Prezident İlham Əliyev
paytaxtın Füzuli və Mirzağa Əliyev küçələrinin arasında yaradılan yeni istirahət
kompleksində tikinti işlərinin gedişi ilə
tanış olmuşdur
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də
paytaxtın Füzuli küçəsi ilə Mirzağa Əliyev
küçəsi arasında inşa olunan yeraltı avtomobil
dayanacağının üstündə salınan park, bağ
və fəvvarələr kompleksində aparılan inşaat
işlərinin gedişi ilə tanış olmuşdur.
Son
illər Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsi
və müasirləşdirilməsi istiqamətində
genişmiqyaslı tədbirlər ardıcıl olaraq davam
etdirilir. Paytaxtımızın park və xiyabanları
müasir şəkildə qurulur, yaşıllıq
zolaqları salınır, yeni istirahət guşələri
yaradılır. Füzuli küçəsi ilə Mirzağa Əliyev
küçəsi arasında yeraltı avtomobil
dayanacağının üstündə müasir park
kompleksinin inşası Bakı şəhərinin
simasının daha da yeniləşməsi və paytaxt sakinlərinin
istirahəti baxımından olduqca əhəmiyyətlidir.
Dövlət başçısı kompleksdə həyata
keçirilən inşaat işlərini daim nəzarətdə
saxlayır, burada aparılan tikintinin gedişi ilə mütəmadi
olaraq maraqlanır.
Bakı
Şəhər İcra Hakimiyyətinin
başçısı Hacıbala Abutalıbov dövlət
başçısına inşa olunan park kompleksinin layihəsi
əsasında məlumat verdi. Bildirildi ki, yeni salınan bu park
kompleksi şəhərin içərisində ən
böyük parkdır. Ərazisi 7 hektar olan parkın 20 min
kvadratmetrlik sahəsinə qranit və keramit plitələr
döşənmişdir. Park
kompleksinin 6 min kvadratmetrlik sahəsinə, eləcə də ətrafdakı
küçə və prospektlərə asfalt
örtüyü çəkilir. Kompleksin 35 min kvadratmetrlik ərazisindən
32 min kvadratmetr hissəsində artıq yaşıllıq
zolağının salınması işləri başa
çatdırılmışdır. Həmin əraziyə 35
min kubmetr münbit torpaq töküldüyü bildirildi. Burada
2000-ə yaxın ağac, 10 mindən çox isə bəzək
kolu, çoxlu sayda gül və çiçəyin əkiləcəyi,
ərazinin bütünlüklə yaşıl otlarla
örtüləcəyi qeyd olundu. Yaşıllaşdırma
işlərinin 90 faizi artıq icra olunmuşdur.
Bildirildi ki, parkda inşa olunan və ən
müasir tələblərə cavab verən 5 fəvvarədə
tamamlama işləri aparılır. Texniki mərtəbədə
fəvvarələr üçün ayrıca stansiya
quraşdırılmışdır. Yaşıllıq
zolaqları avtomatik sistemlə suvarılacaqdır. Park
kompleksində yeni yarımstansiyanın
quraşdırıldığı və ən müasir
işıqlandırma sisteminin böyük bir hissəsinin
başa çatdığı qeyd olundu. Parkda üç yay
kafesi fəaliyyət göstərəcəkdir. Kompleksin ətrafındakı
binalarda və ərazilərdə də əsaslı şəkildə
abadlıq və quruculuq işlərinin davam etdirildiyi
bildirildi.
Prezident
İlham Əliyev Füzuli küçəsindəki 39
nömrəli binanın sürüşdürülmə yolu
ilə köçürülmə prosesi ilə də
tanış oldu. Qeyd edək ki, 1908-ci ildə Hacınski
qardaşları tərəfindən inşa etdirilən bu bina tarixi memarlıq abidələri
sırasına daxildir. Dövlət
başçısının tarixi memarlıq abidələrinin
qorunması və bərpa edilməsi ilə bağlı sərəncamına
uyğun olaraq 18 min ton ağırlığında olan bu
tarixi memarlıq binasının əvvəlki görkəmi
saxlanmaqla 10,5 metr sürüşdürmə yolu ilə yerinin
dəyişdirilməsi prosesinə aprelin 23-də
başlanmışdır. Sürüşdürülmə prosesini dünyada bu sahədə ən
qabaqcıl təcrübəyə malik olan Hollandiyanın
"Bresser" şirkəti həyata keçirir.
Proses barədə Prezident İlham Əliyevə məlumat verildi. Bildirildi ki, binanın köçürüləcəyi yeni ərazidə möhkəm təməl qoyulmuşdur. Bu da tarixi binanın
davamlılığının uzun müddət üçün artırılmasına
kömək edəcəkdir.
Prezident İlham Əliyev sürüşdürülmə prosesini izlədi.
Sonra dövlət başçısı
park, bağ və fəvvarələr kompleksində
aparılan inşaat işlərinin gedişi ilə yaxından tanış oldu, müvafiq tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.-2013.- 28 aprel.- S.3.