Prezident İlham Əliyev indi heç vaxt
olmadığı qədər güclüdür
ABŞ Dövlət
Departamentinin son hesabatı ənənəvi olaraq subyektiv, qərəzli və təhrifedicidir
Dövlət departamentinin
hesabatının Azərbaycana aid hissəsinin həmişəki
kimi köhnə stereotiplərlə hazırlanması göz
önündədir. Bunu belə bir sadə sualla aşkar etmək
mümkündür: Azərbaycanın iqtisadi və siyasi
inkişaf göstəriciləri arasında fərqin olması
kimlərə sərfəlidir, yaxud hansı stereotiplərlə
bağlıdır? Nə üçün dünyada ən
nüfuzlu və peşəkar tədqiqat aparan təşkilatlar
iqtisadi sahədə Azərbaycanda vəziyyəti olduğu
kimi, yəni, tərəqqi edən ölkə kimi dəyərləndirə
bilir, amma siyasi sahədə davamlı olaraq qeyri-real qiymətləndirir?
Ümumiyyətlə, sağlam məntiqə görə bu sahələr
arasında belə uçurumun olması
mümkündürmü? İqtisadi inkişaf və rifah, əsaslar
olmadan siyasi azadlıq və imkanlardan danışmaq
mümkündürmü? Məgər Azərbaycan 5, yaxud da 10
il əvvəlki ölkədirmi? Adi düşüncə kifayət
edər ki, cəmi 10 il əvvəlki və indiki Azərbaycanın
tamamilə başqa ölkə olduğunu dərk edəsən.
Aydın məsələdir ki, bu stereotiplərə əsaslanır.
Geosiyasi maraqlar başlayan yerdə
insan haqları bəhanə rolunu oynayır
Stereotiplərdən niyə
danışırıq? ABŞ Konqresinin Azərbaycana
qarşı qəbul etdiyi "Azadlıq aktı"na düzəliş
20 ilə yaxındır ki, qüvvədədir. Azərbaycanın
təcavüzə məruz qalmasına və
torpaqlarının işğal olunmasına baxmayaraq, 907-ci
düzəliş Azərbaycanı ittiham mövqeyindən
çıxış edir. Bu ziddiyyət hələ də
aradan qaldırılmır və düzəliş ləğv
edilmir. Baxmayaraq ki, BMT, AŞ PA və İslam Konfransı Təşkilatı
məhz Ermənistanın Azərbaycan ərazilərini
işğal etdiyini öz qətnamələrində təsdiq
ediblər. Bir neçə gün bundan əvvəl ABŞ
hüquqşünası, Konqresin üzvü olmuş Maykl
E.Mikman öz ölkəsinin rəsmilərini Azərbaycanla
bağlı ədalətli olmağa çağırdı.
E.Mikman Azərbaycanla münasibətlərin hələ də
21 il bundan əvvələ aid olan stereotiplərlə, köhnəlmiş
xarici siyasət doktrinası ilə idarə edildiyini qeyd edir.
Amerika Konqresinin daxildəki erməni lobbisinin təzyiqi ilə
Azadlığa Dəstək Qanununa 907-ci hissəni əlavə
etməklə Vaşinqtonun Azərbaycana birbaşa
yardımını yasaqladığını
xatırladıb. Onun hələ aradan
qaldırılmadığına heyrətləndiyini bildirib.
Siyasi
dəyərləndirmələr olduqca ciddi məsələdir.
Stereotipləri deyil, sübut və əsaslı mühakimələri
tələb edir. Vəziyyəti dəyişmək
mümkündürmü? Cavab nikbinlik yaratmır.
Çünki soyuq müharibə dövründən qalma
stereotipləri dəyişmək sərfəli deyil.
İdeoloji qarşıdurma dövrünün təsir
formaları hələ də dəyişməyib və
islahatları gözləməyə dəyməz. Biz bunu həmin
təşkilatların yalnız müsbət olsun və ya mənfi
- fərqli bir mövqe söylədiyi
zaman görəcəyik. Hesabatların verilməsinə
monopoliyanın olması özü də
düşündürücüdür və ikili
standartların səbəblərindəndir.
