq-ədalət öz yerini tapdı.
Həmkarlar
ittifaqlarının normal fəaliyyəti bərpa olundu, əsaslı
irəliləyişlər baş verməyə başladı.
Məlumat
üçün deyim ki, Heydər Əliyev bütün siyasi
fəaliyyəti boyu həmkarlar ittifaqına cəmiyyətin
sosial problemlərinin həllində böyük təsirli
ictimai qüvvə kimi baxmışdır. Bunu ötən 45
ilə qısa ekskursdan da görmək olar.
O, Azərbaycan
KP MK-nın birinci katibi işlədiyi zamanlar (1969-1982-ci illər)
respublika həmkarlar ittifaqı mərkəzinin 3 qurultayı
olmuşdur. Bu quruma olan hörmətin təzahürüdür
ki, Heydər Əliyev qurultayların hər üçündə
şəxsən özü iştirak etmiş, geniş nitq
söyləmişdir.
1980-ci
il oktyabrın 4-də Azərbaycanda həmkarlar
ittifaqlarının yaranmasının 60 illiyi münasibətilə
keçirilmiş təntənəli yığıncaqda Heydər
Əliyev Azərbaycan həmkarlar ittifaqlarının
ünvanına xoş sözlər söyləmiş, onun
işini təqdirəlayiq saymışdı. Həmkarlar
ittifaqı işçilərinin və fəallarının
bir qrupuna Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri
Fərmanını təqdim etmişdi.
1982-ci
il fevralın 5-6-da Azərbaycan həmkarlar ittifaqlarının
XVI qurultayında Heydər Əliyev geniş nitq söyləmişdi.
O, çıxışında bildirmişdi ki, "öz
sıralarında 2 milyon 200 min adamı birləşdirən Azərbaycan
həmkarlar ittifaqlarının başlıca vəzifələrindən
biri əmək adamlarının hüquqlarını və mənafeyini
qorumaq, istehsalatda da demokratiya prinsiplərini inkişaf etdirməkdir".
Azərbaycan
müstəqilliyə nail olduqdan sonra həmkarlar ittifaqlarının
da müstəqil fəaliyyəti təmin edildi. Bu, Heydər Əliyevin
diqqət və qayğısı sayəsində mümkün
oldu.
Bir qədər
əvvəl dediyim kimi, 1993-cü ilin yayında respublikada vəziyyət
gərgin olaraq qalırdi. İyunun 4-də baş vermiş
hadisələr vəziyyəti daha da pisləşdirmişdi.
Azərbaycanda vətəndaş müharibəsi
başlamışdı. Ölkəmiz parcalanmaq, dövlətimiz
məhv olmaq üzrə idi. Belə bir təhlükə həmkarlar
ittifaqının da başının üstünü
almışdı. Heydər Əliyev bu təhlükənin
qarşısını qansız-qadasız aldı. Bu işdə
həmkarlar iittifaqı da ümummilli liderin yanında oldu.
1993-cü
il iyulun 17-də AHİK-in İcraiyyə Komitəsinin "Həmkarlar
İttifaqı üzvlərinə, bütün zəhmətkeşlərə"
müraciəti dərc olundu. Müraciətdə deyilirdi:
"Dövlətimiz üçün çətin, məsuliyyətli
bir vaxtda müxtəlif qrupların qeyri-siyasi
qarşıdurması, iqtisadiyyatın və əhalinin həyat
səviyyəsinin getdikcə aşağı düşməsi
şəraitində sizə müraciət edirik.
İşsizlik, inflyasiya, qıtlıq, dövlət tərəfindən
qayğısızlıq, minimum əməkhaqqının
minimum istehlak büdcəsindən dəfələrlə aşağı
olması bizi daim narahat edir. Sosial cəhətdən aztəminatlı
adamların - qaçqınların, çoxuşaqlı ailələrin,
şəhid ailələrinin bütün problemlərinin tədricən
həll olunması üçün var qüvvəmizlə
çalışırıq. Təəssüf hissi ilə
qeyd etməliyik ki, cəmiyyətdə olan qarşıdurma,
parçalanma həmkarlar ittifaqlarına sirayət
etmişdir".
1993-cü
ildə Azərbaycanın cənub bölgəsində gərgin
vəziyyət yaranmışdı. Heydər Əliyevin
respublikanın bütövlüyünü, dövlətçiliyini
qorumaq sahəsində yeritdiyi siyasəti müdafiə edən
AHİK-in "Azərbaycan Respublikasının cənub
regionunda yaranmış ictimai-siyasi vəziyyətlə əlaqədar
bəyanat"ında deyilirdi:
"AHİK, bu çoxsaylı təşkilatın minlərlə
üzvü respublikanın cənubunda gedən hadisələri
böyük təşviş və həyəcan hissi ilə
izləyir. Qeyd edirik ki, son vaxtlar Azərbaycanda bir sıra
qüvvələr öz siyasi məqsədlərini həyata
keçirmək üçün vətəndaşların
sosial-iqtisadi hüquqlarını qorumaq bəhanəsi
altında millətçi, separatçı hərəkata
başlamışlar. Azərbaycan həmkarlar ittifaqları
birmənalı qeyd edir ki, bu cür hərəkat siyasi
avantüralardan başqa bir şey olmayıb, vətəndaşların
sosial-iqtisadi hüquqlarının daha da pozulmasına, Azərbaycanda
həmkarlar ittifaqları qüvvələrinin
parçalanmasına, zəhmətkeşləri öz
haqlı tələblərini müdafiə etmək yolundan
yayındırmağa aparır.
Bu
gün belə avantürist ideyaların ortaya atılması
yalnız xalqın parçalanmasına, böhranın dərinləşməsinə,
hərbi uğursuzluqların davam etməsinə, ən
başlıcası isə respublikanın qardaş xalqları
arasında milli münasibətlərin pozulmasına xidmət
edir. Azərbaycan zəhmətkeşlərini sayıq
olmağa, siyasi oyunçuların əlində alət
olmağa yol verməməyə
çağırırıq".
1993-cü
ildə respublika prezidentliyinə seçkilər keçiriləndə
AHİK Heydər Əliyevin namizədliyini dəstəklədi.
Heydər Əliyevın Azərbaycan Respublikasının Prezidenti
seçilməsi münasibətilə AHİK sədri
S.Mehbalıyev 1993-cü il oktyabrın 10-da Prezidentə təbrik
məktubu göndərmişdi.
Azərbaycan
Respublikasının Milli Məclisi 1994-cü il fevralın 24-də
"Həmkarlar ittifaqları haqqında" qanun qəbul
etmişdir. Bu qanun Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev tərəfindən təsdiq edilmişdir.
