ELMİN İŞIĞI
Zərifə
xanım mənə xoşbəxtlik bəxş etmişdi
...Gənc
yaşlarımdan mənim həyatım dövlət işi ilə
bağlı olubdur. Mən bütün həyatımı buna
sərf etmişəm və bu gün də bu yolda
çalışıram. Bu yolda mənim həmişə səmərəli,
müvəffəqiyyətlə
çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin
çox böyük rolu olub. Zərifə xanım kimi həyat
yoldaşım olduğuna və o, ailəmdə çox
yüksək mənəvi mühit yaratdığına
görə mən xoşbəxt olmuşam. Həyatımın
bütün dövrlərində işlə məşğul
olduğuma görə ailə məsələlərinə
fikir verməyə vaxtım olmayıb. Bunların
hamısı Zərifə xanımın üzərinə
düşüb və o da bu vəzifəni şərəflə,
sədaqətlə, çox böyük məharətlə
yerinə yetirib.
Zərifə
xanım çox böyük alim olub. Mən hələ onunla
həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul
idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox
istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən
bu barədə çox danışa bilərəm, ailəmin
yaşaması, bu günlərə çatması,
övladlarımın tərbiyəsi üçün və həyatımda
onun əvəzsiz rolu üçün mən bu gün Zərifə
xanımın məzarı qarşısında baş əyirəm.
On il keçsə də, onu bir dəqiqə belə unutmuram və
unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər.
Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər,
formalaşıblar. Ona görə də bu gün bizim
üçün müqəddəs gündür...
...Bu
gün xoşbəxt gündür. Çünki bu gün Zərifə
xanım kimi böyük bir insan Yer üzünə gəlib,
mənim həyatımı xoşbəxt edib, mənə
gözəl övladlar bəxş edib. Eyni zamanda qəmli
gündür. On il keçsə də, mən bu qəmdən
ayrıla bilmirəm.
Heydər
Əliyev
28.IV.1995
Görkəmli
oftalmoloq alim, akademik Zərifə Əziz qızı Əliyeva
qədim Naxçıvan diyarında, adlı-sanlı
ziyalıların vətəni olan məşhur Şahtaxtı
kəndində anadan olmuşdur. Şərur mahalında Araz
çayının sahilində yerləşən, kənarından
Bakı-İrəvan dəmir yolu keçən Şahtaxtı
kəndi qədim karvan yolu vasitəsilə
Naxçıvanı qərbdən Türkiyə,
şimaldan Gürcüstan və
Rusiya ilə, cənubdan isə İranla əlaqələndirən
əsas yaşayış məntəqələrindən biri
olduğu üçün "dünyaya açılan
qapı" kimi tarixən maarifçi ənənələrlə
zəngin olmuş, elm və mədəniyyət sahəsində
Azərbaycana bir çox
görkəmli ziyalılar bəxş etmişdir. Buna görədir ki, böyük Azərbaycan
yazıçısı Cəlil Məmmədquluzadə
Şahtaxtı kəndini "sahib-mənsəb
ziyalıların məskəni", xalq
yazıçısı Hüseyn İbrahimov isə Araz
çayının
yaxınlığında yerləşən bu kəndi "Günəş
doğan yer" adlandırmışdır. Taleyin
hökmü ilə uşaqlıq və ilk gənclik illəri
Şahtaxtıda keçən Zərifə Əliyeva da bu kəndin
maarifçi mühitinin işıqlı ənənələri
zəminində formalaşmışdır.
Akademik
Zərifə xanım Əliyeva (1923-1985) üçün əsas işıq mənbələrindən biri də onun görkəmli alim və
tanınmış dövlət xadimi Əziz Əliyevin (1897-1962) ailəsində yetişib
formalaşmasıdır. Məlum olduğu kimi, zəngin və
davamlı maarifçilik ənənələri olan bu
ziyalı ailəsinin özünəməxsus tərbiyə
üsulları Zərifə Əliyevanı hələ uşaqlıq
yaşlarından, məktəb illərindən etibarən elmə,
işıqlı ideallara doğru istiqamətləndirmişdir.
