Üçüncü minilliyin möhtəşəm
qurğusunun - BTC-nin memarı
İndi bu kəmər regionun neft nəqli
sisteminin arteriyasına çevrilib
Ümummilli
lider Heydər Əliyevin Azərbaycan xalqının həyatının
tərəqqisində, iqtisadiyyatın bütün sahələrinin
yüksəlişində olduğu kimi, neft sənayesinin
inkişafında da xidmətləri misilsizdir. Bu gün
dünyaya səs salan qlobal enerji layihələrinin təməl
daşını da məhz ulu öndər Heydər Əliyev
qoymuşdur.
Ötən
əsrin 60-cı illərinin sonunda keçmiş SSRİ-də
və dünyada Azərbaycan neftinin guya qürub
dövrünün başlandığı barədə
söz-söhbət yaranmışdı. 1969-cu ildə
respublikaya rəhbərlik etməyə başlayan Heydər Əliyev
neft sənayesinin dirçəldilməsi, onun əvvəlki
şöhrətinin qaytarılması üçün
ardıcıl tədbirlər gördü. Beləliklə, XX əsrin
70-ci və 80-ci illərində bu sahə özünün
inkişaf dövrünü yaşadı.
Lakin 80-ci
illərin sonu - 90-cı illərin əvvəllərində məlum
səbəblərdən iqtisadiyyatda baş verən tənəzzül
neft sənayesindən də yan keçmədi. Xalqın təkidli
tələbi ilə hakimiyyətə qayıdan ulu öndər
Heydər Əliyev yenə ən vacib məsələlər
sırasında diqqəti bu sahənin də dirçəldilməsinə
yönəltdi.
1990-cı
ilin ortalarında həm neft sənayesində, həm də
ümumiyyətlə, bütün iqtisadi sahələrdə
köklü islahatlar aparılmağa başladı. O vaxt həm
geosiyasi, həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycan
indiki kimi güclü dövlət deyildi. Azərbaycana təzyiqlər,
təhdidlər çox idi.
Məhz
ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti,
cəsarəti sayəsində "Əsrin müqaviləsi"
imzalandı. Bu möhtəşəm kontrakt imzalanarkən
ümummilli lider demişdir: "Biz belə bir addım atmaqla
Azərbaycanın dünya üçün, dünya
iqtisadiyyatı üçün açıq ölkə
olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni
imzalamaqla Azərbaycan Respublikasının suveren
hüquqlarının bərqərar olduğunu, Azərbaycanın
tam müstəqil dövlət olduğunu,
xalqımızın öz sərvətlərinə
özünün sahib olduğunu dünyaya bir daha
nümayiş etdiririk".
Azərbaycana
gələn müxtəlif irimiqyaslı, böyük şirkətlər
qısa müddət ərzində öz sərmayələrini
yönəltməyə başladılar. Beləliklə,
ölkənin uğurlu inkişafı başlandı.
1997-ci
ilin noyabrında "Əsrin müqaviləsi" çərçivəsində
"Çıraq"dan ilk neft alındı. Qarşıda
"Azəri", "Dərinsulu Günəşli"
yataqlarının işlənməsi dururdu və hasilatın
ildən-ilə artacağı yəqin idi. Odur ki, fəaliyyətdə
olan Bakı-Supsa və Bakı-Novorossiysk ixrac sistemlərinin
gücü getdikcə artan neftin nəqli üçün
kifayət deyildi. Daha qlobal bir boru xəttinin tikilməsi zərurəti
ortaya çıxırdı.
Başqa
sözlə, Heydər Əliyevin neft strategiyasının əsas
istiqamətlərindən biri Azərbaycanın böyük
neftinin dünya bazarlarına nəqli idi. Bunun
üçün nəhəng işlərin görülməsi,
irimiqyaslı layihələrin həyata keçirilməsi
lazım idi. Bu məqsədin reallaşması
üçün ulu öndər Heydər Əliyev ötən
əsrin 90-cı illərinin ortalarında özünün
düzgün və uzaqgörən qərarını verdi. Bu,
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikilməsi
ideyası idi.
