Ədalət məhkəməsi hüquqi dövlətin təməlidir
Ümummilli lider Heydər
Əliyev tərəfindən əsası qoyulan məhkəmə-hüquq
islahatları uğurla davam etdirilir
Azərbaycan
xalqı tarixi boyunca yetişən ən böyük şəxsiyyətlərindən
birinin, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyini
qeyd etməyə hazırlaşır. İllər keçdikcə
bu böyük şəxsiyyətin dühası, onun xalq
qarşısında xidmətləri, bu xidmətlərin
bütün sahələrdə inkişafa və yüksəlişə
yol açması daha aydın görünür.
"Biz
hüquqi dövlət qururuq. Hüquqi dövlətin əsasını
təşkil edən qanunlardır. Biz qanunsuzluqları, ədalətsizlikləri
aradan götürəcəyik, ancaq bir iş qanunsuz olursa, o
biri qanunsuz işlə qanunsuzluğu aradan götürmək
olmaz. Bir şey ədalətsizliklə olubsa, ədalətsizliklə
ədaləti bərpa etmək olmaz. Dövlət iki şeydən
sarsıla bilər: günahkar cəzasız qalanda və
günahsıza cəza veriləndə. Ədaləti bərpa
etmək lazımdır". Qüdrətli şəxsiyyət,
ulu öndər Heydər Əliyevin bu sözləri onun Azərbaycanda
hüquqi dövlət quruculuğuna verdiyi tarixi töhfələrin,
ədalətli cəmiyyət ideallarının ən bariz ifadəsidir.
Ədalətin,
qanunçuluğun üstün olduğu dövlətdə
yaşamaq hər zaman hər bir xalqın arzusu olmuşdur. Azərbaycan
xalqı da XX əsrin sonunda dövlət müstəqilliyini bərpa
edərkən bu idealla yaşayırdı. Lakin təəssüflər
olsun ki, 1991-1992-ci illərdə respublikadakı faktiki hakimiyyətsizlik,
siyasi hərc-mərclik, cinayətkarlığın sürətlə
artması haqq və ədalətin keşiyində durmalı
olan dövlət qurumlarının fəaliyyətinin ciddi
şəkildə aşınmasına, o cümlədən məhkəmə-hüquq
sistemində qeyri-sağlam mühitin yaranmasına rəvac
vermişdi. Heydər Əliyev 1993-cü ilin iyununda xalqın
çağırışı ilə respublikaya rəhbərliyə
qayıdanda Azərbaycan iflas həddində idi, hüquqi
dövlət, ədalət və qanunçuluqdan
danışmaq isə mümkün deyildi. Ermənistanın
ölkəmizə qarşı işğalçı
müharibəsinin davam etməsi, respublikada bütün sahələri
bürümüş böhran, siyasi didişmələr Azərbaycanı
parçalanmaq və dövlət olaraq məhv olmaq təhlükəsi
ilə üz-üzə qoymuşdu.
Belə
bir zamanda ölkəyə rəhbərliyi, onun gələcək
taleyi ilə bağlı tarixi məsuliyyəti üzərinə
götürən Heydər Əliyev ədalət, müdriklik
və həqiqət üzərində təşəkkül
tapan dövlətçilik konsepsiyası ilə milli müstəqilliyimizi
əbədi və sarsılmaz etdi. Məhz böyük öndərin
iradəsi, siyasi zəkası, vətəndaşlıq hünəri
sayəsində dövlətçiliyimizin inkişaf
yolundakı maneələr dəf edildi. 1994-cü ilin oktyabr və
1995-ci ilin martında dövlət çevrilişi cəhdlərinin
qarşısının alınması, ölkədə
ictimai-siyasi sabitliyin təmin edilməsi, qanunsuz silahlı birləşmələrin
fəaliyyətinə son qoyulması Azərbaycanın
inkişafını möhkəm hüquqi rels üzərinə
çıxardı.
Böyük
öndərin rəhbərliyi altında hazırlanan, geniş
ictimai müzakirələrdən keçərək 1995-ci il
noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul
olunan yeni Konstitusiya Azərbaycanda dövlət quruculuğunda
fundamental islahatlara yol açdı. Konstitusiyada müstəqil
və şəffaf məhkəmə sisteminin fəaliyyətini
müəyyənləşdirən əsas prinsip və
normalar da öz əksini tapmışdır.
