Görkəmli oftalmoloq alim, akademik Zərifə
xanım Əliyevanın 90 illik
yubileyinə həsr olunmuş təntənəli mərasim
keçirilmişdir
Azərbaycan Prezidenti İlham Əliyev
mərasimdə iştirak etmişdir
Aprelin
27-də Azərbaycan Dövlət Musiqili Teatrında görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90
illik yubileyinə həsr olunmuş təntənəli mərasim
keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlət
başçısı yubiley mərasimində nitq söylədi.
Prezident İlham Əliyevin nitqi
-Hörmətli
xanımlar və cənablar!
Hörmətli
qonaqlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün yubiley tədbirində iştirak etmək üçün Azərbaycana gəlmiş bütün qonaqları səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmişsiniz.
Zərifə xanım Əliyeva böyük həkim, böyük alim idi. Onun 90 illik yubileyini dövlət səviyyəsində qeyd etmək üçün mən Prezident kimi müvafiq sərəncam imzalamışdım. Sərəncam əsasında müxtəlif tədbirlər keçirilmişdir. Bu tədbirlərin çox böyük mənası var idi. Çünki bu tədbirlərdə, elmi simpoziumlarda oftalmologiya elmində gedən proseslər bir daha təhlil edilmiş, çox dəyərli fikirlər səslənmiş və bu tədbirlər oftalmologiya sənətinə, oftalmologiya elminə yeni bir töhfə olmuşdur.
Zərifə xanım, sözün əsl mənasında, böyük həkim idi. O, Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini vermişdir, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərmişdir. Eyni zamanda, insanların görmə qabiliyyətinə mənfi təsir göstərən istehsalatlarda onun laboratoriyaları fəaliyyət göstərmişdir. Bu laboratoriyalarda bir tərəfdən insanların sağlamlığına zərərli istehsalların təsiri öyrənilmiş, eyni zamanda, xəstələrin müalicəsi də təşkil edilmişdir.
Alim kimi Zərifə xanım çox böyük zirvələrə çata bilmişdir. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir. Bir alim kimi Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir, eyni zamanda, Sovet İttifaqının oftalmologiya elmində ən yüksək mükafat olan Averbax mükafatına layiq görülmüşdür.
Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o, həm peşəkar həkim, eyni zamanda, çox xeyirxah insan idi və hər bir həkimdə bu iki amil birləşməlidir. Çünki həkim peşəkar olmalıdır, insanlara xidmət göstərməlidir. Eyni zamanda, həkim xeyirxah insan olmalıdır. Zərifə xanımın bu məsələlərlə bağlı da fikirləri, məqalələri var idi. Həkimin etik davranışı ilə bağlı onun çox dəyərli fikirləri olmuşdur. Hesab edirəm ki, bu fikirlər bu gün də hər bir həkim üçün əsas olmalıdır.
Zərifə xanım böyük lider, ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı idi. Bütün işlərdə ona dayaq olurdu, onu dəstəkləyirdi. Ailəmizdə olan ab-hava, mühit, valideynlər arasında olan münasibətlər əlbəttə ki, bizi də tərbiyə edirdi. Yəni, ailədə tərbiyəni valideynlərin münasibətlərini görərək alırdıq. Əlbəttə, 1970-ci illərdə - Heydər Əliyev Azərbaycanda birinci katib vəzifəsində işlədiyi dövrdə Heydər Əliyevin həyat yoldaşının əlbəttə ki, müxtəlif imtiyazları və üstünlükləri ola bilərdi. Ancaq Zərifə xanım çox sadə bir insan idi, heç vaxt büruzə vermirdi ki, Heydər Əliyevin - birinci katibin həyat yoldaşıdır. Həmişə onun yanında sadə insanlar olurdu. O, həmişə sadə insanların əhatəsində olurdu. Çox təvazökar idi.
