Nura can atan böyük qəlb sahibi

 

Zərifə Əliyeva-90

 

"Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam".

 

Heydər ƏLİYEV

 

 

Bütün tarixi mərhələlərdə xalqın döyünən qəlbi, cəmiyyətin düşünən beyni olan ziyalılar həm də milli yaddaşın, milli ruhun daşıyıcısı kimi elm zirvəsinə ucalmışlar. Həyat amalı, nəcib məqsədləri ilə çoxlarından fərqlənən bu şəxsiyyətlərin yaradıcılıq ruhu həm də onların özünütəsdiq əzmindən qaynaqlanmışdır. Tanrının bəxş etdiyi ömür payını ləyaqətlə yaşayan, həyatının mənasını nəcib, xeyirxah əməllərdə taparaq bütövlükdə xalqının tərəqqisinə, maariflənməsinə əvəzsiz töhfələr vermiş zəngin mənəviyyat sahibləri, bu mənada, seçilmiş insanlardır. Bu insanlar gördükləri işlərlə təkcə yaxın çevrəsinin - dostlarının, yaxınlarının deyil, el-obasının sevimlisinə çevrilmiş, bütövlükdə cəmiyyətin tükənməz rəğbətini qazanmışlar. Bununla həm də mənəvi ucalığa qovuşan belə təmənnasız ziyalılar qərinələr boyu xalqımızın özünəməxsus nəcib keyfiyyətlərini, zəngin mənəvi aləmini parlaq şəxsiyyətlərində, savab əməllərində təcəssüm etdirmişlər.

Mənalı ömür yolu, peşə fəaliyyəti və elmi yaradıcılığı insanlıq üçün mənəviyyat, kamillik, müdriklik örnəyi olan Zərifə Əziz qızı Əliyeva da məhz belə nurlu insanlardan biri kimi milyonların qəlbində yaşayır, dərin ehtiramla, rəğbətlə anılır. Tibbin mühüm sahəsi olan oftalmologiya elmi sahəsində uzun illər dəyərli tədqiqatlar aparan, intellektual səviyyəsi, özünəməxsus tədqiqatçılıq məharəti, qələminin qüdrəti ilə elmin ən uca mərtəbələrini fəth edən Zərifə Əliyeva görkəmli alim, müəllim, ictimai proseslərdə fəal Azərbaycan qadını kimi milli elm tarixinə sanballı möhürünü vurmuşdur.

Yüksək yaradıcılıq duyumu ilə fərqlənmək qabiliyyətini, ilk növbədə, insanın kamillik səviyyəsi, şəxsi ləyaqət hissi, sağlam həyat tərzi dünyaya gətirir. Filosoflar əsrlər boyu böyük şəxsiyyətlərin həyat qayəsini açmağa çalışaraq son nəticədə bu qənaətə gəlmişlər ki, başlıca tərbiyəvi faktor bu fenomenal insanların formalaşdığı mühitdir. Görkəmli oftalmoloq Zərifə Əliyeva çox nəcib bir ailədə - ictimai-siyasi və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Yüksək vətəndaşlıq ruhunun daşıyıcısı olmuş Əziz Əliyev ictimai məsuliyyətini dərindən dərk edən ziyalı olaraq daim xalqına, dövlətinə ləyaqətlə xidmət etmiş, övladlarını da bu ruhda böyüdüb ərsəyə çatdırmışdır. Mərhum akademik M.Topçubaşov Əziz Əliyevi təkcə görkəmli tibb xadimi deyil, həm də "cəmiyyəti müalicə edən həkim" hesab edirdi.

Zərifə xanımın anası Leyla xanım da Azərbaycan qadınına xas bütün nəcib keyfiyyətləri xarakterində cəmləşdirmişdi. Həyat tərzinə görə çox sadə davranmağı sevən bu xanım övladlarına da təvazökar olmaq mədəniyyəti aşılamışdı.

Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuş Zərifə Əliyeva orta məktəb illərindən yüksək zəkası, bilik və bacarığı, istedadı ilə fərqlənmiş, gələcək həyat yolunu düzgün müəyyənləşdirmişdir. İnsanlara şəfqət və mərhəmət arzusu ilə həyatını tibb elminə bağlamaq istəyini qətiləşdirərək 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində peşəkar həkim kimi yetişməyi qarşıya məqsəd qoyan Zərifə Əliyeva bu istəyinə doğru əzmlə irəliləmişdir. Onunla bir qrupda, eyni kursda oxuyan məzunların xatirələrində qeyd edildiyi kimi, Zərifə xanım fitri istedada, dərin zəkaya, geniş dünyagörüşə, yüksək mədəni səviyyəyə malik bir tələbə idi. O, tibbi fənlərlə yanaşı, digər fənlərin də tədrisinə eyni dərəcədə maraq göstərir, hərtərəfli biliyə malik həkim kimi formalaşırdı.

Hələ tələbəlik illərindən tibb elminin öyrənilməsinə böyük həvəs göstərən Zərifə Əliyeva təhsil ocağında keçirilən tələbə elmi toplantılarında məruzələrlə çıxışlar edir, sərbəst mülahizələr yürüdür, dəyərli nəticələr çıxararaq tanınmış alimlərlə fikir mübadiləsi aparırdı. Müasirləri, həmyaşıdları onu həm də gözəl musiqi bilicisi kimi tanıyırdılar. Çünki o, hələ orta məktəbdə oxuyarkən paralel olaraq musiqi təhsili də almışdı; fortepianoda ifası qəlbləri riqqətə gətirirdi.

Zərifə Əliyevanın bütün varlığı ilə göz həkimliyinə - oftalmologiya elminə bağlanması, ilk növbədə, dövrün gerçəkliklərindən irəli gələn sosial-mənəvi tələbat idi. Həmin dövrdə Azərbaycanda görmə orqanını zədələyən, ağır fəsadlara, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılsa da, ona qarşı təsirli üsullar, demək olar ki, yox idi. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə məsələsi təkcə oftalmologiya elminin deyil, bütövlükdə respublika səhiyyəsinin qarşısında vacib problem kimi dururdu. Belə bir zamanda Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilinə və həyata keçirilməsinə fəal dəstək verirdi. Konkret müalicə təcrübəsindən əlavə, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında maarifləndirmə tədbirlərində yaxından iştirak edirdi. Həmin dövrdə respublikada regional əhəmiyyət kəsb edən göz xəstəliklərinə, o cümlədən, gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, bu xəstəliklərin effektli müalicə üsullarını, profilaktika tədbirlərini işləyib hazırlamaq da ciddi tələbata çevrilmişdi. Zərifə xanım nursuz gözlərə işıq paylamaq, Günəşin, Ayın hüsnünə, təbiətin çoxçalarlı rənglərinə, füsunkar gözəlliyinə həsrət qalan insanlara həyat eşqini qaytarmaq arzusunda idi.

Məhz bu ülvi arzu onu Moskva şəhərinə aparmış, Zərifə xanım Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına mükəmməl şəkildə  yiyələnmişdir. Kursu müvəffəqiyyətlə başa çatdırdıqdan sonra Vətənə dönərək 1949-cu ildən Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamışdır. 1950-ci ildə isə aspiranturaya daxil olaraq praktik həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını da davam etdirmişdir. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım elmi fəaliyyətinin ilk mərhələsini məhz traxoma xəstəliyinin müalicəsinə həsr etmişdir.

