İslam dünyası gənc klassik musiqi ifaçılarının ikinci Beynəlxalq festival müsabiqəsinin qalibləri mükafatlandırılmışlar

 

Aprelin 26-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) İslam dünyası gənc klassik musiqi ifaçılarının ikinci Beynəlxalq festival-müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur.

AzərTAc xəbər verir ki, festival-müsabiqə İSESCO-nun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı və "Kainat" Gənclik Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılmışdır.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev son illər ölkəmizdə müxtəlif sahələrdə bir-birindən fərqli beynəlxalq layihələrin həyata keçirildiyini qeyd edərək bunların arasında  mədəniyyət layihələrini xüsusi vurğulamışdır. Bildirmişdir ki, musiqi milliyyətindən, dinindən və dilindən asılı olmayaraq insanlar arasında körpü rolunu oynayır.

Nazir müavini mədəniyyətimizin, musiqimizin dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi altında reallaşan beynəlxalq layihələri xüsusi vurğulamışdır.

Təhsil nazirinin müavini, İSESCO-nun Azərbaycandakı təmsilçisi Qulu Novruzov bildirmişdir ki, bu festival-müsabiqə yalnız gənclərin istedadını nümayiş etdirmək cəhətdən deyil, həm də onları bir-birinə yaxınlaşdırmaq baxımından əhəmiyyətlidir.

"Kainat" Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə və beynəlxalq tərkibli münsiflər heyətinin sədri Nərminə Quliyeva festival-müsabiqə haqqında məlumat verərək bildirmişlər ki, müsabiqə iki yaş qrupu üzrə instrumental ifaçı-musiqiçilər arasında keçirilmişdir. Kiçik yaş qrupu 15 yaşadək, böyük yaş qrupu isə 15-dən 20 yaşadəkdir.

Böyük yaş qrupu üzrə 1-ci yerə azərbaycanlı ifaçılar Firəngiz Abdullayeva və Züleyxa Usubova, 2-ci yerə Güzel Bayzakova (Özbəkistan) və Nigar Qəhrəmanova (Azərbaycan), üçüncü yerə yenə azərbaycanlı iştirakçılar Yusif Yusifli və Kamil Həsənov, Rahib İsgəndərov (duet) layiq görülmüşlər.

Kiçik yaş qrupu üzrə isə 1-ci yerə Orxan Hüseynov və Rəşid Behbudov (Azərbaycan), 2-ci yerə Kamilla Nurmatova (Özbəkistan) və Leyla Zeynalova (Azərbaycan), 3-cü yerə Elena Abdullayeva (Dağıstan) və Diana Amanbayeva (Özbəkistan) sahib olmuşlar.

"Qran-pri" isə azərbaycanlı ifaçı Elgün Ağazadəyə verilmişdir.

Həmçinin üç iştirakçıya BMA-nın və təşkilat komitəsinin xüsusi mükafatları təqdim olunmuşdur.

Tədbirdə Misir Mədəniyyət Mərkəzi tərəfindən münsiflər heyətinin üzvlərinə hədiyyələr verilmişdir.

Ümumilikdə festival-müsabiqədə Azərbaycan, Türkiyə, Dağıstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Misir, Küveyt və Mərakeşdən 40-dan çox gənc istedad iştirak etmişdir.

Sonda qaliblərin iştirakı ilə qala-konsert təqdim olunmuşdur.

 

 

Azərbaycan.-2013.- 27 aprel.- S.12.