Ali təhsil almaq məqamında Zərifə Əliyevanın
həkimlik sənətini seçməsi Azərbaycan Tibb
İnstitutunun rektoru, səhiyyə naziri olmuş atası, tibb
elmləri doktoru, professor Əziz Əliyevin yolunu davam etdirmək
arzusundan doğmuşdursa, göz həkimliyinin ixtisas kimi qəbul
olunmasında bəlkə də "Günəş doğan
yer"in - Şahtaxtı kəndinin işıqla, günəşlə
bağlı oyatdığı düşüncələr əsas
amillərdən birinə çevrilmişdir. Rəhbər vəzifələrdə çalışdığı illərdə
sərt sovet rejimi çərçivəsində həm də
işıqlı ideallara sadiq qalan, imkan daxilində Azərbaycan
elmi və ictimai mühitinə həmişə işıq gətirməyə
çalışan Əziz Əliyevin övladının
işıqlı ziyalı olmaqdan başqa digər seçimi
ola bilməzdi. Azərbaycan Tibb
Universitetinin işıqlı ideallara malik klassik müəllimlərindən
ümumiyyətlə təbabətin və xüsusən də
göz xəstəliklərinin müalicə
üsullarını böyük səylə və xüsusi həvəslə
öyrənən Zərifə Əliyevanın
özünün də geniş mənada "gözü
açılmış", ona təkcə tibb elminin incəliklərini
deyil, müxtəlif vaxtlarda atasının ətrafında cərəyan
edən mürəkkəb cəmiyyət hadisələrinin də
mahiyyətini dəyərləndirmək imkanı
qazandırmışdır. Beləliklə, Zərifə
xanım üçün göz xəstəlikləri və
onların müalicəsi təbabətlə cəmiyyət
arasında əlaqə yaradan əsas vasitəyə
çevrilmişdir.
Elmi-tədqiqat
mövzusu kimi də Zərifə xanım Əliyevanın
göz xəstəliklərinin müasir müalicə
üsullarına müraciət etməsi insanlara və
onları əhatə edən mühitə daha çox
işıq gətirmək qayəsinin ifadəsidir. Namizədlik
dissertasiyası kimi "Traxomaların digər terapiya
üsulları ilə birlikdə sintomitsinlə müalicəsi"
mövzusunun seçilməsi
yayılmış traxoma xəstəliyinin ən intensiv müalicə üsullarının
müəyyən olunmasına və tətbiq edilib müsbət nəticələr
alınmasına şərait
yaratmışdır. Əslində bu, Azərbaycanda traxoma xəstəliyinə
həsr olunmuş birinci sanballı elmi-tədqiqat işi kimi
mühüm əhəmiyyət kəsb edir. Nəticədə
Zərifə xanım Əliyevanın metodu ilə müalicə
olunan insanların kəmiyyət
göstəricisi çoxalmış, görmə qabiliyyəti
və imkanları daha da artmışdır. Elmi fəaliyyətini
real həyatla üzvi surətdə əlaqələndirən
Zərifə həkim özünün namizədlik
dissertasiyası ilə həm göz, görmək, müalicə,
işıq haqqındakı elmi yeni ideyalar və fərqli
metodlarla zənginləşdirmiş, həm də yüzlərlə
insana dünyada cansağlığı qədər əziz
olan işıq bəxş
etmişdir. Keçən əsrin altmışıncı illərində Zərifə xanım Əliyeva tərəfindən
tibb elmi üçün kəşf
edilmiş, elmi cəhətdən əsaslandırılmış
müalicə üsulları aradan illər keçməsinə
baxmayaraq, bizim günlərdə də yaşayır və gözlərin
qaranlığa düçar olmuş qatlarına işıq
seli gətirməyə
uğurla xidmət edir.
Təcrübəli
alim-həkim Zərifə xanım Əliyevanın köməyi
ilə traxoma xəstəliyindən müalicə olunaraq aktiv
həyata qayıdanların şəxsi həyatları ilə
yanaşı, onların sosial və ictimai fəaliyyətlərində
də müalicə dövründəki müşahidələri
və informasiyaları əsasında fəallaşma
üçün münasib şərait yaranmışdır.
Deməli, həm də böyük
dünyagörüşünə malik Zərifə həkim Əliyeva
şəxsi nümunəsi ilə
insanlara təkcə işıq yox, həm də "həyat
eşqi", yaşayıb-yaratmaq həvəsi ərməğan
etmişdir. O, Azərbaycanın cəmiyyətşünaslıq
ağırlıqlı görkəmli göz həkimi və
tanınmış alimi idi.
