Ədalət təəssübkeşi

 

Dünyanın aparıcı dövlətlərinin tarixində onları sınağa cəkən, inkişaf  yolunda maneəyə çevrilən hadisələr az olmamışdır. Bu hadisələr istər başlanğıcda, istərsə də sonralar həmin xalqları tutduqları yoldan sapındırmağa çalışsa da, tarixi iradə həmin xalqların firavan inkişaf yoluna cıxmasına kömək etmişdir. Dunya xalqları buna gorə məhz şəxsiyyətlərə, onların adı ilə bağlı olan zəngin siyasi irsə minnətdardır. Tarix belə şəxsiyyətləri insanlara sanki özünün sınaqları ücün bəxş etmişdir. Onlar zaman adlanan orduya sərkərdəlik missiyasını öz üzərlərinə götürərək bir-birinin ardınca əldə olunan qələbələrlə bu ordunun özününruhunu dəyişib yeniləşdirməyə müvəffəq olurlar.

Bu prizmadan əminliklə demək olar ki, dünya miqyaslı ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclu dövlətə sahib olmaq arzusunu praktik şəkildə gerçəkləşdirmiş strateq kimi cağdaş tariximizdə əbədiyaşarlığını təmin etmiş, hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Heydər Əliyevin yüksək dövlətçilik təfəkkürü sayəsində həyata vəsiqə alan azərbaycançılıq ideologiyası hər bir vətəndaşın maraqlarını özündə ehtiva etməklə, xalqın daimi birliyi və həmrəyliyində vacib amildir. Hər bir fərd bu ideologiya və baxışlar sistemində özünün ictimai dəyərlər dərəcəsinə yüksəlmiş istək və arzularının dolğun ifadəsini tapır, özünü inkişaf prosesinin müşahidəçisi deyil, fəal iştirakçısı qismində görür. Yəni, Azərbaycanın davamlı inkişafının Heydər Əliyev konsepsiyası praktik fəaliyyətə transformasiya edərək insanların fərdi davranışını stimullaşdırmaq qüdrətinə malik dəyərlərin məcmusunu özündə ifadə edir. Həmin dəyərlər sistemi ümummilli ideyanın təmin edilməsi ilə yanaşı, hər bir fərdin şəxsi idealının həyata kecirilməsini nəzərdə tutan prinsip və vəzifələri üzvi şəkildə əks etdirir. Əslində, Heydər Əliyev ideyalarını müstəsna edən və onun uğurunu şərtləndirən başlıca cəhətlərdən biri də məhz budur.

Ulu öndər Heydər Əliyevin lider kimi böyüklüyü, ilk növbədə, onun bütün  varlığı ilə haqqın və ədalətin carçısı, düzgünlüyün tərəfdarı olmasında idi. Dürüstlük, zəiflərin haqqını müdafiə etmək, humanizm, insanpərvərlik, mərhəmət kimi ali insani keyfiyyətlər onun müdrik rəhbər obrazının qabarıq görünən cizgiləri olmuşdur. 70-ci illərdə məhz Heydər Əliyevin sayəsində ali təhsil müəssisələrində bilik yeganə meyara çevrilmiş, bir sıra nüfuzlu ixtisaslara, o cümlədən Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul zamanı yol verilən ayrı-seçkiliyin  qarşısı alınmış, sıravi vətəndaşların övladlarının nüfuzlu ixtisaslara doğru yolunu bağlayan sədlər aradan qaldırılmışdır. Eyni zamanda, ulu öndərin uzaqgörənliyinin nəticəsi olaraq on minlərlə azərbaycanlı gənc Rusiyanın nüfuzlu ali məktəblərində təhsil almaq, ixtisaslı kadr kimi yetişmək imkanı qazanmışlar. Məhz həmin illərdə formalaşmış hüquqşünaslar nəsli bu gün də Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə sanballı töhfələr verir.

1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin ictimai-siyasi sabitliyi, qanunçuluğu, hüquq qaydalarını qorumaq üçün nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq onun yüksək liderlik əzmini bir daha nümayiş etdirir. Xalqımız canı, qanı bahasına əldə etdiyi müstəqillk nemətini növbəti dəfə itirmək təhlükəsi ilə üzləşəndə, nicat axtarışına köklənən nəzərlərimiz Heydər Əliyev fenomenini milli-ictimai yaddaşımızda yenidən üzə çıxarmışdır. Ulu öndər çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərərək, xalqı vətəndaş qarşıdurmasından, müstəqilliyi itirmək təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyin xilaskarı, qurucusu kimi daxil olmuşdur.