Ulu
öndər ölkədə yeni dövrün tələblərinə
cavab verən hüquq qanunvericiliyinin
formalaşdırılması üçün 1996-cı il
fevralın 21-də Hüquq
İslahat Komissiyasının yaradılması barədə sərəncam
imzalamışdır. Komissiya tərəfindən
hazırlanmış "Konstitusiya Məhkəməsi
haqqında", "Məhkəmələr və hakimlər
haqqında", "Vəkillər və vəkillik fəaliyyəti
haqqında", "Prokurorluq haqqında", "Polis
haqqında", "Əməliyyat-axtarış tədbirləri
haqqında" və digər qanunların qəbulu məhkəmə-hüquq
islahatları prosesində xüsusi əhəmiyyətə
malikdir. 1998-ci il iyunun 18-də böyük öndərin fərmanı
ilə təsdiq olunan "Azərbaycanda insan hüquqlarının
müdafiəsinə dair Dövlət Proqramı"
hüquqi islahatlarda yeni mərhələ açdı. 1998-ci
ildə Azərbaycanda məhkəmə-hüquq sisteminin ali
instansiyası - Konstitusiya Məhkəməsi fəaliyyətə
başladı.
Böyük
öndərin 1998-ci il dekabrın 1-də imzaladığı
"Məhkəmələr və hakimlər haqqında"
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə
islahatlarının həyata keçirilməsi barədə fərmanı
respublikada yeni məhkəmə sisteminin formalaşmasına
mühüm töhfə olmuşdur. Həmin tarixdə
yaradılan Məhkəmə-Hüquq Şurası hakim vəzifəsinə
namizədlərin yeni qaydalarla seçilməsini həyata
keçirməyə başladı. Əvvəlcə bu
seçim müsahibə yolu ilə keçirilirdi. "Azərbaycan
Respublikasında hakim vəzifəsinə namizədlərin
seçilməsi qaydalarının təkmilləşdirilməsi
haqqında" 2000-ci il 17 yanvar tarixli Prezident fərmanından
sonra isə hakim vəzifəsinə namizədlərin
seçilməsində test üsulu ilə imtahanlar
keçirilməyə başlandı. Dövrün tələbindən
irəli gələn bu dəyişikliklər məhkəmələrin
işinin təkmilləşdirilməsinə, hakimlərin
seçilməsi qaydalarının mütərəqqi dəyərlərə
uyğunlaşdırılmasına xidmət edirdi.
Bu
dövrdə ölkənin hüquq sistemində köklü dəyişikliklərə
səbəb olmuş mütərəqqi qanunlar, yeni Mülki və
Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların
İcrası və s. məcəllələr qəbul
edilmişdir. Həmin mərhələdə islahatların
başlıca nəticəsi keçmiş sovet məhkəmə
sisteminin ləğvi və ölkədə birinci instansiya,
apelyasiya və kassasiya instansiyalarından ibarət
üçpilləli müstəqil məhkəmə sistemi
yaradılması oldu. Məhkəmə hakimiyyətinin
müstəqilliyinin tam təmin edilməsi üçün məhkəmələr
üzərində prokuror nəzarəti ləğv olunaraq
onların prosessual səlahiyyətləri xeyli genişləndirildi.
Əsası
ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş məhkəmə-hüquq islahatları dövlət
başçısı İlham Əliyevin rəhbərliyi ilə
uğurla davam etdirilir. Ötən müddətdə Azərbaycanın
hərtərəfli inkişaf etməsi, insan hüquq və
azadlıqları sahəsində beynəlxalq təşkilatlarla
əməkdaşlıq məhkəmə-hüquq
islahatlarının da keyfiyyətcə yeni mərhələyə
keçməsinə zəmin yaratmışdır. Prezident
İlham Əliyevin 2006-cı il yanvarın 19-da "Azərbaycan
Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi
və bəzi qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi haqqında" qanunun tətbiq
edilməsi barədə fərmanı bu baxımdan xüsusi əhəmiyyət
kəsb edir. Fərmana əsasən, Bakı, Gəncə,
Şirvan, Sumqayıt və Şəkidə apelyasiya məhkəmələri,
Bakı, Sumqayıt və Şəki şəhərlərində
yerli iqtisad məhkəmələri
yaradılmışdır. Həmin dəyişikliklərə
qədər ölkədə bir apelyasiya məhkəməsinin
fəaliyyət göstərməsi regionlarda yaşayan
insanların qanuni mənafelərinin yüksək səviyyədə
təminatına əngəllər yaradırdı. Yeni
apelyasiya və iqtisad məhkəmələri bu sahədə
problemlərin aradan qalxmasına töhfə oldu. Təsadüfi
deyil ki, Prezident İlham Əliyev
çıxışlarında bu məsələyə
xüsusi yer ayırır, məhkəmələrdə neqativ
halların, süründürməçilik və digər məsələlərin
aradan qaldırılması üçün görülən
işləri diqqət mərkəzində saxlayır.
