ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanla bağlı qeyri-obyektivliyə yol verilib

 

ABŞ Dövlət Departamentinin 2012-ci ildə dünya ölkələrində insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatının Azərbaycana aid hissəsində ölkəmiz  haqqında əsassız fikirlər yer alıb. Bununla bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadənin fikirlərini öyrəndik. O dedi:

- ABŞ Dövlət Departamentinin 2012-ci il hesabatında Azərbaycanla bağlı qeyri-obyektivliklərə yol verilib. Hesabatda bir çox yanlışlıqlar yer alıb. Məsələn, sərbəst toplaşmağa dair məsələdə nədənsə qeyri-qanuni aksiya keçirilməsi, aksiya üçün nəzərdə tutulmayan yerlərdə hüquq-mühafizə orqanları ilə toqquşmalar yaradılması qeyd olunmayıb. Digər tərəfdən, hesabatın subyektiv xarakter daşıması onun qeyri-obyektiv hazırlandığını göstərir. Sənəddə informasiyanın haradan alınması barədə heç nə yoxdur. Odur ki, faktların təhrif edilməsi, digər tərəfdən orada yer alan məsələlərlə bağlı Azərbaycanın rəsmi orqanlarının mövqeyinin öyrənilməməsi hesabatın qeyri-obyektiv olması və subyektiv xarakter daşıması barədə fikirləri təsdiq edir.

Bir məsələni xatırlatmaq istəyirəm. Yadınızdadırsa, bir neçə il bundan əvvəl Vaşinqton meri meriya işçiləri ilə birlikdə şəhərə ayrılan büdcənin azlığına etirazlarının ifadəsi olaraq Ağ evin qarşısında icazəsiz aksiya keçirmişdi. O zaman aksiyanın iştirakçıları polislər tərəfindən saxlanıldılar və onlara qarşı ABŞ qanunvericiliyi ilə inzibati tədbirlər görüldü. Elə isə öz ölkələrində buna hüquqi yanaşıldığı halda, digər ölkələrdə belə məsələyə hüquqi yanaşmanı niyə qeyri-demokratik adlandırırlar.

Hesabatda qeyri-hökumət təşkilatları ilə bağlı verilən qiymət də tamamilə yanlışdır. Azərbaycanda QHT-lərin yaradılmasında, şəffaflığın təmin edilməsində heç bir problem yoxdur. Vətəndaş cəmiyyətinin mövcudluğunu şərtləndirən bütün seqmentlər normal və ahəngdar şəkildə fəaliyyət göstərir. QHT-lərə dövlət yardımlarını həyata keçirən şura fəaliyyət göstərir. QHT-lər də demokratik şəraitdə öz seçimləri əsasında bu şuranı formalaşdırırlar.

Mətbuata isə, ümumiyyətlə, heç bir basqıdan söhbət gedə bilməz. Hesabatda bu barədə yer alan fikirlər tamamilə yanlışdır. Reallıq ondan ibarətdir ki, Azərbaycanda mətbuat azadlığı sahəsində olduqca böyük işlər həyata keçirilib. Görülən tədbirlər nəticəsində Azərbaycanda senzura ləğv edilib, azad mətbuatın hüquqi fundamental bazası formalaşıb. Ölkəmizdə jurnalist istədiyi mövzunu azad şəkildə işıqlandıra bilir. Çoxlu sayda mətbuat orqanının fəaliyyət göstərməsi ölkəmizdəki söz və mətbuat azadlığının təsdiqidir. Siyasi mövqeyindən asılı olmayaraq hər bir kütləvi-informasiya vasitəsinin və jurnalistin hüquqları dövlət tərəfindən qorunur.

Vətəndaş hüquq və azadlıqlarına gəldikdə isə qeyd etmək istəyirəm ki, Azərbaycan öz Konstitusiyasında və qoşulduğu beynəlxalq konvensiyalarda bu sahədə üzərinə götürdüyü bütün öhdəlikləri tamamilə yerinə yetirir. Bu gün Azərbaycan bütün dünyada hüquqi dövlət ideyasının reallaşdığı, insan hüquq və azadlıqlarının etibarlı təmin olunduğu, şəxsiyyət, vətəndaş və cəmiyyət münasibətlərinin demokratik prinsiplərə əsaslandığı, müxtəlif milli-dini sivilizasiyaların qovuşduğu tolerant bir məmləkət kimi tanınır.

Biz dost ölkənin Azərbaycana qeyri-obyektiv qiymətindən təəssüflənirik. Hesab edirik ki, bu hesabat üçün ilkin materialların verilmə mənbəyində yanlışlıqlar var. Ya Azərbaycana qeyri-obyektiv münasibət bəsləyənlərdən, ya da Azərbaycanda bu sahədə görülən işləri görmək istəməyənlərdən informasiyalar alınır. Bunun əsasında hazırlanan hesabat da yanlış olur.

 

 

Söhbəti yazdı: Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2013.- 27 aprel.- S.8.