Məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatına xidmət edən islahatlar
Müstəqil
Azərbaycan ötən 20 ildə cəmiyyətdə
qanunçuluğun və hüquq qaydalarının
etibarlı təminatına xidmət edən çevik
islahatlar həyata keçirmiş, ilk növbədə, məhkəmə-hüquq
sisteminin müasirləşməsinə, ədalət
mühakiməsinin səmərəliliyinə nail olmuşdur.
İnkişaf etmiş ölkələrin təcrübəsinə
nəzərən tətbiq olunan bu mütərəqqi yeniliklər
dövrün tələbi ilə səsləşərək,
respublikanın sosial-iqtisadi inkişaf kursuna adekvat olmuş, ən
əsası, vətəndaş hüquq və
azadlıqlarının təmini məsələlərini
özündə tam ehtıva etmişdir.
Xüsusi
vurğulamaq lazımdır ki, ictimai münasibətlər
sisteminin qanunamüvafiq qaydada tənzimlənməsində,
insan və vətəndaş hüquq və
azadlıqlarının təminatında mühüm rol oynayan
məhkəmə hakimiyyətində kompleks islahatların həyata
keçirilməsi ulu öndər Heydər Əliyevin daim
xüsusi diqqət mərkəzində olmuşdur. 1995-ci ilin
12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycan
Respublikasının ilk Konstitusiyası dövlətimizin
tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik
hüquqi və dünyəvi dövlət quruculuğunun
hüquqi əsaslarını, insan hüquq və
azadlıqlarının qeyri-şərtsiz təmin
olunmasının möhkəm təməlini qoymuşdur.
Ölkə
Konstitusiyasına əsasən, hakimiyyətin üç
müstəqil qolundan biri olan məhkəmələr
dünyanın mütərəqqi təcrübəsinə əsaslanan
modeldə formalaşdırılmışdır. Bu modelə əsasən,
ölkəmizdə birinci instansiya, apelyasiya və kassasiya
instansiyalı üçpilləli məhkəmə sistemi fəaliyyət
göstərir. Üçpilləli məhkəmə sistemi ədalət
mühakiməsinin səmərəliliyinin
artırılmasına xidmət etməklə, işlərə
birinci instansiya qaydasında baxılmasına, bundan sonra
onların hüquqa və fakta görə apelyasiya
qaydasında yoxlanılmasına, daha sonra isə kassasiya
qaydasında yenidən baxılmasına imkan yaradır. Bu
sistem birinci instansiya məhkəməsinin buraxdığı
hər hansı səhvin yuxarı məhkəmə
instansiyalarında aradan qaldırılmasına, işlərin
mahiyyətcə düzgün və obyektiv həllinə şərait
yaradır.
Azərbaycan
Respublikası Prezidentinin 1996-cı il 21 fevral tarixli sərəncamı
ilə yaradılmış Hüquq İslahat Komissiyası tərəfindən
işlənib hazırlanmış "Konstitusiya məhkəməsi
haqqında", "Məhkəmələr və hakimlər
haqqında" qanunlar ölkəmizdə məhkəmə-hüquq
islahatları sahəsində aparılan ilk mühüm
addımlar olmaqla, müstəqil məhkəmə sisteminin
yaradılmasına və fəaliyyət göstərməsinə
imkan yaratmışdır. Azərbaycan Respublikası
Prezidentinin 1 dekabr 1998-ci il tarixli "Məhkəmələr
və hakimlər haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi və məhkəmə
islahatlarının həyata keçirilməsinə dair tədbirlər
barədə" fərmanı əsasında ardıcıl
surətdə gerçəkləşdirilən məhkəmə
islahatlarının başlıca məqsədi qanunun aliliyinin
təmini, məhkəmə hakimiyyətinin dövlət idarəçilik
mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül
tapması, ədalət mühakiməsinin həyata
keçirilməsi zamanı insan hüquq və
azadlıqlarının müdafiəsinin yüksək səviyyədə
təşkili, cinayət və mülki mühakimədə
demokratik prinsiplərin qorunması, peşəkar hakim korpusunun
formalaşdırılması, məhkəmələrin fəaliyyətində
şəffaflığın təmin edilməsi və digər
konseptual məsələlərin həlli olmuşdur.
