Görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90
illik yubileyinə həsr olunmuş təntənəli mərasim
keçirilmişdir
Azərbaycan
Prezidenti İlham Əliyev mərasimdə iştirak
etmişdir
Səhiyyə naziri Oqtay ŞİRƏLİYEV
çıxış edərək dedi:
-
Zati-aliləri möhtərəm cənab Prezident!
Hörmətli
qonaqlar!
Xanımlar
və cənablar!
Tariximizdə
silinməz iz qoymuş, Azərbaycanın ən parlaq və
tanınmış simalarından olan görkəmli alim və
həkim, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi,
akademik Zərifə Əziz qızı Əliyevanın anadan
olmasının 90-cı ildönümüdür.
Özü
cismən aramızda olmasa da, xalq onu sonsuz hörmət və məhəbbətlə
xatırlayır. Bu mötəbər tədbir də alimin
xatirəsinə dövlətin, xalqın, tibb ictimaiyyətinin,
elm adamlarının sonsuz ehtiramının ifadəsidir.
Belə
bir fikir vardır: əzmlə işləyən insanların
günləri qısa, ömürləri uzun olur. Bu mənada,
Zərifə xanım Əliyevanı uzunömürlü hesab
etmək olar. Onun elmi əsərləri, tədqiqatları,
çoxsaylı kitabları yaşadığı 62 illik
ömrünə sığmır. İşıqlı xatirəsi
bu gün də insanların yaddaşında, təkcə
yaxınlarının və həmkarlarının deyil, həm
də gözlərinə rəngarəng dünyanın nurunu
bağışladığı xəstələrinin qəlblərində
yaşayır. Həyatda belə böyük sevgi qazanmaq,
özündən sonra belə əziz duyğular, nurlu xatirələr
qoyub getmək - belə xoşbəxtlik çox az adamın
taleyinə yazılır.
Akademik
Zərifə Əliyevanın ömür kitabında Azərbaycan
naminə misilsiz xidmətləri olan görkəmli dövlət
xadimlərinin taleyi yaşayır.
Sözsüz
ki, Zərifə xanımın zəngin daxili aləminin
formalaşmasında ailəsinin, valideynlərinin çox
böyük rolu olmuşdu. Tanınmış alim və həkim,
keçmiş SSRİ-də böyük nüfuz
qazanmış bir dövlət xadimi Əziz Əliyevin
qızı məhz Zərifə xanım kimi olmalı idi.
Akademik Mustafabəy Topçubaşovun adi həkim deyil,
bütün cəmiyyətin loğmanı
adlandırdığı Əziz Əliyev böyük ürək
sahibi, geniş biliklərə, yüksək mənəviyyata
malik şəxsiyyət idi.
Övladlarının
ona sevgisi onların sənət seçiminə də təsir
etmişdir. Bu ailənin üç övladı - Tamerlan, Zərifə
və Cəmil həkimlik sənətini seçmişlər.
1947-ci
ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən
sonra Zərifə xanım bütün ömrünü
oftalmologiyaya həsr etdi, seçdiyi sənətin fədaisi
oldu. Onun ilk elmi-tədqiqat işlərinin mövzusunu da elə
həyatın özü verdi - Azərbaycanda o dövrdə
çox geniş yayılmış traxoma xəstəliyinin
öyrənilməsi və müalicəsi. Bütün
ölkə ərazisini əhatə edən bu tədqiqatların
nəticələri gənc alimin uğurla müdafiə etdiyi
namizədlik dissertasiyasında öz əksini tapdı.
İşinə
həvəslə yanaşan, yeniliklər axtarışında
olan Zərifə xanımın sonrakı elmi tədqiqatları
da böyük praktiki əhəmiyyət
daşıyırdı. Onun elmi irsində peşə ilə
bağlı görmə problemi xüsusi yer tutur. İlk dəfə
olaraq o, sənaye obyektlərində müxtəlif maddələrin
gözə təsiri sahəsində elmi tədqiqatlar
aparır, peşə patologiyasını araşdıran
dünyada ilk elmi-tədqiqat laboratoriyası yaradır və nəticədə
elm aləmində yeni bir istiqamətin - peşə
oftalmologiyasının əsasını qoyur.
Uzun
illər apardığı müşahidələr, kliniki tədqiqatlar
əsasında Zərifə xanım Əliyeva 1976-cı ildə
dünyanın ən nüfuzlu oftalmoloji mərkəzlərindən
biri olan Moskva Elmi Tədqiqat Göz Xəstəlikləri
İnstitutunda doktorluq dissertasiyasını müdafiə edir.
Məhz
peşə xəstəliklərinin elmi
araşdırmalarının uğurlu nəticələrinə
görə professor Zərifə Əliyeva oftalmologiya sahəsində
ən mötəbər mükafata - SSRİ Tibb Elmləri
Akademiyasının M.İ.Averbax adına mükafatına layiq
görüldü. Diqqətəlayiqdir ki, o, bu mükafatla təltif
olunan ilk qadın alim idi.