Ümummilli lider Heydər Əliyev müdrik rəhbər olaraq, hər bir fərdin azad, təhlükəsiz şəraitdə yaşaması naminə, ilk növbədə, respublikada qanunçuluğunhüquq qaydalarının bərpasına nail olmuşdur. Paralel olaraq Azərbaycanda qanunçuluğun inkişafına baza yaradan addımların atılması yeni, müasir və möhkəm dövlətçilik modelinin təkmil hüquqi mexanizmlərinin formalaşdırılması məqsədindən irəli gəlmişdir. Aydın məsələdir ki, hüquqi, demokratik, dünyəvi dövlət mütərəqqi qanunlar əsasında yaradılmalı idi. Dünyanın demokratik ölkələrində isə dövlətin hüquqi təməlini məhz Konstitusiya təşkil edir, digər qanunlar məhz onun əsasında hazırlanaraq qəbul edilir.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə Azərbaycan  Konstitusiyasının qəbulu respublikada hüquqidemokratik dövlət quruculuğu yolunda inamla addımladığını bir daha dünyaya nümayiş etdirmişdir. Sonrakı mərhələdə Heydər Əliyevin iradəsi ilə qəbul olunan saysız-hesabsız törəmə qanunların da əsasında məhz insan şəxsiyyətinə hörmət amili dayanmışdır. Respublikada əfvetmə institutunun bərpası, ölüm hökmü cəsası üzərində moratoriumun qoyulması, 1998-ci ildə bu hökmün birdəfəlik ləğvi, İnsan hüquqları üzrə Müvəkkil İnstitutunun (Ombudsman) yaradılması, hüquq-mühafizə, ədliyyə orqanlarında dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılması, məhkəmələrin müstəqilliyinin təmini, hakim vəzifəsinə test üsulu ilə seçkilərin keçirilməsi - bütün bunlar məhz Heydər Əliyevin qətiyyətli addımları sayəsində gerçəkliyə çevrilmişdir. 

Hər bir xalq öz şəxsiyyətləri ilə qürur duyur, onların adının əbədiləşdirilməsi istiqamətində addımlar atır. Prezident İlham Əliyevin 21 yanvar 2013-cü il tarixli "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" sərəncamında vurğulandığı kimi, "Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissəsidir".

Ötən əsrin 90-cı illərinin sonlarına doğru ulu öndər Heydər Əliyevin ən inamlı və prinsipial addımlarından biri də ölkədə söz, fikir və mətbuat azadlığının tam təmin edilməsidir. Ümummilli liderin 1998-ci il 6 avqust tarixli "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanı ilə kütləvi informasiya vasitələri üzərində senzura ləğv olunmuş, bu sahənin inkişafını stimullaşdıran bir sıra zəruri tədbirlər həyata keçirilmişdir.

Həmin dövrdə Avrostrukturlara inteqrasiya prosesinə də fəal surətdə qoşulan respublikamız bu geosiyasi arealda əməkdaşlıq təşəbbüslərinin birbaşa iştirakçısına çevrilmiş, demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının prioritetliyinə əsaslanan siyasi sistemin formalaşdırılması istiqamətində inamlı addımlar atmışdır. Avropa regionunun nüfuzlu beynəlxalq təşkilatı sayılan Avropa Şurası ilə əməkdaşlıq həmin dövrdən zəruri məsələ kimi gündəmə gəlmiş, yenicə müstəqillik qazanmış respublikamız öz maraqlarını qorumaq, ölkə həqiqətlərini dünyaya çatdırmaq, demokratikləşmə prosesini sürətləndirmək məqsədilə təşkilata üzvlüyü vacib saymışdır.

Azərbaycan Respublikasının Avropa Şurasında "Xüsusi qonaq statusu"nda iştirakının 1996-cı il iyunun 28-dən etibarən təmin olunması milli qanunvericiliyin Avropa standartlarına yüksəlməsinə, təşkilatla əlaqə və dialoqun intensivləşməsinə zəmin yaratmışdır. Eyni zamanda, ulu öndər Heydər Əliyevin 8 iyul 1996-cı il tarixli "Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında", 20 yanvar 1998-ci il tarixli "Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında", habelə 14 may 1999-cu il tarixli "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin təmin edilməsi haqqında" sərəncamları Avropa Şurasına üzvlük üçün tələb olunan hüquqi-siyasi prosedurların sürətlə keçilməsinin işlək mexanizmlərini hazırlamağa imkan vermişdir.

Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv seçilmiş, təşkilat qarşısında götürdüyü bütün öhdəlikləri vaxtında icra etmişdir. İnsan hüquqlarının təminatına xidmət edən yeni qanunlar qəbul olunmuşdur.

