İlham Əliyevə 92 faizlik etimad
Dövlət
başçısı qarşıdakı prezident
seçkilərinə alternativsiz və birmənalı ümummilli
etimadla gedir
Azərbaycanda əhalinin 92 faizi
hökumətə, yəni
Prezident İlham Əliyevə, mövcud iqtidara inanır. Bu fikir yerli qurumların deyil, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən
layihə çərçivəsində
müəyyənləşib. Qeyd edək ki, 2012-ci ilin sonunda Azərbaycan
üzrə "Avropa
Qonşuluğu Barometri"
çərçivəsində keçirilən sorğu Avropa Qonşuluq Siyasəti ölkələrində
ictimai rəyin öyrənilməsi üzrə
Avropa İttifaqı
(Aİ) tərəfindən maliyyələşdirilən layihə
çərçivəsində 2012-ci ilin noyabr-dekabr aylarında 1000 respondent arasında
keçirilib.
"Avropa
Qonşuluğu Barometri" (ictimai rəyin və
media-monitorinqin tədqiqatı) Aİ tərəfindən
maliyyələşdirilən regional informasiya
proqramının bir hissəsidir və qonşuluq siyasətinin,
Aİ əməkdaşlıq tədbirləri və
proqramlarının məlumatlandırma və qəbuletmə
səviyyəsinin qiymətləndirilməsinə istiqamətlənmişdir.
Bu barədə Avropa Qonşuluğu İnformasiya Mərkəzinin
yaydığı məlumatda bildirilir. Sorğuda iştirak edən
azərbaycanlılar öz həyatlarından məmnundurlar
(bu, region ölkələrindən daha çoxdur) - rəyi
soruşulanların 65 faizi öz həyatlarından
razıdırlar. Həyatdan məmnunluq səviyyəsi gənclər
və təhsil alan respondentlər arasında daha yüksəkdir.
Rəyi
soruşulanların böyük əksəriyyəti öz
hökumətinə (92 faiz) və parlamentə (68 faiz)
inanır. Həmçinin rəyi soruşulanlar Azərbaycanın
inkişaf istiqamətindən razıdırlar: 48 faiz hesab edir
ki, Azərbaycan düzgün istiqamətdə hərəkət
edir və yalnız 17 faiz bununla razılaşmır.
İqtisadi əhval-ruhiyyə indeksi də yüksəkdir: rəyi
soruşulanların 69 faizi iqtisadi vəziyyətin yaxşı
olduğunu hesab edir. 60 faiz isə ölkədə gedən
demokratik proseslərin nəticələrindən
razıdır.
Müstəqilliyinin
bərpasından sonra keçən 22 ildə bütün sahələr
üzrə uğurlarını gündən-günə daha
da artıran Azərbaycan dünyanın qüdrətli dövlətləri
sırasında özünə yer alıb. Sürətli
iqtisadi inkişaf, sosial-iqtisadi layihələrin icrası və
aparılan məqsədyönlü siyasət bu gün ölkəmizin
bir çox sahələrdə uğur qazanması ilə nəticələnir.
Bütün bunlar isə aparılan beynəlxalq sorğular,
müsabiqələr və araşdırmalar nəticəsində
bir daha özünü göstərir və dünya Azərbaycan
reallığı ilə tanış olur. "Avropa
Qonşuluğu Barometri" çərçivəsində keçirilən
sorğu nə ilk, nə də sonuncu sorğu deyil. Bundan
öncə də keçirilən beynəlxalq sorğularda Azərbaycan
və dövlətimizin başçısı İlham Əliyev
dəfələrlə qaliblər sırasında olub. Elə
bu il aprel ayının 4-də Böyük Britaniyanın
nüfuzlu "The Business Year" jurnalının Azərbaycan
Prezidenti İlham Əliyevi dünyada "İlin
Adamı" elan etməsi də buna əyani sübutdur.
Dövlət başçısı "İlin Adamı"
mükafatına son beş ildə Azərbaycanın dinamik
inkişafına, dünyanın geosiyasi məkanında fəal
iştirakına, BMT-nin Təhlükəsizlik Şurasının
üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin
təmin olunmasına, "Azərspace" ilk telekommunikasiya
peykinin orbitə buraxılması ilə Azərbaycanda,
bölgədə və dünyada internetin,
informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına
verdiyi önəmli töhfələrə, Azərbaycanın
mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar
forumların, konfransların, idman yarışlarının
keçirildiyi mərkəzə çevrilməsindəki xidmətlərinə
görə layiq görülüb. Mükafatın təqdimat
mərasimində isə Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda
əldə olunan bütün uğurların əsasında
ölkənin sürətli iqtisadi inkişafı dayanır:
"Bu gün iqtisadiyyatın şaxələndirilməsi nəticəsində
neft-qaz amilindən asılılıq azalıb, neft gəlirlərinin
şəffaf şəkildə insanların və ölkənin
mənafeyi naminə istifadə olunması nəticəsində
son 10 ildə yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizə
qədər enib. İnformasiya-kommunikasiya texnologiyaları
sektorunda sürətli inkişafa nail olunub. Azərbaycanın
kosmik ailənin üzvü olması xüsusi önəm
daşıyır. Bu il ölkəmizdə
"İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilib
və bu sahədə qazanılan uğurlar çoxdur. Bir
sözlə, ölkəmizin nüfuzu beynəlxalq aləmdə
getdikcə möhkəmlənir".
