Tanınmış hüquqşünas alim

 

Ömrünü Azərbaycanda hüquq elminin inkişafına, ixtisaslı kadrların yetişdirilməsinə həsr etmiş görkəmli alim, professor Məmmədxan Rəsulov xidmətləri və şəxsiyyəti ilə hüquq aləmində seçilən ziyalılardan idi. O, zabitəsi, tələbkarlığı, eyni zamanda sadəliyi, iddiasızlığı, səmimiyyəti, xeyirxahlığı və alicənablığı ilə hamının hörmət və ehtiramını qazanmışdı. Saymaqla qurtarmayan nəcib xüsusiyyətləri onu həmkarlarının, yetirmələrinin, əzizlərinin və doğmalarının yaddaşında əbədiləşdirmişdir. Hüquq aləmində həqiqətən bu elm xadiminin nüfuzu, çəkisi, populyarlığı çox yüksək idi. Bəlkə də hazırda respublikada hüquq-mühafizə orqanlarında çalışanların əksəriyyəti professor Məmmədxan Rəsulovun yetirmələridir.

Aprel ayının 28-də Məmmədxan müəllimin 80 yaşı tamam olur. Amma çox təəssüf ki, qəfil ölüm onu bizlərdən erkən ayırdı. 65 yaşında, həyatının ən qaynar, elmi-pedaqoji fəaliyyətinin ən kamil dövründə qəflətən dünyasını dəyişdi. Artıq 15 ilə yaxındır ki, nəcib keyfiyyətlərə malik bu insan aramızda yoxdur. Bu müddətdə Məmmədxan müəllimin dostlarının, tələbələrinin ayrı-ayrı auditoriyalarda onun haqqında səslənən fikirlərini dinlədikcə, barəsində mətbuatda dərc edilən xatirələri oxuduqca bir daha əmin olursan ki, ömrünü əsl vətəndaş kimi yaşayıb, xalqına, elinə, obasına xidmət göstərən insanların adı həmişə ehtiramla yad edilir.

Adətən Bakı Dövlət Universitetinin hüquq fakültəsinin müəllimləri ölkənin tanınmış simaları, peşəkar hüquq nəzəriyyəçiləri olurlar. Məmmədxan Rəsulov da peşəkar əmək hüququ nəzəriyyəçisi kimi bizləri daim düzgün istiqamətə yönəldən simalardan idi. Qayğıkeş və mehriban insan kimi qəlbimizdə  yaşayacaq alim haqqında hər bir hüquqşünas istənilən qədər xoş sözlər, səmimi fikirlər söyləyə bilər. Çünki Məmmədxan müəllimin ömür yolu onu tanıyanlara, onunla birgə çalışanlara, həyat və fəaliyyət yollarında addımladığı insanlara həmişə nümunə, örnək olub.

Məmmədxan müəllim elə bir insan idi ki, onda həm cəsarət, həm də kövrəklik qəribə bir vəhdət təşkil edirdi. Ona müraciət edən insanlara həmişə xüsusi diqqət və ciddiyyətlə yanaşar, heç kimi müdafiəsiz, hamisiz qoymazdı. Kimin nə sözü, nə problemi vardısa, ən birinci Məmmədxan müəllimin yanına gəlib dərdini ona söyləyərdi. O isə bir nəfərin də müraciətinə layqed qalmaz, kimsəni diqqətsiz buraxmazdı. İstər tələbə olsun, istər müəllim, istərsə də hüquq fakültəsinə aidiyyəti olmayan birisi... Köməksizə əl tutmağı, kiminsə dərdinə əlac olmağı özünə şərəf bilər, bununla da daxilində mənəvi rahatlıq tapardı. Məmmədxan müəllim bundan zövq alardı.

Şəxsiyyət kimi M.Rəsulov daim zirvədə duran insan idi. Bütöv həqiqət və bütöv vicdan mövqeyi onun ən böyük amalı və silahı idi. Mərdanəliyi və sözü sona qədər düz, kəsirsiz deməyi çoxuna xoş gəlməsə də, əksəriyyətin rəğbətini qazanardı.