Rəsmi Bakı təşkilatın ölkənin demokratik inkişafına xidmət edən bütün mütərəqqi təklif və tövsiyələrini nəzərə alaraq, AŞ PA həmməruzəçilərinin respublikada müntəzəm monitorinq aparmasına şərait yaratmışdır. 28 dekabr 2001-ci il tarixdə "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" konstitusiya qanununun qəbulu, 2002-ci ildə ombudsman institutunun fəaliyyətə başlaması üçün maddi-texniki bazanın təşkili insan və vətəndaş hüquqlarının təmini istiqamətində respublikada həyata keçirilən hüquqi islahatların məntiqi davamı olmuşdur.

Tarixi təcrübə göstərir ki, siyasi liderin məharəti eyni zamanda, ictimai inkişafın mövcud mərhələlərinə uyğun olaraq insanların idarəçilikdə iştirakı formalarını müəyyənləşdirmək bacarığında müəyyən olunur. Siyasi liderliyin ən əhəmiyyətli cəhətlərindən biri də idarəetmə aparatına vətənpərvər, bacarıqlı, xalqına vicdanla xidmət edən, intellektual səviyyəsi ilə fərqlənən kadrların cəlb olunmasıdır. Heydər Əliyevin layiqli siyasi varis kimi cəmiyyətə təqdim etdiyi cənab İlham Əliyev də dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən ulu öndərin iqtisadi, siyasihüquqi islahatlar kursunu inamla davam etdirir.

Hazırkı mərhələdə iqtisadi sahədə əldə olunan vəsaitin respublikamızda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesinin daha da sürətləndirilməsinə, ümumilikdə, insan amilinin yüksəlişinə yönəldilməsi demokratiya sahəsində böyük təcrübəsi olan dövlətlər və ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən də müsbət qarşılanır. Prezident İlham Əliyev ötən 10 illik fəaliyyəti dövründə məhkəmə və ədliyyə orqanlarının fəaliyyətinin müasirləşdirilməsinə və təkmilləşdirilməsinə xidmət edən çoxsaylı qanun, fərman və sərəncamlar imzalamışdır. Bu məqsədlə hələ 2004-cü ildə Azərbaycan-Avropa Şurası birgə işçi qrupları yaradılaraq onun tərkibinə ən nüfuzlu beynəlxalq ekspertlər daxil edilmiş, çoxşaxəli fəaliyyət planı hazırlanıb həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində "Məhkəmələr və hakimlər haqqında" qanun əsaslı şəkildə yenilənmiş, "Məhkəmə-Hüquq Şurası haqqında" yeni qanun, "Hakimlərin Seiki Komitəsi haqqında" Əsasnamə, "Hakim vəzifələrinə namizədlərin seçimi Qaydaları", "Hakimlərin Etik Davranış Kodeksi" və digər mühüm sənədlər qəbul olunaraq uğurla tətbiq edilmişdir. Aparılmış islahatlar nəticəsində yeni təsisat - məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası yaradılmış, onun tərkibi əsasən hakimlərdən, eyni zamanda, ölkə Prezidentinin, Milli Məclisin, prokurorluğun, Vəkillər Kollegiyasının nümayəndələrindən ibarət formalaşdırılmışdır. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər bu orqanın səlahiyyətinə aid edilmişdir.

2009-cu ilin mayında Ali Məhkəmənin yeni inzibati binasının açılış mərasimində iştirak edən dövlət başçısı İlham Əliyev məhkəmələrin çıxardığı qərarların insan taleyi ilə bağlı olduğunu bir daha vurğulamış, hakimlərə qanunun aliliyi prinsipinə daha ciddiliklə yanaşmağı tövsiyə etmişdir: "Son illər ərzində Azərbaycanda məhkəmə-hüquq sistemində aparılmış köklü islahatlar öz bəhrəsini verir. İnsanların məhkəmə orqanlarının qərarlarına inamı artır. Biz bunu görürük, bilirik və yerlərdən bu məsələ ilə əlaqədar gələn şikayətlərin sayı azalır, məhkəmə qərarları ədalətli çıxarılır. Həyatımızın bütün sahələrində ədalət olmalıdır və bu, hər bir cəmiyyətin inkişafı üçün çox vacibdir".

Bütün bunlar bir daha təsdiqləyir ki, ulu öndərin layiqli davamçısı - Prezident İlham Əliyevin rəhbərliyi altında başlanmış məhkəmə-hüquq islahatlarının yeni mərhələsi ədalət mühakiməsinin səmərəli təşkilinə, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına yönəlmişdir. Həyata keçirilən islahatlar respublikamızda qanunçuluğun, hüquq qaydalarının daha da möhkəmlənməsinə, habelə Azərbaycanın beynəlxalq arenadakı demokratik imicinin yüksəlməsinə xidmət edir.

 

 

Hikmət MİRZƏYEV,

Ali Məhkəmənin inzibati-iqtisadi

kollegiyasının sədri

 

Azərbaycan.-2013.- 27 aprel.- S.6.