"Həmkarlar ittifaqları haqqında" qanunun qəbul
edilməsi təşkilatın səmərəli fəaliyyət
göstərməsi üçün hüquqi baza
yaradılmasını təmin etdi. Bu qanun öz dəyərinə,
məzmununa görə təkcə ölkə daxilində
deyil, hətta MDB məkanında bir çoxlarına
demokratiyanı sözdə yox, işdə dəstəkləməyin
parlaq nümunəsi oldu. Heydər Əliyevin Prezidentliyi illərində
əməkçilərin sosial müdafiəsinə yönəlmiş
çoxsaylı digər hüquqi-normativ aktlar qəbul olundu.
Beynəlxalq Əmək Təşkilatının əsas
konvensiyaları Milli Məclisdə ratifikasiya edildi. Hamıya məlumdur
ki, ümummilli liderin 1994-cü il 5 oktyabr dövlət
çevrilişi cəhdləri ilə bağlı xalqa
müraciətinə AHİK həmrəyliklə cavab
vermişdi. Bu hadisələrlə bağlı AHİK
aparatının işçiləri "Dövlətçiliyimizi
qorumaq naminə" adlı müraciət qəbul etmişdi.
Müraciətdə respublikanın paytaxtında baş
vermiş hadisələr dövlətçiliyimizə,
müstəqilliyimizə zərər vuran hadisə kimi pislənmişdi.
Azərbaycan
həmkarlar ittifaqları Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyevin uğurlu xarici siyasətini də
həmişə dəstəkləmişdir. Heydər Əliyevin
ABŞ-a ilk səfəri ilə əlaqədar Azərbaycan həmkarlar
ittifaqlarının fəalları 1997-ci il avqustun 27-də
keçirilmiş iclasda Heydər Əliyevə müraciət
qəbul etmiş, onun xarici siyasət fəaliyyətini dəstəklədiklərini
bildirmişdilər.
Heydər
Əliyev Azərbaycan həmkarlar ittifaqlarının əməkçilərin
hüquqi və sosial mənafelərini müdafiə etmək
sahəsində fəaliyyətlərini yüksək qiymələndirmişdir.
AHİK-in 1998-ci ilin fevralında keçirilmiş birinci
qurultayının iştirakçılarına müraciətində
Heydər Əliyev yazırdı: "Əmin olduğumu
bildirmək istəyirəm ki, həmkarlar təşkilatları
öz işini yeniləşən cəmiyyətimizin tələblərinə
uyğun quracaq, Azərbaycanda müstəqil, demokratik, dünyəvi
dövlət quruculuğunda yaxından iştirak edəcəkdir".
1998-ci
il mayın 18-də Heydər Əliyev AHİK-in sədri
S.Mehbalıyevi qəbul etmişdi. O, təşkilatımız
adından Heydər Əliyevi ad günü münasibətilə
təbrik etmiş və həmkarlar ittifaqları üzvlərinin
fikrini ifadə edərək demişdir ki,
"xalqımızın xoşbəxtliyi ondadır ki, indiki
keçid dövründə, bu tarixi mərhələdə
dövlətimizin Sizin kimi təcrübəli, müdrik rəhbəri
vardır. Sizin xidmətləriniz nəticəsində
respublikada ictimai-siyasi sabitlik yaranmış, beynəlxalq aləmdə
Azərbaycanın nüfuzu, demokratik imici yüksəlmiş,
ölkəmizin daxilində iqtisadi islahatlar geniş vüsət
almış, neft müqavilələrinin imzalanması və həyata
keçirilməsi sahəsində uğurlar
qazanılmışdır".
1998-ci
il prezident seçkilərində AHİK Heydər Əliyevin
namizədliyini müdafiə etmiş, 1998-ci il iyulun 8-də
AHİK-də seçicilərin 105 nəfərdən ibarət
təşəbbüs qrupu yaradılmışdı.
İclasda Heydər Əliyevin prezidentliyə namizədliyinin
irəli sürülməsi təklifi verilmişdir.
Heydər
Əliyevin uğurlu xarici siyasəti türk dünyasında
yüksək qiymətləndirilmiş, 1999-cu ildə ona
türk dünyasının ən mötəbər
mükafatı - Beynəlxalq Atatürk Sülh mükafatı
verilmişdi. Bu hadisə həmkarlar ittifaqı təşkilatı
üzvləri tərəfindən böyük rəğbətlə
qarşılanmışdı. Bununla əlaqədar, 1999-cu il
noyabrın 5-də AHİK-də respublikada fəaliyyət
göstərən ictimai təşkilatların nümayəndələrinin
toplantısı keçirilmişdi.
2003-cü
il fevralın 5-6-da AHİK-in II qurultayının
iştirakçılarına Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyevin təbrik məktubunda deyilirdi ki, həmkarlar ittifaqları
dövrün tələblərinə uyğun olaraq öz fəaliyyətini
yenidən təşkil edəcək, Azərbaycan
Respublikasında demokratik, azad cəmiyyətin, insanların
firavan həyatının bərqərar olması yolunda gələcəkdə
də ön sıralarda addımlayacaqdır.
AHİK-in
II qurultay nümayəndələri isə Heydər Əliyevə
müraciət qəbul etmiş, həmkarlar ittifaqlarına
göstərdiyi qayğı və diqqətə görə
öz minnətdarlıqlarını bildirmişdilər.
Fevralın 6-da Heydər Əliyev Prezident sarayında həmin
qurultayda iştirak edən xarici həmkarlar ittifaqları təşkilatlarının
nümayəndələrini qəbul etmiş və
görüşdə "Azərbaycan həmkarlar
ittifaqlarının qurultayını ölkənin ictimai-siyasi
həyatında mühüm hadisə
adlandırmışdı".
Bəxtiyar SADIQOV:
- Ulu
öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı
ilə Azərbaycan xalqı həm də özünün mənəvi
sərvətlərinə sahib çıxdı. Yeni neft
strategiyası hazırlandı. Bu gün
qazandığımız iqtisadi uğurlar Heydər Əliyevin
müəllifi olduğu həmin strategiyanın məhz
xalqın və dövlətin milli maraqlarına xidmət etdiyini
göstərir. Təbii ki, bu strategiyanın
reallaşmasında Azərbaycanın ən iri həmkarlar təşkilatında
birləşən neft və qaz sənayesi işçilərinin
böyük əməyi var. Bu barədə
çıxış üçün söz Azərbaycan Neft
və Qaz Sənayesi İşçiləri HİRK-nın sədri
Cahangir Əliyevə verilir.
Cahangir ƏLİYEV:
-
Düz iyirmi il bundan əvvəl keçmiş sovetlər
imperiyasındən bizə miras qalmış həmkarlar
ittifaqları strukturundan imtina edərək AHİK-i
yaratdıq. Müstəqil Azərbaycan Respublikasında
Konfederativ tipli həmkarlar ittifaqını yaratmaqla biz həmkarlar
ittifaqlarını hakimiyyət və partiya
asılılığından xilas edərək öz
funksiyalarını geri qaytara bildik.