Bir daha demək istəyirəm ki, heç vaxt heç bir sözü, addımı ilə göstərmirdi ki, onun cəmiyyətdə hansısa xüsusi statusu vardır və bu da təbiidir, əslində belə də olmalıdır. Ancaq biz bilirik ki, bir çox hallarda belə deyil və müəyyən statusa malik olan insanlar, yaxud da ki, onların yaxınları özləri üçün xüsusi imtiyazlar tələb edirlər. Zərifə xanımın bu sahədəki hərəkətləri, davranışı da nümunə olmalıdır. Zərifə xanım çox yüksək mədəniyyətə malik olan, çox istedadlı, bilikli insan idi. Nəinki öz peşəsində, eyni zamanda, hərtərəfli istedadlı bir insan idi və bəziləri üçün o, necə deyərlər, son ümid yeri, ümid ünvanı idi. Hətta tanımadığı adamlar belə müxtəlif xahişlərlə, müxtəlif şikayətlərlə onun iş yerinə gəlirdilər. O, çalışırdı ki, hər kəsə kömək göstərsin. Tanımadığı adamların xahişlərini gəlib atama çatdırırdı və o məsələlərin böyük əksəriyyəti öz həllini tapırdı. Yəni, daim insanlara xidmət etmək, kömək göstərmək arzuları, amalları ilə yaşayırdı.
Əlbəttə ki, onun unudulmaz obrazı bu gün də mənim üçün çox əzizdir, doğmadır. Eyni zamanda, Zərifə xanım yüksək davranış meyarlarına malik idi. İnsanlara münasibətdə səmimiyyət, xeyirxahlıq, eyni zamanda, yüksək mədəniyyət, alicənablıq - bütün bu gözəl amillər onda birləşmişdi. Zərifə xanım əsl ziyalı idi, Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirmişdi, onları təcəssüm etdirirdi.
Bununla bərabər, çox istedadlı insan idi, hərtərəfli istedadlı idi, musiqini çox sevirdi, istənilən melodiyanı, istənilən mahnını notlarsız çox böyük məharətlə, ustalıqla pianoda ifa edə bilirdi. Teatrı çox sevirdi və yadımdadır ki, 1970-ci illərdə onunla bərabər dəfələrlə Azərbaycan teatrlarında olmuşam, bütün tamaşalara baxmışam. Elə tamaşalar var idi ki, biz o tamaşalara bir neçə dəfə bir yerdə baxırdıq.
Bu teatrı da çox sevirdi. O vaxt bu teatrın adı Musiqili
Komediya Teatrı idi və demək olar ki, hər həftə
bu teatra gəlirdik. Elə bir tamaşa yox idi ki,
biz onu görməyək. Elə
tamaşalar da var idi ki, o tamaşaları bir neçə dəfə
seyr edirdik. Bəlkə də bu gün Zərifə
xanımın yubileyinin məhz bu teatrda, yenidən əsaslı
təmirdən çıxmış teatrda keçirilməsi
də rəmzi xarakter daşıyır.
Hər bir insan üçün onun valideynləri, onun
anası əzizdir, müqəddəsdir. Bu da təbiidir.
Hər bir insan doğmalarını öz qəlbində
yaşadır. Zərifə xanımın adı əbədiləşdirilib,
onun adına küçə vardır. Onun yaşadığı küçə onun
adını daşıyır. Onun
böyük töhfəsi olan Oftalmologiya Mərkəzi onun
adını daşıyır və mərkəzlə üzbəüz
onun abidəsi ucaldılıbdır. Əlbəttə
ki, onun xatirəsi, onun obrazı onu tanıyanların qəlbində
yaşayır. Mən çox xoşbəxtəm
ki, Zərifə xanım kimi anam olmuşdur. Ancaq əfsuslar olsun ki, biz onu tez itirdik.
Vaxtından əvvəl həyatdan getdi, hələ çox
iş görə bilərdi.
Ancaq həyat
belədir ki, heç kim deyə bilməz
nə vaxt nə baş verəcəkdir.