Lakin bu
ideya yaranan gündən istər Azərbaycanın daxilində,
istərsə də xaricində kəmərin tikintisi əleyhinə
çıxış edən qüvvələr baş
qaldırdılar. Onlar müxtəlif bəhanələr gətirirdilər.
Məsələn, deyirdilər ki, Azərbaycanın bu boru xəttini
doldurmaq üçün yetərincə nefti yoxdur. Yaxud
söyləyirdilər ki, kəmər heç vaxt gəlirlə
işləyə bilməyəcək. Bəziləri isə kəmərin
seysmik cəhətdən riskli zonalardan keçəcəyini bəhanə
edirdilər. Boru xəttinin ekologiyaya ziyan vuracağını
söyləyənlər də tapılmışdı. Halbuki
onların heç birinin bu sahələr barədə
anlayışı yox idi.
Ümummilli
lider isə BTC-yə Azərbaycanın gələcəyini
çox böyük dərəcədə müəyyən
edəcək bir layihə kimi ümid bəsləyirdi:
"Bizim nəzərdə tutduğumuz böyük neft
üçün Bakı-Tbilisi-Ceyhan lazım idi. Biz
ardıcıl surətdə bu layihənin üzərində
işləyirdik, çalışırdıq, bütün
imkanlarımızdan istifadə edirdik".
Kəmərin
marşrutunun müəyyənləşdirilməsi, onun
çəkilməsinə razılığın əldə
olunması üçün bir neçə il iş getdi.
1998-ci il oktyabrın 19-da BTC-nin tikintisi ilə bağlı
"Ankara bəyannaməsi" imzalandı. 1999-cu il
noyabrın 18-də isə ATƏT-in İstanbul zirvə
toplantısında "Xam neftin Azərbaycan Respublikası,
Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti
əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri
vasitəsilə nəql edilməsinə dair" Sazişə
imza atıldı. Bu mühüm sənədi beş ölkənin
- Azərbaycanın, Gürcüstanın, Türkiyənin,
Qazaxıstanın və ABŞ-ın prezidentləri öz
imzaları ilə təsdiqlədilər.
Sonralar
ulu öndər həmin dövrü xarakterizə edərək
demişdir: "Bakı-Tbilisi-Ceyhan kəmərinin
marşrutunun seçilməsində müxtəlif maneəçiliklər
törədilirdi. Biz şübhə etmirdik ki, bu kəmər
Gürcüstandan keçməlidir. Şübhə etmirdik
ki, bu böyük neft kəməri məhz Türkiyəyə
getməlidir. Xəzərin nefti Türkiyənin Ceyhan
limanı vasitəsilə dünya bazarına
çıxmalıdır. Amma bəziləri hesab edirdilər
ki, kəmər başqa ölkələrdən keçə
bilər. Yəni, artıq Azərbaycanda, Xəzərin Azərbaycan
sektorunda neftin hasil olunmasının reallığını
görəndə bəziləri hesab edirdilər ki, bu neft
borusu Cənuba gedə bilər, yaxud Şimala gedə bilər,
Şərqə gedə bilər. Müxtəlif belə fikirlər,
müxtəlif iddialar var idi və getdikcə bunlar güclənirdi.
Ancaq biz öz qərarımızda qəti idik. Əvvəldən
də biz bunu elan etmişdik ki, kəmər yalnız bu
marşrut ilə keçəcəkdir. Bu barədə Azərbaycan,
Gürcüstan, Türkiyə arasında qəti
razılıq əldə edilmişdi. Demək istəyirəm
ki, biz bu layihəni başlayandan indiyə qədər Amerika
Birləşmiş Ştatları onun həyata keçirilməsinə
çox böyük diqqət, qayğı göstərmişdir,
bu işi himayə etmişdir".
2002-ci il
sentyabrın 18-də Bakıdan 55 kilometr cənubda yerləşən
Səngəçal terminalında kəmərin təməlqoyma
mərasimi keçirildi. Ümummilli lider Heydər Əliyev,
Gürcüstanın və Türkiyənin dövlət
başçıları, ABŞ-ın energetika naziri, layihənin
tərəfdaşları olan tanınmış xarici şirkətlərin
səlahiyyətli nümayəndələri, neçə-neçə
ölkənin jurnalistləri burada idilər. Mənə də
həmin tarixi hadisəni görmək, ümummilli liderin tədbirdəki
olduqca parlaq nitqini dinləmək xoşbəxtliyi nəsib
oldu. Ulu öndərin hər fikri, hər müddəası,
BTC, neft-qaz layihələri, tərəfdaşlarımız
haqqında dedikləri həmişəlik
yaddaşımızda qalıb.
