Bir ömrün sönməz işığı

 

Zərifə Əliyeva-90

 

"Dünya bir pəncərədir, hər gələn baxar, gedər" - deyiblər. Lakin tarix boyu elə şəxsiyyətlər olub ki, bu pəncərədən yalnız baxmaqla kifayətlənməyib, elə yaşayıb-yaradıblar ki, özlərindən sonra da ürəklərdə silinməz izlər qoyub gediblər. Gələcək nəsillər dünya pəncərəsindən baxdıqca onların saf əməllərini görərək dönə-dönə ibrət, nümunə götürüblər.

Xoşbəxtlikdən, dönüb uzaq və yaxın tariximizə boylansaq, neçə-neçə belə böyük şəxsiyyətlər, nurlu simalar görərik. "Nurlu" sözünü təsadüfən işlətmədim. Çünki bu günlərdə 90 illiyi tamam olan görkəmli alim və həkim, Azərbaycan xalqının ləyaqətli övladı akademik Zərifə xanım Əliyevanı bir daha dönə-dönə yad edirik. XX əsrdə yaşayıb yaratmış bu xanımı hər dəfə xatırlayanda ruhu qarşısında minnətdar oluruq. Tək ona görə yox ki, əllərinin şəfası, zəkasının nuru ilə minlərin qaranlıq dünyasına işıq bəxş edən oftalmoloq alim kimi neçə-neçə insanın gözlərini müayinə, müalicə və əməliyyat edib. Söhbət həm də bu böyük insanın qəlbinin nurundan, xalqı, ailəsi, övladları, bir sözlə, ətrafındakıların hamısı üçün yanar ürəyindən gedir. Söhbət milli-mənəvi ruhunu, ömrünü insanlığın yolunda şam kimi əridən bir fədakar ali anadan, şəxsiyyətdən gedir.

"Əgər mən peşəkar ədəbiyyatçı kimi Zərifə xanım Əliyeva haqqında əsər yazmış olsaydım, heç şübhəsiz, onu "Əvəzolunmaz insan haqqında povest" adlandırardım". Bu sözləri Zərifə xanımı yaxından tanıyan məşhur rus tibb alimlərindən biri deyib. Həmkarı Zərifə xanımı həqiqətən də, çox yaxşı tanıyırmış. O, doğrudan da, təkrarsız bir insan idi. Həkim kimi qayğıkeşliyinin, alim kimi axtarışlarının, həyat yoldaşı kimi vəfasının, ana kimi cəfakeşliyinin, həmkar kimi sadəliyinin, ictimai xadim kimi insanlarla ünsiyyət yaratmaq bacarığının yalnız özünəməxsus çalarları vardı.

Təsadüfi deyil ki, elm və mərifət sahiblərini, qəlbində böyük eşq gəzdirənləri yüksək qiymətləndirən ulu şairimiz Nizami alimin rütbəsini bütün rütbələrdən uca saymışdı. Əgər alim, üstəlik, cənnət ayaqlarının altında olan anadırsa, onda bu ucalığın necə bir zirvəyə çatdığını təsəvvür etmək çətin deyil.

Zərifə xanım valideynlərinin ona verdiyi ada layiq bir xanım idi. Onu yaxından tanıyanların, bir sahədə işləyənlərin, ictimai-mədəni tədbirlərdə birgə iştirak edənlərin hamısı onu belə xatırlayır. Başqa sözlə, Zərifə xanım zərif və nəzakətli, alicənab və ziyalı bir Azərbaycan qadını idi. Onun xarakterini hər məziyyətdən əvvəl məhz sadəlik, səmimilik, ölçülüb-biçilmiş hərəkət və davranış, böyük mədəniyyət səciyyələndirirdi. Xeyirxahlığı onu hamıya sevdirirdi. Laqeydlik nə olduğunu bilməzdi, dara düşənə kömək edərdi.

Bir nəfər isə onu fərqli bir məhəbbətlə sevirdi. Öz sevgisi uğrunda çox çətin sınaqlardan çıxdığını sübut etmiş, bununla da, məhəbbəti yolunda mübarizə, dözüm, qətiyyət nümunəsi göstərmişdi. Bu, az sonra dünyanın siyasət aləmində imzası ilə seçilən böyük azərbaycanlı Heydər Əliyev məhəbbəti idi. Bu müqəddəs duyğu onları yumruq kimi birləşdirmişdi. Bu məhəbbət hər iki ömrün son günlərinə qədər olmuşdu. Zərifə xanım son nəfəsinədək ömür-gün yoldaşını başının tacı bilmişdi. O böyük insan isə Zərifəsindən sonra nə az, nə çox - düz 18 il ömrünün böyük məhəbbətinin nisgilini yaşamışdı.