Çünki Azərbaycanın güclü, müasir dövlətə
çevrilməsi üçün həm iqtisadi, həm də
hüquqi və siyasi islahatlar paralel şəkildə
aparılmalı və bir-birini tamamlamalıdır.
Ölkə
başçısı 2009-cu il mayın 12-də Azərbaycan
Respublikası Ali Məhkəməsinin yeni inzibati
binasının təntənəli açılış mərasimində
demişdir: "Məhkəmə ədalət sarayı
olmalıdır. Çünki ədalət hər bir cəmiyyətin
inkişafı üçün başlıca amillərdən
biridir. Heç bir cinayət cəzasız qalmamalıdır,
ancaq günahsız insanlar da cəzalandırılmamalıdır.
Son illər ərzində Azərbaycanda məhkəmə-hüquq
sistemində aparılmış köklü islahatlar öz bəhrəsini
verir. İnsanların məhkəmə orqanlarının qərarlarına
inamı artır. Düzdür, biz ədalətsizlikləri də
görürük. Bizim vəzifəmiz ondan ibarətdir ki, bu ədalətsizlikləri
aradan götürək. Qanunun aliliyi tam şəkildə bərqərar
olunmalıdır. Azərbaycanda hüquqi dövlət
quruculuğu uğurla gedir. Qəbul edilmiş qərarlar, məhkəmə
hüquq sistemində aparılmış islahatlar, yeniliklər,
eyni zamanda, dünyada mövcud olan ən mütərəqqi təcrübənin
Azərbaycanda tətbiq edilməsi - bütün bu işlər
ölkəmizi gücləndirir".
Son
illərdə atılan addımlar, qəbul edilən qərarlar
ölkə rəhbərliyinin bu sahəyə yüksək
diqqət və qayğısının göstəricisidir.
İnsan hüquqlarına ciddi əməl olunmasının təmin
edilməsi, dövlət-vətəndaş münasibətlərinin
müasir standartlara uyğunlaşdırılması, inzibati
münasibətlərin tənzimlənməsinin yeni istiqamətlərinin
müəyyənləşdirilməsində xüsusi yer tutan
"İnzibati icraat haqqında" qanun və İnzibati
Prosessual Məcəllə qəbul edilmişdir.
2011-ci
il yanvarın 1-dən qüvvəyə minən
"İnzibati icraat haqqında" Azərbaycan
Respublikası Qanunu inzibati aktların qəbul edilməsi, icra
olunması və ya ləğv edilməsi ilə bağlı
inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin
hüquqi əsaslarını, prinsiplərini və prosedur
qaydalarını müəyyən edir. Həmin tarixdən
qüvvəyə minən Azərbaycan Respublikasının
İnzibati Prosessual Məcəlləsi inzibati hüquq
münasibətləri ilə bağlı mübahisələrin
məhkəmə aidiyyətini, həmin mübahisələrə
məhkəmədə baxılmasının və həll
edilməsinin prosessual prinsiplərini və qaydalarını
müəyyən edir. Bütün bunlar inzibati ədliyyə
sisteminin yaradılması istiqamətində mühüm
addımlardır.
Bu
xüsusda ədalət mühakiməsinin səmərəliyinin
artırılmasında mühüm rolu olan 2010-cu il iyunın
22-də "Məhkəmələr və hakimlər
haqqında", "Məhkəmə-Hüquq Şurası
haqqında" Azərbaycan Respublikasının qanunlarına
dəyişikliklər və əlavələr edilməsi barədə
qanunu və bunun ardınca dövlət
başçısının 2010-cu il iyulun 15-də və avqustun 9-da
imzaladığı fərmanları da ayrıca qeyd etmək
lazımdır. Həmin sənədlərə əsasən,
vətəndaşların məhkəmələrə
müraciət imkanlarının asanlaşdırılması
məqsədilə regional Bakı Ağır Cinayətlər
Məhkəməsi, habelə Lənkəran, Gəncə,
Şəki ağır cinayətlər məhkəmələri,
1 və 2 saylı Bakı, Gəncə, Sumqayıt, Şəki,
habelə Naxçıvan iqtisad məhkəmələrinin
bazasında inzibati-iqtisadi məhkəmələr
yaradılmış, hərbi məhkəmə sistemi təkmilləşdirilmiş,
hakim ştatlarının sayı
artırılmışdır.