BTC
artıq gerçəkləşməkdə, reallaşmaqda
idi. Ulu öndər bunu öz çıxışında da
qeyd etdi: "İndi xəyaldan gerçəkliyə gəlib
çatmışıq".
Lakin Azərbaycanın
xaricində və daxilində BTC-nin bədxahları kəmərin
təməli qoyulandan sonra da rahatlıq tapa bilmir, hər vasitə
ilə layihəyə əngəl törətmək istəyirdilər.
Ümummilli lider Heydər Əliyev isə ən çətin
anlarda da inam və qətiyyətlə deyirdi: "BTC tikiləcək!
BTC reallaşacaq! BTC olacaq!"
Bir
sıra qeyri-hökumət təşkilatları BTC-yə mane
olmaq üçün növbəti bəhanə uydurdular. Kəmərin
Gürcüstanın "Borjomi" mineral su mənbəyinə
guya ekoloji zərbə vuracağı fikrini ortaya atdılar. Layihənin
ƏMSSTQ (Ətraf Mühitə və Sosial Sahəyə Təsirin
Qiymətləndirilməsi) sənədlərinin
imzalanmasının gecikdirilməsinə cəhd göstərdilər.
Hətta müxtəlif qruplar layihəni maliyyələşdirəcək
beynəlxalq qurumların ofisləri qarşısına
toplaşaraq kəmərin çəkilişinin irəliləməsinə
əngəllər törətməyə can atdılar.
Bir
sözlə, maneələr çox idi. Təsadüfi deyil
ki, 2003-cü ilin fevral ayında Vaşinqtonda keçirilən
"Şərq-Qərb enerji dəhlizi
reallıqdır" beynəlxalq
konfransında iştirak edən ümummilli lider bu məsələni
gündəmə gətirdi.
Bu zaman
BTC öz tarixinin çətin mərhələlərindən
birini yaşayırdı. Layihənin maliyyələşməsində
ciddi problemlər yaranmışdı. Konfransın
keçirildiyi günlərdə ümummilli lider Heydər Əliyev
Beynəlxalq Maliyyə Korporasiyasının, BTC-yə kredit verəcək
digər qurumların rəhbərləri ilə
görüşdü, söhbətlər apardı.
Bütün bunlar BTC-nin irəliləməsinə təkan
verdi. Beləliklə, ulu öndərin dünyadakı hörmət
və nüfuzu BTC-ni bu çətinlikdən də
çıxardı.
2004-cü
ilin fevral ayında Bakıda, "Gülüstan"
sarayında Prezident İlham Əliyevin iştirakı ilə
BTC-nin maliyyələşməsinə aid son sənədlər
imzalandı və bu problem tamamilə həll olundu.
BTC
düzgün düşünülmüş, real bir layihə
idi. Ona görə də üçüncü minilliyin bu
möhtəşəm qurğusunun müəllifi - ulu öndər
Heydər Əliyev tikilən kəmərin gələcəyi,
hətta onun istifadəyə veriləcəyi tarix barədə
əvvəlcədən qəti fikir söyləmişdir:
"2005-ci ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri
tamamilə hazır olacaq və biz hamımız birlikdə
buradan Türkiyənin Ceyhan limanına gedəcək və orada
Azərbaycan neftinin, Xəzər neftinin Ceyhan limanından yola
salınmasının şahidi olacağıq".
Kəmərin
tikintisi nəzərdə tutulan vaxtda başa çatdı.
2005-ci il mayın 25-də Səngəçal terminalında kəmərə
ilk neftin vurulması təntənəli surətdə qeyd
olundu.
Bir il
sonra - 2006-cı il mayın 28-də isə Azərbaycan nefti
Ceyhana çatdı. Həmin il iyulun 13-də Ceyhan şəhərində
BTC-nin tam bir sistem kimi istifadəyə verilməsi münasibətilə
təntənələr keçirildi.