Ümumdünya Səhiyyə Təşkilatının həmin dövr üçün məlumatında dünyada 400 milyona qədər insanın traxoma xəstəliyinə tutulduğu, bunun nəticəsində 80 milyondan çox insanın kor olduğu bildirilirdi. O vaxt traxoma xəstəliyinin müalicəsinə zəmin yarada biləcək güclü təsirə malik dərman preparatları da mövcud deyildi. İkinci Dünya müharibəsindən yenicə çıxmış ölkənin iqtisadi-siyasi durumu qənaətbəxş olmadığından, ümumi vəziyyətin nikbin qiymətləndirilməsinə əsas verən hansısa amil yox idi. Belə bir vəziyyətdə qətiyyən ruhdan düşməyən Zərifə Əliyeva elmi axtarışlarını davam etdirmiş, əsl vətəndaş mövqeyində dayanaraq ölkə daxilində yayılmaqda olan traxoma xəstəliyinin qarşısını almaq üçün diaqnostika, müalicə və profilaktika üsullarının kompleks şəkildə tətbiqi istiqamətində mühüm tədbirlər planı hazırlayaraq həyata keçirməyə başlamışdır. İşin çətinliyinə, məsuliyyətinə baxmayaraq, tezliklə bu sahədə böyük nəticələr əldə etmişdir. İstedadlı tədqiqatçı traxomanın müalicəsində o dövrün güclü antibiotiklərindən hesab edilən "Sintomisin"dən isifadə etməklə, yeni üsul tətbiq etmiş, uğurlu nəticələrə nail olmuşdur.

Zərifə Əliyeva yerinə yetirdiyi elmi istiqamətlərinin nəticələrinə əsasən, 1959-cu ildə "Traxomanın digər terapiya üsulları ilə birlikdə "Sintomisin"lə müalicəsi" mövzusu üzrə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsinə yiyələnmişdir. Onun təklif etdiyi müalicə metodunun tezliklə respublikada tətbiqinə başlanılmış, beləliklə, ciddi bir göz xəstəliyinin həllində əsaslı dönüşə nail olunmuşdur. Bu baxımdan, dünya oftalmoloqları traxomanın sosial xəstəlik kimi ləğvində Zərifə Əliyevanın tarixi xidmətlərini bu gün də böyük ehtiramla qeyd edirlər.

Görkəmli alim oftalmologiya elmi üçün vacib olan digər istiqamətlərdə də sanballı tədqiqatlar aparmış, qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı mühüm nəticələr əldə etmişdir. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin müntəzəm olaraq mətbuatda dərci klinik göz xəstəliyi sahəsində çalışan həkimlər üçün əhəmiyyətli istinad mənbəyi olmuşdur. Böyük alimin tədqiqatlarının mühüm bir istiqamətini də oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının peşə patologiyası təşkil etmişdir. Həmin dövrdə problemin aktuallıgı yalnız kimya və elektronika sənayesinin sürətli inkişafı ilə yox, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin elmi şəkildə tədqiq olunmaması ilə şərtlənirdi. 1968-ci ildən başlayaraq Zərifə Əliyeva məqsədyönlü şəkildə bu problemlə məşğul olmağa başlamış, peşə ilə əlaqədar əmələ gələn göz xəstəliklərinin araşdırılmasına xüsusi maraq göstərmişdir. Eyni zamanda, yod sənayesi, neft-kimya müəssisələrində çalışan şəxslərin görmə orqanlarına təsir edən amilləri geniş tədqiq etmişdir.

Tədqiqatçılıq həvəsi yüksək olan alim problem üzərində işləyərkən çox vaxt bilavasitə sənaye müəssisələrinə gedir, zərərli peşə sahələrində çalışan şəxsləri müayinədən keçirirdi. Bununla yanaşı, Bakı və Sumqayıtın bir sıra sənaye müəssisələrinin, o cümlədən şin zavodunun sexlərində laboratoriya şəraitində elmi təcrübələr aparırdı. Genişmiqyaslı klinik və təcrübi tədqiqatlar nəticəsində alim zəhərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxara bilmişdi.

Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü M.M.Krasnov xatirələrində yazır: "O, tibb elmi sahəsində elə tədqiqatlar aparırdı ki, fikrimcə, burada vəziyyət bir qədər paradoksal şəkil almışdı... Bizim zəmanədə tam dəyərli əmək fəaliyyəti üçün görmə vəziyyətinin yaxşı olması nəinki çox vacibdir, həm də müasir cəmiyyətdə ona tələbat ildən-ilə artır. Bununla yanaşı, indiyə qədər həmin mövzuya həsr olunmuş ümumiləşdirilmiş elmi əsərlər yoxdur, yalnız ayrı-ayrı fraqmentlər mövcuddur ki, bunlar da elmi sistemdən hələ ki çox uzaqdırlar. Zərifə Əziz qızı kimi sosial həssaslığa malik olmaq lazım idi ki, öz istedadını olduqca çətin, mürəkkəb və xeyirxah, eyni zamanda, heç də həmişə layiqincə qiymətləndirilməyən bir məsələnin xidmətinə sərf edəsən".