"Azərbaycan
Respublikasında hakim vəzifəsinə namizədlərin
seçilməsi qaydalarının təkmilləşdirilməsi
haqqında" 2000-ci il 17 yanvar tarixli fərman isə hakimlərin
seçilməsi prosesinin təşkili, məhkəmə fəaliyyəti
ilə bağlı digər funksiyaların həyata
keçirilməsi məqsədilə yüksək məhkəmə
sədrlərindən, ədliyyə nazirindən ibarət tərkibdə
Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq
Şurası təsis edilmiş, hüquq sistemində
köklü dəyişikliklərə səbəb olan tədbirlər
görülmüşdür. Məhkəmə-Hüquq
Şurası ötən illərdə Azərbaycan
Respublikasında müstəqil məhkəmə sisteminin təmin
edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan
namizədlərin seçilməsinin təşkili, hakimlərin
fəaliyyətinin qiymətləndirilməsi, onların iş
yerinin dəyişdirilməsi, vəzifədə irəli
çəkilməsi, intizam məsuliyyətinə cəlb
edilməsi, habelə məhkəmələr və hakimlərlə
bağlı digər məsələləri səlahiyyəti
daxilində həll edən, məhkəmə hakimiyyətinin
özünüidarə funksiyalarını həyata keçirən
müstəqil orqan kimi fəaliyyət göstərmişdir.
Ulu
öndər Heydər Əlıyevin insan
hüquqlarının qorunmasını ön plana çəkməklə
əsasını qoyduğu məhkəmə-hüquq
islahatları son 8 ildə onun layiqli davamçısı - Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam
etdırilir. Müstəqil məhkəmə hakimiyyətinin
formalaşdırılması, ədalət mühakiməsinin
tamamilə şəffaf, demokratik, obyektiv şəraitdə həyata
keçirilməsi, bu zaman insan və vətəndaş
hüquq və azadlıqlarının maksimum səviyyədə
qorunması baxımından hakimlər korpusunun
sağlamlaşdırılması da vacib şərtlərdən
biridir.
Dövlət
başçısının inamla həyata keçirdiyi məhkəmə-hüquq
islahatlarının əsas qayəsində həm də
regionlarda yaşayan vətəndaşların qanuni maraq və
mənafeyinin ədalət mühakiməsi yolu ilə
qorunması mexanizmlərinin təkmilləşdirilməsi
olmuşdur. Bu baxımdan dövlət
başçısının 19 yanvar 2006-cı il tarixli
"Azərbaycan Respublikasında məhkəmə sisteminin
müasirləşdirilməsi və bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr
edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" fərmanı respublikanın məhkəmə
sisteminin əsaslı şəkildə müasirləşdirilməsi
və təkmilləşdirilməsi prosesində ən
mühüm addımlardan biri kimi dəyərləndirilə
bilər. Regionların sosial-iqtisadi inkişafı sahəsində
həyata keçirilmiş bir sıra təşkilati-hüquqi,
sosial tədbirlərin mahiyyətindən irəli gələn
həmin fərmanda bölgələrdə yeni apelyasiya və
iqtisad məhkəmələrinin yaradılması
başlıca vəzifə kimi qarşıya qoyulmuşdur. Belə
bir fərmanın imzalanması bölgələrin sürətlə
inkişaf etdiyi bir zamanda rayonlarda yaşayan vətəndaşlara
göstərilən hüquqi yardımın səviyyəsini
yaxşılaşdırmaq; onlarda haqlı narazılıq
doğuran sui-istifadə, süründürməçilik
hallarını, eləcə də digər nöqsanları
aradan qaldırmaq; ədalət mühakiməsinin səmərəliliyini
yüksəltmək; məhkəmələrə inamı
artırmaq; məhkəmələrin fəaliyyətində
yeni informasiya texnologiyalarının tətbiqinə nail olmaq; məhkəmə
aparatlarının strukturunu və işini daha optimal şəkildə
qurmaq; habelə hakimlərin sosial vəziyyətini
yaxşılaşdırmaq niyyətindən irəli gəlmişdir.