"Əgər
Heydər Əliyev olmasaydı, BTC də olmazdı". Bu
fikri dünyanın bir çox görkəmli siyasi xadimləri
ayrı-ayrılıqda, bir-birindən xəbərsiz söyləmişlər.
Məsələn, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev BTC-nin
ulu öndər Heydər Əliyevin zəhməti ilə ərsəyə
gəldiyini vurğulayaraq demişdir: "Xatırlatmaq istəyirəm
ki, bu layihənin müvəffəqiyyəti çox
böyük, dahi bir şəxsiyyətin nailiyyətidir və
o, bizim qəlbimizdə həmişə yaşayacaqdır.
Onun haqqında bizim xatirələrimiz zəngindir və həmişə
onu yada salacağıq. Bu dahi şəxsiyyət unudulmaz Heydər
Əliyevdir. Mən onun işini bütün bu illər ərzində
müşahidə etmişəm. Biz çox yaxşı
bilirik ki, o, nə kimi səylər, cəhdlər göstərmişdir
ki, bu boru kəməri layihəsi həyata keçirilsin".
BTC Heydər
Əliyevin əsəridir. Təsadüfi deyil ki, BTC şirkətinin
üzvləri, yəni səhmdarlar kəmərə Heydər Əliyevin
adını vermişlər. Türkiyə hökumətinin və
xalqının istəyi ilə Ceyhan terminalı da Heydər Əliyevin
adını daşıyır.
Hazırda
BTC Səngəçaldan Ceyhanadək 1768 kilometr məsafə
qət edir, yəni üç ölkənin - Azərbaycanın,
Gürcüstanın və Türkiyənin ərazisindən keçərək
"Azəri-Çıraq-Günəşli" neftini
dünya bazarlarına çatdırır. Bundan əlavə,
kəmərə Xəzərin Azərbaycan sektorundakı
"Şahdəniz" yatağından çıxarılan
kondensat və müəyyən miqdarda Türkmənistan nefti
də vurulur. Boru xəttinin gündəlik
ötürücülük gücü 1,2 milyon barelə
çatdırılıb.
BTC-nin Azərbaycana
gətirdiyi gəlirlər ildən-ilə artır. Həmin vəsait
Dövlət Neft Fonduna daxil olur, eləcə də ölkənin
ən zəruri sosial-iqtisadi problemlərinin həllinə
yönəldilir. BTC ərazisindən keçdiyi digər
ölkələrin sakinlərinin də güzəranını
xeyli yaxşılaşdırıb.
Vaxtilə ulu öndər Heydər Əliyev BTC-nin iqtisadi gücünü qeyd etməklə yanaşı, onu həm də Azərbaycanı Avropa ilə daha sıx bağlayacaq polad kəmərə bənzətmişdi: "Təbiidir ki, bunlar çox böyük iqtisadi xarakter daşıyır. Ancaq təkcə iqtisadi deyil, hesab edirik ki, bizim gördüyümüz işlər, Bakı-Tbilisi-Ceyhan siyasi xarakter daşıyır. Bu layihə və onun həyata keçirilməsi Qafqaz bölgəsində sülhün, əmin-amanlığın, təhlükəsizliyin təminatçısı ola bilər. Bu boru xətti, bu polad boru Azərbaycanı, Gürcüstanı, Türkiyəni bir-biri ilə daha sıx birləşdirəcəkdir".
BTC Azərbaycanı beynəlxalq enerji ailəsinə qovuşdurub. Təkcə Azərbaycanın və regionun deyil, dünyanın enerji təhlükəsizliyində belə misilsiz bir missiyanı yalnız müəllifi böyük siyasətçi, müdrik və uzaqgörən ümummilli lider Heydər Əliyev olan bir layihə yerinə yetirə bilərdi. Və bu, belə də oldu!
Dövlət başçısı İlham Əliyevin dediyi kimi, "Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi nəticəsində biz artıq pəncərədən başlayaraq böyük qapı açdıq. Azərbaycanı beynəlxalq enerji ailəsinə daxil etdirə bildik. Həm siyasi, həm iqtisadi baxımdan böyük uğurlar əldə edə bilmişik".
Flora SADIQLI
Azərbaycan.-2013.- 28 aprel.- S.5.