2011-ci
il yanvarın 1-dən iqtisadi, inzibati işlərə məhz
yeni yaradılmış inzibati-iqtisadi məhkəmələrdə
baxılır. Bu isə iqtisadi xarakterli mübahisələrin
ixtisaslaşmış birinci məhkəmə instansiyasında
ədalətli, obyektiv araşdırılmasına, ədalət
mühakiməsinin səmərəliliyinin
artırılmasına xidmət edir.
Son
illər Prezident İlham Əliyevin xüsusi diqqət və
qayğısı ilə məhkəmələrin iş şəraitinin
yaxşılaşdırılması istiqamətində də
mühüm addımlar atılır. Bu qəbildən olan məsələlər
dövlət başçısının 2009-cu il 6 fevral
tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər
üçün Dövlət Proqramı"nda da geniş əksini
tapmışdır. Proqramda "Ədliyyə sisteminin
müasirləşdirilməsi" layihəsi çərçivəsində
məhkəmə fəaliyyətində, o cümlədən
işlərin qeydiyyatı və hərəkətində, məhkəmə
proseslərinin aparılmasında yeni texnologiyaların tətbiq
edilməsi, məhkəmələrin maddi-texniki
bazasının yaxşılaşdırılması və
onlar üçün lazımi iş şəraitinin təminatı
ilə bağlı müvafiq tədbirlər yer
almışdır.
Azərbaycan
hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi
və Ədliyyə Nazirliyinin həyata keçirdiyi "Ədliyyə
sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində
20-dən çox yeni məhkəmə binasının, o
cümlədən bir neçə məhkəmənin yerləşəcəyi
məhkəmə komplekslərinin tikintisi nəzərdə
tutulur. Layihə çərçivəsində son 2 il ərzində
respublikamızda 4 yeni məhkəmə binası, o cümlədən
dövlət başçısının iştirakı ilə
Bakı şəhəri Yasamal, eləcə də Oğuz
rayon məhkəmələrinin, habelə Gəncə şəhəri
Nizami və Gədəbəy rayon məhkəmələrinin
yeni binaları açılmış, bir neçə məhkəmə
kompleksinin təməli qoyulmuşdur. 2013-cü il yanvarın
22-də paytaxtın Sabunçu rayonunda təməli qoyulan məhkəmə
kompleksində də iki məhkəmə - rayon və 2
saylı Bakı İnzibati-İqtisadi məhkəmələri
yerləşəcək.
Müasir
texnologiya və elektron sistemlərlə təchiz olunacaq bu
kompleksdə bütün zəruri infrastruktur
quraşdırılacaqdır. Tətbiq olunan İKT yenilikləri
təqsirləndirilən şəxslərin və şahidlərin
məhkəməyə gətirilmədən uzaq məsafədən
dindirilməsinə imkan verəcək, hakimlərlə vətəndaşların
hər hansı qeyri-prosessual münasibətinin
qarşısının alınması üçün bina
ictimai və inzibati zonalara bölünəcək, hər iki
zonanın ayrı girişi olacaq. İnzibati zona hakimlər və
məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar
üçün nəzərdə tutulur. Dövlət
ittihamçıları və vəkillər ictimai zonadan
istifadə edəcəklər. Bununla da hakimlər və vətəndaşlar
arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır
və onlar yalnız məhkəmə iclas zallarında
görüşürlər.
Dövlətin
bu diqqət və qayğısı məhkəmə sistemində
aparılan islahatlara əlavə töhfə olmaqla
yanaşı, bizi daha məsuliyyətlə
çalışmağa sövq edir. Çünki məhkəmə
hakimiyyətinin nüfuzlu və müstəqil təsisat kimi təşəkkül
tapması bu hakimiyyəti realizə edən hakimlərin
peşəkarlığı, onların mənəvi keyfiyyətləri
ilə bilavasitə bağlıdır. Bu məsələlər
Azərbaycan Respublikası Məhkəmə-Hüquq
Şurasının 2007-ci il 22 iyun tarixli qərarı ilə təsdiq
edilmiş Hakimlərin Etik Davranış Kodeksində əks
olunmuşdur. Hakimlik fəaliyyətinin etik prinsiplərinin və
standartlarının toplusu olan bu sənəd hakimlər
üçün spesifik əxlaq və ədəb tələblərini,
onların peşə etikası məsələlərini,
iş fəaliyyətindən kənar
davranışını nizamlayır, peşə fəaliyyətinə
münasibətini müəyyən edir. Mühüm məqam
ondan ibarətdir ki, Kodeksin müvafiq maddələrinin tələblərinin
pozulması hakimin fəaliyyətinin qiymətləndirilməsi
zamanı nəzərə alına bilər.