Biz bu gün yubiley tədbirlərini keçirməklə
bərabər, eyni zamanda, ölkəmizdə səhiyyə sahəsində
aparılan işlərə bir daha nəzər salırıq. Xüsusilə
nəzərə almalıyıq ki, bu gün bizim
qonaqlarımızın arasında görkəmli alimlər, həkimlər
iştirak edirlər. Son illər ərzində
Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi
üçün böyük işlər
görülmüşdür, islahatlar
aparılmışdır. Səhiyyənin
maddi-texniki bazası böyük dərəcədə
möhkəmləndirilmişdir. Təkcə
onu demək kifayətdir ki, son 10 ildə Azərbaycanda 500-dən
çox tibb müəssisəsi tikilmiş və ya əsaslı
şəkildə təmir edilmişdir. Həm Bakıda,
həm bütün bölgələrdə indi lazımi tibb
xidməti almaq üçün bütün şərait
vardır. Bakıda bizim demək olar ki,
bütün əsas tibb ocaqları ya yenidən tikilmiş, ya
da orada təmir-bərpa işləri
aparılmışdır.
Oftalmologiya Mərkəzi yenidən tikilmişdir və
dünya miqyaslı bir mərkəzdir. Onkologiya Mərkəzinin
yeni korpusları tikilmişdir. Uroloji xəstəxana yenidən
qurulmuşdur - neyrocərrahiyyə, cərrahiyyə mərkəzləri,
Perinatal Mərkəz, Talassemiya Mərkəzi, keçmiş
"Semaşko" xəstəxanası, indi kliniki xəstəxana
adlandırılır. Mərkəzi Kliniki Xəstəxana
yenidən bərpa edilmişdir. Bu xəstəxananın
yeni böyük korpusu tikilməkdədir. Uşaq
xəstəxanaları əsaslı şəkildə təmir
olunubdur. Yəni, Bakıda son illər ərzində
görülmüş işlər səhiyyənin maddi-texniki
bazasını böyük dərəcədə gücləndirmişdir.
Hazırda tikilməkdə olan Bakı
Sağlamlıq Mərkəzi bir neçə böyük xəstəxananı
birləşdirəcəkdir. Biz ilin sonuna
qədər Bakı Sağlamlıq Mərkəzinin
açılışını qeyd edəcəyik.
Eyni zamanda, bölgələrdə səhiyyə müəssisələrinin
yaradılması, tikilməsi prosesi gedir. Hər bir
şəhərdə ya diaqnostika mərkəzi, ya mərkəzi
rayon xəstəxanası tikilib, yaxud da ki, təmir edilibdir.
Hazırda yeddi şəhərdə təmir
işləri gedir. Qarşıya vəzifə
qoyulmuşdur ki, biz bir-iki il ərzində
Azərbaycanda hər bir yaşayış məntəqəsində,
hər bir şəhərdə, hər bir rayonda ən
yüksək tibbi xidmətə nail olmalıyıq. Azərbaycana ən müasir avadanlıq gətirilir.
Yəni, dövlət öz tərəfindən
lazımi işləri görür. Təkcə onu demək
kifayətdir ki, son on il ərzində səhiyyə
xərclərinə ayrılan vəsait 11 dəfə
artmışdır. Həkimlərin
maaşı 6 dəfə artmışdır. Halbuki bu gün də o maaşların səviyyəsi
bizi qane edə bilməz. Bu məsələlərin
gələcəkdə daha da səmərəli şəkildə
həlli üçün indi hökumət işləyir.
Yəni, maaşlar daim qaldırılacaqdır.
Ancaq biz bu dinamikanı görürük. Çox müsbət dinamikadır. Azərbaycanın ümumi inkişafına uyğun
olan dinamikadır. Eyni zamanda, biz burada
dövlət siyasətinin təzahürlərini də əyani
şəkildə görürük. Çünki
bizim siyasətimizin mərkəzində, - bunu mən dəfələrlə
demişəm, - insan amili, Azərbaycan vətəndaşı
dayanır. Azərbaycan vətəndaşı
sağlam olmalıdır. Gənc nəsil
sağlam böyüməlidir. Bunu etmək
üçün ilk növbədə, yüksək səviyyəli
tibbi xidmət olmalıdır.
Biz indi iqtisadi cəhətdən güclənmişik. Yenə də
deyirəm, siyasətimizin əsasında, mərkəzində
Azərbaycan vətəndaşı dayandığı
üçün biz maliyyə resursları cəlb etmişik.