Bu gün bu auditoriyada əyləşən dinləyicilərin
bir çoxunun da iştirakçısı olduğu bu tarixi
hadisə ilə bağlı bəzi məqamları
xatırlatmaq istərdim. Konfederasiya tipli həmkarlar
ittifaqı mərkəzinin yaradılması məsələsi
ortaya çıxanda bir sıra həmkarlar ittifaqı sədrləri
buna kəskin etiraz edərək federativ tipli həmkarlar
ittifaqı birliyinin yaradılmasını təklif edirdilər.
Lakin həmin dövrdə hörmətli sədrimiz, Milli Məclisin
deputatı Səttar Mehbalıyevin
başçılığı ilə yaradılan təşkilat
komitəsi Konfederativ tipli həmkarlar ittifaqının
üstünlüklərini qurultayın
iştirakçılarına çatdırmaqla onun Nizamnaməsini
də ortaya qoydu. Nəticədə çoxluğun müdafiə
sayəsində qurultayda Nizamnamə qəbul olunmaqla AHİK təsis
edildi.
Təəssüflər
olsun ki, həmin dövrdə hakimiyyətdə olan
AXC-Müsavat cütlüyü cəmiyyətdə həmkarlar
ittifaqlarının yeri və rolunu düzgün qiymətləndirməyərək
onu ləğv etmək təşəbbüsündə bulundular.
Əslində, bu siyasətin arxasında o dövrdəki rəhbərlərin
məkrli məqsədləri - həmkarlar ittifaqının
balansında olan külli miqdarda
daşınan və daşınmaz əmlaka sahib
çıxmaq niyyəti dururdu.
Ölkədə
baş alıb gedən anarxiya və xaosu, müxtəlif qrup və partiyaların hakimiyyət
davasını, kriminal dəstələrin cəmiyyət
üzvlərinə meydan oxumalarını aradan qaldırmaq
üçün ciddi tədbirlər görmək əvəzinə
hakimiyyətin həmkarlar ittifaqına yönələn təzyiqləri
heç cür başadüşülən deyildi. Təbii
ki, bütün bunlar həmkarlar ittifaqlarının normal fəaliyyətinə
öz təsirini göstərirdi.
Hakimiyyət
nümayəndələrinin birbaşa açıqca
müdaxiləsi nəticəsində mənim rəhbərlik
etdiyim Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar
İttifaqı bu dövrdə 3 yerə parçalanmış
şəkildə - "Azad", "Müstəqil" və
"Azərneftyağ" İB həmkarlar ittifaqları kimi
fəaliyyət göstərirdi. Əlbəttə, biz bununla
razılaşa bilməzdik. Bu vəziyyəti aradan qaldırmaq
üçün beş il vaxt sərf edərək sahədə
vahid həmkarlar ittifaqı mərkəzinin yaradılmasına
nail olduq.
Ölkəni
bu bəlalardan qurtarmaq üçün xalqın müdrik
dövlət adamına, Vətənini və xalqını
ürəkdən sevən və ona bağlı olan öndərə
ehtiyacı var idi. Həmin öndər isə Heydər Əliyev
idi. Olkə əhalisinin israrlı tələbləri və
bir qrup ziyalının müraciəti nəticəsində
Heydər Əliyev Bakıya gələrək hakimiyyətin
sukanı arxasına keçdi.
Müstəmləkə
sisteminin sıxıntılarından yenicə azad olmuş Azərbaycanın
başlıca sərvətləri olan yanacaq
resurslarının istifadəsinin ancaq indi milli mənafelərə
uyğun yönəltmək məqamının, nəhayət,
vaxtı çatdığını düzgün dəyərləndirən
Heydər Əliyev ölkənin yeni neft strategiyasının əsasını
qoydu. Ulu öndər törədilən çox ciddi daxili və
xarici əngəlləri zərərsizləşdirərək
1994-cü ildə nüfuzlu xarici şirkətləri cəlb
etməklə "Əsrin müqaviləsi"nin
imzalanmasına nail oldu. Beləliklə, 90-cı illərin
ikinci yarısıdan neft sənayesinin davamlı
inkişafı başlandı. Bakı-Tbilisi-Ceyhan neft və
Bakı-Tbilisi-Qars qaz kəmərlərinin tikintisinin başa çatması ilə
respublikada neft və qaz hasilatının xeyli çoxalması
müşahidə edilməyə başladı. Neft
çıxarılması sürətlə artaraq 2010-cu ildə
51 milyon tona qalxdı, eyni vaxtda təbii qaz istehsalı da 17
milyard kubmetrə çatdırıldı.
Heydər
Əliyevin siyasətini uğurla davam etdirən Prezident
İlham Əliyev tərəfindən həyata keçirilən
tədbirlər nəticəsində
artıq respublikamız Cənubi Qafqazın lider dövlətinə,
Avropanın yanacaq təhlükəsizliyinin təmin
olunmasında əsas fiqura çevrilmişdir. Şaxələndirilmiş
neft və qaz kəmərləri vasitəsilə Azərbaycanın
neft və qazı Avropa və digər ölkələrə
ixrac olunur.
Ulu
öndərin yenidən hakimiyyətə
qayıdışı bütün sahələrdə
olduğu kimi, həmkarlar ittifaqının həyatında da
mühüm dəyişikliklərin, inkişafın təməlini
qoydu. Hər şeydən əvvəl, AHİK tərəfindən
hazırlanan və o dövrdəki
hakimiyyətin təzyiqi nəticəsində hətta
Milli Məclisin müzakirəsinə çıxarılmayan
"Həmkarlar ittifaqları haqqında" Azərbaycan
Respublikasının Qanunu 1994-cü il fevral ayında ulu
öndərin dəstəyi ilə qəbul edildi. Məhz
bundan sonra respublika həmkarlar ittifaqı əsassız təzyiqlərdən
və iradlardan uzaqlaşaraq özünün əsas
funksiyasını - işçilərin sosial-iqtisadi
hüquqlarının qorunmasını yerinə yetirməyə
başladı.
Bu
gün Azərbaycan Həmkarlar İttifaqları beynəlxalq həmkarlar
ittifaqları ailəsinin bərabərhüquqlu üzvü
kimi cəmiyyətdə yüksək nüfuza malik olmaqla
öz missiyasını layiqincə icra edir. Bunu
yaxınlarda AHİK-in keçirdiyi IV qurultay bir daha sübut
etdi. Prezident
İlham Əliyevin qurultay iştirakçılarına
göndərdiyi təbrikdə deyilir: "Bir əsrdən
çox tarixə malik olan Azərbaycan Həmkarlar
İttifaqları müstəqillik illərində daha da
inkişaf etmiş, ölkənin ictimai həyatında öz
layiqli yerini tutmuşdur". Mənə elə gəlir ki,
bizim üçün bundan yüksək qiymət ola bilməz!