Zərifə
xanımın tədqiqatları elmin yalnız bir istiqamətini
əhatə etmirdi, o, oftalmologiyanın ən müxtəlif
mövzularını işıqlandırır, tam fərqli xəstəliklərin
səbəbini araşdırırdı. Qlaukoma, peşə
oftalmologiyası, göz travmatizmi, görmə orqanının
virus zədələnməsi, bədxassəli şişlər,
göz yaşı yolu xəstəlikləri - bu və digər
istiqamətlərdə aparılan tədqiqatların nəticələri
iki yüzə qədər məqalə, məruzə,
monoqrafiyada öz əksini tapmışdı. Görkəmli
alimin zəngin elmi irsi bu gün də aktualdır. Onun bir
çox əsərləri, dərslikləri oftalmoloqların
stolüstü kitabları kimi daim vərəqlənir, oxunur,
praktiki fəaliyyətlə məşğul olan göz həkimləri
tərəfindən çox yüksək qiymətləndirilir.
Zərifə
Əliyeva elm qarşısında böyük xidmətlərinə,
çoxillik elmi tədqiqatlarına görə əməkdar
elm xadimi fəxri adı ilə təltif olunmuş, Azərbaycan
Respublikası Elmlər Akademiyasının həqiqi
üzvü seçilmişdi.
Akademik
Zərifə Əliyeva təkcə öz adını tibb
tarixinə yazmadı, eyni zamanda, Azərbaycan
oftalmologiyasının adını bütün dünyada
ucaltdı. 1977-ci ildə onun təşəbbüsü ilə
Bakıda ilk dəfə olaraq Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti
İdarə Heyətinin plenumu keçirildi. Dünya
şöhrətli alimlərin iştirak etdiyi bu mötəbər
tədbir Azərbaycan elminin gələcəyi, onun
inkişafı naminə ən tanınmış elmi mərkəzlərlə
birgə tədqiqatların aparılması, peşəkar
kadrların hazırlanması üçün böyük
imkanlar yaratdı.
Zərifə
xanımın ən böyük xidmətlərindən biri də
pedaqoji fəaliyyəti idi. Əziz Əliyev adına Azərbaycan
Həkimləri Təkmilləşdirmə İnstitutunun
professoru, oftalmologiya kafedrasının müdiri kimi o, həkimlərin
biliyinin artırılması üçün qüvvəsini
və vaxtını əsirgəmirdi. Tələbələrinə
oftalmologiyanın incəliklərini öyrədən alim
böyük oftalmoloqlar nəsli yetişdirdi.
Zərifə
xanım həkim-xəstə münasibətlərində də
gənc həkimlərə bir nümunə idi. O, həkim
etikası və tibbi deontologiya kimi çox həssas sahələrə
xüsusi diqqət yetirirdi. Həkimin cəmiyyətdə
roluna, onun peşəkar fəaliyyətinə həsr etdiyi
çoxsaylı məqalə və
çıxışları, eləcə də "Yüksək
əqidə" adlı kitabı cəmiyyətimizdə həkim
şəxsiyyətinin formalaşması prosesinə dəyərli
töhfələr vermişdi.
Görkəmli
alimin həkimlik fəaliyyətində bir məqam da
qırmızı xətlə keçir. O, sadə, adi
insanlara hər zaman xüsusi diqqətlə, məhəbbətlə
yanaşır, onların problemlərini dinləyib ümidsiz
qoymurdu.
Zərifə
xanım əsl ziyalı qadın idi. Bu ziyalılıq bir tərəfdən
onun biliyində və savadında, digər tərəfdən,
simasındakı nurla, xasiyyətindəki təmkin və nəcibliklə
özünü göstərirdi. Onun ən gözəl cəhətləri
bəşəriyyətə və insanlara sevgisi, sevimli
işinə hədsiz bağlılıq və ailəsinə
vurğunluq idi...
Tale
Zərifə xanıma onu sevən, ona dəyər verən,
yolunda hər cür fədakarlığa hazır olan qüdrətli
bir insanı - müasir müstəqil Azərbaycanın
qurucusu, bütün ömrü boyu xalqına, Vətəninə
sədaqətlə xidmət etmiş Heydər Əliyevi bəxş
etdi. Bu iki insanı bir-birinə təkcə sonsuz məhəbbət
hissi bağlamırdı, onlar ruhən də çox yaxın
idilər. Zərifə xanım Heydər Əliyev kimi bir dahi
üçün təkcə sədaqətli
ömür-gün yoldaşı olmamışdı, həm də
mənəvi dayağa, əsl dosta çevrilmişdi. Həyatının
sonunadək onu qorumuşdu...
Ulu
öndər Heydər Əliyevin düz 12 il əvvəl,
2001-ci il aprelin 28-də Zərifə xanımın xatirəsinə
həsr olunmuş gecədə çox kövrəkliklə
söylədiyi bir fikri xatırlatmaq istəyirəm: "....Mənim
üçün o, birinci növbədə böyük bir
insan idi. Zərifə xanım sədaqətli həyat
yoldaşı, çox mehriban ana, mənim ailəmi, mənim
uşaqlarımı, mənim nəvələrimi yaşadan,
böyüdən bir fədakar insan kimi qəlbimdə
yaşayır..."