Bütün
bunlar beynəlxalq maliyyə təşkilatları, beynəlxalq
fondlar tərəfindən hazırlanan hesabatlarda öz əksini
tapıb. Dünya Bankının "Doing Business"
hesabatında Azərbaycanın yüksək irəliləyişdə
olduğu qeyd edilir. Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabətə
davamlılığı baxımından Azərbaycanı
46-cı yerdə göstərir. Maliyyə və iqtisadi
böhran illərində "Standard & Poor's",
"Fitch" və "Moody's" reytinq agentlikləri Azərbaycanın
kredit reytinqini yaxşılaşdırıb. Bir vaxtlar borc alan
ölkələr sırasında olan ölkəmiz hazırda
donor ölkəyə çevrilib. İndi Azərbaycan öz
hüdudlarından kənarda böyük sərmayələr
yatırır. Bu gün Azərbaycan dünyada ən sürətli
iqtisadi artıma malik ölkələrdən biridir. Təkcə
son 5 il ərzində Azərbaycanın ümumi daxili məhsulu
4 milyard dollardan 25 milyard dollara çatıb. Cənubi
Qafqazın iqtisadiyyatında Azərbaycan iqtisadiyyatının
payı 80 faizdən artıqdır. Postsovet məkanında Azərbaycan
əhalinin həyat səviyyəsinin yüksəkliyinə
görə ən uğurlu ölkədir. İndi Azərbaycan
ortagəlirli iqtisadiyyata malikdir. Qlobal maliyyə-iqtisadi
böhran nəticəsində dünyanın aparıcı
ölkələrində baş vermiş kəskin ressesiyaya
baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım,
yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi
rifah halının yüksəlməsi 2013-cu ildə də
davam edib. Aprel ayında Dünya İqtisadi Forumunun (Davos Forumu)
Azərbaycanda keçirilməsi isə beynəlxalq birliyin
ölkəmizin iqtisadi inkişafını etiraf etməsi kimi
qiymətləndirilir. Çünki Azərbaycanın
iqtisadiyyatında, iqtisadi inkişafı sahəsində
çox əhəmiyyətli nailiyyətlər əldə
edilməsəydi, ölkəmizin timsalında iqtisadi
inkişaf və tərəqqi mövzusunda diskussiyalar
aparılması üçün kifayət qədər əsaslar
olmasaydı, Davos Forumunun Bakıda keçirilməsi
üçün də qərar qəbul edilməzdi. Belə
bir qərarın qəbul edilməsi, hər şeydən əvvəl,
Azərbaycanın iqtisadi inkişafının və ölkəmizin
inkişaf modelinin etiraf olunması kimi qiymətləndirilir.
Bu, bir daha onu göstərir ki, Azərbaycan dünya birliyində
artıq özünü təsdiq edərək
tanıtmış, ayrı-ayrı önəmli
toplantıların keçirilməsinə ev sahibliyi etmək
imkanında, qüdrətində olduğunu sübuta yetirən
bir ölkədir.
Müstəqil dövlətimizin sürətli və
ardıcıl inkişafına təkan verən bütün bu
tədbirlər böyük uzaqgörənliklə
hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin
praktik nəticələridir. Müasir Azərbaycan dövlətinin
qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi
strategiyanın Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirilməsi Azərbaycanın
qarşısında böyük imkanlar açır. Bu
gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə
iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi,
beynəlxalq qurumların hesabatlarında islahatçı
ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının
Azərbaycanın mövqeyini dəstəkləyən qərar
və qətnamələr qəbul etməsi bir həqiqəti
ortaya qoyur ki, ölkəmizin seçdiyi yol
düzgündür və bu yol bizi daha uğurlu gələcəyə
aparır. Azərbaycan Prezidenti
İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən strateji kurs özündə millətin,
dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri
və normaları ehtiva edir.
Bu
gün tam cəsarətlə demək olar ki, ölkəmizdə
aparılan müstəqil dövlət quruculuğu prosesində
iqtisadi islahatların və inkişafın Azərbaycan modeli
yaranıb. Bu model əsasında uğurla həyata
keçirilən və yeni çalarlarla zənginləşdirilən
sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın
həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin
daha da möhkəmləndirilməsinə gətirib
çıxarıb.
Prezident
İlham Əliyevin rəhbərliyi ilə
reallaşdırılan strateji kurs daxili ictimai-siyasi sabitliyi və
tərəqqini də ən yüksək səviyyədə təmin
edib. Yerli və xarici analitiklərin yekdilliklə üzərində
durduqları başlıca məsələlərdən biri də
budur ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin
əsaslarını dövlət tərəfindən həyata
keçirilən uğurlu islahatlar və tətbiq edilən
yeniliklər, inkişaf modelləri təşkil edir. Ölkəmizdə
insan və vətəndaş hüquq və
azadlıqlarının ən yüksək səviyyədə
təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi,
sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların
siyasi həyatda iştirakına maksimum şəraitin
yaradılması kimi göstəricilər və nəticələr
deyilənləri bir daha təsdiq edir.
Bütün
bunlar onu deməyə əsas verir ki, 2003-cü il oktyabrın
15-də keçirilən prezident seçkilərində
seçicilərin 76 faiz, 2008-ci ilin oktyabrında keçirilən
seçkilərdə seçicilərin 88,73 faiz səsini
qazanan İlham Əliyev 2013-cü ilin oktyabrında
keçiriləcək seçkilərə seçicilərin
90 faizdən artıq etimadı ilə qatılacaq. Bununla da deyə
bilərik ki, İlham Əliyev
qarşıdakı prezident seçkilərinə alternativsiz və
birmənalı ümummilli etimadla gedir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2013.- 28 aprel.- S.4.