Hər birimiz şahidik ki, Heydər Əliyev kimi polad iradəli bir insan, qüdrətli bir şəxsiyyət yalnız onun, sonsuz məhəbbətlə sevdiyi qadının xatirəsi qarşısında kövrəlirdi. Və elə yeri gəlmişkən deyim ki, bu saf məhəbbət, İlahi duyğu, sevənlərin yeni-yeni nəsillərinə örnək olmalıdır.

Böyük filosoflar və pedaqoqlar əsrlər boyu insanların həyat qayəsini açmağa çalışarkən bu qənaətə gəliblər ki, başlıca amil tərbiyəvi faktor, insanın  formalaşdığı ailə mühitidir. Bu baxımdan tale Zərifə xanımın üzünə gülmüşdü. O, nəcib bir ailədə - görkəmli ictimai-siyasi və dövlət xadimi, tanınmış təbib, alovlu vətənpərvər Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Zərifə xanım Əliyevanın hər bir insanın həsəd apara biləcəyi yüksək keyfiyyətlərinin formalaşmasının kökündə məhz Əziz Əliyev ailəsinin sadə dolanışığı, xeyirxah, nəcib, diqqətli, qonaqpərvər ruhu, burada qərarlaşan mənəvi ovqatın təmizliyi durur. Bu ailənin övladlarının hamısını məhz bu keyfiyyətlər fərqləndirirdi.

Əziz müəllim və əslən bəy nəslindən olan Leyla xanım övladlarını, o cümlədən Zərifəni sonsuz bir məhəbbətlə sevib bəsləyirdilər.

Azərbaycan xalqının tarixində özünəməxsus rolu olan Əziz Əliyev ailəsi sovet dövrünün tipik ziyalı ailələrindən biri idi. Bu ailənin dünyaya pəncərəsi Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun məşhur Şahtaxtlı kəndindən açılmışdı. Ailə buraya 1918-ci ildə ermənilərin növbəti fitnəkarlıqları baş qaldıranda, azərbaycanlılara qarşı deportasiya siyasətinin yeni bir mərhələsi başlayanda, soyqırımı tüğyan edəndə köçmüşdü.

Əziz Əliyev o vaxt böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə Peterburq Hərbi Tibb Akademiyasında təhsil alırdı. Ermənilər məkrli planlarını yenidən ortaya atanda təhsilini yarımçıq qoyaraq geriyə qayıtmış və ailəsini Şahtaxtlıya köçürmüşdü. Sonra təhsilini başa vurmuş və kəndə dönərək həkimlik fəaliyyətinə başlamışdı. Onlara böyük sevinc bəxş edən övladları da burada dünyaya gəlmişdilər.

1923-cü ildə ailə Bakıya köçməyi qərara alır. Həmin ilin yayında Bakıya gələn Əziz Əliyev tanışların köməyi ilə rus dilini yaxşı bilən gənc kimi dövlət işinə qəbul olunur və beləliklə, onun vəzifə pillələri ilə yüksəlişi başlanır.

O dövrdə ölkə sanki hərbi rejimlə işləyirdi. Həyat yoldaşı və övladları Əziz Əliyevin üzünü ancaq axşamdan-axşama görə bilirdilər. Ona görə də evdə uşaqların tərbiyəsi ilə əsasən Leyla xanım məşğul olurdu. Həmişə sadə həyat tərzini sevən bu qadın övladlarına da təvazökarlığı aşılamışdı.

Elmə, təhsilə, mədəniyyətə sonsuz həvəs və məhəbbət bəslənən bu ailədə yüksək intellektual mühit hökm sürürdü. Balaca Zərifə və onun bacı-qardaşları məhz bu mühitdə böyüyüb tərbiyə alırdılar. Uşaqlara öz həyat yollarını seçməkdə ata nümunəsinin müəyyənedici rolu oldu. Belə ki, ata tanınmış həkim idi. Üstəlik, o dövrdə həkimlik və müəllimlik cəmiyyətdə ən üstün peşələr hesab olunurdu. Müəllimin və həkimin nüfuzu xalq arasında yüksək idi. Onların hər ikisi cəmiyyətin ən savadlı, hörmətli şəxsləri sayılırdılar. Cəmiyyətdə layiqli yer tutmaq üçün təhsil zəruri vasitə sayılırdı.

Əziz Əliyev səhiyyə sistemində çalışdığından bu sahənin problemləri ailədə hamıya bəlli idi. Ölkədə həkimlər çatışmırdı. Kütləvi epidemiyalar baş alıb gedirdi, uşaq ölümü yüksək olaraq qalırdı. Bu kimi problem və çətinliklərin dəf olunması üçün böyük işlər görülürdü. Əziz Əliyev sonralar bir sıra partiya vəzifələrində işləsə də, onun ailəsində tibb elminin, təbibliyin nüfuzu yüksək olaraq qalırdı.