Bəxtiyar SADIQOV:
-
Ümummilli lider Heydər Əliyev Azərbaycan Həmkarlar
İttifaqının cəmiyyətdə yerini və statusunu
müəyyənləşdirən liderdir. Bu
mövzuda danışmaq üçün söz Azərbaycan
Avtomobil nəqliyyatı və yol təsərrüfatı
işçiləri Respublika Həmkarlar İttifaqının
sədri Ehtibar Əliyevə verilir.
Ehtibar ƏLİYEV:
- 10 ildir
ki, ulu öndər Heydər Əliyev cismən aramızda
yoxdur! Onun haqqında keçmiş zamanda
danışmaq çox çətindir. Çünki
bu fenomenal insan həm bizim tariximiz, həm də bu
günümüzdür. Ümummilli liderin
90 illik yubileyi ərəfəsində onun həyat səhifələri
bir daha vərəqlənir, gözlərimiz qarşısında
canlanır.
Mənim
həmkarlar ittifaqlarında fəaliyyətə
başladığım 1984-cü il ulu
öndərin SSRİ Nazirlər Sovetində məsul vəzifədə
işlədiyi zamana təsadüf edir. Lakin onun
Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə
həmkarlar ittifaqına münasibəti bütün fəaliyyət
sahələrində özünü göstərirdi. Artıq 1970-1980-ci illər ərzində həmkarlar
ittifaqları üzvlərinin sayı 2 milyon 700 min nəfəri
ötmüşdü. Bu dövrdə aqrar
sənayə kompleksi, balıqçılıq təsərrüfatı,
taxıl məhsulları, neft-kimya, maşınqayırma və
cihazqayırma, radioelektronika sənayesi və digər
işçilərinin həmkarlar ittifaqları təşkilatları
yaradılmışdı.
Həmkarlar ittifaqları həmin illərdə
işçilərin əmək və məişət şəraiti,
sağlamlığı, maddi rifah halının yüksəldilməsi
məsələlərinə ciddi fikir verirdi.
Bu məqsədlər
üçün hər il 10 milyon rubl vəsait
xərclənirdi. Mədəni-kütləvi,
idman-sağlamlıq tədbirlərinə böyük əhəmiyyət
verən həmkarlar ittifaqlarının istifadəsində 118
klub, 166 kitabxana və neçə-neçə idman
qurğuları var idi. Müəssisələrdə
iki mindən artıq idman kollektivi mövcud idi. Həmin dövrdə həmkarlar ittifaqları
dövlət məcburi sosial-sığorta
ayırmalarının idarə olunmasında iştirak edir, zəhmətkeşlərə
pensiya və müavinətlərin verilməsini təmin
edirdi. O vaxtlar Azərbaycana rəhbərlik edən ulu
öndər Heydər Əliyevin yaratdığı şərait
nəticəsində həmkarlar ittifaqları təhsilli, mədəni,
təşəbbüskar və səriştəli əməkçi
insanın formalaşmasında böyük rol oynayırdı.
Lakin XX əsrin 80-ci illərinin ikinci yarısı Azərbaycan
həmkarlar ittifaqları hərəkatı üçün
müstəqilliyin itirilməsi, zəhmətkeşlərin əmək
və hüquqi mənafelərinin qorunması mövqelərindən
uzaqlaşması dövrü olmuşdur. Həmkarlar
ittifaqları partiya orqanlarının
tapşırıqlarını yerinə yetirərək mənzil,
avtomobil, mebel və s. "aztapılan" malları
bölüşdürən təşkilata
çevrilmişdi. Bu vəziyyət isə
çox davam edə bilməzdi.
Düz 20
il öncə sovetlər imperiyasından miras qalmış həmkarlar
ittifaqları strukturlarından imtina edilərək AHİK
yaradıldı. Müstəqil Azərbaycan
Respublikasında Konfederativ tipli həmkarlar ittifaqını
yaratmaqla biz həmkarlar ittifaqlarını hakimiyyət və
partiya asılılığından xilas edərək öz
funksiyalarını geri qaytara bildik. Tarix
sübut etdi ki, biz düz etdik.
Təəssüflər olsun ki, həmin dövrdə
hakimiyyətdə olan AXC-Müsavat cütlüyü cəmiyyətdə
həmkarlar ittifaqlarının yeri və rolunu düzgün
qiymətləndirməyərək onu ləğv etmək təşəbbüsündə
bulundular. Əslində, bu siyasətin arxasında o
dövrkü rəhbərlərin məkrli məqsədləri
- həmkarlar ittifaqının balansında olan külli miqdarda
daşınan və daşınmaz əmlaka sahib
çıxmaq idi.
Böyük əksəriyyətimiz həmin dövrü
yaxşı xatırlayır. Ölkədə
baş alıb gedən anarxiya və xaos, müxtəlif qrup və
partiyaların hakimiyyət davası, quldur dəstələrinin
cəmiyyətə meydan oxumaları, torpaqlarımızın
erməni silahlı qüvvələri tərəfindən
işğalı həmkarlar ittifaqlarının da normal fəaliyyətinə
mənfi təsirini göstərirdi.
Həmin dövrdə müstəqil respublikamızı
böhrandan çıxara biləcək əsl rəhbərə
böyük ehtiyac var idi. Belə bir rəhbər isə Heydər
Əliyev idi! Xalqın təkidi və tələbi ilə yenidən
ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev
az müddətdə respublikamızda
sabitliyin yaradılmasına, bütün sahələrdə
ciddi dönüşə nail oldu.
Heydər Əliyevin diqqəti nəticəsində həmkarlar
təşkilatlarının normal fəaliyyətini təmin
etmək üçün lazımi şərait yaradıldı. İlk
növbədə, həmkarlar ittifaqlarının cəmiyyətdə
statusunun müəyyənləşdirilməsi
üçün "Həmkarlar ittifaqları haqqında"
Azərbaycan Respublikası Qanunu qəbul edildi.
"Kollektiv müqavilələr və sazişlər haqqında",
"Fərdi əmək mübahisələrinin həlli haqqında",
"Fərdi əmək müqavilələri haqqında"
Azərbaycan Respublikası qanunlarının və yeni Əmək
Məcəlləsinin həmkarlar ittifaqlarının tövsiyə
və təkliflərinin nəzərə alınmaqla qəbul
olunması, ölkəmizdə işçilərin sosial
müdafiəsinə, onların hərtərəfli
qayğı və diqqətlə əhatə edilməsinə
canlı sübutdur.