1960-1967-ci illərdə Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışan Zərifə Əliyeva elmi təşkilatçılıq qabiliyyəti ilə fərqlənmişdir. Tədqiqatçı alim göz xəstəliklərinin diaqnostika, müalicə və profilaktikasının düzgün təşkili ilə yanaşı, yeni laboratoriyalar yaradır, insan sağlamlığı amilini daim ön plana çəkirdi. Respublikanın müxtəlif şəhər və rayonlarında zərərli iş şəraitinin törətdiyi göz xəstəliklərini, eləcə də insan orqanizminin digər xəstəliklərini aşkar edir, həm onların müalicəsinə, mənfi təsirlərdən qorunmalarına, həm də əmək müəssisələrinin ekologiyasına hərtərəfli diqqət yetirirdi. Zərifə xanım peşə amillərinin törətdikləri göz xəstəliklərini və bütövlükdə orqanizmi tam şəkildə müalicə etməklə, təkcə məşhur alim-oftalmoloq kimi deyil, həmçinin təşkilatçı alim-ekoloq kimi də şöhrət qazanmışdır.

Elmi-tədqiqat işləri ilə yanaşı, Zərifə Əliyeva pedaqoji fəaliyyətlə də məşğul olmuş, biliklərini gənc nəsildən əsirgəməmişdir. 1967-ci ildən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasında da pedaqoji fəaliyyətə başlayaraq əvvəlcə kafedranın dosenti, professoru, daha sonra müdiri vəzifəsində çalışmış, həkimlərin diplomdan sonrakı hazırlıqlarının tələblərə uyğun şəkildə aparılmasına əlverişli şərait yaratmışdır. Onun təkmilləşmə kursu keçən həkimlərə oxuduğu mühazirələrin,  apardığı praktik məşğələlərin əsasını tibb elmində əldə edilən yeniliklərin şərhi, praktik vərdişlərə yiyələnmənin istiqamətləri, müasir tibbi cihazların gündəlik təcrübədə tətbiqi üsullarının dərindən mənimsənilməsi kimi mühüm istiqamətlər  təşkil edirdi. Həmin dövrdə Zərifə Əliyeva praktik həkimlik fəaliyyəti ilə də məşğul olmuşdur: bir çox cərrahiyyə əməliyyatları aparmış, xəstələrə məsləhətlər vermiş, üstəlik onun fəaliyyəti yalnız öz klinikasına qapanıb qalmamış, bütün oftalmologiya təşkilatlarını, şöbələrini əhatə etmişdir. Bununla yanaşı, o, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparmışdır.

 Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə Əliyevaya doktorluq dissertasiyası üzərində işləmək imkanı yaratmışdır.  O, 1976-cı ildə H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək əsl elm xadimi olduğunu bir daha təsdiqləmişdir. Dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, bu sahədə ilk fundamental tədqiqatlardan biri kimi dəyərləndirilmişdir. 1977-ci ilin əvvəllərində tibb elmləri doktoru elmi adına layiq görülmüş Zərifə Əliyeva Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda bir sıra səmərəli elmi-tədqiqat işlərinin təşkilatçısı olmuşdur. Görkəmli alim burada ətrafına istedadlı gənc həmkarlarını toplayaraq elmi-tədqiqat işlərini, kadrların və elmi işçilərin hazırlanmasını müvəffəqiyyətlə təşkil edə bilmişdir.

Zərifə xanım oftalmologiya elminin qlobal problemlərinin elmi həlli yolunda bir sıra konkret təşəbbüslərlə çıxış etmiş, 1977-ci ildə onun təklifi ilə Bakıda Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilmişdir. Belə bir möhtəşəm tədbir respublikamızda ilk dəfə keçirildiyindən böyük təşkilatçılıq bacarığı, gərgin zəhmət və təcrübə tələb edirdi. Akademik Zərifə Əliyeva bu işlərin öhdəsindən uğurla gəlmiş, Bakıda yüksək səviyyədə təşkil olunmuş plenum ümumən keçmiş ittifaqda böyük maraqla qarşılanmışdır.