Məmmədxan Rəsulov mənalı bir ömür yaşamışdı. 1933-cü il aprelin 28-də Zəngilan rayonunun Baharlı kəndində anadan olmuşdu. 1947-1950-ci illərdə Bakı Kənd Təsərrüfatı Texnikumunda oxumuş, sonra Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) hüquq fakültəsinin əyani şöbəsinə daxil olmuşdu. 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdi. 1955-1956-cı illərdə universitet komsomol komitəsinin birinci katibi işləmişdi. 1957-1960-cı illərdə dövlət təhlükəsizliyi orqanlarında çalışmışdı. 1961-ci ildən isə taleyini Bakı Dövlət Universitetinin hüquq fakültəsi ilə bağlamışdı. Əvvəlcə mülki hüquq kafedrasında müəllim kimi çalışmış, əmək hüququ ixtisasına yiyələnmişdir. 1970-1973-cü illərdə universitetin partiya komitəsinin ikinci katibi, 1976-1978-ci illərdə isə xarici tələbələrin təhsili üzrə dekan vəzifələrində işləmişdir. O, 1975-ci ildə M.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını uğurla müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır.

Müstəsna təşkilatçılıq qabiliyyəti, təşəbbüskarlığı, yüksək ünsiyyət mədəniyyəti, xeyirxahlığı və obyektivliyi ilə nümunə olan M.Rəsulov 1978-ci ildən 1989-cu ilədək hüquq fakültəsində dekan müavini, həmin ildən ömrünün sonuna kimi isə dekan vəzifələrində çalışmışdır.

Məmmədxan müəllim sadəcə fakültənin dekanı olmamışdır, hüquq elminə verdiyi böyük töhfələrlə yanaşı, dekanlığın da gözəl ənənələrini yaratmışdır. Hüquq fakültəsində daim sağlam və işgüzar mühitin bərqərar olması uğrunda çalışan, nəcib və qayğıkeş insan kimi kollektivin sevimlisinə çevrilən M.Rəsulov yaradıcı alimlər, müəllimlər, istedadlı tələbələri ilə fəxr edirdi. Bütün kollektiv isə onun simasında özünün ağsaqqalını, xoşrəftar bir insanı görürdü.

M.Rəsulov işgüzarlığı, təşkilatçılığı ilə universitet həyatında da dərin iz qoymuşdur. Ona görə tək hüquq fakültəsinin deyil, universitetin bütün müəllim kollektivi bu mehriban, istiqanlı, geniş dünyagörüşlü ziyalını sevir, ona məhəbbətlə yanaşırdı. Universitetdə birləşmiş həmkarlar təşkilatının sədri işləyərkən müəllimlərə göstərdiyi qayğı və xeyriyyə işləri ilə, prorektor işləyərkən universitetin təsərrüfat həyatının maddi-texniki bazasının yaradılmasında, partiya komitəsinin katibi olarkən mənəvi baxımdan sağlam gənclərin yetişdirilməsində misilsiz xidmətləri olmuşdur. O, universitetin indiki binalarının və yataqxanalarının təməlinin qoyulmasından başlayaraq onların inşa edilib qurtarmasına qədər yaxından iştirak etmişdir. Ömrünün yarısından çoxunu bu təhsil ocağına həsr etmiş M.Rəsulov Bakı Dövlət Universitetinin ictimai işlərinə, elmi potensialına böyük töhfələr vermiş, eyni zamanda onun beynəlxalq əlaqələrinin genişlənməsində böyük xidmətlər göstərmişdir.