Geosiyasi
maraqlar başlayan yerdə insan haqları bəhanə rolunu
oynayır. Aprelin 25-də BMT-nin İnsan Haqları Komitəsində
Almaniyada insan haqlarının vəziyyəti ilə
bağlı müzakirələr keçirildi. Yəqin ki
ABŞ Dövlət Departamentinin və BMT-nin Almanya haqda
hesabatlarını müqayisə etmək çox maraqlı
olardı. Həm onların, həm də başqa ölkələrin
vəziyyətinə dair dəyərləndirmələrin necə
müxtəlif olmasını aşkara çıxarardı. Mənə
elə gəlir ki, bizim bunları müqayisə etmək
imkanımız hələ olacaq. Necə ki, demokratiyanı
inkişaf etdiməklə bağlı fəaliyyət göstərən
ABŞ Milli Demokratiya İnstitutunun gördüyü işlər
hazırda cəmiyyətimizdə müzakirə edilir.
Stereotiplərin
nəticəsidir ki, "iqtidarın
hökmranlığı" məsələsi qeyd edilir. Bu,
ümumiyyətlə, gülməlidir. Demokratik
çoxpartiyalı seçkilərdə məgər
bütün partiyalar hakim partiya olur? Hakim partiya ilə
bağlı "hökmran" kimi ifadələr işlətmək
nə dərəcədə düzgündür? Amerikanın
özündə 63 partiyanın qeydiyyatdan keçməsindən
kiminsə xəbəri varmı? Yox! Çünki siyasi səhnədə
iki partiyanın adı var. Demokratlar partiyası son on ilə
yaxın konqresdə həmişə azlıqda olub. Buna baxmayaraq onlara heç kim hökmran ifadəsi işlətmir.
Dünyanın heç bir ölkəsində iqtidar
müxalifətin güclü olmamasına görə ittiham
edilmir, bu, sadəcə, gülməlidir. Müxalifət
özü güclü qüvvəyə çevrilə
bilmirsə, bunun günahını iqtidar niyə
daşımalıdır?
Yaxud da siyasi məhbuslar məsələsi. Biz hesab edirdik
ki, Avropa Şurası Parlament Assambleyası kimi beynəlxalq təşkilatın
artıq siyasi məhbusun olmaması ilə bağlı qərar
verdiyi bir məsələyə daha aydınlıq gətirilib
və bu məsələ qapanıb. Amma
yenə də münasibət olduğu kimi qalır.
Dəyərləndirmədə ən mühüm
çatışmazlıq maksimalist yanaşmaların tətbiqidir. Maksimalist yanaşmada
demokratiyaya yeni qədəm qoyanların yüz illərlə
tarixə malik
ölkələrlə bir səviyyədə
olması tələb edilir. Amerika Birləşmiş
Ştatlarında demokratik ölkə kimi bu yerə gəlib
çatmaq üçün uzun və çətin mübarizə
yolu keçmişik. Şübhəsiz,
demokratiya yolu istər Birləşmiş Ştatlar və
Avropa, istərsə də Azərbaycan üçün sonsuz
bir yoldur. Amerikada XIX əsrin
demokratiyası ilə bu günün demokratiyası arasında
oxşarlıq çox azdır. Təkcə 3 faktı
xatırlatmaq istərdim: Amerikada "Təsisçi
Ataların" dövründə yalnız mülkiyyəti
olan kişilər səsvermə hüququna malik idilər;
Afroamerikalılar nəinki səsverə bilmirdilər, hətta
onlar qullara çevrilmişdilər; 1920-ci ilə qədər
qadınların səsvermə hüququ yox idi. Bu
gün seçicilərin çox hissəsini qadınlar təşkil
edir.
Yaxud da demokratik tarixi ənənələrə malik
Avropa ölkələrində separatist, ultramillətçi
qüvvələrin seçkilərdə üstünlük
qazanması narahatlıq doğurur.
Azərbaycan xalqı üçün insan
hüquqları siyasi sifariş və qrant işləyənlərin
hüquqlarından ibarət deyil. Onun üçün ədalətlilik
meyarı Dağlıq Qarabağ münaqişəsinin həllinə
20 ildir göstərilən münasibətdir.
Belə hesabatlar əks effekt verir. Çünki
onların ünvanlandığı cəmiyyətlərdə
heç də vətəndaş sülhünə şərait
yaratmır. Əksinə, vətəndaşlar
ildən-ilə eyni qərəzli insanların həmin
hesabatların hazırlanmasında iştirak etməsini sezirlər.
Belə hesabatlar dövlətlərarası tərəfdaşlıq
münasibətlərinə də heç bir töhfə
vermir. Ən optimal variant hər il bəyan
edilən hesabatlar deyil, demokratiya və insan hüquqlarına
real dəstəyin verilməsi ola bilərdi.