Zərifə
xanım Əliyevanın "Azərbaycanın kimya sənayesi
müəssisələrində işçilərdə
görmə orqanının vəziyyəti"
mövzusundakı doktorluq dissertasiyası tibb elminin cəmiyyətlə
əlaqəsi baxımından daha böyük və qətiyyətli
addım idi. Bu mövzu tibb elmi
ilə, oftalmologiya istiqaməti ilə cəmiyyətdə
istehsalatda gedən proseslərin ortaq nöqtəsini təşkil
edir. Artıq Zərifə xanım Əliyeva sadəcə
görmə orqanlarındakı xəstəlikləri deyil,
istehsalatda, insan cəmiyyətində baş verən ictimai və tibbi prosesləri vəhdətdə
öyrənməli olmuş, Azərbaycanda ilk dəfə olaraq kimya sənayesi
müəssisələrində yeni tipli tibbi laboratoriyalar
yaratmışdır. Bu "göz
işığı" laboratoriyaları mövcud kimya
laboratoriyaları ilə birlikdə ilk növbədə sənaye
sahəsində çalışan insanların iş sahəsinin
mühitinə işıqlı baxışlarla yanaşmalarını sürətləndirmişdir.
Aparılan səmərəli elmi-tədqiqat işləri, tətbiq
edilən düşünülmüş üsullar həm kimya
texnologiyası işçilərinin göz xəstəliklərinin
qarşısını almış, təkcə göz xəstəliklərinin
deyil, həm də istehsalat
mühitinin zəhərli maddələrdən təmizlənməsinə
münbit şərait yaratmışdır. Beləliklə, Zərifə
xanım Əliyevanın
çoxillik və səmərəli elmi tədqiqatları
sayəsində işıq haqqında elm, həm də cəmiyyətdə
işığa dair elmi düşüncə mükəmməl
elm səviyyəsinə çatdırılmışdır.
Akademik Zərifə xanım Əliyevanın
"Şin istehsalında gözün peşə
patologiyası", "Yod sənayesində gözün
peşə xəstəliyinin
profilaktikası", "Gözlə bağlı
gözün əsəb yollarının dəyişməsi",
"Gözün sulanmasının fiziologiyası",
"Şəkərli diabetdə göz xəstəlikləri"
kimi qiymətli əsərləri insanın fizioloji
sağlamlığı qədər də ictimai və mənəvi
mühitin saflığına, sağlamlığına,
işıqlanmasına uğurla xidmət edir. Zərifə
xanımın yazıb nəşr etdirdiyi "Terapevtik
oftalmologiya" dərsliyi Azərbaycan oftalmologiya elminin
şah əsərlərindən biridir. Görkəmli
oftalmoloq alimin "İridodiaqnostikanın əsasları"
monoqrafiyası ümumiyyətlə tibb sahəsində qiymətli
elmi hadisə kimi qəbul olunur. Böyük alimin
"Oftalmologiyanın elmi əsasları" monoqrafiyası Azərbaycanda
göz işığı haqqında elmin proqram xarakterli
ümumiləşmiş əsərdir. Bütün bunlar isə
Zərifə xanım Əliyevanı ölkəmizdə və
dünyada cəmiyyətşünaslıq yönlü
görkəmli təbabət alimi səviyyəsinə
çatdırmışdır. Böyük alimin təbabət
elminə dair dəyərli elmi əsərlərində həm
də cəmiyyətdə gedən ictimai-iqtisadi proseslərin
nəbzi döyünür. Azərbaycanda oftalmologiyanın
mükəmməl elm səviyyəsinə
qaldırılması akademik Zərifə xanım Əliyevanın
böyük xidmətidir. Postsovet məkanında dünya
şöhrətli alim kimi tanınmış, məşhur
göz xəstəlikləri professoru, Sankt-Peterburq Gigiyena
İnstitutu Göz xəstəlikləri kafedrasının
müdiri A.N.Dobromıslovun aşağıdakı fikirləri
görkəmli Azərbaycan aliminin xidmətlərinə
verilmiş yüksək qiymətin ifadəsidir: "Peşə
patologiyası sahəsində Zərifə Əziz qızı
təkcə xəstəliyin ilkin əlamətlərini, klinik
vəziyyətini müəyyənləşdirməklə
kifayətlənməmiş, eyni zamanda mümkün olan intoksiyanın
profilaktikasını əsaslandırmış və həyata
keçirmişdir. Görmə orqanının peşə xəstəliyi
sahəsində onun elmi tədqiqatlarının teoretik və təcrübi
baxımdan nə qədər qiymətli olduğunu alimlərin
çoxsaylı rəsmi rəyləri, habelə
oftalmologiyanın bu sahəsində çalışan digər
müəlliflərin Zərifə xanımın tədqiqatlarına
istinad etməsi bir daha sübut edir. Onun araşdırmaları
həmişə özünəməxsusluğu və yeniliyi
ilə seçilirdi".