Plenum Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasının yaradılması ilə bağlı professor Zərifə Əliyevanın irəli sürdüyü təşəbbüsü də bəyənmişdir. 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda Zərifə xanımın rəhbərliyi ilə yaradılmış laboratoriyada az intensivli zərərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparılmışdır.

Hər bir alimin əbədiyaşarlığını təmin edən mühüm amillərdən biri də onun özündən sonra qoyub getdiyi mükəmməl elmi məktəbdir. Akademik Zərifə Əliyevanın böyük zəhmət hesabına ərsəyə gətirdiyi dərs vəsaitləri, dərsliklər, elmi monoqrafiyalar bu gün təkcə Azərbaycanın deyil, ümumilikdə dünya oftalmologiyasının sanballı xəzinəsinə çevrilmişdir. Bu əsərlər arasında "Kəskin virus konyunktivitləri", "Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar", "Qlaukoma və gözün hipertenziyası", "Görmə orqanının zədələnməsi", "Göz yaşı axmasının fiziologiya və histologiyası", "Şəkərli diabetdə göz xəstəlikləri", "Gözün mikrocərrahiyyəsi", "Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası" və başqaları elmi ictimaiyyət və praktik həkimlər tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Alim göz yaşı aparatı xəstəliklərinin öyrənilməsinə xüsusi diqqət yetirmiş, bu sahəyə həsr etdiyi

"Yaşaparıcı yolların fiziologiyası", "Yaşaparıcı yolların cərrahi müalicəsi", "Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları" və digər əsərləri ilə Azərbaycan lakrimologiyasının əsasını qoymuşdur.

Bunlarla yanaşı, Zərifə Əliyeva nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi məşğul olmuş, bu sahəyə dair iki monoqrafiya hazırlamışdır. Bu monoqrafiyalardan "İridodiaqnostikanın əsasları" rəngli illüstrasiyalarla "Azərnəşr" tərəfindən, digər monoqrafiya isə "İridodiaqnostika" adı ilə 1988-ci ildə Moskvada nəşr edilmişdir. Xüsusi qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya dair ilk kitabları məhz akademik Zərifə  Əliyeva yazmışdır.

1980-ci ildə Zərifə Əliyevanın "Şin istehsalında gözün peşə patologiyası", "Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası", "Gözün və göz siniri yollarının yaşla əlaqədar dəyişiklikləri" adlı üç monoqrafiyası oftalmologiya elminə sanballı töhfə olmuşdur. Alimin bir sıra elmi işləri görmə orqanında bədxassəli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Onun daktriologiyadan bəhs edən - "Göz sulanmasının fiziologiyası", "Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi" monoqrafiyaları təkcə oftalmoloqların deyil, həm də fizioloqların diqqətini cəlb etmişdir. Alim müasir dövrdə də hər bir oftalmoloqun stolüstü kitabı olan "Terapevtik oftalmologiya" əsərinin müəlliflərindən biridir. Zərifə Əliyevanın zəngin pedaqoji, elmi və əməli təcrübəsi "Oftalmologiyanın aktual məsələləri" monoqrafiyasında (professor N.B.Şulpina və L.F.Moşetova ilə birlikdə) əksini tapmışdır. Bu kitab həm həkim-oftalmoloqlar, həm də həkimləri təkmilləşdirmə fakültələrinin müəllimləri üçün böyük əhəmiyyətə malikdir.