1994-cü ildən ölkədə bazar iqtisadiyyatına
keçid prosesi başladı. Dövlət
mülkiyyətinin özəlləşdirilməsi yeni
sosial-iqtisadi şəraitdə həmkarlar ittifaqlarından
öz yerini müəyyənləşdirməyi tələb
edirdi. "Həmkarlar ittifaqı öz
işini yeniləşən cəmiyyətimizin tələblərinə
uyğun quracaqdır" deyən Heydər Əliyevin dəstəyinə
arxalanan AHİK 1996-cı ildə həmkarlar
ittifaqlarının iqtisadiyyatdakı yenidənqurma və
özəlləşmədə iştirakı
proqramını qəbul etdi.
Artıq 90-cı illərin sonunda sosial-iqtisadi münasibətlərin
dəyişməsi dövründə zəhmətkeşlərin
mənafelərini qoruyan həmkarlar ittifaqlarının
nüfuzu qalxdı və onun müsbət imicinin
formalaşmasının əsası qoyuldu.
Həmkarlar
ittifaqlarında gənclərlə iş məsələləri,
cəmiyyətdə gender bərabərliyinin təmin edilməsində
iştirak daim diqqət mərkəzindədir. Bunun
nəticəsi olaraq həmkarlar ittifaqları orqanlarına
seçilən gənclərin və qadınların sayı
ilbəil artır.
Azərbaycanın ən kütləvi ictimai təşkilatı
olan AHİK ulu öndər Heydər Əliyev tərəfindən
yaradılmış hüquqi bazaya söykənərək
bütün çətinliklərdən uğurla
çıxmış, təşkilatı qorumuş və bu
gün ümummilli liderin davamçısı Prezident İlham
Əliyevin dəstəyi ilə ölkənin ictimai-siyasi həyatında
fəal iştirak edir.
Bəxtiyar SADIQOV:
- Gənclər
ölkəmizin gələcəyidir. Bu gün
Azərbaycan iqtidarı gənclərin təhsilinə, cəmiyyətin
layiqli üzvləri kimi yetişmələrinə
böyük diqqət ayırır. Ölkə
gəncliyi isə etimadı doğrultmağa
çalışır. Çıxış
üçün söz AHİK-in Gənclər
Şurasının sədri T.Süleymanova verilir.
T.SÜLEYMANOV:
- Azərbaycan
dövlətinin və xalqının həyatında müstəsna
xidmətləri olan görkəmli dövlət xadimi,
dünyamiqyaslı siyasətçi Heydər Əliyevin 90 illik yubileyi
yaxınlaşır. Bu dahi insan Azərbaycan
xalqının yaddaşında dövlətimizin banisi, xilaskar
dövlət xadimi, milli lider və xalq məhəbbəti
qazanmış şəxsiyyət kimi qalmışdır.
Heydər Əliyevin Azərbaycan gənclərinin həyatında
çox böyük rolu vardır. Ulu öndər gənclərin
təhsilinə, onların vətənpərvər ruhda
yetişmələrinə, dövlətimizin inkişafına
təkan verə biləcək layiqli bir qüvvə kimi
formalaşmalarına xüsusi qayğı ilə
yanaşırdı. Heydər Əliyev tərəfindən
hazırlanan dövlət gənclər siyasəti,
istedadlı gənclərə, onların yaradıcılıq
potensialının inkişafına dövlət
qayğısını təmin etmək məqsədilə
verdiyi bir çox fərman və sərəncamlar buna bariz
nümunədir. Ulu öndər gənclərin
Azərbaycan xalqının tarixinə, mədəni irsinə,
adət-ənənələrinə, dövlət dilinə və
rəmzlərinə, milli-mənəvi və ümumbəşəri
dəyərlərə hörmət ruhunda tərbiyə
olunmalarına xüsusi diqqət ayırırdı.
Gənclərin
problemlərinin həll olunması və onların yenidən təşkilatlanması
məqsədilə ümummilli liderin fərmanı ilə
1994-cü il iyulun 26-da Gənclər və
İdman Nazirliyi yaradıldı. Bundan sonra
dövlət gənclər siyasətində bir çox
mühüm işlər həyata keçirildi, dövlət
proqramları hazırlandı.
Ulu
öndərin təşəbbüsü ilə 1996-cı il fevral ayının 2-də keçirilən
Azərbaycan Gənclərinin I Forumu gənclərin həyatında
çox mühüm hadisə oldu. Belə ki, bu forumun
keçirilməsi gənclərlə işin inkişafına
nəzərəçarpacaq dərəcədə təkan verdi. Sonra ümummilli liderin 1997-ci il fevralın 1-də imzaladığı sərəncamla
fevralın 2-si "Azərbaycan Gəncləri
Günü" elan edildi. 1999-cu ilin mart ayında Azərbaycan
Gənclərinin II Forumunda ümummilli lider müstəqil
dövlət quruculuğu yolunda gənclərin üzərinə
düşən böyük vəzifələri müəyyən
etdi, respublikanın ictimai-siyasi həyatında gənclərin
fəal iştirakı üçün şəraitin
yaradılmasına, dövlət orqanlarının diqqətini
gənclərin problemlərinin həllinə yönəltməklə
bağlı tövsiyələr verdi.
2002-ci
ilin may ayında ulu öndərin "Gənclər Siyasəti
haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq
edilməsi ilə bağlı fərmanı gənclərə
diqqət və qayğının artmasına, onlarla
aparılan işin yüksək səviyyədə
qurulmasına səbəb oldu.
Azərbaycan dövlətinin gənclər siyasəti ulu
öndərin siyasi kursunun layiqli davamçısı, dövlət
başçısı İlham Əliyev tərəfindən
bu gün uğurla həyata keçirilir. Gənclərimizin
beynəlxalq və respublika daxili idman, təhsil, mədəniyyət
və incəsənət sahəsində əldə etdiyi
uğurlarda Prezident İlham Əliyevin rolu çox
böyükdür. Son illər gənclərimizlə
bağlı bir çox dövlət proqramları
hazırlanaraq həyata keçirilmiş və keçirilməkdədir.
Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli fərmanı
ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı", həmçinin
respublika Prezidentinin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramı gənclərlə bağlı siyasətin
istiqamətlərini özündə əks etdirir.
Həmkarlar ittifaqlarının həyatında gənclərin
çox önəmli rolu var. Gənclərin həmkarlar
ittifaqı işini daha yaxından öyrənməsi, həmkarlar
ittifaqlarının fəaliyyətində yaxından
iştirakı çox vacibdir. Bu gün 307 min gənc
həmkarlar ittifaqında birləşmişdir. Əminliklə deyə bilərəm ki, gənclər
hazırda həmkarlar ittifaqı orqanlarının işində
fəal iştirak edirlər. 865 nəfər
gənc həmkarlar ittifaqı komitəsinə rəhbərlik
edir.
Gənclərin həmkarlar ittifaqı həyatında
rolunu nəzərə alaraq 2004-cü ilin noyabr ayında
AHİK-də Gənclər Şurası yaradılmış,
2005-ci ildən başlayaraq isə AHİK-in üzv təşkilatlarında
da Gənclər şuralarının təşkilinə start
verilmişdir.