Azərbaycanda
ən müasir Oftalmologiya Mərkəzinin yaradılması da
akademik Zərifə xanım Əliyevanın böyük xidmətlərindən
biridir. Bura ölkəmizdə göz işığı
haqqında elmin əsas mərkəzi kimi tanınır.
Azərbaycan
alimləri də akademik Zərifə xanım Əliyevanın
elmi xidmətlərini yüksək qiymətləndirmişlər.
AMEA-nın müxbir üzvü Telman Ağayevin fikrincə,
"hər şeydən öncə Zərifə xanım
böyük alim - oftalmoloq, filosof və gözəl pedaqoq
idi". Akademik Zərifə Əliyeva adına Milli
Oftalmologiya Mərkəzinin şöbə müdiri, tibb elmləri
doktoru, professor Rasim Hacıyev yazmışdır: "Yeni elmi
istiqamətlər axtarışında olan Zərifə
xanım gözün professional patologiyası üzərində
seçim edir. Bununla yanaşı, o, gözün hidrodinamik
sisteminin fizioloji əsaslarını da mükəmməl surətdə
öyrənmişdir".
Azərbaycan
Tibb Universitetinin rektoru, akademik, Milli Məclisin deputatı Əhliman Əmiraslanovun
aşağıdakı fikirləri görkəmli Azərbaycan
oftalmoloqu haqqındakı qənaətləri ümumiləşdirir:
"Təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda
da Zərifə Əziz qızı Əliyeva oftalmologiya elmində
etdiyi nailiyyətlərə, xalqımızın
sağlamlığı keşiyində dayanan çoxsaylı
həkim oftalmoloqların yetişdirilməsində göstərdiyi
əvəzsiz xidmətlərinə görə sözün əsl
mənasında əməkdar elm xadimi adına layiqdir".
Görkəmli
dövlət xadimi, böyük siyasətçi, ümummilli
lider Heydər Əliyevin sədaqətli ömür-gün
yoldaşı olan Zərifə xanım həm də
bacarıqlı ailə başçısı olan qüdrətli
dövlət başçısının mənsub olduğu
xalqı işıqlı
ideallara qovuşdurmaq yollarındakı qətiyyətli
mübarizəsinə bütün ömrü boyu ən
etibarlı dayaq və dəstək olmuşdur. Azərbaycana bəxş
etdiyi övladları: möhtərəm Prezident İlham Əliyevin
və Sevil Əliyevanın işıqlı vətən
övladları, parlaq ölkə vətəndaşları
kimi formalaşmalarında
dünya miqyaslı dövlət xadimi olan ata ilə bir yerdə
həm də cəmiyyətşünas göz həkiminin,
ziyalı Azərbaycan qadınının əvəzsiz rolu
minnətdarlıqla qeyd olunmalıdır. Xalqımızın
ümummilli lideri Heydər Əliyev böyük oftalmoloq alim Zərifə
xanım Əliyevanın xidmətlərinə yüksək
qiymət verərək demişdir: "Mənim
ömür-gün yoldaşım Zərifə xanım göz
həkimi idi və öz peşəsini çox yaxşı
bilirdi. Çoxlarının gözünü müalicə
etmişdi, gözlərinə işıq vermişdi. Eyni
zamanda, böyük elmi fəaliyyətlə məşğul
idi. ...Mən 1969-cu ildə Azərbaycanda mübarizəyə
başlayanda mənfi hallarla mübarizə aparırdım.
...Zərifə xanım da mənim bu mübarizəmi görərək
...deontologiya haqqında kitab yazdı. ...Zərifə
xanımın tibb elmi sahəsindəki xidmətlərindən
biri də göz müalicəsi idi. Mənə elə gəlir
ki, onun iki dəyərli əsəri vardır. Birincisi Azərbaycanda
oftalmologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə
xanım çalışıb ki, bizim gələcək nəsilləri
irsi xəstəlikdən xilas etsin,
sağlamlaşdırsın".
Fikrimizcə,
görkəmli dövlət xadimi Heydər Əliyev və
böyük oftalmoloq alim Zərifə xanım Əliyeva ailəsinin
ən mühüm işıqları, övladları - Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və ictimai
xadim Sevil xanım Əliyeva cəmiyyətə, elmi-ictimai
mühitə üşıq seli gətirən şəxsiyyətlərdir.
Göründüyü
kimi, akademik Zərifə xanım Əliyeva
tanınmış, görkəmli göz xəstəlikləri
mütəxəssisi kimi Azərbaycanda göz və
işıq haqqında elmin mükəmməl nəzəri-təcrübi
əsaslarının yaradıcısıdır. O, milli
işıqşünaslıq elmini - göz xəstəliklərinin
müalicəsi problemlərini xüsusi elmi məktəb səviyyəsinə
çatdırmışdır. Dünya oftalmoloqlarının
sıralarında da akademik Zərifə xanım Əliyeva
çoxillik və səmərəli elmi fəaliyyəti və parlaq xidmətləri
ilə elmin işığına çevrilərək
yaşayır.
