Sabirabadda akademik Zərifə
xanım Əliyevanın 90 illik yubileyi qeyd olundu
Sabirabadda
Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq
alim, akademik Zərifə Əliyevanın anadan olmasının
90 illik yubileyinə həsr olunmuş konfrans
keçirilmişdir.
Konfrans
iştirakçıları əvvəlcə ulu öndər
Heydər Əliyevin abidəsi önünə tər güllər
düzmüşlər.
Rayon
ictimaiyyətinin, ziyalıların, gənclərin iştirak
etdikləri konfransı rayon icra hakimiyyətinin
başçısı Nazim İsmayılov açaraq bu
günlər respublikanın hər yerində olduğu kimi,
Sabirabadda da görkəmli ictimai xadim və oftalmoloq alim Zərifə
Əliyevanın 90 illik yubileyi ilə bağlı silsilə tədbirlərin,
konfransların keçirildiyini bildirmiş, görkəmli
alimin oftalmologiya elminin inkişafına verdiyi dəyərli
töhfələrdən söz açmışdır. Qeyd
olunmuşdur ki, ölkəmizdə tibb elminin inkişafında
əvəzsiz xidmətlərinə görə Azərbaycan
Prezidentinin müvafiq sərəncamı ilə görkəmli
alimin 90 illik yubileyi respublika səviyyəsində geniş qeyd
olunur.
N.İsmayılov
bildirmişdir ki, dünya təbabətində özünəməxsus
yeri olan, tibb elmində gur çıraq kimi şölələnən
Zərifə Əliyeva fitri istedada malik alim, Tanrının
xalqımıza bəxş etdiyi pak və nadir insan idi. Onun mənalı
ömrü, keçdiyi şərəfli həyat yolu hər
bir alim və həkim, hər bir Azərbaycan vətəndaşı
üçün əsl həyat və mənəviyyat dərsi,
müdriklik məktəbidir. Təbiətin bəxş etdiyi
nadir keyfiyyətlər, yorulmaq bilmədən
çalışmaq əzmi onu hərtərəfli bir şəxsiyyətə
çevirmişdi. Zərifə Əliyeva Azərbaycan
xanımlarının bütün gözəl xüsusiyyətlərini
özündə birləşdirən insanlıq,
qadınlıq nümunəsi idi. İşıqlı bir həyat
yaşayan Zərifə Əliyeva görkəmli oftalmoloq alim,
qayğıkeş həkim, gözəl ana və fədakar həyat
yoldaşı kimi şərəfli bir ömür
sürmüşdür. Zərifə xanım ulu öndər
Heydər Əliyevin layiqli həyat yoldaşı, sadiq dostu və
məsləkdaşı olmuşdu. Ulu öndərin əsasını
qoyduğu geniş quruculuq işləri və Zərifə
xanımın çoxşaxəli humanitar missiyası bu
gün möhtərəm Prezident İlham Əliyev və Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Mərkəzi
rayon xəstəxanasının baş həkimi Əziz
Mikayılov, cərrah-oftalmoloq Elmira Zeynalova, müəllim
Vüqar Fərzəliyev tədbirdə çıxış
edərək bildirdilər ki, ölkəmizdə ana
adının ucalığı, ömür-gün
yoldaşının sədaqəti, nurlu həkimliyin müqəddəsliyi
Zərifə xanımın taleyində əbədiləşmişdir.
Zərifə xanım Azərbaycan qadınlarının
vüqar, iftixar və fərəh səmasında, eləcə
də tibb elmimizin zirvəsində parlayan bir əbədiyyət
günəşidir. Qeyd olunmuşdur ki, yüksək mədəniyyəti, qayğıkeşliyi, ehtiyacı
olanın köməyinə çatmaq bacarığı Zərifə
xanımın həyatı insanlara humanist xidmət nümunəsi
kimi diqqəti cəlb edirdi. Hədsiz dərəcədə
xeyirxah insan olan Zərifə Əliyeva yaşamaqdan, işləməkdən
xüsusi zövq alır, həyata və insanlara qarşı
nikbin, xeyirxah və etimad ab-havası yaratmaq üçün
çox çalışırdı. Konfransda dönə-dönə
vurğulanıb ki, zəngin və mənalı ömür
yolu keçmiş Zərifə Əliyevanın əziz xatirəsi
xalqımızın qəlbində daim yaşayacaqdır.
Konfransın
sonunda rejissor Vaqif Mustafayevin Heydər Əliyev haqqında sənədli
filmlər silsiləsindən "Əsl məhəbbət
haqqında" filmi nümayiş olunmuşdur.
Azərbaycan.-2013.- 28 aprel.- S.8.