Xarici İşlər Nazirliyində
Azərbaycan - Rumıniya münasibətləri müzakirə
edilmişdir
Aprelin
26-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun
Rumıniyanın xarici işlər naziri Titus Korlentsyanın
başçılıq etdiyi
nümayəndə heyəti ilə görüşü
olmuşdur.
AzərTAc
xəbər verir ki, görüşdə bütün sahələrdə
ikitərəfli münasibətlərin yüksək səviyyəsi
vurğulanmışdır. E.Məmmədyarov bildirmişdir ki, iki ölkə
arasında siyasi, iqtisadi və enerji
əməkdaşlığının genişləndirilməsi,
habelə daha əvvəl dövlət başçılarının
görüşü zamanı imzalanmış strateji əməkdaşlığa
dair Sazişin icrası məsələləri nəzərdən
keçirilmişdir. Azərbaycanda Rumıniya Mədəniyyəti
günlərinin, Rumıniyada Azərbaycan Mədəniyyəti
günlərinin keçirilməsi məsələləri də
müzakirə edilmişdir.
Titus
Korletsyan Bakıda keçirdiyi görüşlərdən
söz açaraq əminliklə bildirmişdir ki, bu
görüşlər ikitərəfli münasibətlərin
inkişaf dinamikasında əhəmiyyətli rol
oynayacaqdır. Nazir qeyd etmişdir ki, Rumıniya Azərbaycanın
müstəqilliyini Türkiyədən sonra tanıyan ikinci ölkə
olmuşdur və yaxın vaxtlarda iki ölkə arasında
diplomatik münasibətlərin qurulmasının 20 illiyi qeyd
ediləcəkdir. O bildirmişdir ki, strateji əməkdaşlığa
dair Saziş ikitərəfli münasibətlərin yüksək
səviyyəsinə dəlalət edir. T.Korletsyan daha sonra
vurğulamışdır ki, Rumıniya Azərbaycandan
investisiyaların həcminin artmasına maraq göstərir.
T.Korletsyan
Avropaya qaz nəql etmək üçün Rumıniyanın
Konstansa limanından istifadə olunması imkanı barədə
jurnalistlərin suallarını
cavablandırarkən demişdir ki, hazırda bu mövzuda danışıqlar davam etdirilir və
həmin limandan istifadə olunması
bütün tərəflər üçün çox
faydalıdır, lakin istifadə barədə yalnız zəruri
müqavilələr imzalandıqdan sonra danışmaq olar.
Azərbaycan.-2013.- 27 aprel.- S.9.