Fərmanda
Məhkəmə-Hüquq Şurasına tövsiyələrdən
biri də məhz məhkəmələrdə hakimlərin
sayının artırılması ilə bağlı idi. Məlumat
üçün bildirək ki, son illərədək Azərbaycanda
hakimlərin əhaliyə nisbətdə sayı Avropa
Şurasına üzv bəzi dövlətlərlə
müqayisədə aşağı göstərici ilə
xarakterizə olunur, hər 100 min nəfərə orta hesabla 4
hakim düşürdü. Halbuki bir sıra Avropa dövlətlərində
bu rəqəm 20-25 hakim təşkil edir. Son illərədək
apelyasiya şikayətlərınin çoxluğu əsasən
birinci instansiya məhkəmələrində işlərə
ədalətli və obyektiv baxılmaması ilə
bağlı olurdu. Belə ki, Bakı şəhərinin rayon
məhkəmələrindəki hakimlərin icraatında bir
ildə 500-dən çox mülki, 150-dən artıq cinayət
və digər işlərin olması faktı hakimlərin nə
qədər gərgin iş şəraitində işlədiyinin
bariz göstərıcisi idi. Belə olan halda, hakim bir gündə
2, bəzən hətta 3 işə baxmaqla insan taleyi
baxımından həlledici qərar qəbul etməli idi. Məhz
bu səbəbdən də hakimlərin baxdığı
işlər üzrə məhkəmə
araşdırması bəzən səthi olur, işlərə
baxılması uzanır, məhkəmə qərarlarının
tərəflərə verilməsi gecikir, vətəndaşlar
yerli-yersiz get-gələ düşürdü. Vaxtın
azlığı tam və obyektiv məhkəmə
araşdırmasının aparılmasına imkan vermirdi. Bu isə
müəyyən hallarda əsassız, adekvat olmayan məhkəmə
qərarlarının qəbuluna gətirib
çıxarırdı.
Bunu
nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyevin
2006-cı il 17 avqust tarixli "Azərbaycan Respublikası məhkəmələri
hakimlərinin sayının artırılması və məhkəmələrin
ərazi yurisdiksiyasının müəyyən edilməsi
haqqında" fərmanı ilə respublika məhkəmələri
hakimlərinin sayı 157 ştat vahidi
artırılmışdır. Fərmanın icrası ilə
bağlı son illər Məhkəmə-Hüquq
Şurası tərəfindən həyata keçirilən tədbirlər
hakim vəzifəsinə seçkilərin tamamilə azad,
obyektiv və ədalətli keçirilməsinə, bu məsul
vəzifəyə ən layiqli insanların seçilməsinə
xidmət etmişdir. Hakimliyə namizədlərin seçilməsi
kimi mühüm vəzifəni yerinə yetirən Hakimlərin
Seçki Komitəsinin məqsədyönlü fəaliyyətinin
nəticəsi kimi 2007-ci ildə 255 nəfər hakimliyə
namizəd ən şəffaf və mütərəqqi
üsulla seçilərək hakim vəzifələrinə təyin
olunmuşlar.
Prezident
İlham Əliyevin 2010-cu il 22 iyun tarixli fərmanı ilə
təsdiq edilmiş "Azərbaycan Respublikasının məhkəmə
sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi
tədbirlər və "Məhkəmələr və hakimlər
haqqında" və "Məhkəmə-Hüquq
Şurası haqqında" Azərbaycan Respublikasının
qanunlarına dəyişikliklər və əlavələr
edilməsi barədə" qanun da son illər respublikada həyata
keçirilən məhkəmə-hüquq
islahatlarının uğurlu davamı kimi qiymətləndirilməlidir.
Qanunla "Məhkəmələr və hakimlər
haqqında" qanunun birinci maddəsinə edilmiş dəyişikliyə
əsasən, ismin müvafiq hallarında verilmiş
"Ağır cinayətlərə dair işlər üzrə
məhkəmə" sözləri ismin müvafiq
hallarında "ağır cinayətlər məhkəməsi"
sözləri ilə əvəz edilmişdir. Yəni,
sözügedən qanuna əsasən, "Ağır cinayətlərə
dair işlər üzrə məhkəmə" Ağır
Cinayətlər Məhkəməsi
adlandırılmışdır.