Bütün bunlar Zərifə xanımın qəlbində hələ kiçik yaşlardan həkim olmaq, xalqın sağlamlığı keşiyində dayanmaq arzusu doğurmuşdu. Keçən əsrin 30-cu illərində orta məktəbdə oxuyanda, xüsusilə, yuxarı siniflərdə onun gələcək sənəti ilə bağlı qərarı artıq dəqiqləşmişdi. O özünü xalqın sağlamlıq durumunun mühafizəçisi kimi görürdü. Həyat amalı da bu idi: "Elə yaşamalı, elə  mübarizə aparmalıyıq ki, qəlbimizdəki xeyir həmişə qonşuluqda yaşayan şərə qalib gəlsin".

"Elə hey düşünürəm, necə edim ki, insanlara sevinc bəxş edim". Uşaqlıqdan bu cür düşünən qızın gələcəkdə necə böyük bir ürək sahibi olduğunu təsəvvür etmək çətin deyil! Onun ali məktəb həyatının son illəri müharibə dövrünə düşdü. SSRİ boyda nəhəng bir ölkədə ölüm-dirim savaşı gedirdi. Arxa cəbhədə - bir çox iri şəhərlərdə, o cümlədən Bakının təhsil ocaqlarının binalarında hospitallar açılmışdı. Onlar cəbhədən gəlmiş yaralılarla dolu idi. Bir çox azərbaycanlı gənc kimi Zərifə də təhsildənkənar vaxtlarında hospitallara gedir, ağır yaralılara qulluq edirdi. O, qulluq etdiyi əsgərlərə həm də mənəvi dayaq olur, onları yaşamağa ruhlandırırdı. Zəngin daxili aləmə malik olan, başqalarına sevinc bəxş etməyə can atan gənc qız bunun öhdəsindən böyük ustalıqla gəlirdi.

Zərifənin biliyə, elmə marağı böyük idi, ona görə də orta məktəbdə yaxşı oxuyurdu. Çünki yaxşı oxumağın insanların sosial statusunu, şəxsi nüfuzunu müəyyən etdiyini görürdü. Nə orta məktəb illərində, nə də ali  məktəbdə oxuyarkən, elmin çətin yolları ilə irəliləyərkən o, atasının və sonralar ölkə başçısı olan həyat yoldaşının nüfuzundan qətiyyən istifadə etməmiş, sadəcə olaraq bunu istəməmişdi. Hər məqsədə özü nail olmağa çalışan Zərifə Əliyevanın qüruru buna yol verməzdi.

Əziz Əliyevin ailəsində musiqiyə böyük maraq və həvəs vardı. Bu maraq da Zərifə xanımda uşaqlıqdan özünü büruzə vermişdi. Maraqdan əlavə, onda qeyri-adi improvizasiya istedadı da var idi. Musiqi dərslərinə də gedirdi. Pianoda və akkardeonda gözəl ifa edirdi. Kiçik bacısı Gülarə ilə birlikdə evdə "konsertlər təşkil edirdilər".

Gələcək həyatını tibb elminə həsr etməyi qəti müəyyənləşdirmiş gənc Zərifə 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil oldu. Onun ali məktəbdə oxuduğu illər Əliyevlər ailəsi üçün çətin dövr idi. Müharibənin ən ağır illərində - 1941-1942-ci illərdə Əziz Əliyev Azərbaycan KP MK-nın katibi, sonra isə 6 il Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi işləmişdi. Böyük təşkilatçılıq bacarığını, partiya, dövlət işinə sədaqətini, ən çətin situasiyalarda belə, ən optimal qərarlar qəbul etmək qabiliyyətini nəzərə alıb onu ən çətin sahələrə göndərirdilər. Hətta bir müddət İranda da səlahiyyətli partiya  işçisi kimi çalışmışdı. Bütün bunlar, təbii ki, ailəyə də təsirsiz ötüşmürdü. Evdə daim bir nigarançılıq və gərginlik hiss olunurdu. Zərifə xanım da anası ilə birgə atası üçün həyəcan keçirirdi. Belə gərgin vaxtlarda anası Leyla xanımın səbri, iradəsi, dözümü ona dayaq olurdu.

1947-ci ildə Zərifə Əliyeva Tibb İnstitutunu əla qiymətlərlə bitirdi. Lakin bu, hələ oxumağın, təhsilin sonu deyildi. Gənc həkim təbabətin ən incə, eyni zamanda, ən vacib bir sahəsini - oftalmologiyanı özünə ixtisas seçmişdi. Göz həkimi olmaq, adamlara dünyanın ən böyük, ən əvəzsiz nemətini  - dünya işığını qaytarmaq arzusu onun qəlbində hələ özünü təbabətə həsr etmək qərarını verdiyi gündən çox-çox əvvəl baş qaldırmışdı. Bir gün Zərifə xanım rəfiqəsi ilə küçədə gedərkən gözləri görməyən, lakin olduqca gözəl bir qadının necə çətinliklə hərəkət etdiyini görmüşdü və bu mənzərə həssas qızın qəlbini ağrıtmışdı.