Bir-birini
üzvi surətdə tamamlayan bu iki parlaq şəxsiyyətin
ailə həyatı bütün cəmiyyət
üçün milli dəyərlərimizi əks etdirən
nümunədir. Onlar çətinliklərin öhdəsindən
birgə gəlib, uğurlara birgə sevinirdilər. İki ləyaqətli
övlad böyütdülər.
Zərifə
xanım Azərbaycana cənab İlham Əliyev kimi Prezident bəxş
edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır. Ölkəmizin
sürətli inkişafı, dünyadakı nüfuzu,
möhtəşəm uğurları ilə fəxr edərkən,
Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət
və müdrikliyinin təməlində ulu öndər Heydər
Əliyev ilə yanaşı, sözsüz ki, Zərifə
xanımın da təsirini görürük.
Bu
gün Azərbaycan siyasi və iqtisadi cəhətdən
qüdrətlənir, öz inkişaf templərinə görə
dünyada qabaqcıl yerlərdən birini tutur. Bakının
çox böyük uğurla ev sahibliyi etdiyi ən mötəbər
siyasi, iqtisadi, elmi, mədəni tədbirlər Azərbaycanın
beynəlxalq nüfuzunun yüksəlməsindən xəbər
verir, eyni zamanda, dünya ictimaiyyətinin diqqətini tariximizə,
mədəniyyətimizə, incəsənətimizə cəlb
edir.
Dövlət
rəhbərinin sosialyönümlü siyasəti nəticəsində
səhiyyə sahəsində də əhəmiyyətli
nailiyyətlər vardır. Azərbaycan dövləti
insanların sağlamlığını prioritet məsələ
kimi daim diqqətdə saxlayır. Yeni tikilən, əsaslı
təmir olunan, ən müasir avadanlıqla təchiz edilən
tibb mərkəzləri, tibb işçilərinin təkmilləşməsinə
verilən diqqət, gündən-günə
yaxşılaşan sağlamlıq və demoqrafik göstəricilər
bunun sübutudur.
Səhiyyə
sahəsində qazanılan nailiyyətlərdə Heydər Əliyev
Fondunun, onun prezidenti Mehriban xanım Əliyevanın da
böyük zəhməti vardır. Ümumiyyətlə, onun
ölkəmizdə təhsilin, mədəniyyətin, səhiyyənin
inkişafı üçün gördüyü işlər,
ulu öndərin adını daşıyan fondun həyata
keçirdiyi humanitar layihələr xalqımız tərəfindən
yüksək qiymətləndirilir, ona böyük hörmət
və ehtiram qazandırır.
Bu
yubiley ilində Zərifə xanımın xatirəsi müxtəlif
tədbirlərlə yad edilir, konfranslar, simpoziumlar,
görüşlər keçirilir. Dünən Bakıda
oftalmologiya üzrə Beynəlxalq elmi-praktiki konfrans da Zərifə
xanımın xatirəsinə, onun elmi fəaliyyətinə həsr
olunmuşdu. Konfransın işində Rusiya, Türkiyə,
Almaniya, Yaponiya, Litva və digər ölkələrin alimləri
iştirak edirdilər. Qonaqlarımızı konfransın
keçirildiyi Zərifə xanımın adını
daşıyan Milli Oftalmologiya Mərkəzi ilə
tanış edərkən xatırladıq ki, vaxtilə xaricdə
tibb ocaqlarının şəraitinə, müasir
avadanlığına həsədlə baxırdıq.
İndi isə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin böyük qayğısı və diqqəti
nəticəsində biz öz səhiyyəmizi fəxrlə təqdim
edirik.
Bütün
bunlara görə, icazə verin, cənab Prezident, tibb ictimaiyyəti
adından Sizə öz dərin minnətdarlığımızı
bildirək.
Bu
gün bu mötəbər tədbirdə Zərifə
xanımın ömür yoluna nəzər salarkən bir daha
şahid olduq ki, o, əfsanəvi bir həyat yaşayıb.
Çox təəssüf ki, taleyin Zərifə xanıma
yazdığı ömür payı qısa oldu, o, müstəqil
Azərbaycanı - sürətlə inkişaf edən, gələcəyə
inamla baxan, gündən-günə gözəlləşən,
müasirləşən Vətənimizin bu gününü
görmədi. Lakin qəlbimizdə bu təəssüflə
yanaşı, bir inam da vardır: səhiyyəmizin tərəqqisi,
tibb elmində qazanılan uğurlar görkəmli alimin xatirəsinə
ucaldılan ən möhtəşəm abidədir.
Əsl
yaradıcılıq, əsl elm daimidir. Akademik Zərifə
xanım Əliyevanın işıqlı obrazı heç
zaman ürəklərdən silinməyəcəkdir.
Diqqətinizə görə minnətdaram.
Azərbaycan.-2013.- 28 aprel.- S.2.