"Demokratiya dərsi" keçənlərin
demokratiyanın əsl mahiyyətini öyrənməyə
ehtiyacları var
Təsəvvur edin ki, kiminsə
problemi olduğunu hər il deyirsiniz, onu
yalnız tənqid etməklə və danlamaqla həll etmək
istəyirsiniz?! Bu, ümumiyyətlə,
mümkündürmü? Xeyr. Ona
görə də aşkar məsələdir ki, bu cür
hesabatların mütləq olaraq müəyyən məqsədləri
var. Üstəlik də, belə ciddi qurumlar tərəfindən
irəi sürülürsə! İstənilən
hesabat ciddi araşdırmalar tələb edir. Sual olunur:
hanı həmin araşdırmalar? Kim gəldi
xüsusi tədqiqat layihəsini həyata keçirdi? Cəmiyyətin
bütün təbəqələrinin rəyi ilə tanış oldu və s. Suallar çoxdur.
Artıq
illərdir davam edən bu format dəyişməlidir, sonzusa qədər
davam edə bilməz, cənablar! Çünki artıq
başqa ölkələrdən olan müşahidəçiləri
daxili proseslərinə yaxın buraxmayan və gizli həbsxanaların
olduğu bir ölkə tərəfində hər il dünyanın 190 ölkəsinə qiymət
vermək ənənə şəklini alıb. Ola bilsin ki, artıq bunlar, doğrudan da, vərdişə
çevrilib.
Demokratiyanı milli inkişaf yolu seçən ölkələr
çoxdur. Onlardan bu yola tez çatanı da, hələ mənzil
başına uzun yol qət edəcək dövlətlər də
var. Burada mən Azərbaycan xalqının ümumilli ilderi
Heydər Əliyevin məhz demokratik inkişaf mövzusunda
iradlar səslənən bir məclisdə Qərb ölkəsindən
olan siyasətçilərə dediyi sözləri
xatırlatmaq istərdim. O dedi: "Demokratik inkişaf da
bir yarışdır, rəqabətdir. Əgər
idmanla müqayisə etsək, məgər yarışan, yola
çıxan idmançıların hamısı finişə
eyni vaxtdamı çatır? Məgər
onlar hamısı qızıl medalmı alır? Əlbəttə,
yox! Buna görə onları ancaq tənqid etsək,
nə olacaq? Əksinə, dəstək
verməklə daha yaxşı nəticə əldə edə
bilərik. "
Doğrudur, bu vərdişə
qarşı "əks tədbirlər", müxtəlif
ölkələr də ABŞ və Avropa ölkələri
haqda hesabatlar hazırlayaraq onları dəyərləndirir.
Məsələn, Rusiya və Çin bu qəbildən
olan sənədlər hazırlayırlar. Son
illər Avropada insan hüquqları sahəsində nə qədər
problemlər, geriləmələr olduğunun şahidinə
çevrildik. BMT-də Almaniyada insan
hüquqları məsələsi müzakirə mövzusu
oldu.
ABŞ-da
insanların öz ölkələrində total yoxlamalardan
keçməsi, odlu silah üzərində nəzarətin
itirilməsi üzündən nə qədər dinc vətəndaşın
həlak olması onların təhlükəsiz həyat şəraitinin
təmin edilməməsi böyük əks-səda
doğurdu. Ötən il odlu silahdan istifadə
etməklə törədilən cinayətlər bütün
Amerika cəmiyyəti üçün ciddi təhdidə
çevrildi. Başqa dinlərin təmsilçilərinin
müqəddəs kitabımız "Qurani"i Kərimə
islamofob münasibəti - bunlar məgər yoxdurmu?
Xarici ölkələrin daxili işlərinə
qarışmaq, onlara qarşı sanksiya və hərbi əməliyyatlar
tətbiq etmək - bu da hələ hamısı deyil! İqtisadi böhran nəticəsində əhalinin
təbəqələşməsi və qütbləşməsi
də ekspertlər tərəfindən vurğulanır. Buna görə də başqa ölkələri tənqid
etmək asandır, öz problemlərini həll etmək isə
daha optimal yanaşma sayılardı.
Hesabatda
bir cümlə ilə Ermənistanın Azərbaycan
torpaqlarını işğal altında saxlamasının qeyd
ediilməsi - yeganə obyektiv hesab ediləcək məqamdır!
Lakin burada digər məqama xüsusi diqqət cəlb
etmək istərdim. Bu da dövlət departamenti kimi ciddi
qurumun Azərbaycan xalqı üçün
"qaçqın və didərgin" sözlərinin nə
dərəcədə həssas və ağrılı
olmasına biganəliyi, mən deyərdim ki, hörmətsizliyidir.