Hazırda üzv təşkilatlarının böyük əksəriyyətində
Gənclər şuraları fəaliyyət göstərir və
gənclərlə mütəmadi iş aparılır. Gənclər Şurasının əsas məqsədi
gənclərə həmkarlar ittifaqı işinin üsul və
metodlarını öyrətmək, həmkarlar ittifaqı
liderlərinin yeni nəslini yetişdirmək və
bütün səviyyəli seçkili həmkarlar ittifaqı
orqanlarında onların fəal iştirakına nail olmaqdan
ibarətdir.
2005-ci ildə AHİK-in IV Məclisində Gənclər
Siyasəti Konsepsiyası qəbul edilmişdir. Burada əsas məqsəd gənclərin
hüquq və mənafelərinin müdafiə olunması,
onları həmkarlar ittifaqı üzvlüyünə və
fəaliyyətinə cəlb etmək üçün daimi və
ardıcıl iş aparmaqdır.
Gənclərin həmkarlar ittifaqı işini daha da
yaxından mənimsəmələri üçün təlimat
xarakterli seminarlar keçirilir, görüşlər təşkil
olunur.
AHİK-in Əmək və Sosial Münasibətlər
Akademiyasında təşkil etdiyi məşğələ
xarakterli kurslar, "Həmkarlar ittifaqı və gənclər"
mövzusunda bir sıra seminarlar, gənclərlə
aparılan iş üzrə beynəlxalq təcrübəni
dinləmək üçün Bakı şəhərində
hər il subregional və beynəlxalq konfransların
keçirilməsi, tələbələrin problem və təkliflərini
dinləmək üçün AHİK sədri ilə təşkil
olunmuş görüşlər bu cür tədbirlərdəndir.
Son illər AHİK gənclərin beynəlxalq miqyasda fəaliyyətinə
çox geniş diqqət ayırır. Gənc həmkarlar
ittifaqı liderləri Beynəlxalq Əmək Təşkilatının
və Beynəlxalq Həmkarlar İttifaqları
Konfederasiyasının tədbirlərində yaxından
iştirak edir, bir çox dövlətlərin həmkarlar
ittifaqlarının gənclər təşkilatları ilə
əməkdaşlıq edirlər.
AHİK hər
il Yaponiyanın Beynəlxalq Əmək Fondunda gənc
işçilərin iştirakını, Litvada yerləşən
BHİK-in Gənclərin Yay Məktəbinə getməsini,
Böyük Britaniyada yerləşən Oksford Universitetində
və BƏT-in Turin şəhərində yerləşən
Beynəlxalq Təlim Mərkrəzində gənclərin təlim
keçməsini təşkil edir. Həmçinin
AHİK-in Gənclər Şurası bir neçə dövlətin
həmkarlar ittifaqının Gənclər şuraları ilə
müqavilələr imzalayır, mütəmadi olaraq təcrübə
mübadiləsi və görüşlər keçirir.
Həmkarlar ittifaqı sıralarında birləşən
gənclərimiz idman sahəsində də geniş uğurlar
əldə edirlər. Respublika daxilində və Beynəlxalq
yarışlarda bütün həmkarlar ittifaqı
idmançıları layiqli yerlər tutmuşlar.
Respublika daxili yarışlarda idmançılarımız
çon 3 ildə 306 qızıl, 960 gümüş, 309
bürünc medal, beynəlxalq səviyyədə keçirilən
yarışlarda isə 29 qızıl, 24 gümüş, 116
bürünc medal qazanmışlar. Bütün
bunlar gənclər arasında həmkarlar ittifaqına olan marağı
daha da artırır və gənclər şuralarımıza
qoşulmaq arzusunda olurlar.
Həmkarlar ittifaqlarının gənc üzvləri də
Heydər Əliyev ideyalarına sadiq olmaqla, ulu öndərin
siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin
respublikanın inkişafı, əhalinin sosial problemlərinin
həlli istiqamətində həyata keçirdiyi tədbirləri
həmişə dəstəkləmiş və dəstəkləyirlər.
Bəxtiyar SADIQOV:
- Azərbaycan
qadını zərifliyi, sədaqəti, qəhrəmanlığı,
vəfası və yüksək analıq keyfiyyəti ilə
hər zaman xalqımızın adını uca tutub. Bu gün Azərbaycanda qadınların cəmiyyətdəki
yeri və rolu, dövlətimizin yeritdiyi gender siyasəti
yüksək qiymətləndirilir. "Azərbaycan
həmkarlar ittifaqları və gender siyasəti"
mövzusunda danışmaq üçün söz Mədəniyyət
İşçiləri Həmkarlar İttifaqları Respublika
Komitəsinin sədri Cəmilə Səttarovaya verilir.
Cəmilə SƏTTAROVA:
-
Respublikamız dövlət müstəqilliyini bərpa etdiyi
vaxtdan keçən dövr ərzində ölkənin
ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər
baş vermişdir. 1993-cü ildə
ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə
qayıdışından sonra onun həyata keçirdiyi məqsədyönlü
siyasət müstəqilliyin ilk illərində ölkədə
baş alıb gedən siyasi və iqtisadi böhranı aradan
qaldırmış, Azərbaycanın demokratik dövlət
quruculuğu və bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə
geniş yol açmışdır.
XX əsrin sonları və XXI əsrin əvvəllərində
Azərbaycanda müstəqil dövlətçilik
anlayışının həqiqi ideoloji prinsiplərinin
formalaşması məhz Heydər Əliyevin adı ilə
bağlıdır. Burada həm ictimai-siyasi sabitliyin bərqərar
edilməsi sahəsində bu tarixi şəxsiyyətin
müstəsna xidmətinin, iqtisadi inkişaf modelinin
qurulması istiqamətində göstərdiyi fəaliyyətinin,
həm də ölkənin beynəlxalq arenada əldə
etdiyi uğurların rolu vardır və bunların da hər
birini nəzərə almaq zəruridir.
Heydər Əliyevin yenidən hakimiyyətə
qayıdışı həmkarlar ittifaqlarının həyatında
yeni səhifə açdı. Azərbaycan həmkarlar
ittifaqları yenidən ölkənin ictimai, siyasi, iqtisadi və
mədəni həyatında layiqli yeri olan bir təşkilata
çevrildi.
Heydər Əliyev respublikamızda zəhmətkeşlərin
əmək hüququnun və mənafelərinin müdafiə
olunması sahəsində həmkarlar ittifaqlarının
rolunu həmişə yüksək qiymətləndirmişdir. Təsadüfi
deyil ki, azad, demokratik cəmiyyət quruculuğunda həmkarlar
ittifaqlarının iştirakının zəruriliyinə qiymət
verərək özünün Prezidentlik fəaliyyətinin
ilk ilində "Həmkarlar ittifaqları haqqında" Azərbaycan
Respublikasının Qanununu imzalamışdır.