Ali məktəbdə oxuduğu illərdə müəllimi, tanınmış göz həkimi Umnisə xanım Musabəyovanın ona göz xəstəlikləri üzrə ixtisaslaşmanı məsləhət görməsi Zərifənin istəkləri ilə üst-üstə düşdü. Yaddaşında bir neçə il əvvəl müşahidə etdiyi həmin mənzərə yenidən canlandı. Sonralar həyat bu seçimin necə düzgün olduğunu sübut etdi. Zərifə xanım bu sahənin ən kamil, bütün dünyada tanınan mütəxəssislərindən biri oldu.

Seçdiyi ixtisasa daha da dərindən yiyələnmək üçün Zərifə Əliyeva 1947-ci ildə Moskvadakı Helmholts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun ordinaturasında oxumağa getdi və iki il ixtisası üzrə nəzəri və praktiki hazırlığını artırdı. O zaman bu institut SSRİ-də ən nüfuzlu elmi və klinik mərkəz idi. Burada ölkənin ən tanınmış oftalmoloq alimləri çalışırdılar. İnstitutda əsl elmi, yaradıcı mühit var idi. Diskussiya və seminarlarda dünyadakı və ölkədəki ən son elmi yeniliklər müzakirə olunur, hərə öz fikrini, nöqteyi-nəzərini ortaya qoyurdu. Bu institutda Zərifə xanım elmi və təcrübi biliklər qazanmaqla, həkimlik sənətinin incəliklərinə yiyələnməklə bir həqiqəti də dərk etdi. Elmdə öz yolunu tapmalı, öz axtarış cığırına düşməlidir. Yaxşı həkim və alim olmağın yolu məhz bundan keçirdi.

Moskva mühiti həm də Zərifə xanımın mənəvi cəhətdən inkişafına güclü təsir göstərdi. Daim ailəsi ilə birlikdə olmuş gənc qız burada müstəqil yaşamaq vərdişləri qazandı. Müharibənin ağır izləri Moskvada da qalmaqda idi. Hər yerdə qıtlıq və yoxsulluq hiss olunurdu. Lakin müharibə səngərlərindən universitetlərə gəlmiş gənc nəsli bütün bunlar qorxutmurdu. Onlar gələcəyə, çətinliklərin aradan qalxacağına, insanların müharibəsiz dünyada, sülh və əmin-amanlıq şəraitində yaşayacağına inanırdılar. Bu inam Zərifə xanımda güclü idi. O, sonralar belə bir dünyanın qurulmasına öz əməli töhfəsini də vermişdi. Sovet Sülhü Müdafiə Komitəsi İdarə Heyətinin üzvü olmuşdu.

İki illik ordinatura başa çatdıqdan sonra Zərifə Əliyeva Bakıya qayıdaraq buradakı Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda çalışmağa, elmi fəaliyyətini davam etdirməyə başladı. İnstitutun aspiranturasına daxil oldu. Moskvada qazandığı nəzəri biliklər və təcrübə gənc araşdırıcının səmərəli işləməsinə imkan verirdi. Onun elmdə məqsədyönlü fəaliyyəti indi də həm vaxtilə çiyin-çiyinə çalışdığı həmkarlarını, həm də onun irsini öyrənən gənc alimləri valeh edir.

Zərifə xanım o dövrdə, alim təzə-təzə elmi fəaliyyətə başlayanda Azərbaycanda gözü zədələyən və ağır nəticələrə, hətta tam korluğa səbəb olan traxoma adlı infeksion xəstəlik geniş yayılmışdı. Ona qarşı təsirli müalicə üsulları yox idi. Bu infeksiya və onun ağır nəticəsi ilə səmərəli mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyrdı. Göz Xəstəlikləri İnstitutuna traxoma epidemiyası əleyhinə preparat və antibiotiklər hazırlamaq tapşırılmışdı. Gənc alim institutun bu yöndəki tədqiqatlarına yaxından  qoşulmuşdu.

Zərifə xanım institutdakı fəaliyyəti ilə kifayətlənmir, cavan həkim oftalmoloq həmkarları ilə birlikdə tez-tez xəstəliyin daha geniş yayıldığı rayonlara gedir, ağır xəstələri müalicə edir, yerli həkimlər qarşısında elmi mühazirələr oxuyur, əhali arasında maarifləndirici söhbətlər, izahat işləri aparırdı. Məhz bu ekspedisiyaların səmərəli işi və onun üzvləri olan oftalmoloq alim-həkimlərin fədakarlığı sayəsində traxoma epidemiyası qısa bir zaman ərzində lokallaşdırıldı.

