Azərbaycanlı deputat
AŞ PA-dakı həmkarlarını Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həllində səylərini əsirgəməməyə
çağırmışdır
Avropa
Şurası Parlament Assambleyasının (AŞ PA) plenar
iclasında Avropada və
dünyada baş verən siyasi
məsələlər ətrafında sərbəst dinləmələr
keçirilmişdir.
Müzakirələrdə çıxış edən Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Aydın Abbasov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində rəsmi Yerevanın qeyri-konstruktiv mövqe tutması və sülh prosesini əngəlləməsi, Ermənistanda keçirilmiş prezident seçkiləri və AŞ PA-nın bu məsələdə tutduğu qeyri-obyektiv mövqeyə toxunmuşdur. A.Abbasov demişdir: "Ermənistanda keçirilmiş prezident seçkilərinin nəticələrinə dair aparılmış müzakirələr kontekstində bir daha diqqətinizi olduqca vacib bir məsələyə - Dağlıq Qarabağ münaqişəsinə yönəltmək istərdim. Ermənistanın siyasi rəhbərliyinə bu ölkədə guya uğurlu seçki kampaniyası haqqında ünvanlanmış fikirlər qismən o halda obyektiv ola bilərdi ki, AŞ PA nümayəndələri Ermənistanın yenidən seçilmiş prezidentinin nəzərinə çatdırardılar ki, o, beynəlxalq ictimaiyyətin etimadından istifadə edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması istiqamətindəki şərtləri yerinə yetirsin. Bu baxımdan, ümumilikdə sülhün əldə edilməsi istiqamətində ilkin addım Ermənistan prezidentinin Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun davam etdirilməsi təşəbbüsünü dəstəkləməsi olardı. Beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun yaradılması yolu ilə münaqişə tərəflərinin yaxınlaşdırılmasına yönəlmiş səylərinə baxmayaraq, erməni tərəfi son zamanlar Azərbaycan icmasının səlahiyyətli nümayəndələri ilə hər hansı təmas yaratmaqdan boyun qaçırdığını açıq şəkildə nümayiş etdirir. Azərbaycan tərəfi ilə hər hansı əlaqəyə qarşı çıxan rəsmi Yerevanın mövqeyi nəticəsində tərəflər arasındakı münasibətlərdə danışıqlar prosesinin ümumi fonunda mənfi təsir göstərən vəziyyət yaranmışdır. Kompromis və qarşılıqlı güzəştlərin əldə olunması istiqamətində addımlamaq əvəzinə Ermənistan tərəfi münaqişənin dondurulması və hazırkı status-kvonun saxlanması məqsədilə bilərəkdən gərginliyin artırılması, düşmənçilik atmosferinin gücləndirilməsi yolunu tutmuşdur. Rəsmi Yerevanın konstruktiv qərarların qəbul edilməsi istiqamətində getmək arzusunda olmaması mümkün yeni silahlı qarşıdurma ilə nəticələnə biləcək təhlükəli meylin meydana gəlməsinə şərait yaradır. Münaqişənin həlli üçün sülh yollarının axtarışlarının gücləndirilməsində fəallıq göstərmək əvəzinə Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlayaraq, regionda işğalçılıq siyasətini davam etdirir. Bu baxımdan Azərbaycanın işğal edilmiş ərazilərində hərbi hazırlıqların artırılması müşahidə olunur. Qondarma "Dağlıq Qarabağ Respublikası"nın qeyri-qanuni hərbi birləşmələri silahlanır. Bundan başqa, son zamanlar Azərbaycanın işğal edilmiş ərazilərinə xaricdən gələn ermənilərin zorla məskunlaşdırılması, məqsədli şəkildə regionun etnoqrafik şəklinin dəyişdirilməsi siyasəti aparılır. Bu da bölgədə vəziyyəti daha da gərginləşdirir. Xüsusən də Suriyada son vaxtlar baş verən hadisələrdən sonra orada yaşayan ermənilər Ermənistana gətirilir və Azərbaycanın yalnız Dağlıq Qarabağ bölgəsinə deyil, işğal altındakı digər rayonların ərazilərində də yerləşdirilirlər. Bütün bunlar yalnız Ermənistan vətəndaşları deyil, eyni zamanda suriyalı ermənilər üçün də çox gərgin vəziyyət yaradır.
Hörmətli
həmkarlar, sizi Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
eskalasiyasına imkan verməməyə, problemin sülh yolu ilə
həll olunmasında səmərəli vasitəçiliyinizi
əsirgəməməyə və bu istiqamətdə səylərinizi
artırmağa çağırıram".
AzərTAc
Azərbaycan.-2013.- 27 aprel.- S.9.