Yerlərdə
məhkəmələrin fəaliyyəti, ədalət
mühakiməsinin yüksək səviyyədə təmin
olunması vətəndaşın dövlətə inam və
etibarının daha da artması deməkdir. Təsadüfi
deyil ki, son dövrlər bu sahədə atılan effektiv
addımlar məhkəmələrə müraciətlərin
sayının xeyli artmasında da özünü göstərir.
Görülmüş tədbirlər vətəndaşların
məhkəmələrə olan inam və etibarını
xeyli artırır, nəticədə insanlar pozulmuş
hüquqlarının müdafiəsi üçün digər
orqanlara deyil, məhz məhkəmələrə daha çox
müraciət etməyə başlamışdır. Bu
tendensiya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə
müraciətlərdə də özünü göstərir.
Onu da qeyd etmək lazımdır ki, məhkəmədə
baxılan inzibati mübahisələr üzrə qərarların
təxminən 80 faizi vətəndaşların xeyrinə
çıxarılmışdır.
Ölkəmizin
davamlı iqtisadi inkişafı, dövlət tərəfindən
sahibkarlığın təşviq edilməsi iqtisadi
münasibətlərin də genişlənməsinə meydan
açmışdır. Mövcud vəziyyət təbii
olaraq iqtisadi mübahisələrin, bu zəmində məhkəmələrə
müraciətlərin də artması ilə müşayiət
olunur. Bu xüsusda iqtisadi mübahisələrə baxan məhkəmələrin
üzərinə mühüm məsuliyyət
düşür. Qeyd edək ki, ümummilli lider Heydər Əliyev
sahibkarlığın ölkəmizin inkişafı və gələcəyi
üçün önəmini nəzərə alaraq bu sahədə
haqq-ədalətin qorunmasına xüsusi diqqət
ayırırdı. Ulu öndərin
"Sahibkarlığın inkişafına mane olan müdaxilələrin
qarşısının alınması haqqında" 2002-ci
il 28 sentyabr tarixli fərmanında bu sahədə məhkəmələrin
mühüm rolu vurğulanmış, məhkəmələrə
iqtisadi və sahibkarlıq fəaliyyətinə dair mübahisələrlə
bağlı qərarların qəbulunda qanunun aliliyini təmin
etmək, mübahisələrin baxılmasında
süründürməçilik hallarına yol verməmək
tövsiyə olunmuşdur. Bu gün də ölkə
Prezidenti sahibkarlığın təşviq olunmasını,
sahibkarların hüquqlarının müdafiəsi və
qorunmasında dövlət instansiyalarının yüksək
məsuliyyət daşıdığını daim diqqətə
çatdırır.
Yerlərdəki
məhkəmə instansiyaları da bu sahədə məsuliyyətlərini
dərindən dərk edir və baxılan hər iqtisadi
mübahisədə qanunun, haqq-ədalətin aliliyi əsas
götürülür. Çünki sahibkarın pozulmuş
haqqının, mülkiyyət və əmlak hüququnun
müdafiəsi məhkəmə instansiyasına etimadı
artırmaqla bərabər, ümumilikdə sahibkarın, vətəndaşın
dövlətə etibarının möhkəmlənməsi
deməkdir. Hakimlərin hər bir işə ədalətlə
baxması, qanuni və əsaslandırılmış qərarlar
qəbul etməsi vətəndaşların məhkəmə
hakimiyyətinə və ən əsası, dövlətə
inamını artırır. Bu isə bizim qarşımızda
duran ən vacib amildir.
Möhtərəm
Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi
ilə məhkəmə-hüquq sistemində aparılan
islahatların müsbət nəticələri ulu öndər
Heydər Əliyev tərəfindən əsası qoyulan,
qanunun aliliyinin təmin olunmasına və insan haqlarının
etibarlı müdafiəsinə yönəlmiş hüquqi
islahatlar kursunun əzmlə davam etdirildiyinin bariz göstəricisidir.
Möhtərəm Prezidentin bu sahədə prinsipial siyasəti,
məhkəmə hakimiyyətinin fəaliyyətinə
göstərdiyi müstəsna diqqət əldə edilən
nailiyyətlərin gələcəkdə də
ardıcıl və məqsədyönlü şəkildə
davam edəcəyinə yüksək zəmanətdir.
Rəşid RZAYEV,
2 saylı Bakı
İnzibati-İqtisadi
Məhkəməsinin sədri
Azərbaycan.-2013.- 28 aprel.- S.5.