Xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Mingəçevir Şəhər Prokurorluğunda seminar-məşğələ keçirilmişdir

 

Azərbaycan Respublikası Baş Prokurorluğunun Tədbirlər Planına uyğun olaraq Baş Prokurorluq tərəfindən aprelin 26-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar bölgə prokurorluqları əməkdaşlarının, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavininin, həmçinin Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının sədrinin iştirakı ilə Mingəçevir Şəhər Prokurorluğunda seminar-məşğələ keçirilmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbir iştirakçıları müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoymuşlar.

 Seminar-məşğələdə Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynovun məruzəsi dinlənilmişdir. Məruzədə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizin bütün sahələr üzrə dinamik inkişaf, yüksək sosial-iqtisadi tərəqqinin göstəriciləri, dünya dövlətləri birliyinə inteqrasiya proseslərini sürətləndirən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda atılmış ciddi addımlar, məhkəmə-hüquq islahatları çərçivəsində həyata keçirilmiş tədbirlər, o cümlədən Azərbaycan prokurorluğu orqanlarının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində görülmüş möhtəşəm işlər əksini tapmışdır.

Mingəçevir şəhər prokuroru Azad Qarayev, YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Usubov və başqaları çıxış edərək müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyətinə nəzər salmış, ölkəmizdə hüquqi dövlət quruculuğu prosesində görülən işlərdən, ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı islahatlardan danışmışlar.

 

 

Azərbaycan.-2013.- 28 aprel.- S.8.