Ancaq təkcə maliyyə resurslarının cəlb edilməsi
ilə iş bitmir. Eyni zamanda, peşəkarlıq
artmalıdır. Kadrların
hazırlanması sahəsində daha da böyük işlər
görülməlidir. Hazırda bu işlər
inkişafdadır. Azərbaycan həkimlərinin
bir qrupu xaricdə təlim keçir. Xaricdən
gələn görkəmli mütəxəssislər, alimlər
Azərbaycanda fəaliyyət göstərirlər. Yəni,
biz gələcəkdə bu işlərə daha da çox vəsait
ayıracağıq ki, peşəkarlıq artsın, Azərbaycanda
səhiyyənin nəinki maddi-texniki bazası, eyni zamanda, səviyyəsi,
ümumiyyətlə, dünya standartlarına cavab versin.
Hesab edirəm ki, buna nail olmaq üçün bizim
bütün imkanlarımız vardır. Yenə də
deyirəm, son illər ərzində Azərbaycanda uşaq
ölümü kəskin şəkildə aşağı
düşmüşdür. Statistik
göstəricilər də, onların dinamikası da çox
müsbətdir. Həkimlər
yaxşı bilir, əfsuslar olsun ki, bütün dövrlərdə
Azərbaycanda körpə ölümü yüksək idi,
Sovet İttifaqı dövründə digər respublikalarla
müqayisədə həmişə yüksək idi. İndi uşaq ölümü kəskin şəkildə
azalmışdır. İnsanların
ömrünün uzunluğu artır, bu da hər bir ölkənin
ümumi inkişafını şərtləndirən bir
amildir. Çox sevindirici haldır ki, bu proses də
müsbət istiqamətdə gedir. Azərbaycanda
əhali artır. Son on il ərzində
Azərbaycanda əhalinin sayı bir milyondan çox
artmışdır. Azərbaycanda əhalinin
artım templəri Avropa qitəsində ən yüksəkdir.
Əlbəttə, bütün bu amillər tələb
edir ki, səhiyyə sahəsində daha da ciddi islahatlar
aparılmalıdır. Həm struktur islahatları
aparılmalı, eyni zamanda, ilk növbədə peşəkarlıq
artmalıdır. Əminəm ki, əgər
biz bundan sonra da bu templərlə inkişaf etsək, bu məsələlər
də öz həllini tapacaqdır.
Azərbaycanda bu sahədə görülən işləri
beynəlxalq təşkilatlar da qiymətləndirir. Bir müddət
bundan əvvəl Bakıda Dünya Səhiyyə Təşkilatı
Avropa Komitəsinin konfransı keçirilmişdir və orada
qeyd edilmişdir ki, Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsində
çox böyük inkişaf və tərəqqi vardır.
Yəni bu, reallıqdır. Ancaq o da
reallıqdır ki, hələ bəzi hallarda tibbi xidmət
lazımi səviyyədə deyildir. Bəzi
həkimlərin peşəkarlığı bizi qane edə
bilməz və elə tibb müəssisələri var ki,
orada əsaslı təmirə ehtiyac vardır. Ancaq əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda
bütün bu məsələlər ardıcıllıqla və
yüksək templə öz həllini tapır. Bu məsələlərin həlli, bir daha demək
istəyirəm ki, dövlət siyasətimizin əlamətidir.
Sosial məsələlərin həlli bizim
üçün prioritetdir və həmişə prioritet
olaraq qalacaqdır.
Bu gözəl
yubiley bir daha imkan verir ki, biz bu məsələlərə toxunaq, fikirlərimizi bildirək
və böyük ümidlərlə gələcəyə
baxaq. Çünki gələcəkdə Azərbaycan
hər bir istiqamət üzrə inkişaf etmiş ölkəyə
çevrilməlidir.
Zərifə xanımın nurlu obrazı həmişə
bizim ürəyimizdədir. Onu tanıyanlar və
tanımayanlar, haqqında kitablarda, məqalələrdə
oxuyanlar da hesab edirəm ki, onun nurlu obrazını daim öz
ürəyində saxlayır. Zərifə
xanım böyük həkim, böyük alim, böyük
insan idi. Onun əziz xatirəsi onu
tanıyanların qəlbində daim yaşayacaqdır. Sağ
olun.
Azərbaycan.-2013.- 28 aprel.- S.1.