Məmmədxan müəllim hansı vəzifələrdə çalışmışdırsa, həmişə vicdan və həqiqət, vətəndaş, alim, müəllim, pedaqoq idealına sədaqətini də müqəddəs sanmış, onu hifz etmişdir. Heç bir məsələdə passiv mövqe tutmamış, həmişə sözünü demiş, obyektiv olmuş, haqlı tərəfi müdafiə etmişdir. Qanunun aliliyi keşiyində durduğu üçün daim haqqın qələbəsinə çalışar və buna nail olardı. O, həyatı boyu yalnız bütövlük duyğusu, haqq sözünün xeyir-duası ilə yaşamışdır. Universitetdəki yüksək vəzifələr heç vaxt Məmmədxan müəllimin nə təbiətini, nə də şəxsiyyətini dəyişdirə bilmişdi. Onun alicənablığı, humanistliyi və digər mənəvi keyfiyyətləri alimin çoxsaylı elmi əsərlərinin də məzmun və ruhuna hakim kəsilmişdir. O, həyatda əməlində necə idisə, yaradıcılığında da o cür idi. Mən xoşbəxtəm ki, ömrümün müəyyən anlarını o görkəmli insanla birgə fəaliyyətdə olmuşam. Hüquqşünas alim əvvəlcə mənim müəllimim olub, sonra isə elmi rəhbərim. Axır vaxtlar isə Məmmədxan Rəsulov dekan, mən isə dekan müavini vəzifəsində birgə çalışmışıq. Həyatda, elmi və pedaqoji fəaliyyətimlə əlaqədar hər hansı nailiyyətə çatmışamsa, həmin işdə M.Rəsulovun böyük rolu olmuşdur.

Hamının ehtiramla yad etdiyi bu insanın həyatı, sözü-söhbəti gözəllik, dirilik eşqi ilə dolu idi. Sədaqət, ədalət, vəfa, ülfət, saflıq ifadə edirdi. Bütün bunlar ona yaşamaq, hər hansı səviyyədə mənəvi və əxlaqi mübarizə üçün cəsarət, qətiyyət, böyük təmkin və səbr verirdi. Mübarizə və yenilik həvəsi isə Məmmədxan müəllimin fitri, daxildən gələn gücü, qüvvəsi ilə bağlı idi. Yüksəldikcə nail olduğu ictimai, ideloji təşkilati səlahiyyətlər bu daxili qüvvəyə həm də sosial vüsət verirdi. İş prosesində qarşıya çıxan ən müşkül problemlərə belə qayğıkeş və həssas münasibətini həm müəllimlik fəaliyyətində, həm də inzibati vəzifələrdə eyni bir vətəndaşlıq səviyyəsində yerinə yetirirdi. Gərgin anlarda onun duzlu, şirin sözləri, zarafatları rəsmiyyəti əridib yox edirdi, səmimi münasibət yaradırdı.

Mən sevinirdim ki, bir neçə dərslik, monoqrafiya, elmi məqalə və dərs vəsaitləri üzərində birgə çalışmışıq. Onun ağıllı məsləhətləri, tövsiyə və tapşırıqlarını yerinə yetirmişəm. Məmmədxan müəllimin rəhbərliyi ilə Azərbaycan hüquqşünaslığında ilk dəfə olaraq ana dilimizdə "Əmək hüququ" dərsliyi çapdan çıxmışdır. Bundan başqa, onun "Əmək hüququ münasibətlərində əmlak səlahiyyətləri sistemi", "Əmək qanunvericiliyi aktları", "Sovet əmək müqaviləsi", "Əmək hüququnun əsasları", "Azərbaycan SSR-də əmək qanunvericiliyinin əsasları", "Təhsil hüququ" kitablarının, eləcə də "Maddi məsuliyyətin subyekti kimi işəgötürənin əmək hüquq subyektliyi", "Tam maddi məsuliyyət haqqında müqavilənin mülki-hüquqi müqavilədən fərqi" və s. məqalələrinin müəllifidir. Ölümündən sonra 1999-cu ildə isə onun Moskvanın "Öridiçeskie vesti" nəşriyyatında çapdan çıxmış "Trudovoy doqovor: balans sil i balans interesov" kitabı dəyərli elmi monoqrafiya kimi bir çox ölkə hüquqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir. Məhz onun rəhbərliyi ilə respublikada əmək hüququ elmi məktəbi yaradılmışdır. Bu gün çoxumuz təməli Məmmədxan Rəsulov tərəfindən qoyulmuş bu məktəbin davamçılarıyıq. Tələbə və aspirantlarına xüsusi qayğı ilə yanaşan, namizədlik və doktorluq dissertasiyalarının müdafiə olunmasında çoxlarına kömək edən Məmmədxan müəllim heç vaxt özünün doktorluğu barədə düşünməzdi. Ona görə də BDU-nun Elmi Şurası universitetdəki xidmətlərini nəzərə alaraq onu doktorluq dissertasiyasını müdafiə etmədən professor vəzifəsinə təyin etmişdi. Çox təkidlərdən sonra M.Rəsulov doktorluq dissertasiyasını tamamladı və 1998-ci ilin oktyabrında Tbilisi şəhərində müdafiə etməli idi. Lakin amansız ölüm buna imkan vermədi. "Azərbaycanın qüvvədə olan əmək hüququnda fərdi əmək müqaviləsi (kontrakt)" adlı elmi işi ölümündən bir həftə əvvəl "Qanun" nəşriyyatı tərəfindən çapdan buraxılmışdı.