Ümummilli liderin AHİK-in istər
I, istərsə də II qurultaylarına təbrik məktubları
Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətində
proqram sənədi kimi rəhbər tutulmuşdur.
Hər iki qurultaya gələn xarici qonaqların Heydər
Əliyev tərəfindən qəbul edilməsi və qəbul
zamanı həmkarlar ittifaqlarının ünvanına
söylədiyi "Azərbaycanda həmkarlar ittifaqı hərəkatı,
həmkarlar ittifaqı təşkilatları və Həmkarlar
İttifaqları Konfederasiyası böyük nüfuza və
dəstəyə, geniş şəbəkəyə
malikdir" sözləri respublikamızın bütün həmkarlar
ittifaqı orqanlarını və həmkarlar ittifaqları
üzvlərini ruhlandırmış, öz fəaliyyətlərini
müasir tələblər səviyyəsində
qurmalarına kömək etmişdir.
Bütün sahələrdə olduğu kimi,
ümummilli lider Heydər Əliyevin işçilərin
pozulmuş hüquqlarının bərpası ilə əlaqədar
gördüyü işlər və həyata keçirdiyi tədbirlər
həmkarlar ittifaqları tərəfindən həmişə
alqışlanmış və bu istiqamətdə onun
tövsiyələri daim rəhbər tutulmuşdur.
Ulu öndər 1993-cü ildə yenidən hakimiyyətə
gəldikdən sonra qadın hərəkatının
inkişafı və qadın hüquqlarının müdafiəsi
sahəsində də təxirəsalınmaz işlərin
görülməsini diqqət mərkəzində
saxlayırdı. Məhz həmin ildən başlayaraq
qadın hərəkatının təşkilatlanması, onun
beynəlxalq qadın hərəkatı təşkilatları
ilə əlaqələr yaratması, dünyada özünə
layiq yer tutması üçün konkret təşkilati tədbirlər
görülməyə başlandı. Bir
sıra hökumət və qeyri-hökumət qadın təşkilatları
və birlikləri yarandı.
Azərbaycan qadın təşkilatlarının ən
mühüm uğurlarından biri onların 1995-ci ilin iyun
ayında Pekində keçirilən IV Ümumdünya
Qadınlar Konfransına hazırlıq dövründən
tutmuş bütün mərhələlərdə layiqincə
iştirak etməsi oldu.
1998-ci il
yanvarın 14-də Azərbaycan Respublikası Prezidentinin fərmanı
ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin
yaradılması və digər fərmanla "Azərbaycan
Respublikasında Dövlət qadın siyasətinin həyata
keçirilməsi haqqında" verilən sənəd Azərbaycanda
qadın hüququ və qadın azadlığı məsələsinin
dövlət siyasətinə çevrildiyini göstərdi və
qadın hərəkatının təşkilatlanması məsələsində
önəmli bir mərhələyə yekun vurdu.
Azərbaycan Həmkarlar İttifaqları ölkədə
gedən bu proseslərdən geri qalmamış,
qadınların problemlərinin həllində, onların
hüquqlarının qorunmasında yaxından iştirak
etmişdir.
16 dekabr 2003-cü il tarixdə AHİK-in İcraiyyə Komitəsinin
qərarı ilə "Həmkarlar İttifaqlarının
gender bərabərliyi və qadın problemləri üzrə
komissiya" yaradılaraq onun Əsasnaməsi təsdiq
edilmişdir. 28 fevral 2006-cı ildə
İcraiyyə Komitəsinin qərarı ilə
"AHİK-in gender siyasəti Konsepsiyası" təsdiqlənmişdi.
"AHİK-in gender siyasəti üzrə
Konsepsiyası"nın həyata keçirilməsi məqsədilə
həmin il AHİK-in nəzdində "Gender bərabərliyi
və qadın problemləri üzrə" mərkəz
yaradılmışdır. Mərkəz dərhal
fəal işə başlamış, bir sıra təşkilati
kütləvi tədbirlər keçirmişdir.
Artıq on ildir ki, Prezident İlham Əliyev ulu öndərin
siyasi kursunu uğurla davam etdirir. Onun həyata
keçirdiyi islahatlar ölkəmizi regionun lider dövlətinə
çevirmişdir.
Həmişə sülhün, əmin-amanlığın
carçısı olmuş Azərbaycan qadınları
respublikada baş verən mürəkkəb ictimai-siyasi proseslərin
gedişində üzərlərinə düşən vəzifələrin
öhdəsindən ləyaqətlə gəlmiş, daim milli
dövlətçilik mövqeyindən çıxış
etmişlər. Azərbaycanda milli mənafe və dövlətçilik
maraqlarının təmsilçisi olmaq kimi müqəddəs
amalı özünün siyasi idealı, əsas fəaliyyət
istiqaməti hesab edən qadınlarımız öz mövqelərində
sadiqdirlər və ictimai-siyasi prosesin fəal
iştirakçısıdırlar.
Azərbaycan qadını cəmiyyətimizin həyatına
bu gün demokratik inkişaf, sivil dəyərləri
özündə əks etdirən birinci xanım ənənələrini
də gətirmişdir. Bu, Heydər Əliyev Fondunun prezidenti,
UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın adı ilə
bağlıdır. O, həm rəsmi şəxs, həm
də ən böyük xeyriyyəçi kimi bütün
layihələrdə müqəddəs dəyərlərimizin
qoruyucusudur. Mehriban xanımın fəaliyyəti
nəticəsində ölkədə xeyriyyəçilik
kütləvi hərəkata çevrilmiş, uşaq evləri,
məktəblər cəmiyyətin diqqət mərkəzinə
keçmişdir. Azərbaycan
qadınına örnək olan Mehriban xanım Əliyeva
öz miqyası və mahiyyəti etibarilə böyük
layihələrə rəvac vermişdir. Onun
fəaliyyəti hər birimiz üçün örnəkdir.
Mərd və
mübariz Azərbaycan qadını bu gün,
üçüncü minillikdə dünya
qadınlarının qabaqcıl dəstəsi ilə bir
sırada addımlayır, qurub-yaradır!
Bəxtiyar SADIQOV:
- Azərbaycanın
hər il artan dövlət büdcəsinin
bir hissəsi əhalinin sosial problemlərinin həllinə
istiqamətləndirilir. Ölkəmizdə həyata
keçirilən sosial-iqtisadi siyasətin mərkəzində
Azərbaycan vətəndaşı durur. Bu
mövzuda çıxış üçün söz
AHİK-in Zəhmətkeşlərin əməyinin və
sosial-iqtisadi mənafelərinin müdafiəsi üzrə
şöbənin mütəxəssisi N.Abdullayevaya verilir.