1980-ci ildə professor Zərifə xanım Əliyevaya elmi xidmətlərinə və pedaqoji kadrların hazırlanmasındakı fəaliyyətinə görə Əməkdar elm xadimi fəxri adı verilmişdir. 1981-ci ildə kimya istehsalında göz zədələnmələrinin profilaktikasının öyrənilməsi üzrə işlərinə, o cümlədən "Şin istehsalında gözün peşə patologiyası" monoqrafiyasına görə dünya şöhrətli alim oftalmologiya sahəsində ən yüksək mükafata -  SSRİ Tibb Elmləri Akademiyası tərəfindən akademik M.İ.Averbax adına mükafata layiq görülmüşdür. SSRİ-də belə yüksək mükafata layiq görülən ilk qadın olması onun fitri istedadını və alimlik keyfiyyətlərini bir daha parlaq təcəssüm etdirirdi. 1983-cü ildə görkəmli alim tibb elmindəki böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir. Zərifə Əliyeva heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır. Həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiyyəti və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.

Akademik Zərifə Əliyeva bütün fəaliyyəti boyu həkimlik etikasını uca tutmuş, insan sağlamlığını ictimai sərvət, insanların gözlərinə nur bəxş olunmasını isə bəşəri humanizm kimi dəyərləndirmişdir. O, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, "Yüksək etimad" kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə olmuşdur. Görkəmli alim yazırdı ki, həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin əhəmiyyətini yüksəldir, xəstəyə ümid verir, orqanizmin xəstəliyə qarşı müqavimətini artırır, bəzən dava-dərmandan da güclü təsir göstərir. O, həkim və xəstənin qarşılıqlı münasibətlərinin əsas qaydalarını tərtib etmiş, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərmiş, bütün tibb işçilərinin təkcə təhsilinin yox, həm də tərbiyəsinin vacibliyini ön plana çəkmişdir. Akademik Zərifə Əliyeva həmkarlarına həmişə tövsiyə edirdi ki, insana tibbi yardım göstərmək, sağlamlığı uğrunda mübarizə aparmaq həm də onu özünə qaytaran əsl humanist xidmətdir. Zərifə xanımın təbabət fəlsəfəsinin başlıca qayəsi  insanı sağaltmaqla onu öz məninə qaytarmaq idi. Bu baxımdan, yüksək peşəkarlığı ilə həmkarları arasında seçilən alim hesab edirdi ki, tibb elminin  fəlsəfəsini dərk etmək üçün, ilk növbədə, sağlam mənəvi-intellektual mühit, bütün tibb ictimaiyyətinin mənəvi-əxlaqi meyarlara yiyələnməsi tələb olunur. Həkimin başlıca peşəsi müalicə kursunu müəyyənləşdirməklə yanaşı, xəstəyə insani dəyərlər prizmasından yanaşmaq, onun şəxsiyyətinə dərin ehtiram göstərməkdir.

 Bütün bu etik-fəlsəfi meyarlara hörmətlə yanaşdığı üçün akademik Zərifə Əliyeva yüksək etik-davranış təcəssümü kimi xatırlanır. Tanınmış həkim A.P.Nesterov xatirələrində yazır: "Mən onu öz sahəsinin böyük alimi sayıram: həm oftalmologiya, həm də xüsusilə peşəkar oftalmologiya sahəsində. Oftalmologiya sahəsində o, bir nömrəli alim idi. Peşəkarlıq zirvəsinə Zərifə xanım ona görə yüksələ bilmişdi ki, həkim olmaq, insana tibbi yardım göstərmək məsuliyyətinin əxlaqi-fəlsəfi mahiyyətini bütünlüklə dərk etmiş, bunu tam dünyagörüşü dəyərinə çevirə bilmişdi. Belə bir peşə amalı hər kəsə müyəssər olmur.

Həkimlik sənətini insana sevgi əxlaqından ayırmayan Hippokrat demişdi: "İnsana sevgi olan yerdə sənətə də məhəbbət var". Zərifə xanım bütün peşəkar həkimlik fəaliyyəti boyu əsrlərin əxlaqi sınağından çıxmış bu ülvi həqiqətə xidmət göstərmiş, nümunəvi həkim-xəstə münasibətlərini gənclərə yadigar qoyub getmişdir".