20 il universitetin hüquq fakültəsində dekan müavini və dekan vəzifələrində çalışan Məmmədxan müəllim BDU-nun Elmi Şurasının, Baş Prokurorluğun, Ali Məhkəmənin Elmi Məsləhət Şurasının fəal üzvlərindən idi. Təkcə universitet deyil, respublika miqyaslı elə bir tədbir olmazdı ki, M.Rəsulov orada iştirak etməsin.

Torpaqlarımızın erməni təcavüzünə məruz qalması Məmmədxan müəllimin qəlbində nisgilə çevrilmişdi. Doğma yurdun düşmən tapdağı altına düşməsi onu daxilən çox incidərdi. Torpaqlarımız işğal ediləndə mən Məmmədxan müəllimi ağlayan gördüm - doğma yurdu, torpağı, müqəddəs ata ocağı üçün ağlayırdı. Tez-tez məcburi köçkünlərin məskunlaşdığı yerlərə baş çəkərdi. Fakültədə bu insanlarla görüşər, onlara əlindən gələn köməyi əsirgəməzdi. Qaçqınlıq, köçkünlük yanğısı onun qəlbini sıxır, ağrıdırdı. Onun bu ağrısında həsrət naləsi, uzaqdan gələn və kəsilməyən nisgil sədası, qəm dünyası, xəlvətcə ötən ömür açıq-aşkar duyulurdu. Ona görə də ömrünün son illərində bu müdrik şəxsiyyəti bəşəri problemlər, həyatın və taleyin ən ağrılı anları çox düşündürürdü. O, ömrün amansızcasına tez ötüb keçdiyini hiss edirdi, lakin həyat eşqini, nikbinliyini yenə də itirmirdi. Əksinə, o, ucadan bildirirdi ki, heç yerə və heç yana tələsmir, ölümünü də gözləmir. Lakin pusquda duran namərd ölüm Məmmədxan müəllimə xəbərsiz-ətərsiz, xəlvəti və qəfləti bir divan tutdu...

Deyirlər ki, insana məxsus olan hər şeyi, hətta ölməzliyi belə təbiət yox, insanın özü yaradır. Məmmədxan Rəsulov ölməzliyə qovuşaraq daim sözü-söhbəti, xoş əməlləri ilə hamının qəlbində əbədiləşən şəxsiyyətlərdən oldu.

 

 

Alış QASIMOV,

BDU-nun hüquq fakültəsinin

Əmək və ekologiya

 hüququ kafedrasının müdiri,

hüquq  elmləri doktoru, professor

 

Azərbaycan.-.-2013.- 27 aprel.- S.11.