Bəzən bu təşəbbüslərə, gənc həkimin fədakarlığına ağız büzənlər də olurdu. Lakin xalqına xidmətdən dərin mənəvi zövq alan Zərifə xanım belələrinə qətiyyən məhəl qoymur, xəstələrə şəfa verməyi özünün vətəndaşlıq və həkimlik borcu sayırdı.

Gənc tədqiqatçı getdiyi ekspedisiyalarda elmi işlə bağlı çoxlu praktik materiallar toplamış, müşahidələr aparmışdı. Bütün bunları, eləcə də traxomanın müalicəsində tətbiq olunan üsulları yazdığı dissertasiya işində bacarıqla ümumiləşdirdi və 1959-cu ildə onu müvəffəqiyyətlə müdafiə edib tibb elmləri namizədi alimlik dərəcəsi aldı.

Tale Zərifə xanıma bir qadın gözəlliyi və cazibədarlığı da bəxş etmişdi. Onun xarici görkəmi, gür saçları, sifətinin mütənasib cizgiləri, açıq alnı, qaynar, qara gözləri vardı. Şəhərin say-seçmə gözəllərindən, ağır oturub, batman gələn gənc qızlarından biri sayılırdı. Lakin illər ötsə də, o, heç kəsə könül verməyib, öz qismətini  gözləyirdi. Elmdə realist olduğu qədər həyatda, xüsusən də, sevib-sevilmək məsələsində romantik olan Zərifənin məhəbbət haqqında öz qənaətləri var idi. Bu qənaətlərini hələ ilk gənclik çağlarında rəfiqələrinin biri ilə bölüşərkən demişdi ki, "əgər mən qəlbimi kiməsə versəm, dəxli yoxdur, bu sevgi ağır olsun, ya da mənə sevinc bəxş etsin, bircə şeyi bilirəm ki, eşqimi bütün ömrüm boyu ürəyimdə daşıyacağam".

Onun qisməti, qəlbində gözlədiyi insan 1951-ci ildə gəldi. Bu, gələcəyin böyük siyasətçisi, Zərifə Əliyevanın ona verdiyi sevgini ömrünün sonuna qədər ən dəyərli əmanət kimi qoruyub saxlayacaq görkəmli dövlət xadimi Heydər Əliyev idi. O vaxt dövlət təhlükəsizliyi orqanlarında işləyən gənc Heydər Əliyevin arabir Əziz müəllimgilə yolu düşürdü. Çünki Əziz Əliyevin şəhərin mərkəzində yerləşən mənzili o vaxt ziyalıların, tanınmış elm, sənət adamlarının bir növ, görüş yeri idi. Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Səməd Vurğun, Qara Qarayev, Bülbül, Niyazi, Mirəsədulla Mirqasımov və başqaları buraya tez-tez gəlirdilər. Heydər Əliyevin qardaşı, tanınmış alim Həsən Əliyevin də Zərifənin atası ilə ailəvi yaxınlığı vardı. Zərifə ilk gündən Heydər Əliyevin diqqətini cəlb etmişdi. Qız  da bunu duymuş və qəlbində bu mavi gözlü, ucaboylu, təndürüst, rus və Azərbaycan dillərində səlis danışan gənc oğlana qarşı məhrəm duyğular baş qaldırmışdı. Bu, gələcəkdə böyük şəxsiyyətlər olacaq iki nəfərin arasında sonralar yaranmış və öz möhkəmliyi, aliliyi ilə örnəyə çevrilmiş məhəbbətin ilk cücərtiləri idi. Tezliklə gənc zabit qızın qəlbinə hakim oldu və onlar görüşməyə başladılar. Elə ilk görüşlərindən, söhbətlərindən həssas qəlbli Zərifə hiss etdi ki, axtardığı bəxt ulduzu elə bu cavan oğlandır, Tanrı onları bir-biri üçün yaradıb!