Didro yazırdı ki, düzgün həyat tərzi qəlbin içindən gəlir. Lakin həyatın mürəkkəblikləri ilə romantizm çox zaman uyğun olmur. İnsan öz həyat tərzini düşünərkən cəmiyyətin bütün proseslərinin mahiyyətini irəlicədən ölçüb- biçə bilmir. Bu mənada, Zərifə xanımın şəxsiyyətinin mühüm etik mənası onun öz yaradıcılığına yüksək intellektual səviyyədə yanaşmasında, fəal mövqe seçə bilməsindədir. İctimai həyatda fəallığı ilə seçilən fədakar alim keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, "Bilik" Cəmiyyəti İdarə Heyətinin üzvü, keçmiş ittifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm də "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü kimi cəmiyyətin tibbi maarifləndirilməsi prosesində yaxından iştirak etmişdir.

Çoxşaxəli, gərgin fəaliyyətinə baxmayaraq, Zərifə Əliyeva həmişə qadın incəliyini və zərifliyini qoruyub saxlaya bilirdi. Hər kəsin qəlbinə yol tapmağı bacaran bu nəcib insan təkcə öz həmkarları ilə yox, sadə peşə adamları, alimlər, mədəniyyət və incəsənət xadimləri ilə də asanlıqla ünsiyyət qurur, həmişə ətrafında xeyirxahlıq mühiti yaratmağa nail olurdu. Bütün bunlarla yanaşı, Zərifə xanım Əliyeva qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı, yüksək mənəviyyat sahibi olmuşdur.

Bu gün istər ulu öndər Heydər Əliyevin, istərsə də ömür-gün yoldaşı, akademik Zərifə xanım Əliyevanın həyata keçməyən ideyalarının gerçəkləşməsində möhtərəm Prezident  İlham Əliyevlə birgə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva da yaxından iştirak edir. Yüksək dəyərləri öz şəxsiyyətində cəmləyən Azərbaycan qadını kimi Mehriban xanım Əliyeva demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinin həyatına birinci xanım ənənəsini də gətirmişdir. Əslində, nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik irsimizdən mənimsədiyi, tarixin hansısa mərhələsindəsə unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı məhz Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Onun həyat müəllimləri isə, özünün də qeyd etdiyi kimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Azərbaycan qadınının şərəf mücəssəməsi Zərifə xanım Əliyeva olmuşlar. Azərbaycanın birinci xanımı peşə seçimində görkəmli oftalmoloq Zərifə Əliyevanın təsirini də səmimi şəkildə vurğulayır: "...İxtisas seçimimə İlhamın anası - həkim-oftalmoloq Zərifə xanım təsir göstərmişdir. Çox təəssüf ki, Zərifə xanım ilə ünsiyyətimiz çox çəkmədi. Biz 1983-cü ildə tanış olduq, 1985-ci ildə isə o, dünyasını dəyişdi. Bu istedadlı və gözəl qadınla bağlı ən xoş xatirələrim qalmışdır". 

Fərqli zaman və məkanlarda xalqın döyünən qəlbi, düşünən beyni sayılan belə ziyalılar milli yaddaşın, milli ruhun daşıyıcısı olaraq mənəviyyat və kamillik  zirvəsinə ucalmış, elm yolunda parlaq ulduzlara çevrilmişlər. Belə şəxsiyyətlər həyatın bütün sevincini, şirinliyini istedadın onları məhkum etdiyi ağır zəhmətdən almış, mənəvi zənginliyi nəfsani nemətlərdən üstün tutmuşlar. Həyatla vaxtsız vidalaşmasına baxmayaraq, akademik Zərifə Əliyeva məhz bu ali mənəvi keyfiyyətləri sayəsində qədirbilən xalqımızın qəlbində daim yaşayır, hörmətlə, ehtiramla anılır. Zərifə xanımın alim, həkim, pedaqoq və insan kimi mənalı ömrü, keçdiyi şərəfli həyat yolu həyat və mənəviyyat dərsi, müdriklik məktəbi olaraq qalır.

 

 

Əhliman ƏMİRASLANOV,

akademik, SSRİ Dövlət Mükafatı

laureatı, Milli Məclisin deputatı

 

Azərbaycan.-2013.- 28 aprel.- S.7.