Bütöv
və hərtərəfli şəxsiyyətində, zəngin
elmi fəaliyyətində işıqlı keyfiyyətləri
yüksək səviyyədə yaşatmış, möhkəmlətmiş
akademik Zərifə xanım Əliyevanın mənalı
ömür yolu qiymətli nümunəyə çevrilərək
həyatında və fəaliyyətində elmin
işığına, işığın elminə sədaqətli
olan yeni-yeni ziyalı nəsilləri
üçün örnəkdir. Azərbaycan təbabət
elmi böyük işıqşünas alimin elmi xidmətlərini
və kəşflərini yüksək səviyyədə qəbul
etmiş, onun göz xəstəliklərinə dair təliminə
yiyələnmiş yeni nəsillər bu alimin
işıqlı elmi ideyalarını ayrı-ayrı ölkələrə
də yaymışlar. Beləliklə, Yer kürəsinin
göz xəstəliklərinin müalicəsi mühitinə akademik Zərifə
xanım Əliyeva işığı
saçmışdır. Akademik Zərifə Əliyeva Azərbaycan
oftalmologiya elmini dünya təbabətində beynəlxalq
oftalmologiya elmi mühiti səviyyəsinə
qaldırmışdır. Dünya oftalmoloqları ən
görkəmli azərbaycanlı alim, akademik Zərifə
xanım Əliyevanı öz sıralarında
görmüş, onu bu elmin ən ön cərgəsində qəbul
etmişlər.
Zərifə
xanım Əliyeva 1949-cu ildə Azərbaycan Səhiyyə
Nazirliyinin həkim briqadasının tərkibində
Naxçıvan Muxtar Respublikasının rayonlarına səfər
etmiş, xəstələrə dəyərli məsləhətlər
vermiş, səhiyyə maarifçiliyi xəttilə
mühazirələr oxumuşdur. Onun ən müxtəlif səviyyələrdə
Naxçıvan Muxtar Respublikasına sonrakı səfərləri
həm təbabət mühitində, həm də ictimai-elmi
mühitdə dərin izlər salmışdır.
Naxçıvan şəhər poliklinikasının,
Şahtaxtı tam orta məktəbinin onun adını
daşıması Zərifə xanım Əliyevaya
böyük ehtiramın ifadəsidir.
Naxçıvan
Muxtar Respublikasında akademik Zərifə xanım Əliyevanın
anadan olmasının 90 illik yubileyi münasibətilə
keçirilmiş möhtəşəm tədbirin davamı
olaraq görkəmli
şair-dramaturq İslam Səfərlinin "Göz həkimi"
dramının Cəlil Məmmədquluzadə adına
Naxçıvan Dövlət Musiqili Dram Teatrında
nümayiş etdirilməsi göz işığı
haqqında elmin yaradıcısının əbədiyyət
qazanması qənaətinin ədəbiyyatın
işığı vasitəsilə təsdiqi və təntənəsidir.
Tanınmış
şairə Kəmalənin "Gözlərə
köçdün" şeiri akademik Zərifə xanım Əliyevanın
bütün taleyini ümumiləşdirir:
İnsana
hədiyyən əvəzsiz idi -
İşıqlı
bir dünya bəxş eləyirdin.
Hər
açılan göz də bir nərgiz idi,
Həyat
bağçasına nəqş eləyirdin.
Elinə,
gününə qənimət idin,
Sevib
əzizlərdi könüllər səni.
Sən
bir gövhər idin, bir nemət idin,
Unutmaz heç
zaman bu ellər səni.
Xalq rəssamı,
məşhur heykəltəraş,
akademik Ömər Eldarovun hazırladığı
Zərifə xanım
Əliyevanın "Elegiya"
adlandırılan abidəsi
Azərbaycan monumental heykəltəraşlıq
sənətinin nadir nümunələrindən
biridir.
Akademik Zərifə xanım Əliyevanın göz işığı elminin
bütöv sistemini əhatə edən böyük elmi məktəbi və parlaq xatirəsi yaşayır...
İsa HƏbibbƏyli,
Azərbaycan Milli Elmlər Akademiyasının
vitse-prezidenti, Milli Məclisin deputatı, akademik
Azərbaycan.-2013.-
28 aprel.- S.6.