Qanunda
əksini tapan digər bir mühüm yenilik yerli iqtisad məhkəmələrinin
adının və ərazi yurisdiksiyasının dəyişdirilməsi
ilə bağlıdır. Belə ki, 4-cü maddəyə əsasən,
qanunun mətnində ismin müvafiq hallarında verilmiş
"yerli iqtisad məhkəməsi" sözləri ismin
müvafiq hallarında "inzibati-iqtisadi məhkəmə"
sözləri ilə əvəz edilmişdir. Yəni, yerli
iqtisad məhkəmələrinin inzibati-iqtisad məhkəmələri
kimi fəaliyyəti təmin edilmişdir.
Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 9 avqust tarixli "Azərbaycan
Respublikası apelyasiya instansiyası məhkəmələrinin,
ağır cinayətlər məhkəmələrinin,
inzibati-iqtısadi məhkəmələrinin və hərbi məhkəmələrinin
ərazi yurisdiksiyası haqqında" fərmanı da bu
baxımdan mühüm əhəmiyyətə malikdir. Fərmanla
Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin,
ağır cinayətlər məhkəmələrinin,
inzibati-iqtisadi məhkəmələrinin və hərbi məhkəmələrinin
ərazi yurisdiksiyası təsdiq edilmişdir. Bundan əlavə,
Prezident İlham Əliyevin 2010-cu il 9 avqust tarixli "Məhkəmə
quruluşunda bəzi dəyişikliklər, hakimlərin
ümumi sayı və məhkəmələrin ərazi
yurisdiksiyası haqqında" fərmanı da Azərbaycan
Respublikasında məhkəmə quruluşunu təkmilləşdirmək
məqsədi daşıyır. Fərmanla respublikanın məhkəmə
sisteminə daxil olan məhkəmələrin hakimlərinin
ümumi sayı 600 nəfər müəyyən
olunmuşdur. Şübhəsiz, hakim korpusunun sayının
artırılması respublikamızda ədalət mühakiməsinin
demokratikliyinin, şəffaflığının, obyektivliyinin
təmini istiqamətində mühüm addımdır.
Xüsusi
vurğulamaq istərdim ki, son illər Azərbaycan Prezidenti cənab
İlham Əlıyevin xüsusi diqqət və
qayğısı ilə məhkəmələrin yeni bina və
inventarla təmin olunması, onların iş şəraitinin
yaxşılaşdırılması, hakimlərin sosial
müdafiəsinin gücləndirilməsi istıqamətində
də mühüm addımlar atılır. Bu qəbildən
olan məsələlər dövlət
başçısının hələ 2009-cu il 6 fevral
tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
ədliyyəsinin inkışafına dair 2009-2013-cü illər
üçün Dövlət Proqramı"nda da geniş əksini
tapmışdır. 2009-cu ilin mayında Azərbaycan
Respublikası Ali Məhkəməsinin müasir tələblərə
cavab verən yeni binasının tikilib istıfadəyə
verilməsi buna əyani sübutdur. Bu, dövlət
başçısının məhkəmələrin fəaliyyətinə
və hüquq sistemindəki yerinə xüsusi həssaslıqla
yanaşdığını bir daha təsdiqləyir.
Şübhəsiz,
regionlarda ağır cinayətlər və hərbi məhkəmələrin
yaradılması, habelə inzibati-iqtisadi məhkəmələrin
fəaliyyətinin təkmilləşdirilməsi yeni
dövrün tələblərindən irəli gələn
sosial tələbatdır. Son dövrlər imzalanmış
qanun və fərmanlar, sərəncamlar da yalnız bir məqsədə
- regionlarda yaşayan əhalinin hüquq və mənafeyinin
etibarlı qorunmasına xidmət edir. Əgər ötən
ilədək Bakıda yalnız bir Ağır Cinayətlərə
dair İşlər üzrə Məhkəmə fəaliyyət
göstərirdisə, son illərdə regionlarda belə məhkəmələrin
yaradılması vətəndaşların üzləşdiyi
çətinliklərin aradan qaldırılmasında həlledici
rol oynayacaqdır. İnanırıq ki, Azərbaycanda yeni
dövrün tələblərinə uyğun davam etdirilən
bu mütərəqqi islahatlar respublikada insan və vətəndaş
hüquq və azadlıqlarının etibarlı təminatına,
hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğu prosesinin sürətləndirilməsinə təkan
verəcəkdir.
İlyas MAHMUDOV,
Sumqayıt Şəhər Məhkəməsinin
hakimi
Azərbaycan.-2013.- 27 aprel.- S.6.