Lakin aralarında baş qaldıran məhəbbət elə ilk günlərdən ciddi sınaqdan keçməli oldu. Təhlükəsizlik xidməti zabitinin şəxsi həyatı işlədiyi qurumun nəzarəti altında idi. Ona görə də onun respublikada yaxşı tanınan Əziz Əliyevin qızı ilə münasibətləri artıq rəhbərliyə məlum idi. Bu, o vaxt idi ki, artıq Əziz Əliyevin başı üstündə qara buludlar dolaşmağa başlamışdı. Buna səbəb 1949-cu ilin əvvəllərində Əziz Əliyevin Sov.İKP Mərkəzi Komitəsində rəhbər işə irəli çəkilməsi olmuşdu. Onun bu yüksəlişi isə Azərbaycanın xaraktercə xudbin və qısqanc olan o zamankı rəhbəri Mircəfər Bağırovu qıcıqlandırırdı. Moskvaya dalbadal məktublar yazıb Əziz Əliyevi respublikaya gətirtdi, əvvəlcə gözdən pərdə asaraq baş nazirin müavini qoydu. Sonra isə təqib etdirdi, DTK-da ona qarşı iş qaldırıldı. Nahaq yerə millətçilikdə, sosial mənşəyini gizlətməkdə ittiham olunan Əziz Əliyevi gözdən salmağa çalışdılar. Onu baş nazirin müavini vəzifəsindən uzaqlaşdırıb kiçik bir iş verdilər. Bütün bunları Heydər Əliyev də görürdü. 1952-ci ildə o zaman Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olan Yemelyanov onu iki dəfə kabinetinə çağırıb ölkə rəhbərliyinin gözündən düşmüş Əziz Əliyevin qızı ilə görüşməyin gənc zabit üçün pis nəticələr verə biləcəyini xatırlatmışdı.

Heydər Əliyev çıxılmaz vəziyyətdə qalmışdı. Çox sevdiyi işini də itirmək istəmirdi, Zərifədən də əl çəkməyi ağlına gətirmirdi. Belə qeyri-müəyyən vəziyyət altı ay davam etdi.

Bu müddətdə vəzifəsində işləməkdə davam edən Heydər Əliyev Zərifə xanımla əlaqəsini kəsmirdi. Lakin qaranlıqları aydınlığa çıxaran qüvvə tezliklə onların da üzünə güldü. "Ellər atası" Stalin öldü. Bununla da, Mir Cəfər Bağırovun hakimiyyətinin dayaqları sarsıldı. Heydər Əliyev və gələcək qayınatası da rahat nəfəs aldılar. Bir müddət keçdikdən sonra təqib olunanlar, haqsız incidilənlər nicat tapdılar. Əziz Əliyev də layiq olduğu vəzifəyə qaytarıldı. 1954-cü ildə Heydər Əliyevlə Zərifə Əliyeva ailə qurdular.

Qarşılıqlı məhəbbət üzərində qurulan ailə xoşbəxt idi. Gənc zabit həyat yoldaşının simasında özünə mənəvi bir dayaq tapdı. Məhz o dayağa söykənərək  bütün vaxtını çox sevdiyi dövlət işinə sərf edirdi, evlə, ailə ilə məşğul olmağa çox az vaxtı qalırdı. Bunların hamısı Zərifəlik idi. O, öz elmi işini davam etdirsə də, hər bir azərbaycanlı qadın kimi ailəni əsas sayır, ilk növbədə, onun qayğıları ilə yaşayırdı. Ailədə elə şərait yaratmağa çalışırdı ki, həyat yoldaşı üçün işləmək asan və rahat olsun. Uzun illər rəhbər vəzifələrdə işləmiş atasının nümunəsindən bilirdi ki, dövlət adamlarının əsas dayağı ailədəki sabitlik, mehriban mühitdir. Belə bir mühiti Heydər Əliyev üçün də yaratmağa çalışırdı.

O vaxt Zərifənin ailə üçün göstərdiyi fədakarlıqları ulu öndər sonralar sevimli qadınının artıq həyatda olmadığı vaxtlar onun məzarı önündə durub əziz xatirəsini yad edərkən çox yüksək qiymətləndirirdi. Belə məqamların birində demişdi: "Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm. Bu yolda mənim həmişə səmərəli çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub.

Zərifə xanım kimi həyat yoldaşımın olduğuna və onun ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib. O çox istedadlı, çox xeyirxah, çox sadə insan idi".

Bəli, bu böyük insanın, sadiq ömür-gün yoldaşının həyatını xoşbəxt etmiş insan haqqında etiraflarıdır. Bu, həm də fədakarlığa, ananın, qadının ailədəki əvəzsiz roluna verilən yüksək qiymətdir. Bu, onların məhəbbətinin böyüklüyünün sübutudur.

1955-ci ildə onların ilk övladı - qız payı Sevil dünyaya gələndə gənc ailənin sevincinin həddi-hüdudu yox idi. Dünyanın ən gözəl simfoniyası hesab olunan körpə qığıltısı onların da isti yuvasına yeni arzular, ümidlər, qayğılar gətirdi.

