Ümummilli liderin
yubileyinə həsr olunan olimpiada keçirilmişdir
Azərbaycan
Dövlət İqtisad Universitetində (AzDİU) ölkədə
fəaliyyət göstərən 16 ali məktəbin 230-dək
tələbə və magistrantının iştirak etdiyi
"Vergilər" mövzusunda 7-ci olimpiada keçirilmişdir.
Olimpiada ümummilli lider Heydər Əliyevin anadan
olmasının 90 illik yubileyinə həsr olunmuşdur.
İştirakçılar
əvvəlcə AzDİU-nun foyesində ümummilli lider Heydər
Əliyevin büstü önünə gül dəstələri
qoymuş, Azərbaycan xalqı və dövləti
qarşısında tarixi xidmətləri olan ulu öndərin
əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbiri
giriş sözü ilə açan Azərbaycan Dövlət
İqtisad Universitetinin prorektoru Damət Bağırov olimpiada
iştirakçılarını salamlamış, hər il ənənəvi
olaraq Bakıdan və respublikanın müxtəlif bölgələrindən
çoxlu sayda tələbə və magistrantın bu
olimpiadaya qatıldığını bildirmişdir. Vergilər
nazirinin müşaviri Ələkbər Məmmədov isə
çıxışında ulu öndərin əsasını
qoyduğu və Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən iqtisadi islahatların ölkəmizi regionda və
dünyada aparıcı dövlətlər səviyyəsinə
çatdırdığını demişdir. Qeyd
olunmuşdur ki, bu gün vergi xidməti əməkdaşları
ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
dövlətçilik konsepsiyasına sadiq qalaraq suverenliyimizin
möhkəmlənməsi və ölkəmizin hərtərəfli
tərəqqisi yolunda bütün zəruri tədbirləri
görürlər. Artıq 7-ci ildir ki, ali məktəb tələbələri
və magistrantları böyük həvəslə bu
olimpiadada iştirak edirlər. Həmin tələbələrin
bir çoxu sonradan vergi orqanlarına işə qəbul
zamanı yüksək nəticələr göstərir və
Vergilər Nazirliyində
müvafiq vəzifələr tuturlar.
Test
üsulu ilə təşkil olunmuş olimpiada zamanı
iştirakçılar 2 saat ərzində Vergilər
Nazirliyinin Tədris Mərkəzində müvafiq test
bazası əsasında hazırlanan sualları kompyuter vasitəsilə
onlayn rejimdə cavablandırmışlar. Hər bir tələbə
üçün fərdi sual bazası tərtib olunmuşdur.
Nəticələr iştirakçı ali məktəblərin
təmsilçilərindən ibarət münsiflər heyətinin
iştirakı ilə Tədris Mərkəzinin mütəxəssislərinin
nəzarəti altında xüsusi kompyuter proqramları vasitəsilə
qiymətləndirilmişdir.
Tələbələr
arasında birinci yerə Validə Hacızadə (AzDİU),
ikinci yerə Nicat Əliyev (Azərbaycan Universiteti),
üçüncü yerə Ayaz Museyibov (AzDİU)
çıxmışlar. AzDİU-nun müəllimi
Yaşar Kərbəliyevə isə tələbəsi ən
yüksək nəticə göstərdiyinə görə
xüsusi mükafat verilmişdir. Magistrantlar arasında yerlər
belə bölünmüşdür: birinci yer Rüfət
Hüseynov, ikinci yer Asif Hüseynov, üçüncü yer
Sübhan Orucov. Mükafata layiq görülənlərin
hamısı AzDİU-nun magistrantlarıdır. Adıçəkilən
universitetin müəllimi Ramiz Məhərrəmov da
magistrantı birinci yer tutduğu üçün xüsusi
mükafat almışdır.
Azərbaycan.-2013.- 27 aprel.- S.12.