Azərbaycan ilə Çin arasında
hüquqi sahədə əməkdaşlığa
dair saziş imzalanmışdır
Azərbaycan Respublikasının xarici dövlətlərlə dostluq və əməkdaşlıq münasibətlərində hüquqi əlaqələr xüsusi yer tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci ildə Çin Xalq Respublikasına rəsmi səfəri zamanı dövlətlərimiz arasında imzalanmış cinayətkarların ekstradisiyası haqqında müqavilə və ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair saziş hüquqi sahədə əlaqələrin inkişafına təkan vermişdir. Bu gün qarşılıqlı fəaliyyət çərçivəsində ikitərəfli səfərlər həyata keçirilir, əməkdaşlıq haqqında yeni sənədlər razılaşdırılır.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, hüquqi əlaqələrin genişləndirilməsi, xüsusilə əməkdaşlığa dair yeni sazişin imzalanması məqsədi ilə aprelin 26-da Çin Xalq Respublikası ədliyyə nazirinin müavini Can Sucunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlmişdir.
Çinin
nümayəndə heyəti əvvəlcə Fəxri
xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini
ehtiramla yad edərək məzarı önünə gül dəstələri
düzmüşlər. Sonra qonaqlar Şəhidlər
xiyabanında ölkəmizin müstəqilliyi və ərazi
bütövlüyü uğrunda həlak olmuş qəhrəman
Vətən oğullarının məzarlarını ziyarət
edərək "Əbədi məşəl" abidəsi
önünə əklil qoymuşlar.
Ədliyyə
Nazirliyində keçirilmiş görüşdə nazir Fikrət
Məmmədov iki ölkə arasında hüquqi əlaqələrin
inkişafının müsbət dinamikasını, həm
ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə
qarşılıqlı fəaliyyətin səmərəliliyini
qeyd etmiş, əməkdaşlığımızın daha
da dərinləşməsi üçün geniş
perspektivlərin olduğunu vurğulamışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda məhkəmə və ədliyyə, o cümlədən penitensiar sahədə həyata keçirilən islahatlar barədə qonaqlara məlumat verilmişdir.
Xalqlarımız arasında qədim tarixə malik dostluq əlaqələrinin inkişafını xüsusi qeyd edən qonaq ölkəmizə etdiyi ilk səfəri zamanı hərtərəfli dinamik tərəqqinin şahidi olduğunu vurğulamış, dünyada hökm sürən qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycanın və Çinin iqtisadiyyatının daim inkişaf etdiyini bildirmişdir.
Can Sucun bu səfərə böyük əhəmiyyət verdiyini, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birlərini dəstəklədiklərini, Azərbaycanın beynəlxalq aləmdə yüksək imicə malik ölkə kimi tanındığını vurğulamış və demişdir ki, BMT-nin Təhlükəsizlik Şurasında təmsil olunması buna bariz nümunədir.
Qonaq ölkəmizdə məhkəmə və ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan islahatlara böyük maraq göstərmiş, qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin əhəmiyyətini qeyd etmiş, Azərbaycana səfərinin hüquqi sahədə əlaqələrin inkişafına böyük təkan olacağını söyləmişdir.
Söhbət zamanı nümayəndə heyətinin diqqəti Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğalı, bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, bununla bağlı BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin hələ də yerinə yetirilmədiyi faktına cəlb edilmişdir.
Çinli qonaq Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduğunu vurğulamışdır.
Sonra Azərbaycanın və Çinin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair yeni saziş imzalanmışdır.
İmzalanma mərasimində qeyd olunmuşdur ki, bu mühüm sənəd hüquq və ədliyyə sahəsində əlaqələrin inkişafına, nümayəndə heyətlərinin, habelə hüquqi məsələlərə və qanunvericiliyə dair məlumatların mübadiləsinə, birgə tədris tədbirlərinin təşkilinə, təhsil və ekspertiza müəssisələri arasında əməkdaşlığın təşviqinə xidmət edəcəkdir.
Nümayəndə heyəti nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri, habelə Azərbaycan-Çin münasibətlərinə həsr olunmuş ekspozisiyalarla tanış olmuşlar.
Ölkəmizdə
aparılan ədliyyə, o cümlədən penitensiar
islahatlara böyük maraq göstərən nümayəndə
heyətinin penitensiar müəssisələrin fəaliyyəti,
habelə yeni yaradılmış "ASAN xidmət" mərkəzi
ilə tanışlığı nəzərdə
tutulmuşdur.
Azərbaycan.-2013.- 27 aprel.- S.10.