Həmin sözlərin tamamilə başqa insanlara tətbiq
edilməsi sadəcə, hiddət doğurur! Söhbət
hesabatın "Yeni didərginlər" adlanan bəndindən
gedir.
Yəni, 1 milyona yaxın, onların sözü ilə
deyirəm, "köhnə" didərginlərin məsələsini
beynəlxalq hüquq həll etdimi ki, indi hesabata "yeni didərgin"
sözünü daxil edirlər? Bilirsiz, siyasi etikadan çox
uzaqdır və sadəcə, ayıbdır! Heç olmasa, Azərbaycanın
ümummilli problemini yada salan "didərgin,
qaçqın" sözünün bizim üçün həssas
olmasını nəzərə almaq, etik prinsiplərə riayət
etmək lazımdır! Cəmiyyətin hissləri ilə
oynamaq yaxşı deyil!
Bakının müasir arxitekturasının tələblərinə
uyğun aparılan abadlıq işləri gedişində
sakinlərin köhnə evlərdən
çıxarılmasını "yeni didərginlər"
adlandırırlar.
Sual olunur:
o zaman hesabatda Qarabağdan etnik təmizləmə siyasətinə
məruz qalıb zorla köçürülənlərə,
didərgin salınanlara hansı ad qoyulmalıdır? Onun insan hüquqları anlayışı budurmu?
İnsan hüquqları geniş anlayışdır! Bu
insanın işğal edilmiş ərazi
bütövlüyünün bərpası, etnik təmizləməyə
məruz qalan qaçğın və məcburi
köçkün əhalisinin öz torpaqlarına qayıtmaq
haqlarının təmin edilməsi, həm də daim
inkişaf edən olkədə yaşamaq, böhran və
xaosdan, qeyri-müəyyən risklərdən, iflasdan
sığorta olunmaq, təhlükəsiz və sabit ölkədə
yaşamaq hüququ deməkdir.
Dağlıq
Qarabağ münaqişəsi, işğal nəticəsində
zorla didərgin salınan qaçqınlar haqqında bir
cümlə olsun belə, əksini tapmayan qətnamədə
heç olmasa, təşkilat tərəfsiz olduğunu
göstərmək naminə bunu etməli idi. İşğal cinayəti-beynəlxalq hüququn ən
ağır cinayət növü sayılır. Azərbaycan ərazisi parçalanmış,
işğal edilmiş şəraitdə demokratik dövlət
qurur. Bu spesifika heç bir dəyərləndirmədə
öz əksini tapmır. Yaxşı,
mülkiyyət hüquqlarının pozulmasını qeyd
edirlər. Bəs onda Qarabağda ata-baba
mülklərindən, işğal edilmiş torpaqlarından
qovulan, zorla didərgin salınanların mülkiyyət
hüquqları barədə niyə heç bir şey
yazılmır?
Buna
görə də Azərbaycan xalqı üçün bu qətnamənin
bir zərrə də olsun, mənası yoxdur! 20 ildir
qaçqın və məcburi köçkünlərin
hüquqlarının təmin edilməsi üçün Azərbaycan
xalqının haqq səsi dünyaya çatmır, amma
"yeni didərginlər" deyə hay-küy
qopardılır, bəlli dairələrin maraqlarına xidmət
edən "jurnalistlərin" cinayət əməllərinin
insan hüquqları adı ilə müdafiə edilir. Bunu
görməmək mümkün deyil! Ümumiyyətlə,
bu cür hesabatların təhlili göstərir ki, dünyada
soyuq müharibə dövrünün "ikili
standartları" hələ də qalır. Sirr deyil ki, bəzi ölkələr yalnız
onların tətbiq etdiyi demokratik modeli mütləq standart və
bu modelin bütün ölkələrdə tətbiqini
"ilahi missiya" hesab edirlər.
Stereotiplərdən,
başqa xalqlara demokratiya dərsi keçməkdən əl
çəkilməlidir! Son illərin demokratiya dərslərinin
diametral əks nəticəyə səbəb olması,
hakimiyyətə tamamilə başqa ideologiyalı qüvvələrin
gəlməsi düşündürməlidir. Azadlıq və demokratiyadan ədalətli
danışmaq üçün əvvəlcə obyektiv məlumata
əsaslanmaq, dəyişmək lazımdır. Azərbaycan
20 ildən çoxdur ki, müharibə şəraitində,
müharibə dövrünün qanunlarını da nəzərə
alaraq demokratiya və milli təhlükəsizlik, iqtisadi
inkişaf və insan hüquqları arasında qızıl
orta həddi taparaq irəliləyir!
