Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əmək nazirlərinin II konfransı başa çatmışdır

 

Aprelin 26-da Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlərinin II konfransı başa çatmışdır. AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən, dünyanın 50-dən çox islam ölkəsinin əmək nazirlərinin iştirak etdikləri konfransın məqsədi İƏT ölkələri arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üçün möhkəm zəminin yaradılması, bu sahədə mütərəqqi ideya və innovasiyaların mübadiləsidir.

İkinci konfransın sədri, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov yekun çıxışında bildirmişdir ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında əmək və məşğulluq məsələləri ilə bağlı uzunmüddətli əməkdaşlıq prioritetləri üzrə əlaqələndirmə işlərini yerinə yetirmək üçün təşkilatın xüsusiləşdirilmiş orqanının yaradılması və bu orqanın Bakıda fəaliyyət göstərməsi barədə Azərbaycanın təklifinə fəal dəstək göstərilməsindən məmnunam.

Nazir islam ölkələrində əmək və məşğulluq sahəsində mövcud problemlərdən və onların həlli yollarından danışmışdır.

F.Ələkbərov bildirmişdir ki, peşə təhsilinin əmək bazarına uyğun qurulması, təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması, peşə bacarıqlarının təkmilləşdirilməsi kimi sahələrdə faydalı proqramların hazırlanması və icrası üçün səmərəli vasitə və alətlərin, həmçinin mütəxəssislərin mübadiləsinə ehtiyac vardır.  

Vurğulanmışdır ki, "Bakı Çərçivə Sənədi", əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq üzrə qətnamə, habelə Bakı bəyannaməsi konkret iş sahələrini əhatə etsə də, nəticə etibarilə ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaqdır. Bu sənədlərin layihələri hazırlanarkən üzv ölkələrin rəy və təklifləri, maraq və ehtiyacları diqqətlə öyrənilmişdir. İslam ölkələrinin əmək və məşğulluq sahəsində qarşılaşdıqları çətinliklər və onlardan çıxış yolları yuxarıda adları çəkilən sənədlərdə kifayət qədər dolğun şəkildə əksini tapır. Bu sənədlər islam ölkələrinin əmək və məşğulluq sistemlərində səmərəli və daim yeniləşən dünyanın şərtlərinə uyğun islahatyönümlü strategiyaların hazırlanması və icrası üçün yeni imkanlar yaradacaq, dövlətlərimiz arasında müəyyən üsul və vasitələrlə qarşılıqlı dəstəyin təmin olunması üçün stimul rolunu oynayacaqdır.

Diqqətə çatdırılmışdır ki, Azərbaycan İƏT-nin yanında əmək məsələləri üzrə xüsusiləşdirilmiş orqanın yaradılması sahəsində bütün imkan və səylərini səfərbər edəcəkdir.

Konfransda "Bakı Çərçivə Sənədi", əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq üzrə qətnamə, habelə Bakı bəyannaməsi qəbul edilmişdir. Bu sənədlər İƏT-yə üzv ölkələrin əmək nazirlikləri arasında əməkdaşlıq prioritetlərini müəyyən etməklə, eyni zamanda, əməkdaşlıq üzrə vahid əlaqələndirmə şəbəkəsinin yaradılmasını və həmin  əlaqələndirmə vəzifəsinin yaxın iki ildə Azərbaycan tərəfindən yerinə yetirilməsini nəzərdə tutur. Eyni zamanda, qətnamədə Ermənistan silahlı birləşmələrinin işğal altında saxladıqları Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etmələri xüsusi vurğulanmışdır.

 

 

Azərbaycan.-2013.- 27 aprel.- S.8.