N.ABDULLAYEVA:
- Bu
gün Azərbaycanda sosial tərəqqiyə yönəlmiş
inkişaf strategiyasının həyata keçirilməsi
ölkə vətəndaşlarının gündəlik həyatında
öz bəhrələrini qabarıq şəkildə
göstərir. Əsası ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulan bu siyasətin onun layiqli
davamçısı Prezident İlham Əliyev tərəfindən
uğurla reallaşdırılması nəticəsində
makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın
şaxələndirilməsi, qeyri-neft sektorunun, regionların
inkişafının sürətləndirilməsi, əhalinin
həyat səviyyəsinin daha da
yaxşılaşdırılması mümkün olmuşdur.
Hazırda ölkəmizdə "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə
Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət Proqramı",
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı" və "2006-2015-ci illər
üçün Azərbaycan Respublikasında Məşğulluq
Strategiyası" müvəffəqiyyətlə icra olunur.
Azərbaycan
Respublikası Prezidentinin 29 dekabr 2012-ci il
tarixli fərmanı ilə "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasının təsdiq
edilməsi qarşıdakı illərdə nəzərdə
tutulan vəzifələrin həyata keçirilməsinə əlavə
imkanlar yaradacaqdır.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən inamla davam
etdirilməsi nəticəsində əhalinin sosial rifahı
ilbəil yüksəlir. 2013-cü ilin büdcəsində də
bu məsələnin prioritet kimi saxlanılması aparılan
sosialyönümlü siyasətin məntiqi nəticəsidir.
2013-cü ildə sosialyönümlü xərclərin
büdcədəki xüsusi çəkisi 25,4 faiz (mütləq
ifadədə 5 milyard 37 milyon manat), investisiya xərcləri isə
45,8 faiz həcmində nəzərdə tutulmuşdur. Bu isə
2012-ci ilin büdcəsindəki göstəricidən təxminən
7,1 faiz çoxdur. 2013-cü ildə
dövlət büdcəsi xərclərinin tərkibində
sosial müdafiə və sosial təminat xərclərinin
xüsusi çəkisi 9,2 faiz, təhsil xərclərinin
xüsusi çəkisi 7,7 faiz, səhiyyə xərclərinin
xüsusi çəkisi 3,4 faiz təşkil edilməsi
proqnozlaşdırılır.
2013-cü ildə əhalinin yoxsulluq səviyyəsinin
azaldılmasında mühum əhəmiyyəti olan minimum əməkhaqqının,
əmək pensiyalarınnın baza hissəsinin, sosial
müavinətlərin, tələbələrin və
doktorantların təqaüdlərinin, dövlət büdcəsindən
maliyyələşdirilən bir sıra müəssisələrdə
çalışanların və dövlət
qulluqçularının aylıq əməkhaqlarının
artırılması nəzərdə tutulmuşdur.
Cari ildə sovet dövründən qalan əmanətlərə
görə birdəfəlik ödənişlərin və
ünvanlı dövlət sosial yardımın verilməsi prosesinin
davam etməsi əldə olunan nailiyyətlərin gücləndirilməsinə
xidmət edəcəkdir.
2013-cü
ildə yaşayış minimumu ölkə üzrə 116
manat, əmək qabiliyyətli əhali üçün 125
manat, pensiyaçılar üçün 94 manat, uşaqlar
üçün 95 manat, ünvanlı dövlət sosial
yardımının təyin edilməsi məqsədilə
ehtiyac meyarının 93 manat məbləğində təsdiq
olunması vətəndaşların sosial müdafiə tədbirlərinin
hökumət üçün nə dərəcədə
mühüm əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyir.
Məlum olduğu kimi, əməyin ödənilməsi
üzrə məsələlər həmkarlar
ittifaqının və hökumət dairələrinin daimi
diqqət mərkəzindədir. Həmkarlar
ittifaqları minimum əməkhaqqının
yaşayış minimumu həddindən aşağı
olmaması uğrunda kampaniyanı ardıcıl davam etdirir.
Son 5 ildə ölkədə minimum əməkhaqqı 60
manatdan 93,5 manata
çatdırılmışdır.
Xalqımızın sosial rifahının daha da
yaxşılaşdırılması dövlətimizin
sosial-iqtisadi siyasətinin əsas məqsədidir. Bu siyasətin nəticəsidir
ki, son 5 ildə ölkə üzrə orta aylıq əməkhaqqı
1,5 dəfə, əhalinin gəlirləri
1,7, onun adambaşına düşən həcmi 1,6, minimum
pensiyanın məbləği 1,4, minimum əməkhaqqı
1,6 dəfə artmışdır.
Sonda
ümummilli lider Heydər Əliyevin bir kəlamını
xatirlamaq istərdim: "İqtisadiyyatı güclü olan
ölkə hər şeyə qadirdir". Əminliklə
qeyd etmək olar ki, Azərbaycan öz potensial
imkanlarını genişləndirməklə qarşıda
daha böyük uğurlara imza atacaqdır.
Bəxtiyar SADIQOV:
- Müstəqil Azərbaycanın memarı və qurucusu
Heydər Əliyevin adı Azərbaycanı özü qədər
əbədi olacaq, onun ideyaları gələcək
yollarımıza daim nur ələyəcəkdir. Bu gün Heydər
Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən
layiqincə davam etdirilməsi, bu siyasi kursun daha da zənginləşdirilməsi
nəticəsində Azərbaycan bütün sahələrdə
yüksək sürətlə inkişaf edir, dünya dövlətləri
arasında öz yerini daha da möhkəmləndirir.
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin
dinamik inkişafı, sürətli tərəqqisi, həyata
keçirilən əzəmətli layihələr, Azərbaycanın
hərtərəfli yeniləşməsi, modernləşməsi,
doğma Vətənimizi dünyaya yeni formada təqdim etməyə
imkan yaradan müsbət dəyişikliklər ulu öndərin
qoyduğu yolun davamının sübutudur. Bu
yüksəliş isə Heydər Əliyevin müəyyən
etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam
dolğunluğu ilə təsdiq edir.
Qarşıdan növbəti prezident seçkiləri gəlir. Bu dəfə
də AHİK ölkəmizin ən böyük ictimai təşkilatı
olaraq cənab İlham Əliyevin növbəti müddət
üçün prezidentliyə namizədliyini irəli
sürüb. Cənab İlham Əliyevin
namizədliyinin AHİK tərəfindən dəstəklənməsi
həmkarlar ittifaqlarında birləşən 1 milyon 600 min nəfər
vətəndaşın arzusudur. Bu arzunun
reallaşacağına isə hər birimiz əminik.
Çünki Azərbaycanın inkişafı, yüksəlişi
və xoşbəxt gələcəyi üçün Heydər
Əliyev siyasətinin alternativi yoxdur!
Azərbaycan.-2013.- 27 aprel.- S.4-5.