Demokratiya həm də "demokratik
müxalifət" deməkdir
Güclü demokratik
müxalifət siyasi modernləşmənin ayrılmaz tərkib
hissələrindəndir. Real alternativ qüvvələrin
olması siyasi məkanda tarazlıq və ahəng yaradır.
90-cı illərdə güclü müxalifətin
siyasi səhnəyə gəlməsi Azərbaycanı xaosdan
xilas etdi. Azərbaycan iqtidarının bu
gün nəyə qadir olduğunu da cəmiyyət
görür və bilir. Təəssüf
ki, iqtidardan asılı olmayan sahə də var.
Azərbaycanda alternativ qüvvə, güclü
müxalifət yoxdur və bu, iqtidarın günahı deyil. Formalaşan
"pat vəziyyəti" belədir ki, bir tərəfdən
yeniləşə bilməyən, radikal-aqressiv müxalifətin
hakimiyyətə gəlməyin sivil, hüququ imkan və vasitələri
yoxdur. Digər tərəfdən
isə iqtidar müxalifəti yaratmalı deyil! Rəqabətədavamlı
müxalifət özü formalaşmalıdır.
90-cı illərdə xaos və qeyri-sabitlik dalğasında
deyil, alternativ təşəbbüslər və sivil yollarla
iqtidara gələ bilən rəqabətədavamlı Yeni Azərbaycan
Partiyası kimi partiyalar olmalıdır!
Müxalifətin zəifliyinin
ən böyük effekti odur ki, özü də dərk etmədən
bu vəziyyəti ilə hakim partiyanın nüfuzunun daha da
artmasına stimul yaratmışdır. Prezident İlham Əliyev
"Rusiya-24" xəbərlər kanalına müsahibəsində
bu barədə aydın qeyd edib: "Siyasi sistemin inkişaf
etdirilməsində heç də hər şey mütləq
olaraq iqtidardan asılı deyildir. Müxalifətin
zəifliyi bizim günahımız deyil. İqtidar nə
qədər yaxşı işləsə, təbii ki,
müxalifətin də manevr etmək üçün daha az imkanı qalır. Buna görə
də yeniləşən Azərbaycanda özlərinə necə
yer tapmaq onların öz işidir."
Dövlətin
inkişafı və siyasi modernləşmənin mühüm
meyarlarında sistemdaxili tarazlığı təmin edən
mexanizm kimi müxalifət institutunun adı varsa, o, xalq
üçün heç olmasa, nə isə etməlidir! Seçkilər
arası "letargiya"da olan müxalifətin seçki
ilində "fəallıq nümayişləri" heç
də onların rəqabətinin göstəricisi deyil! Konkret və alternativ proqramların, ideya və layihələrin
rəqabəti, iddialı liderlərin imic rəqabətləri
ilə əvəz edilir. Artıq 20 ildən
çoxdur ki, müxalifət liderlərinin fəaliyyəti
eyni usandırıcı məzmunda davam edir. Vahid namizəd siyasi səbatsızlığın bəlasına
çevrilib. Bu, milli məkanda az da
olsa, onlardan gözləntiləri olan insanların bütün
ümidlərini puç edir.
2013-cü
ildə də müxalifətin seçki ilinə
özünün "siyasi qocalma" və imic itkiləri ilə
başlaması aparıcı meyilə çevrildi. Seçkilərə
cəmi 6 ay qaldığı bir vaxtda hər hansı iddialar
başlamamış süquta uğrayır. "Vahid namizəd
axtarışları"-
reallıq və utopik bəyanatlar arasında uçurum
effektini əmələ gətirib. Adətən, ictimai-siyasi
birliklər seçkiöncəsi fəallaşır. Həm
də bu zaman əsas vurğu cəmiyyətdə aktual problemlərin
həllinə yönəlik alternativ ideya və təşəbbüslərə
deyil, mövcud olan emosiya və əhval-ruhiyyənin qərəzli
sui-istifadəsinə hesablanır. Beləliklə də, vətəndaşla
ünsiyyət və iş metodları, onun etibarını
qazanmaq emosiyaların manipulyasiyası ilə əvəz olunur.
Həm də seçkilər öncəsi fəallıq
heç də partiya və qüvvələrin rəqabətinin
meyarı kimi çıxış etmir.
(ardı
var)
Rəbiyyət ASLANOVA,
Milli Məclisin İnsan
hüquqları
komitəsinin sədri, fəlsəfə
elmləri doktoru
Azərbaycan.-2013.- 27 aprel.- S.8.