1961-ci il dekabrın 24-də isə ailənin oğlu anadan oldu. O da özü ilə bir dünya sevinc gətirdi. Böyüyəndə bütün ölkəni daha aydın və işıqlı sabaha ilhamlandıracağını sanki duyubmuşlar kimi adını İlham qoydular. Həssas ana qəlbi hiss etmişdi ki, o, təkcə ata ocağı üçün deyil, bütöv bir ölkə üçün layiqli varis böyüdür.

Övladları Zərifə xanımın hədsiz səadət mənbəyi idi. O, balalarını canından da artıq sevən fədakar ana idi.

Zərifə xanım elmi fəaliyyətini ardıcıl davam etdirsə də, övladlarının qayğıları, tərbiyəsi ilə ciddi məşğul olurdu. O, uşaqları ulu Tanrı tərəfindən bəxş olunmuş bir nur payı kimi qəbul edirdi. Analıq borcunu yerinə yetirməkdə özünə rəhm etmirdi. Elmi və ictimai işlər onun həddən artıq vaxtını aparsa da, övladlarının böyüməsi, təhsili ilə bağlı hər şeyə özü diqqət yetirir, hər xırda məsələdə, hadisədə şəxsən iştirak edirdi. Bu baxımdan onu öz ailəsinin fədaisi adlandırmaq olardı. Çünki məhz onun sayəsində ailə rahatlıq tapır, məhz onun ana müdrikliyi, ana ürəyi övladlarını qoruyurdu.

İlhamın 7 yaşı olanda Heydər Əliyev respublikanın rəhbəri seçildi. Təbii ki, bütün xalqımız üçün sevinc, gələcək uğurlu inkişaf mənbəyi olan bu hadisə Zərifə xanım üçün də, ailə üçün də bir fərəh və təntənə anı oldu. Lakin ziyalı ana onu da bilirdi və nəzərə alırdı ki, rəhbərin ailəsində böyüyən uşaqların tərbiyələndirilməsi, təhsil alması çox çətin məsələdir. Elə etmək lazımdır ki, onlara heç bir güzəşt olunmasın, mükəmməl təhsil ala bilsinlər. Sonralar həyat sübut etdi ki, Zərifə xanım vaxtında bu çətin və mürəkkəb işin, vəzifənin öhdəsindən necə bacarıqla gəlib. Zaman onu da göstərdi ki, bu müdrik ana övladlarına zəhməti, təhsili sevməyi çox mükəmməl öyrətmiş, onlarda ailə dəyərlərinin əsasını təşkil edən sadəlik, xeyirxahlıq tərbiyə edə bilmişdir. Bu, əlbəttə, böyük səbir, zəhmət, qətiyyət, məhəbbət tələb etmişdi. Bunlar isə onda bol idi.

Ölkə rəhbərinin xanımı olmaq ona əlavə məsuliyyət gətirsə də, problemlərini artırsa da, xasiyyətində dəyişiklik edə bilmədi. O elə əvvəlki kimi sadə, xeyirxah, üzügülər Zərifə xanım olaraq qaldı. Ailədə də əvvəlki həyat prinsiplərini dəyişməz olaraq saxladı, onun sabitliyini qorudu. Bütün bunlara ustalıqla nail oldu.

Zərifə xanım hər kəsə həyatının çətin anında dayaq olmaq, kömək etmək amalı ilə yaşayan bir insan idi. Bir çox məişət problemlərini həll etməkdə iş yoldaşlarına kömək göstərirdi. O, güclü şəxsiyyət idi. Mənliyində qalmaq şərti ilə bir kimsənin xətrinə dəyməzdi. Hamı bilirdi ki, Zərifə xanım ona üz tutanların hamısına imkanı daxilində əl tutmağa hazırdır. O, bütün bunlardan  zövq alırdı.

Zərifə xanım Əliyeva ailənin qayğılarını çəkməklə yanaşı, elmdə də sürətlə irəliləməkdə idi. Göz Xəstəlikləri İnstitutunda çalışır, bir neçə istiqamətlərdə tədqiqat işləri aparırdı. Onun elmi fəaliyyətinin əsas istiqamətini görmə orqanının peşə patologiyası müəyyənləşdirirdi. Bu problemin həllinə çoxları girişə bilmirdi. Çünki bu sahə olduqca ağır idi. Onun araşdırılması təkcə dərin oftalmoloji savad yox, həm də fundamental təcrübi biliklər tələb edirdi. Bu keyfiyyətlər isə Zərifə Əliyevada var idi. Peşə  oftalmologiyasının pioneri sayılan Zərifə xanım Əliyeva dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmışdı.

Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan Zərifə Əliyeva təbabətdə öz dəst-xətti olan novator alim idi. Bu istedadlı alimin gözün oftalmoloji, histomikroskopik və histokimyəvi tədqiqi, klinik diaqnostika və s. istiqamətlərdə də dərin elmi araşdırmalar aparırdı. Bütün bu tədqiqatlarının nəticəsi olaraq o, 1976-cı ildə vaxtilə ordinator olduğu Helmholts adına Mərkəzi Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda müvəffəqiyyətlə doktorluq dissertasiyasını müdafiə etdi.  Oftalmologiyada hadisəyə çevrilən bu müdafiədən bir müddət sonra o, kafedra müdiri seçildi.

Özü ülvi keyfiyyətlərə malik olan Zərifə Əliyeva elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə də xüsusi yer verirdi. Təkidlə deyirdi ki, həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin əhəmiyyətini yüksəldir, xəstəyə ümid verir, orqanizmin xəstəliyə qarşı müqavimətini artırır və bəzən dava-dərmandan da güclü təsir göstərir. Onun digər istiqamətlər kimi bu sahədəki elmi axtarışlarının nəticələri də monoqrafiya şəklində çap olundu. Ümumiyyətlə isə ailədə və cəmiyyətdə apardığı işlərin çoxluğuna baxmayaraq təbabət elmində məhsuldar alim kimi tanınan Zərifə xanım göz xəstəliklərinə dair 140 elmi məqalə, bir neçə monoqrafiya və kitab yazıb çap etdirdi. Çoxillik elmi axtarışlardan belə qənaətə gəlmişdi ki, insanların xəstə gözlərinin müalicəsi çətin və ağrılı prosesdir. Ona görə də o, göz xəstəlikləri sahəsində profilaktika metodlarına daha çox əhəmiyyət verirdi. Bu, o dövr üçün olduqca uzaqgörən və müasir bir məsələ idi. Zərifə xanım bu zəmində sonralar ona böyük şöhrət gətirmiş göz xəstəliklərinin profilaktikası üçün öz metodikasını hazırladı.

O, artıq elmin zirvəsində idi. 1983-cü ildə Zərifə Əliyevanın Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi bunun təsdiqi oldu. O həm də keçmiş SSRİ-də ilk qadın həkim olaraq Tibb Elmləri Akademiyasının akademik Averbax adına mükafatına layiq görüldü. Bunlar həm də onun apardığı çoxillik elmi-tədqiqatların yüksək səviyyəsinə, sosial əhəmiyyətinə, ictimai fəallığına, pedaqoji istedadına verilən yüksək qiymət idi. Zərifə xanımın alim şöhrəti artıq dünyanı dolaşmaqda idi.

Akademikin bir yüksək keyfiyyəti də vardı: ürəkdən və ilhamla çalışardı! Ətrafındakılar ondakı tükənməz həyat enerjisinə heyran idilər.

1982-ci ildə Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosuna üzv seçilib Nazirlər Soveti sədrinin birinci müavini təyin olunduqdan sonra ailə Moskvaya köçdü

Gözünün nuru olan əziz oğlunun Azərbaycan Respublikasının Prezidenti kimi ölkəni məharətlə idarə etməsini, onu yüksəklərə qaldırmasını, beynəlxalq aləmdə böyük nüfuz qazanmasını görmək bu anaya qismət olmadı. Zərifə xanımın arzularının fərəhini bu gün bütün Azərbaycan yaşayır. Bu fərəh və qürura görə, övladlarına verdiyi yüksək tərbiyəyə görə Zərifə xanıma çox minnətdarıq.

Deyirlər, dünyada hər şey dəyişir və əbədi heç nə yoxdur. Amma dəyişməyən dəyərlər, həmişəyaşar əməllər, nəsillərə əmanət kimi verilən amallar da çoxdur. Bu mənada Azərbaycan xalqına öz ləyaqətli qızı Zərifə Əliyevadan sönməyən bir işıq, azalmayan bir nur payı da qalıb. O, nurlu əməlləri və örnək həyatı ilə xalqın milli sərvətinə və mənəvi xəzinəsinə çevrilib. Bu mənəvi xəzinədən bundan sonra neçə-neçə nəsillər bəhrələnəcək, öz payını götürəcək. Millətin gənc qızları unudulmaz Zərifə xanımın həyat yolunu öz idealları kimi yaşamağa can atacaqlar.

Bu gün bizim üçün çox əziz olan Zərifə xanım cismən aramızda olmasa da, vaxtilə onun şəfa verdiyi xəstələr, yaxud onların nəvə-nəticələri, işıqlı xatirələrini nəsil-nəsil ötürən tanış və həmkarları, yetirmələri bizimlədir. Zərifə Əliyevanın qanı qanından, canı canından olan övlad və nəvələri, böyüməkdə olan nəticələri bizimlədir.

 

 

Nurlana ƏLİYEVA,

filologiya elmləri doktoru, professor,

YAP Qadınlar Şurasının sədri

 

Azərbaycan.-2013.- 27 aprel.- S.7.